Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1151/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «çıxarışın verilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçıya ayrılan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X14 küçəsində yerləşən torpaq sahəsinin cizgisinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 N-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X8 birgə ümumi iclasında qəbul edilmiş, 10 iyul 1990-cı il tarixli 23 saylı qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0.07 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. Adlı siyahıdan da görünür ki, 0.06 ha torpaq sahəsi Zeynalova (nikahdan sonra soyadım Ağayeva) Səbirə Şahab qızına ayrılmışdır. Həmin torpaq sahəsinin ona ayrılmasını sübut edən Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmrindən çıxarışın surətini və Abşeron rayon X5 surətini iddia ərizəsinə əlavə edirəm. Ona ayrılan torpaq sahəsinin cizgisinin verilməsi üçün ərizə ilə, tələb olunan sənədləri əlavə edilməklə cavabdehə müraciət etsə də, cavabdeh ərizəni təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdeh orqanın imtinası qanunvericiliyin tələblərinə ziddir və onun qanunvericiliklə nəzərdə tutulan hüquqlarını pozur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8682/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının “Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X14 küçəsində yerləşən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı müvafiq tələb ilə (torpaq sahəsinin cizgisinin verilməsi) bağlı İdarəyə müraciət etməmişdir. Torpaq sahəsinin cizgisinin verilməsi 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri xaricində olmaqla torpaq sahələrini ayıran yerli icra hakimiyyəti orqanları, müəssisə və təşkilatlar tərəfindən tərtib edilərək təsdiq olunur. İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 müvafiq ünvanda yerləşən torpaq sahəsinə dair çıxarışın verilməsi tələbi ilə İdarəyə müraciət etmişdir, Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, “Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanına əsasən torpaq sahələri üzərində hüquqların qeydiyyatı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Əlavə olaraq bildiririk ki, ərizəyə əlavə edilmiş torpaq sahəsin ə dair əmrdə torpaq sahəsinin ölçüsü 0.06 ha qeyd olunsa da, arxiv arayışında 0.07 ha göstərilmişdir. Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi Donuzkökəltmə sovxozunun ayrıc aktı üzrə ərazisindən 700-750 metr kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazinin daxilində yerləşir. Göstərilən torpaq sahəsindən orta təzyiqli qaz xətti keçir. İddia edilən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmayan, yolkənarı sahənin bir hissəsidir. Həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. torpaq sahəsindən orta təzyiqli qaz xətti keçir. İddia edilən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmayan, yolkənarı sahənin bir hissəsidir. Həmin Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azerbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə esasen torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 06 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” qaydalarının 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - cavabdehin xx.xx.2022-ci il tarixli imtina məktubu; - Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin F127 nömrəli xx.xx.2022-ci il tarixli məktubunun surəti; - Abşeron Rayon Dövlət Arxivinin F-702 nömrəli xx.xx.2013-cü il tarixli məktubunun surəti; - X11 Sovxozunun 732 nömrəli məktubunun surəti; - Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli A-188 nömrəli məktubunun surəti; - məhkəmənin sorğusuna Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli H574 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1431 nömrəli xx.xx.2023-cü il tarixli Ekspert rəyi.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı Bakı şəhər Xəzər rayonu, Binə qəsəbəsi, X14 küçəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq (çıxarışın) verilməsinə nail olmaqdan ibarətdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı hazırki tələb ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati icraat zamanı iddiaçının müraciətini təmin etməkdən imtina edərək iddiaçıya ünvanladığı 21.04.202-ci il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərlə birlikdə torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməlidir. Həmin imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək hazırki iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh sonradan məhkəmə icraatında iddia tələbinə qarşı xx.xx.2022-ci il tarixli etiraz məktubu təqdim etmişdir ki, torpaq sahələri üzərində hüquqların qeydiyyatı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Əlavə olaraq bildirilmişdir ki, ərizəyə əlavə edilmiş torpaq sahəsinə dair əmrdə torpaq sahəsinin ölçüsü 0.06 ha qeyd olunsa da, arxiv arayışında 0.07 ha göstərilmişdir. Elektron kadastr baza məlumatlarına əsasən iddia olunan torpaq sahəsi Donuzkökəltmə sovxozunun ayrıc aktı üzrə ərazisindən 700-750 metr kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazinin daxilində yerləşir. Göstərilən torpaq sahəsindən orta təzyiqli qaz xətti keçir. İddia edilən torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmayan, yolkənarı sahənin bir hissəsidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İş materiallarından görünür ki, Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 135 saylı, xx.xx.1990-cı il tarixli əmrindən çıxarışın surətindən müəyyən olunur ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1989-cu il tarixli, 52 nömrəli qərarına və bu qərar əsasında sovxoz həmkarlar komitəsi ilə X8 birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli 23 nömrəli qərarının tələbinə uyğun olaraq sovxoz fəhlə və qulluqçularına – X3 fərdi ev tikmək üçün 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Abşeron Rayon Dövlət Arxivi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda (arxiv arayışında) qeyd olunmuşdur ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri Abşeron rayon Dövlət arxivində saxlanılır. Həmin əmrdə göstərilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 nömrəli qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə Əmək Kollektivi birgə ümumi iclasında qəbul edilmiş, 10 iyul 1990-cı il tarixli 23 saylı qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. Adlı siyahıda iddiaçının adı 728 sıra sayı ilə qeyd olunmuşdur. Abşeron rayon Donuzkökəltmə sovxozunun sabiq rəhbərlərinin barəsində Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsində cinayət faktı üzrə istintaq işi aparılmışdır. İstintaqla əlaqədar zərurət yarandığından Donuzkökəltmə sovxozuna dair bir çox sənədlər və o cümlədən həmin 12 iyul 1990-cı il tarixli 135 saylı əmri Abşeron rayon Dövlət arxivindən götürülmüşdür. İstintaqın müəyyən mərhələsindən sonra həmin əmr və digər sənədlərin kserosurətləri arxivə qaytarılmışdır. Qaytarılan əmrlərə əlavə olunmuş siyahılardan görünür ki, həmin sənədlər Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən yoxlanılmış və müvafiq ştamplarla tədqiqat obyekti kimi qeyd olunmuşdur. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv çıxarışında qeyd edilmişdir ki, Abşeron rayon Donuzkökəltmə sovxozu direktorunun 12 iyul 1990-cı il tarixli 135 saylı əmri Abşeron rayon Dövlət arxivində saxlanılır. 12 iyul 1990-cı il tarixli 135 saylı əmrdə göstərilir ki, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 №-li qərarına və bu qərar əsasında sovxoz Həmkarlar Komitəsi ilə X8 birgə ümumi iclasında qəbul edilmiş, 10 iyul 1990-cı il tarixli 23 saylı qərarına əsasən sovxoz fəhlə və qulluqçularına 0,07 ha həyətyanı torpaq sahəsi ayrılır və adlı siyahı əlavə olunur. Bu siyahıda iddiaçının adı X7 728 sıra sayı ilə qeyd edilmişdir. İş materiallarından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013cü il tarixli iddiaçıya ünvanladığı məktubunda qeyd edilmişdir ki, Binə qəsəbəsi, Donuzkökəilmə sovxozunda ayrılmış torpaq sahəsini və inşa etdiyiniz yaşayış evinin sənədləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanladığınız ərizə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə iş şöbəsindən 11/A-4643 saylı, xx.xx.2013-cü il tarixli məktubla baxılması üçün RİH-ə göndərilmişdir. Bildiririk ki, həmin torpaq sahələri Xəzər rayonunun inzibati ərazisinə daxil olsa da, Abşeron rayonunun istifadəsində olan torpaq sahələrinə aid olmuşdur. Hal-hazırda həmin torpaq sahələri Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Bakı şəhər İcra Hakimiyyətinin İdarəçiliyinə verilmişdir. Bu səbəbdən ərizədə qeyd etdiyiniz məsələnin həlli rayon icra Hakimiyyətinin səlahiyyətləri xaricindədir. İş materiallarından görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinə ünvanladığınız 03 fevral 2022-ci il tarixli müraciətiniz Memarlıq və Tikinti şöbəsində araşdırılmışdır. Ərizədə keçmiş Donuzkökəltmə sovxozu ərazisindən 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmrlə sizə ayrılmış 0.10 hektar torpaq sahəsinin yerləşmə sxeminin hazırlanıb verilməsini xahiş edirsiniz. Məlumat üçün bildiririk ki, hər hansı formatda xəritəçəkmə planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi Rayon İcra Hakimiyyətlərinin səlahiyyətlərinə aid deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi “Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericilikdə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirlir. Məhkəmə işin hallarının araşdırılması məqsədi ilə Abşeron Rayon Dövlət Arxivinə sorğu vermiş, Abşeron rayon Donuzkökəltmə sovxozunun direktorunun xx.xx.1990-ci il tarixli 135 saylı əmrinin və əmrin qəbul edilməsinə əsas olmuş sənədlərin eləcə də Həmkarlar Komitəsi ilə X8 birgə ümumi iclasında qəbul edilmiş xx.xx.1990-cı il tarixli, 23 saylı qərarın və qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətini məhkəməyə təqdim edilməsini xahiş etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Abşeron Rayon Dövlət Arxivi tərəfindən xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Abşeron Rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-ci il tarixli 135 saylı əmrində vətəndaş İddiaçı adı qeyd edilməmişdir. Məhkəmə tərəfindən təkrar sorğu verilərək, Abşeron Rayon Dövlət Arxivi tərəfindən Abşeron Rayon Donuzkökəltmə sovxozunun xx.xx.1990-ci il tarixli 135 saylı əmrinin təsdiq edilmiş surəti təqdim olunmuşdur. İşin məhkəmə tərəfindən araşdırılmış hallarına görə iddiaçı hazırkı tələbində fərdi yaşayış evi tikmək üçün 0,07 ha torpaq sahəsi ayrıldığına dair Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 nömrəli əmrinə əsaslansa da, həmin əmrə iddiaçıya ayrılmış torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) əlavə edilməmişdir. Məhkəməsi qeyd edir ki, torpaq sahəsi ayrılarkən yerquruluşu qaydalarına uyğun olaraq əvvəl onun sərhədləri yerdə (naturada) və xəritədə, yəni həmin torpaq sahəsinin digər torpaq sahələrinə münasibətdə yerləşməsi və döngə nöqtələri müəyyən edilməlidir. Torpağın ayrılması barədə qərar qəbul edildikdən sonra isə həmin sahənin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi onu ehtiva edir ki, torpaq sahəsi ayrılan şəxsə onun ölçüləri göstərilməklə təqdim edilir. Bu prosedurun nəticəsi olaraq torpaq sahəsinin planı və təsviri hazırlanmalıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, həmin torpaq sahəsinin ayrılmasına dair qərara (əmrə) eskiz və ya ayrıc aktı əlavə olunmamışdır. Belə olan halda, iddiaçının torpaq sahəsinə dair yerləşmə sxeminin tərtib edilməsindən imtina etməkdə cavabdeh haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Həmin Siyahının 2.5-ci bəndinə əsasən, yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. Torpaq Məcəlləsinin 65-ci maddəsin əsasən:
1. torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
4. torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödənilir.
5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanı ilə müəyyən edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2.5-ci bəndinə uyğun olaraq sovxozun yenidən təşkili qaydasında (həmin sovxozun bazasında) yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri əsasında yaşayış və bağ evlərinin tikintisi üçün ayrılmış torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan digər hallarda isə “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivlərində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2015-ci il tarixli 664 nömrəli Fərmanı ilə müəyyən edilmiş şərt iddiaçı tərəfindən ödənilmədiyindən, yəni iddiaçı hazırkı tələbində yalnız Abşeron rayon Donuzkökəltmə sovxozunun 12 iyul 1990-cı il tarixli, 135 nömrəli əmrinə əsaslansa da, həmin əmrə iddiaçıya ayrılmış torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən sənədlər) əlavə edilmədiyindən cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Bununla yanaşı məhkəmə cavabdeh inzibati orqan tərəfindən etiraz ərizəsində qeyd olunan “iddia olunan torpaq sahəsi Donuzkökəltmə sovxozunun ayrıc aktı üzrə ərazisindən 700-750 metr kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazinin daxilində yerləşir” imtina dəlilinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1431 nömrəli xx.xx.2023-cü il tarixli Ekspert rəyində tədqiqatın nəticəsi olaraq qərardadın birinci sualı üzrə X4 iddia etdiyi və naturada göstərdiyi Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X14 küçəsində yerləşən 600 kv.m torpaq sahəsinin müəyyən olunmuş koordinatları əsasında elektron kadastr məlumat bazasında aparılırmış araşdırılmaların nəticəsi olaraq torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Z.Tağıyev adına NQÇİ-nin Qala blokunun ərazisi hüdudları daxilində yerləşməsi müəyyən olunduğu və qərardadın ikinci sualı üzrə İddiaçı nümayəndəsi tərəfindən naturada göstərilmiş Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nadir şah .avşar küçəsində yerləşən 600 kv.m torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin H.Z.Tağıyev adına NQÇİ-nin Qala blokunun cənub-qərb hissəsində yerləşdiyi qeyd edilmişdir. (ekspert rəyi iş materiallarına əlavə edilmişdir.) Belə ki, məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşmə yeri mübahisəlidir və iddiaçıya ayrılmış torpaq sahəsinin qanunla müəyyən edilmiş qaydada plan və cizgisi mövcud olmadığından, həminçinin naturada göstərdiyi yer Dövlət Neft Şirkəti üçün ayrılmış torpaq sahələrinə aid olduğundan cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respubikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmazəmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X14 küçəsində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsinə dair iddiası təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev