Məhkəmə qərarları › İş №2-1(112)-11503/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11503/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11503/2022 11.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edib. Hazırkı müraciətində onun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş edib. 21 iyul 2022-ci il tarixli cavab məktubuna əsasən ona güzəştli şərtlərlə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. Hesab edir ki, hazırkı hərəkət hüquqazidd hesab edilməlidir. Belə ki onunla eyni zamanda çalışan fəhlərər və ustalara güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Azəbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 21.1-ci bəndində 1-ci hissəsində fəhlələr qeyd edildiyi təqdirdə ona bildirdilər ki həmin siyahıda fəhlə adı hallanmır. Halbuki həmin qərar sonradan dəyişiklik edilməmişdir hazırda da qüvvədədir.

3. İddiaçının cavabdeh quruma müraciəti xx.xx.2022-ci il tarixdədir. Güzəştli şərtlərlə yaşa görə pensiya təyinindən xx.xx.2022-ci il tarixdə imtinada bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində - metropoliten müəssisələrinin briqadirləri; - drezinaların sürücüləri; - drenajçılar; - hidroqaldırıcıların maşinistləri; - zumif aqreqatlarının maşinistləri; - daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri; - geodeziya-markşeyder işləri ilə məşğul olan mühəndislər; - dəmiryol və metropolitendə bina, qurğu və texniki vasitələrin təmirinin keyfiyyətinə nəzarətlə məşğul olan mühəndislər və müfəttişlər (böyük müfəttişlər); - bütün adlarda ustalar (böyük ustalar, ustaların köməkçiləri); - qabarit-tədqiqat stansiyalarında məşğul olan texniklər elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi 29 iyun 1983-cü il tarixli ******* nömrəli əmək kitabçanızda və "xxxx" QSC-nin sizə dair 10 iyun 2021-ci il tarixli A/153 nömrəli arayışında sizin xx.xx.1986-xx.xx.1990-cı il və xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən müəssisənin Yol və Tunel qurğuları xidmətində tunel fəhləsi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda göstərilən vəzifələrə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

4. Cavabdeh qurumun məhkəməyə ünvanladığı iddiaya yazılı etiraz imtinanın məzmununa uyğun olaraq əsaslandırılmaqla bildirilmişdir ki, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün dörd element mövcud olmalıdır: iddiaçının 60 yaşının tamam olması; 25 il ümumi iş stajının mövcud olması; 12 il 6 ay güzəştli iş stajının mövcud olması; fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının 13 iyun 2022-ci il tarixdə 60 yaşı tamam olmuş, 60 yaşı tamam olduğu tarixə ümumi iş stajı 25 ildən artıqdır, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. İddiaçının 25 ildən artıq ümumi sığorta stajına malik olması və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması işin mübahisə doğurmayan hallarıdır. Lakin iddiaçının işlədiyi peşə güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşələrin Siyahısında olmadığından onun güzəştli şərtlə yaşa görə pensiya hüququ yaranmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’na, “Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı” adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 29 iyun 1983-cü il tarixli ******* nömrəli əmək kitabçasında və "xxxx" QSC-nin 10 iyun 2021-ci il tarixli A/153 nömrəli arayışında iddiaçının xx.xx.1986-xx.xx.1990-cı il və xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı əmək fəaliyyəti dövrləri ərzində adıçəkilən müəssisənin yol və tunel qurğuları xidmətində tunel fəhləsi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(102)-665/2021 saylı iş üzrə qərarında qeyd olunur ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməlidir. Şəxsin işlədiyi peşələrin Siyahıda göstərilən peşələrə uyğunlaşdırılmasında çətinlik yarandıqda, məhkəmə işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, işçinin əmək funksiyaları və eyniləşdirmə üçün zəruri olan digər meyar əlamətlərini əks etdirməklə arayış verilməsini tələb edə bilər. İddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Eyni qərarda Məhkəmə kollegiyası, həmçinin, qeyd etmişdir ki, iddiaçıya 60 yaşdan pensiya təyin olunması üçün iddiaçının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-nda sadalanan peşələrdə işləməsi deyil, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahısı üzrə işləməsi zəruridir. Beləliklə, hazırki işdə iddiaçının peşəsi (tunel fəhləsi) 1 nömrəli Siyahıda müəyyən olunmuş peşələr ilə eyniləşdirilməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli qərarında qeyd edilir ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası ədalət mühakiməsinin əsas prinsipləri və şərtlərini müəyyən edən Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin “Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar”, həmin maddənin İV və Vİİ hissələrinin Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir.

5. İddiaçının əmək kitabçasına əsasən xx.xx.1977-xx.xx.2006-cı illərdə stajı ən azı 25 ildir.

6. "xxxx" QSC tərəfindən verilmiş arxiv arayışına əsasən, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı həqiqətən, xx.xx.1986-cı il tarixindən Bakı Metropoliteninin Yol və Tunel qurğuları xidmətinə 1-ci dərəcə ilə tunel fəhləsi (yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti ilə) peşəsinə qəbul edilmişdir (Əmr №421/OK, xx.xx.1986-cı il), xx.xx.1986-cı il tarixindən 2-ci dərəcə verilmişdir (Əmr №669/OK, xx.xx.1986-cı il), xx.xx.1989-cu il tarixindən 3-cü dərəcə verilmişdir (Əmr №38/OK, xx.xx.1989-cu il), xx.xx.1989-cu il tarixindən 4-cü dərəcə verilmişdir (Əmr №149, xx.xx.1989-cu il), xx.xx.1990-cı il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir (Əmr№231/OK, xx.xx.1990-cı il). xx.xx.1992-ci il tarixində Tunel qurğuları xidmətinə 4-cü dərəcə ilə tunel fəhləsi (yalnız gecə işi, xüsusi zərərli əmək şəraiti ilə) peşəsinə qəbul edilmişdir (Əmr №129/OK, xx.xx.1992-ci il), xx.xx.1998-ci il tarixindən 5-ci dərəcə verilmişdir (Əmr №120, xx.xx.1998-ci il), xx.xx.2008-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c" bəndinə əsasən (əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə itirilməsi ilə əlaqədar) əmək müqaviləsinə xitam verilmişdir (Əmr№44/OK, xx.xx.2008-ci il). Qeyd edilən arayışda iddiaçının 1992-2004-cü illərdə aldığı əmək haqqı barədə məlumat təqdim edilməklə bütün məbləğlərdən Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sığorta haqları ödənildiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında" xx.xx.2007-cl İİ tarixli 12 nömrəli Qərarının 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndinə (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) müvafiq olaraq İddiaçı xüsusi zərərli əmək şəraitində işlədiyi peşə üzrə əmək stajı 19 il 10 ay 28 gün (on doqquz il on ay iyirmi səkkiz gün) təşkil edir. Bakı Metropoliteni rəisinin 196 saylı əmrinə əsasən xx.xx.1988-ci il tarixdən Yol xidməti və Tunel qurğuları xidməti müstəqil fəaliyyət göstərirlər. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirilmişdir.

8. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi.

9. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi. Şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iddia tələbinin rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

10. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia ərizəsində cavabdeh qismində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərlərə Təyinat üzrə Mərkəzi Filialın göstərilməsi formal xəta olaraq nəzərə alınmışdır.

11. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

12. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.

13. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

- Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) -Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

14. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).

16. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə mindiyindən həmin tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.

17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.

18. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır. IV. Qeyd edilənlərin hazırki işə tətbiqi

19. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur.

20. İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. xx.xx.2006-cı il tarixə qədər: Həqiqi hərbi xidməti, ali təhsili və əmək kitabçasındakı qeydlər nəzərə alınmaqla ümumi əmək stajı ən azı 25 ildir.

21. Həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə stajına münasibətdə məhkəmə qeyd edir ki, təqdim edilən arxiv arayışına əsasən iddiaçı yalnız gecə işində xüsusi zərərli əmək şəraiti ilə Bakı Metropoliteninin Yol və Tunel qurğuları xidmətində xx.xx.1986-cı ildən xx.xx.2008-ci il tarixədək müxtəlif dərəcələrdə tunel fəhləsi peşəsində işləmiş və iş yeri əmək şəraitinin zərərli və ağır olduğunu təsdiq etmişdir.

22. Qeyd edilən dövr əmək kitabçasına uyğun olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320№li qərarı ilə təstiq edilmiş 2№li siyahının XXVİİİ. Nəqliyyat bölmsində 2. Metropolitenlər 2300200a yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr altkoduna uyğundur. Məhkəmə qeyd edir ki, həmin “a” yarımbəndində göstərilən metropoliten müəssisələrinin briqadirləri, drezinaların sürücüləri, drenajçılar, hidroqaldırıcıların maşinistləri, zumpf aqreqatlarının maşinistləri, daxili yanma mühərriki olan səyyar kompressorların maşinistləri peşələri məhz yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr peşəsinin alttəsnifatıdır.

23. Odur ki, həmin təsnifatda məhz yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlə peşəsi nəzərdə tutulduğundan və iddiaçı da yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan tunel fəhləsi kimi işlədiyindən cavabdeh qurumun imtinası qanuni hesab edilə bilməz.

24. Məhkəmə eyni zamanda qeyd edir ki, drenaj sözünün linqvistik mənası torpağı, yeri qurutmaq üçün qrunt və ya axıntı sularının süni yolla axıdılmasıdır. Açıq drenaj arxlarla, qapalı drenaj isə yeraltından çəkilən borularla suyun arxlara, yaxud kanallara buraxılmasıdır.

25. Odur ki, məhkəmə hesab edir ki, tunel fəhləsi peşəsi həmin təsnifatda göstərilən 2300200a—11906 drenajçılar peşəsi ilə eynilik təşkil edir. Məhkəmənin qeyd edilən qənəati həm də iş yeri "xxxx" QSC tərəfindən verilmiş arxiv arayışına əsaslanır. Belə ki, işəgötürən tərəfindən verilmiş arayışla da iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının təsdiq edilməsi haqqında" xx.xx.2007-ci iİ tarixli 12 nömrəli Qərarının 21.Nəqliyyat bölməsinin 21.5 Metropolitenlər bəndinə (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) müvafiq olaraq əmək şəraiti zərərli və ağır şərtlərə uyğun olduğu bildirilmişdir.

26. Odur ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş).

27. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

28. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.

29. İddiaçı qeyd edilən dövrdə məhkəməyə müraciət etməməsinin səbəblərini əsaslandırmamışdır.

30. Odur ki, nəzərə alınmalıdır ki, iddiaçının pensiya hüququ xx.xx.2019-cu il tarixdən yaranmasına baxmayaraq, xx.xx.2022-ci il tarixə qədər pensiya təyinatı üçün müraciət etmədiyindən xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr üçün pensiya fərqinin ödənilməsi hüququnu itirmişdir.

31. İddiaçı qeyd edilən dövrdə məhkəməyə müraciət etməməsinin səbəblərini əsaslandırmamışdır, eləcə də müraciətin həmin xx.xx.2022-ci il tarixədək edilməsinin iddiaçının iradəsindən asılı olmayan hallara görə mümkün olmadığına dair sübutlar yoxdur.

32. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə və Ali Məhkəmənin İnzibati Kollegiyasının 8 oktyabr 2020ci il tarixli qərardadına uyğun olaraq pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2019-cu tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.

33. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

35. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı xx.xx.2019-cu tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar