Məhkəmə qərarları › İş №2-1(112)-11505/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11505/2022

18.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11505/2022 18.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində göstərilməklə “qərarın qanunsuz hesab edilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxslər qismində göstərilməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh1 və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 221 saylı, xx.xx.2005-ci il tarixli qərarının qanunsuz hesab edilməsi, ona dəymiş zərərin əvəzinə ya digər münasib torpaq sahəsi ilə əvəzləşdirilməsi və ya əvəzində 20.000 (iyrmi min) AZN məbləğində kompensasiya ödənilməsinə dair öhdəliklərin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin 221 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə X4 adına Görədil bağ massivində içərisində tikili olan faktiki istifadəsindəki 1000 kv. m. torpaq sahəsi, əvəzi ödənilməklə mülkiyyətinə satılmış, torpaq sahəsi döngə nöqtələri müəyyən edilməklə sədlənmiş ümumi qaydada hasara alınmışdır. Bağ sahəsində öz şəxsi vəsaiti hesabına abadlıq işləri görülmüş, zəruri tətbirlər nəticəsində dəyəri artırılmışdır. Bağ sahəsindən mövsümü istifadə etdiklərindən olmadıqları vaxt 2009-cu ilin yay aylarında bağ sahəsinə gələrkən hasarın bir hissəsinin söküldüyünü, əkilən ağacların, böyük olmayan konstruksiyalı tikilinin söküldüyünü, bağın təqribən yarı hissəsinin zəbt edilərək üzərində işlərin aparıldığını müəyyən etmişlər. Bununla bağlı DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edərək, göstərmişlər ki, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 221 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə X4 adına Görədil bağ massivində içərisində tikili olan faktiki istifadələrindəki 1000 kv. m. torpaq sahəsi əvəzi ödənilməklə mülkiyyətlərinə satılmış, torpaq sahəsi döngə nöqtələri müəyyən edilməklə sədlənmiş ümumi qaydada hasara alınmışdır. Bağ sahəsində öz şəxsi vəsaitləri hesabına abadlıq işləri görülmüş, zəruri tətbirlər nəticəsində dəyərinin artırılması, bir müddət istifadəsiz qaldığı ərəfədə 2009-cu ilin yay aylarında bağ sahəsinin hasarının bir hissəsinin söküldüyü, sökülmüş hissənin zəbt edilərək, üzərində işlərin aparıldığı müəyyən etmişlər, bu səbəbdən də, həmin bağ sahəsinə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması barədə onlara məlumat təqdim olunmasına sərəncam verilməsi barədə dəfələrlə müraciət etsələr də, onları qane edəcək cavab ala bilməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd edilən maddənin tələblərinə uyğun olaraq, iddiaçıya hüquqi yardım haqqında 25 avqust 2022-ci il tarixli məktub ünvanlanaraq, qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Bundan sonra iddiaçı məhkəməyə İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, Azərbaycan Respublikası Cavabdeh1 hərəkətlərinin və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 221 saylı, xx.xx.2005-ci il tarixli qərarının qanunsuz hesab edilməsi, onlara dəymiş zərərin əvəzinə ya digər münasib torpaq sahəsi ilə əvəzləşdirilməsi və ya əvəzində cəmi 13.277 AZN vurulmuş maddi zərərin kompensasiya şəkilndə, habelə 6.723 AZN mənəvi zərərin, ümumilikdə 20.000 AZN zərərlərin cavabdehlərdən tutularaq ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdehlərdən Azərbaycan Respublikası Cavabdeh1, iddia ərizəsində maraqlı şəxs qismində göstərilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat vermədiklərindən, məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş cavabdeh Azərbaycan Respublikası Cavabdeh1 nümayəndəsi X6 iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materialarını nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. - iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci ildə doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. AZE seriyalı 07722750 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı ildə doğulmuş X7 ünvan 2 ünvanında qeydiyyatdadır. 085807№-li, xx.xx.2005-ci il tarixli kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, X2 bağ massivində yerləşən 1000 kv. metr torpaq sahəsinin alqı-satqısına görə Binəqədi Bələdiyyəsinin hesabına 11200000 (on bir milyon iki yüz min) manat məbləğində pul ödəmişdir. Bakı şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin “X1 Goradil massivində istifadə etdiyi bağ-evi torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında” 221 №-li, xx.xx.2005-ci il tarixli Qərarının surətindən müəyyən olunur ki, Binəqədi Bələdiyyəsinin inzibati ərazisi olan Goradil massivində vətəndaş X7 tərəfindən istifadə edilən bələdiyyə mülkiyyətinə məxsus 1000 kv. metr bağ-evi torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə (hər kv. metri üçün 11200 manat ödəmək şərti ilə) verilməsi qərara alınmışdır. Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş 08/140 №-li, 2008-ci il tarixli ayrıc aktının surətindən müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2006-cı il tarixli 348 saylı sərəncamı ilə Binəqədi rayonu, Fatmai-Goradil massivinin şimal hissəsində cizgidə göstərilən sərhədlər daxilində Sanatoriya kompleksinin tikintisi üçün Cavabdeh1nə 5,5757 hektar torpaq sahəsi ayrılmışdır. Bakı şəhəri 30 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə təsdiq olunmuş ƏN- İ seriyalı 797529 №li etibarnamənin surətindən müəyyən olunur ki, X7 harada yerləşməsində və nədən ibarət olmasından asılı olmayaraq özünün bütün əmlakını idarə etməyi və s. hüquqlarını xx.xx.2024-cü ilədək İddiaçı etibar etmişdir. İddiaçı hazırki tələblə əvvəlcə Azərbaycan Respublikası Cavabdeh1nə müraciət etmiş, sonuncu tərəfindən müraciəti cavablandırılmadığından, o, xx.xx.2022-ci il tarixdə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. Müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı qərarın qanunsuz hesab olunması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik olmamaqla yanaşı, qeyd olunan tələblərin bir iddiada birləşdirilməsi və bir icraatda baxılması qanunvericiliyin tələbləri baxımından mümkünsüzdür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə də, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik deyil. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə və Azərbaycan Respublikası Cavabdeh1nə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi maraqlı şəxs qismində göstərilməklə “qərarın qanunsuz hesab edilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar