Məhkəmə qərarları › İş №2-1(112)-11504/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11504/2023

16.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11504/2023 16.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması haqqında qərarın ləğv edilməsi” barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 20 ildən artıq ümumi, 10 ildən artıq isə xüsusi (güzəştli) sığorta stajı olduğuna görə güzəştli şərtlərlə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilərək, ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı (nümayəndəsi və vəkili) məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-10767/2023 saylı qərarın ləğv edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 1976-cı ildən başlamış və hal - hazıradək müxtəlif sahələrdə çalışmaqla qanunla nəzərdə tutulmuş güzəştli əmək pensiyası təyin olunması üçün tələb olunan ümumi sığorta stajına və xüsusi staja malikdir. Belə ki, o, xx.xx.1976-cı ildə Bakı cihazquraşdırma zavoduna 3-cü sexə radioaparatlarıquraşdırıcısının şagirdi qəbul edilib, daha sonra ixtisası üzrə 1-ci dərəcə verilib, hərbi xidmətə çağırılması ilə əlaqədar olaraq xx.xx.1977-ci il tarixində işdən azad edilmiş, xx.xx.1977-xx.xx.1979-cu il tarixləri arasında Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, daha sonra xx.xx.1979-cu ildə Bakı cihazquraşdırma zavoduna quraşdırıcı qəbul edilmiş, xx.xx.1981-ci ildə azad olunmuşdur. xx.xx.1981-xx.xx.1981-ci il tarixləri arasında “Xəzərneftqaztikinti” trestinin Tikintinin mexanikləşdirilməsi İdarəsində ekskovator maşinisti vəzifəsində çalışmış, xx.xx.1981-xx.xx.1983-cü il tarixlərində “Azneftyoltikinti-təmir” trestinin Tikintinin mexanikləşdirilməsi İdarəsində ekskovator maşinisti vəzifəsində çalışmış, xx.xx.1983-xx.xx.1995-ci il tarixlərində “Xəzərneftqazgeofizikakəşfiyyat” X4 tresti dəniz seysmoloji partiyasına fəhlə qəbul edilmiş, daha sonra texnik vəzifəsinə, o cümlədən texnik-operator vəzifəsinə, sonra hidroqraf texniki vəzifəsinə, sonra hidroqraf-geodezizst vəzifəsinə keçirilərək çalışmışdır. xx.xx.1995-xx.xx.1996-cı il tarixinə qədər "xxxx" şirkətində naviqator vəzifəsində, xx.xx.1996-xx.xx.1997-ci ilədək və daha sonra olmaqla da “PETRO ALYANS SERVİCES LTD” şirkətində çalışmışdır. Əmək stajı bununla bitməmiş, hazırda da çalışmaqda davam edir. Göründüyü kimi 1997-ci il 01 avqust tarixinədək 20 il, 07 ay, 17 gün ümumi, 10 ildən çox isə güzəştli şərtlə pensiya hüququ verən xüsusi stajı mövcuddur. Ona görə də ona 50 yaşının tamam olduğu xx.xx.2009-cu ildən güzəştli şərtlə əmək pensiyası təyin edilmişdir. Lakin cavabdeh inzibati orqan tərəfindən ona güzəştli şərtlə təyin olunmuş əmək pensiyası cari ilin may ayında dayandırılmış və 24 may 2023-cü il tarixli məktub göndərilərək iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 01 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 01 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 01 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Yəni 1 avqust 1997-ci il tarixinədək güzəştli və ümumi stajı toplamayan şəxslərə həmin tarixdəki mövcud olmuş yaş həddi ilə deyil, ümumi və güzəştli iş stajını tamamladıqda sözügedən dəyişikliyə uyğun yaş həddinə çatdıqda (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Araşdırma zamanı, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq, təyin edildiyi aşkar edilib. "Əmək pensiyaları haqqında" Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Cavabdeh inzibati orqanın mövqeyi ilə razı deyil və hesab edir ki, ona güzəştli şərtlə təyin olunmuş əmək pensiyası dayandırıldığı vaxtdan bərpa edilərək, ödənilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından DSMF-nin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-188825/2023 saylı iddia tələbinə dair etirazda göstərilmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Yəni 1 avqust 1997-ci il tarixinədək güzəştli və ümumi stajı toplamayan şəxslərə həmin tarixdəki mövcud olmuş yaş həddi ilə deyil, ümumi və güzəştli iş stajını tamamladıqda sözügedən dəyişikliyə uyğun yaş həddinə çatdıqda (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının, cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, ona əmək pensiyası aşağıdakı qaydada hesablanmışdır. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 29 il 3 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 34,25 manat (29,01 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 56,10 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9881,28 manat sığorta kapitalına uyğun 68,62 (9881,28:144) manat və baza hissəsi (85,00 manat) əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixinə 209,72 (56,10+68,62+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla İddiaçı 152159,24 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş 152159,24 manatın əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir. İddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən 418,97 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 480,56 manat təşkil edir. İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır, inzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Belə ki, etimad hüququnun qorunması prinsipi beynəlxalq hüquqda hamılıqla qəbul olunmuş “bona fides” prinsipinə əsaslanan, ondan irəli gələn bir prinsipdir. Qanunvericilikdə “vicdanlılıq” kimi qeyd olunan həmin prinsip, əslində latınca "bona fides", yəni yaxşı niyyəti ifadə edən anlayış qismində qəbul olunur. Hüquqi anlamda vicdanlılıq iki formada -“qanunsuzluğu bilməmə” və “dürüst davranma” formasında ifadə olunur. “Qanunsuzluğu bilməmə” maraqlı şəxsin normal diqqət göstərdiyi halda belə qanunsuzluğu bilməməsini ifadə edir. “Dürüst davranma” isə hüquqi münasibətlərdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində təsbit edilmiş qaydada davranışın həyata keçirilməsini ehtiva edir. Belə ki, qeyd edilən normaya əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmçinin şəxsin dürüst davranma öhdəliyi qanunun müvafiq normalarının təfsirində, şəxsin iradə ifadəsinin və açıqlamasının qiymətləndirilməsində, hüquqdan sui-istifadənin müəyyən edilməsində böyük əhəmiyyətə malikdir. Həm dürüst davranma öhdəliyi, həm də hüquqdan sui-istifadənin yolverilməzliyi hüququn ümumi prinsipləri olduğuna görə, birinci instansiya məhkəməsi hazırkı iş üzrə “etimadın qorunması prinsipinə və etimadın qorunması hüququnu istisna edən halların mövcud olmadığına istinad edərkən həm də qeyd edilənləri nəzərə almamışdır. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Bu baxımdan etimad hüququnun qorunmağa layiq olub-olmadığı “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinin, xüsusən də 67.6.3-cü maddəsinin maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyinə dair tələbi və “bona fides” prinsipi ilə bağlı bu qeyd olunanlar nəzərə alınmaqla qiymətləndirilməli idi. “İnzibati icraat haqqında” Qanunun 67.6-cı və 67.6.3-cü maddələrinin tələbi baxımından maraqlı şəxsin inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda etimadın qorunması hüququna istinad edə bilməz. Məhkəmələr etimad hüququna istinadı aradan qaldıran şərtlərin mövcudluğunu tam şəkildə yoxlamaq səlahiyyətinə malikdir. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın adından iştirak edən DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi X3 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-in: 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. İşin halları. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1959-cu il təvəllüdü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya məxsus xx xxxxxx 1959-cu il tarixdə doldurulmuş ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının notarial qaydada təsdiqlənmiş surətindən müəyyən olunur ki o; Bakı Cihazquraşdırma zavodunda: - xx.xx.1976-cı ildə 3-cü sexə radioaparatları quraşdırıcısının şagirdi qəbul edilmişdir; - xx.xx.1976-cı ildə radioaparatları quraşdırıcı ixtisası üzrə 1-ci dərəcə verilmişdir; - xx.xx.1977-ci ildə hərbi xidmətə çağrılması ilə əlaqədar olaraq işdən azad edilmişdir; - xx.xx.1977-ci ildən 05 may 1979-cu ilədək Sovet ordusu sıralarında hərbi xidmət. - xx.xx.1979-cu ildə Bakı Cihazquraşdırma zavoduna 2-ci dərəcəli quraçdırıcı qəbul edilmişdir; - xx.xx.1979-cu ildə 3-cü quraşdırıcı dərəcəsi verilmişdir; - xx.xx.1981-ci ildə işdən azad edilmişdir. “Xəzərneftqaztikinti” trestinin Tikinti mexanikləşdirilməsi İdarəsində: xx.xx.1981-ci ildə 4-cü dərəcəli ekskovator maşinisti qəbul edilmişdir; xx.xx.1981-ci ildə 5-ci ekskovator maşinisti dərəcəsi verilmişdir; xx.xx.1981-ci ildə işdən azad edilmişdir. “Azneftyoltikinti-təmir” trestinin Tikinti Mexanikləşdirilməsi İdarəsində: xx.xx.1981-ci ildə 5-ci dərəcə ilə ekskovator maşinisti qəbul edilmişdir; xx.xx.1983-cü ildə işdən azad edilmişdir. “Xəzərneftqazgeofizkəşfiyyat” X4 Trestində: xx.xx.1983-cü ildə 6/83 dəniz seysmoloji partiyasına (DSP) 2-ci dərəcə ilə fəhlə qəbul edilmişdir; xx.xx.1983-cü ildə 13/83 DSP-na 2-ci dərəcə ilə fəhlə keçirilmişdir; xx.xx.1983-cü ildə 6/83 DSP-na 2-ci dərəcə ilə fəhlə keçirilmişdir; xx.xx.1984-cü ildə 6/84 DSP-na 3-cü dərəcə ilə fəhlə keçirilmişdir; xx.xx.1985-ci ildə 5/85 DSP-na texnik vəzifəsinə keçirilmişdir; xx.xx.1988-ci ildə texnik-operator vəzifəsinə keçirilmişdir; xx.xx.1988-ci ildə hidroqraf texniki vəzifəsinə keçirilmişdir; xx.xx.1989-cu ildə hidro-geodezist vəzifəsinə keçirilmişdir; xx.xx.1994-cü ildə 9-cu dərəcə ilə 5/95 dəniz seysmoloji kəşfiyyat partiyasına geodezist (hidroqrafın) vəzifəsinə keçirilmişdir; xx.xx.1995-ci ildə işdən azad edilmişdir. "xxxx" Şirkətində: xx.xx.1995-ci ildə naviqator vəzifəsinə təyin edilmişdir; xx.xx.1996-cı ildə işdən azad edilmişdir. "xxxx" Şirkətində: xx.xx.1996-cı ildə naviqator vəzifəsinə qəbul edilmişdir; xx.xx.1998-ci ildə işdən azad (köçürmə ilə) edilmişdir. "xxxx" Şirkətində: xx.xx.1998-ci ildə naviqator vəzifəsinə qəbul edilmişdir; xx.xx.1999-cu ildə işdən azad edilmişdir. "xxxx" MMMM - xx.xx.1999-cu ildə “Gilavar” gəmisinə geodezist-hidroqraf vəzifəsinə işə qəbul edilmişdir; - xx.xx.2001-ci ildə “Gilavar” gəmisində naviqator vəzifəsinə keçirilmişdir; xx.xx.2007-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2019-cu ildə "xxxx" MMC-də “Gilavar E.T.” gəmisinə Seysmik Naviqator vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2021-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. Sabunçu Rayon Hərbi Komissarlığı tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, “Müvəqqəti vəsiqə”dən müəyyən olunur ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixə kimi həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Geofizika və geologiya idarəsi” tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 14-2-4/2-617/2023 saylı “Arxiv arayış”ında qeyd olunmuşdur ki, İddiaçı “Xəzərneftqazgeofizkəşfiyyat” Trestinin (indiki "xxxx" İstehsalat Bölümü) arxiv sənədlərində 1, 5, 6 və 13 saylı X2 fəhlə, texnik, texnik - operator, geodezist-hidroqraf, vəzifələrində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1983-cü il tarixli 79-k saylı əmrə əsasən 6/83 saylı X5 fəhlə peşəsinə işə qəbul olunub. xx.xx.1985-ci il tarixli 240-k saylı əmrə əsasən 5/85 saylı X5 texnik, xx.xx.1987-ci il tarixli 8-k saylı əmrə əsasən 5/87 saylı X5 texpik-operator, xx.xx.1989-cu il tarixli 126-k saylı əmrə əsasən 5/89 saylı X5 geodezist-hidroqraf keçirilmişdir. İşdən azad: xx.xx.1995-ci il tarixli 61-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Cəmi güzəştli iş stajı: xx.xx.1983-cü il tarixdən xx.xx.1995-ci il tarixinədək- 11 il 10 ay 25 gün İddiaçı çalışdığı fəhlə, texnik, texnik-operator, geodezist- hidroqraf vəzifəsində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin 2 №li siyahısı”nda olan ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər ilə eyni əmək funksiyasını yerinə yetirmişdir. Adlandırma: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 saylı əmrinin 2.2 bəndinə əsasən “Xəzərdənizneftgeofizkəşfiyyat” və “Azərneftgeofizika” trestlər birləşdirilərək onların maddi-texniki bazasında "xxxx" İdarəsi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli ARDNŞ/13-1000-01-SM-05-000033 saylı əmrinə əsasən Geofizika və geologiya İdarəsinin tabeliyində olan "xxxx" İdarəsi Kəşfiyyatgeofizika İstehsalat Bölümü adlandırılmışdır. Məhkəmənin müvafiq sorğusuna əsasən; Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 188567/2023 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş (183819 №-li pensiya işi) pensiya işinə dair materiallarda olan: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Geofizika və geologiya İdarəsi” Kəşfiyyatgeofizika İdarəsi tərəfindən verilmiş 01-A/1008 №li xx.xx.2009-cu il tarixli arayışda göstərilmişdir ki, İddiaçı “Xəzərneftqazgeofizkəşfiyyat” trestinin (indiki Kəşfiyyatgeofizika İdarəsi) 6 saylı Dəniz Seysmik partiyasında (DSP) fəhlə (İİ dərəcəli), texnik-operator, texnik –hidroqraf, geodezist-hidroqraf və s. vəziflərdə işləmişdir. Arayış İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə 1-ci siyahısının X bölməsinə əsaslanaraq kod: 1100000a-17531; 1100000b-17541 yarım bölməsinə əsasən arxiv sənədlərində onun Dəniz geolojigeofizkəşfiyyat işlərində güzəşt stajı haqda bütöv məlumat vardır. İşə qəbul olma: xx.xx.1983-cü il tarixli əmr 79 (k)-ya əsasən 6 saylı Dəniz Seysmik partiyasında (DSP) fəhlə (İİ dərəcəli) vəzifəsinə qəbul olunub. İşdən azad olma: xx.xx.1995-ci il tarixli əmr 61 (l)-ya əsasən öz xahişi ilə işdən azad edilib. Qeyd olunan işlərdə İddiaçı dəniz şəraitndə bilavasitə quyularda geofizika tədqiqat işlərini icra edən mədən geofiziki partiyaların və dəstələrin təkibində 12 il müddətdə tam iş günü ərzində zərərli şəraitdə işləmişdir. DSMF Sumqayıt şəhər şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın xx.xx.2010-cu il tarixli, 3314 №-li Qərarı ilə İddiaçı ərizəsinə baxaraq, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış “Əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/2-O-100823/2023 saylı məktubunda qeyd olunmuşdur ki, vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı mütəmadi olaraq aparılan araşdırma nəticəsində vaxtilə əmək pensiyasının hesablanmasının düzgün olmadığı müəyyən edilmişdir. "Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci İİ avqustun 1dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə kişilər üçün 52 yaş müəyyən edilmişdir. Araşdırma zamanı, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına uyğun olaraq təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əmək haqqına əsasən hesablanaraq, təyin edildiyi aşkar olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, ona vaxtilə təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. Buna görə də “İnzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün 12 may 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 2 ünvanında yerləşən qəbul Mərkəzinə gəlməsi xahiş olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-10767/2023 saylı qərarın surətindən müəyyən olunur ki, xx.xx.2011-ci il tarixdə İddiaçı təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası (5515 manat 58 qəpik) yenidən hesablanmış və yenidən hesablanmış pensiya məbləği 480 manat, 56 qəpik müəyyən olunmuşdur. Yenidən hesablanmanın səbəbi aşağıdakılar qeyd olunmuşdur: - invertar, 39.1-ci maddəyə əsasən tutulma məhdudlaşdırılsın, hüququ 50-dən 52yə çəkildi. xx.xx.2020-dən artıqvermə. Qərarın “Ötən dövrlər üzrə alınmamış pensiya məbləğləri haqqında məlumat” adlanan 13-cü bəndində iddiaçıya xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 152159,24 manat artıq ödəmə hesablanmışdır. İddiaçının hazırkı tələblə bağlı cavabdeh orqana etdiyi müraciətə cavab olaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3-17-1/2-O-115189/2023 №li imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 pensiya yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321 -İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Göründüyü kimi, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün 1 avqust 1997-ci il tarixinədək tələb olunan güzəştli və ümumi iş stajını toplamamış, dəyişiklikdən sonra kişilər 52 yaş həddinə çatmadıqda onlara həmin yaşdan güzəştlə şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmin şəxslərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müvafiq dəyişiklikdən sonra qanunvericilikdə müəyyən edilmiş yaş həddinə (52 yaş) uyğun təyin edilməlidir. Yəni 1 avqust 1997-ci il tarixinədək güzəştli və ümumi stajı toplamayan şəxslərə həmin tarixdəki mövcud olmuş yaş həddi ilə deyil, ümumi və güzəştli iş stajını tamamladıqda sözügedən dəyişikliyə uyğun yaş həddinə çatdıqda (52 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən əməkhaqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə, xx.xx.2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, ona əmək pensiyası tərəflərindən aşağıdakı qaydada hesablanmışdır. Belə ki, pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006- cı il tarixinədək iddiaçının ümumi iş stajı 29 il 3 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 34,25 manat (29,01 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2011-ci il tarixinə indeksləşdirilib 56,10 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2011-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 9881,28 manat sığorta kapitalına uyğun 68,62 (9881,28:144) manat və baza hissəsi (85,00 manat) əlavə edilərək pensiya hüququnun yarandığı xx.xx.2011-ci il tarixinə 209,72 (56,10+68,62+85,00) manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla iddiaçıya 152159,24 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 152159,24 manatın əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığın mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunmuşdur. Əks halda müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü İİ tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən həmin tarixdən 418,97 manat, 29.1-ci maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar 480,56 manat təşkil edir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Həmin Qanunun 17-ci maddəsinin 5-ci bəndində göstərilmişdir ki, həmin maddə üzrə yaşa görə hesablanmış pensiyanın məbləği tələb olunan iş stajından artıq hər tam ilə görə minimum pensiyanın üzərinə hesablanmış əlavə istisna olmaqla, orta əmək haqqının 85 faizindən, 13-cü maddənin “a” bəndində nəzərdə tutulan işçilərin pensiyası orta aylıq əmək haqqının 100 faizindən, “b” bəndində nəzərdə tutulan işçilərin pensiyası isə orta aylıq əmək haqqının 90 faizindən artıq ola bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11.Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Maddə 61.İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmamasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablama aparmadan öncə istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Lakin cavabdeh inzibati orqanın iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Zəruri olan bütün faktiki hallar müəyyən olunmadan və həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymətdirilmədən cavabdeh inzibati orqan əlverişsiz inzibati akt qəbul etmişdir. Cavabdeh inzibati orqanın mövqeyi əsassızdır. Belə ki, sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 50 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıda qeyd olunan şərtlərə birlikdə əməl olunmalıdır: şəxs pensiya almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatmalı; işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş siyahısında (1 nömrəli) təsbit olunmalı; 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 10 il xüsusi və 20 il ümumi iş stajı xx.xx.1997-cı il tarixədək mövcud olmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 nömrəli Siyahısının X bölməsində “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” sahəsi üzrə vəzifə və peşələr nəzərdə tutulmuşdur: 1. Qazma - kod: 11000000; a) fəhlələr - kod 1100000a; quyularda geofiziki tədqiqat işlərini icra edən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyasının qaldırıcı maşinistləri, karotajçılar, özühərəkətedən karotaj stansiyasının motorçuları, partladıcılar – kod: 1100000a—17531; b) Rəhbərlər və mütəxəssislər – kod: 1100000b; quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları kod - 1100000b—17541. xx.xx.1997-cı il tarixədək iddiaçının mövcud olan güzəştli iş stajı xx.xx.1983-cü il tarixdən xx.xx.1995-ci il tarixinədək olan dövrləri əhatə etməklə,cəmi 11 il 10 ay 25 gün təşkil edir. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən onun əmək fəlaiyyətinə xx.xx.1976-cı ildən başladığı və hərbi xidmət dövrü də nəzərə alınmaqla, sonuncunun xx.xx.1997-ci il tarixədək 20 (iyirmi) il 07 (yeddi) 19 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Qanunla müəyyən olunmuş şərtlər əsasında xx.xx.1959-cu il təvəllüdlü iddiaçıya DSMF-nin Sumqayıt şəhər şöbəsinin xx.xx.2010-cu il tarixli qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən orta əmək haqqına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli əmək pensiyasının yenidən hesablanması barədə qərarı ilə iddiaçının pensiya hüququnun yarandığı tarix 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixə çəkilmiş, yenidən hesablama nəticəsində iddiaçının aylıq əmək pensiyası 5515,58 manatdan 480,56 manata endirilmişdir. Cavabdehin mövqeyinə görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamam olduğu xx.xx.2011-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixindən orta əmək haqqına əsasən hesablanaraq təyin edilmişdir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 23 sentyabr 1992-ci il tarixində həmin Qanunun 13-cü maddəsinin “a” bəndi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi ilə əlaqədar kişilər üçün müəyyən edilmiş 50 yaş həddi Azərbaycan Respublikasının 13 iyun 1997-ci tarixli 321-İQD nömrəli Qanununun 1-ci bəndinə uyğun olaraq 1997-ci il avqustun 1-dən 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmış və nəticə etibarı ilə 1 avqust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər üçün 52 yaş müəyyən edilmişdir. Yəni 1 avqust 1997-ci il tarixinədək ümumi və güzəştli iş stajını tamamlamış, lakin 50 yaşı tamam olmamış şəxslərə həmin tarixdən sonra sözügedən dəyişikliyə uyğun olaraq 52 yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçının mövqeyinə görə 01 avqust 1997-ci il tarixədək 20 il ümumi və 10 il güzəştli iş stajı tamam olduğundan onun pensiya hüququ 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən yaranmışdır. Odur ki, cavabdehin pensiyanın yenidən hesablanması ilə bağlı qərarı əsassızdır. Məhkəmə iddiaçının hazırki iş üzrə mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbinə görə kişi cinsindən olan şəxsin 50 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan şərtlər (işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş siyahısında (1 nömrəli) təsbit olunmalı; 1 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 10 il, ümumi iş stajı minimum 20 il olmalı; 10 il xüsusi və 20 il ümumi iş stajı xx.xx.1997-cı il tarixədək mövcud olmalıdır) iddiaçı tərəfindən xx.xx.1997-ci il tarixədək (qanunda dəyişiklik olunana qədər) ödənildiyindən və qeyd olunan dövrədək işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən kişi cinsindən olan şəxslər üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün məhz 50 yaş müəyyən olunduğundan iddiaçı hazırki tələbində haqlı olmuşdur. Məhkəmə hesab edir ki, əks mövqe xx.xx.1997-ci il tarixədək işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləyən şəxslərin qanunla qorunan pensiya gözlənti hüququnun pozulmasına səbəb olmuş olardı. Bundan əlavə iş materiallarından da göründüyü kimi, cavabdeh inzibati orqanın xx.xx.2010-cu il tarixli, 3314 №-li Qərarı ilə İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 50 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və sonuncuya həmin pensiya məbləği 13 (on üç) ildən artıq bir müddətdə yəni hazırda mübahisələndirilən qərar qəbul olunanadək ödənilmişdir. “Avropa İnsan Hüquqları Məhkəməsinin “Saghinadze və başqaları Gürcüstana qarşı” iş üzrə 27 may 2010-cu il tarixli Qərarında da deyildiyi kimi, "gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yəni şəxs öncədən nə qədər pensiya alacağını bilmədiyi üçün onun müvafiq dövlət qurumunun hesablamasını şübhə altına alması üçün əsası olmur və büdcələməsini məhz bu gözlənti əsasında həyata keçirir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2023cü il tarixli, 3-17-1/3-3-10767/2023 saylı tarixli qərar (inzibati akt) əsassız olduğundan ləğv edilməlidir. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh inzibati orqanın iddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-10767/2023 saylı Qərarı (inzibati akt) ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi “Əmək pensiyasının yenidən hesablanması barədə” xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-10767/2023 saylı Qərarı ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar