Məhkəmə qərarları › İş №2-1(112)-11510/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11510/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11510/2022 20.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küç., 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35013 saylı müqavilə əsasında ona verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,12 ha torpaq sahəsi olan 1106H nömrəli bağ sahəsinə dair onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstimarı Birliyi ilə onun arasında olan xx.xx.2005-ci il tarixli, 35013 saylı müqavilə əsasında Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 0,12 ha ölçüdə “1106H” nömrəli bağ sahəsi onun istifadəsinə verilmişdir. Sözügedən bağ sahəsi 2005-ci il tarixdən hazırkı vaxta kimi qanuni əsaslarla onun sahibliyində və daimi istifadəsindədir. Həmin bağ sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi üçün ərizə ilə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli imtina məktibu ilə torpaq sahəsinin nömrəsinin bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməməsi və torpaq sahəsinə digər şəxslərin müraciətinin mövcud olması səbəbi ilə dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Onun tərəfindən qanunla tələb edilən sənədləri təqdim edilsə də, cavabdeh heç bir hüquqi əsası olmadan, yalnız öz mülahizəsinə görə əmlakın qeydiyyatını aparmaqdan qanunsuz olaraq imtina etmişdir. Onun iştirakı ilə cavabdeh inzibati orqanın əməkdaşı tərəfindən bağ sahəsinə yerli baxış keçirilmiş, həmin vaxt ölçmə işləri aparılarkən heç bir sxematik xəritə ilə və ya hər hansı uyğunsuzluq aşkar edilməmidir. Cavabdeh qanunsuz və əsassız imtinası nəticəsində onun qanunla qorunan mülkiyyyət hüquqları kobud surətdə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixli **********157 №li iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma zamanı daşınmaz əmlaka texniki baxış keçirilmiş və müəyyən edilmişdir ki, torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bundan başqa, ümumi əraziyə digər şəxslərin müraciətləri mövcuddur. Texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Bu barədə iddiaçıya **********63 qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Bundan əlavə, göstərilən sahə arxiv cizgisinə uyğun gəlmir. İddiaçı tərəfindən təqdim edilən sənədlər surətdir. Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı ücün zəruri olan mərzcəkmə və inventarlasdırma islərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianın mahiyyəti üzrə izahat verərək məhkəmədən qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X9 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İPM-nin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. Həmin Məcllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddiaçı ona məxsus torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə özünə məxsus torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: İddiaçıya məxsus AA seriyalı ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1947-ci ildə doğulmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi ilə İddiaçı arasında bağlanmış “Novxanı ərazisindəki 1106 H nömrəli bağın istifadəyə verilməsi haqqında” 35013 saylı, xx.xx.2005-ci il tarixli müqavilənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 139 saylı Sərəncamına əsasən Bakı şəhəri Binəqədi rayonu, Novxanı ərazisində 0,12 ha torpaq sahəsi olan 1106 H №li bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş M-350-112 №-li, xx.xx.2018-ci il tarixli arxiv arayışının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 2005-ci ilə dair sərəncamlar kitabında X2 və İstismarı Birliyinin protokolunun təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli 139 №-li sərəncamı ilə “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi, vətəndaşlara bağ sahələrinin ayrılması barədə” X2 və İstismarı Birliyinin 27 may 2005-ci il tarixli, 96 №-li Protokolunun təsdiq edilməsi haqqında sərəncam vardır. Sərəncama əlavə olunmuş xx.xx.2005-ci il tarixli 96 №-li protokoldan (surət) müəyyən olunur ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.1997-ci il tarixli, 233 №-li sərəncamına əsasən Novxanıdakı 1106 H №-li bağ sahəsinin İddiaçı adına sənədləşdirilməsi qərara alınmışdır. İddiaçının hazırki tələblə bağlı inzibati orqana etdiyi müraciətə cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********63 №li xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 1106 H saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 04.06.222-ci il tarixli ərizəsinə baxılmışdır. Torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir. Bundan başqa, göstərilən torpaq sahəsinə digər şəxslərin müraciətləri mövcuddur. Texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur. Torpaq sahəsində hasarlanma və mərzlənmə işləri aparılmamışdır. Cavabdeh İdarənin imtinada qeyd etdiyi halların araşdırılması üçün verilmiş məhkəmənin müvafiq sorğusuna cavab olaraq DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş **********34 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, sözügedən ərazidə ümumi hasar daxilində yerləşən bağ sahələri ilə bağlı X3 xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə xx.xx.2018-ci il tarixli, **********80 qeydiyyat nömrəli məktubla, X10 xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə xx.xx.2018-ci il tarixli, **********82 qeydiyyat nömrəli məktubla, X3 xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə xx.xx.2018-ci il tarixli, **********81 qeydiyyat nömrəli məktubla, X6 xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə xx.xx.2018-ci il tarixli, **********86 qeydiyyat nömrəli məktubla münasibət bildirilmişdir. Məktubla məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən: - Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi ilə X13 arasında bağlanmış Novxanı ərazisindəki 0,12 ha olan 1102 “M” nömrəli bağın istifadəyə verilməsi haqqında 35008 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 139 saylı Sərəncamına əsasən Bakı şəhəri Binəqədi rayonu, Novxanı ərazisində 0,12 ha torpaq sahəsi olan 1102 “M” №-li bağ sahəsi X10 istifadəsinə verilmişdir. - DƏDRX Bakı şəhər Ərazi İdarəsinin X10 ünvan 1i ünvanında yerləşən 1102 “M” saylı bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi barədə ********** nömrəli xx.xx.2018-ci il tarixli ərizəsinə xx.xx.2018-ci il tarixli **********82 saylı cavab məktubu ilə bildirilmişdir ki, 1102 “M” saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağ sahəsinin koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi ilə X7 arasında bağlanmış Novxanı ərazisindəki hər biri 0,12 ha olan 1105 “C” və 1106 “C” nömrəli bağın istifadəyə verilməsi haqqında 35432 saylı 20 yul 2005ci il və 26258 saylı 11 noyabr 2005-ci tarixli müqavilələrin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli139 saylı Sərəncamına əsasən Bakı şəhəri Binəqədi rayonu, Novxanı ərazisində hər biri 0,12 ha torpaq sahəsi olan 1105 “C” və 1106 “C” №-li bağ sahələri X3 istifadəsinə verilmişdir. - DƏDRX Bakı şəhər Ərazi İdarəsinin X10 ünvan 1i ünvanında yerləşən 1105 “C” və 1106 “C” saylı bağ sahələrinin koordinatlarının müəyyənləşdirilməsi barədə ********** nömrəli və ********** nömrəli xx.xx.2018-ci il tarixli ərizələrinə xx.xx.2018-ci il tarixli **********80 və **********80 saylı cavab məktubları ilə bildirilmişdir ki, 1105 “C” və 1106 “C” saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağ sahələrinin koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və istismarı Birliyi ilə X14 arasında bağlanmış Novxanı ərazisindəki 0,12 ha olan 1106 “E” nömrəli bağın istifadəyə verilməsi haqqında 36244 saylı müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli139 saylı Sərəncamına əsasən Bakı şəhəri Binəqədi rayonu, Novxanı ərazisində 0,12 ha torpaq sahəsi olan 1106 “E” №-li bağ sahəsi X11 istifadəsinə verilmişdir. - DƏDRX Bakı şəhər Ərazi İdarəsinin X6 nümayəndəsi X8 (X6 ƏN-İ seriyalı 701529 №li etibarnamə əsasında bütün əmlakını idarə etmək, sərəncam vermək və s. hüquqlarla etibarnamə üzrə nümayəndəsi) ünvan 1i ünvanında yerləşən 1106 “E” saylı bağ sahəsinin koordinatlarının müəyyənləşdirilməsi barədə ********** nömrəli xx.xx.2018-ci il tarixli ərizəsinə xx.xx.2018-ci il tarixli **********86 saylı cavab məktubu ilə bildirilmişdir ki, 1106 “E” saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə əks olunmadığından bağ sahəsinin koordinatlarını müəyyənləşdirmək mümkün olmamışdır. - Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə aktının surətindən görünür ki, Novxanı bağ massvində yerləşən 1106 H saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 1200.0 kv. metr, faktiki sahəsi 1200.0 kv. metr, torpaq sahəsinin cəmi ümumi sahəsinin 5584.0 kv. metr təşkil etdiyi, göstərilən ümumi sahənin bir tərəfi hasar (hasar uçulmuş vəziyyətdədir) bir tərəfinin bir hissəsinə mişar daşı düzüldüyü, digər tərəflərinin isə şərti olduğu, vətəndaşın ümumi sahəyə 5 sənəd olduğuni bildirdiyi 1102 “l”, 1105 “c”, 1102 “m” və 1106 “c” (ara sərhəslərinin şərti), ümumi sahə 5884.0 kv. metr təşkil etdiyi, sahədə tikilinin olmadığı qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 28 saylı notariat ofisində notarial qaydada təsdiqlənmiş Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanında qeydiyatda olan X12, ünvan 3 ünvanında qeydiyyatda olan X13 və ünvan 4 ünvanında qeydiyyatda olan X7 tərəfindən verilmiş müvafiq olaraq **********731, **********724 və **********734 №-li ərizələrdən görünür ki, adları çəkilən şəxslər Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisi 1106H nömrəli bağ ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.7. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış əsas hesab olunur. Həmin Qanunun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi (9.1.1); daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması (9.1.2.); bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi (9.1.3.); hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi (9.1.4.). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Həmin Qanunun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. "Thе Trаktоrеr İsvеçə qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi vurğulаmışdır ki, ərizəçinin tоrpаğа istifаdə hüququ və gələcəkdə оndаn fаydа götürməsi bаrədə gözləntiləri də mülkiyyət hüququnu təşkil еdir və bu hüquq Аvrоpа Kоnvеnsiyаsının 1 sаylı prоtоkоlunun 1-ci mаddəsinin (mülkiyyət hüququ) müdаfiə dаirəsinə düşür. "Axverdiyev Azərbaycana qаrşı" məhkəmə işində Аvrоpа Məhkəməsi qeyd etmişdir ki, "mülkiyyət" anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və "qanuni gözləntisi" olan əmlakı da əhatə edə bilər. "Gözlənti" mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Həmin işdə ərizəçi evinə aid olan torpaq sahəsinə və həyətyanı sahəyə mülkiyyət hüququnun qeydiyyata alınması üçün heç vaxt müraciət etməmişdir. Buna görə də formal olaraq o, evin sökülməsi zamanı torpağa hər hansı hüququ olmadığından mülkiyyət hüququna malik olmamışdır. Buna baxmayaraq qüvvədə olan qanunvericiliyə uyğun olaraq ərizəçi evə mülkiyyət hüququ əsasında torpağın qanuni istifadəçisi olmuşdur. Bundan başqa, onun milli qanunvericiliyə əsasən torpağa əvəzsiz qaydada mülkiyyət hüququnun əldə olunmasına diar hüquqi gözləntisi var idi. Həm ev, həm də torpaq sahəsi 1 saylı protokolun 1-ci maddəsinə əsasən ərizəçinin mülkiyyəti olmuşdur. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, mübahisələndirilən torpaq sahəsi qanuni əsaslarla iddiaçının istifadəsinə ayrılmışdır və həmin torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması üçün qanunvericiliklə müəyyən olunmuş əsaslar mövcuddur. Cavabdeh inzibati orqanın imtinaya əsas kimi və etirazda qeyd etdiyi dəlillərə (torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə qeyd edilməmişdir; ümumi əraziyə digər şəxslərin müraciətləri mövcuddur; texniki baxış keçirilən zaman göstərilən torpaq sahəsinin digər torpaq sahələri ilə ümumi hasar daxilində yerləşdiyi aşkar olunmuşdur) gəldikdə isə məhkəmə hesab edir ki, həmin dəlillər əsassızdır. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş X2 və istismarı Birliyi tərəfindən tərtib olunmuş bağların bölgüsünə dair sxematik xəritədə sahəsi 0,12 ha olan 11006 H №li bağ qeyd olunmuşdur. Mübahisəli torpaq sahəsinin yerləşdiyi ümumi əraziyə dair DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş digər torpaq sahələrinin istifadəçiləri tərəfindən verilmiş notarial ərizələrdə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisi 1106H nömrəli bağ ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin hazırki iş üzrə iddiaçı olan İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Göründüyü kimi, mövcud qanunvericilik (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. Lakin cavabdeh inzibati orqan tərəfindən işin qeyd olunan halları nəzərə alınmadan iddiaçının müraciətindən imtina olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələrindəndir. Göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək və vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti X2 və İstismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli, 35013 saylı müqavilə əsasında İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən 1200 kv. metrdən ibarət 1106 “H” saylı bağ-torpaq sahəsinə dair İddiaçı xüsusi mülkiyyət hüquqlarının Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınmaqla, onun adına Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar