Məhkəmə qərarları › İş №2-1(112)-11510/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11510/2025

02.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11510/2025 02.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı “birdəfəlik müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətə (bundan sonra – Penitensiar Xidmət) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi “ Qaydalarına əsasən Penitensiar Xidmətin 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin əməliyyat-rejim şöbəsinin nəzarətçisi ədliyyə baş giziri vəzifəsində işlədiyi dövr üçün ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin ona ödənilməsi vəzifəsinin cavabdeh Penitensiar Xidmətə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi “ Qaydalarına əsasən Penitensiar Xidmətin 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin əməliyyatrejim şöbəsinin nəzarətçisi ədliyyə baş giziri vəzifəsində işlədiyi 2023-cü il üzrə ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin ona ödənilməsi vəzifəsinin cavabdeh Penitensiar Xidmətə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Penitensiar Xidmətin 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin əməliyyat-rejim şöbəsinin nəzarətçisi ədliyyə baş giziri vəzifəsində uzun müddət çalışmışdır. xx.xx.2023-cü il tarixdə qulluq illərinə görə pensiyaya çıxmaqla vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluğuna Penitensiar Xidmətinin xx.xx.2023-cü il tarixli, 624/K nömrəli əmri ilə xitam verilmişdir. Qeyd edir ki, xx.xx.2023-cü il tarixli, 732/K nömrəli əmrlə penitensiar xidməti üzrə xx.xx.2023-cü il tarixli, 624/K nömrəli əmrdə qismən dəyişiklik edilməsi barədə əmr qəbul edilərək, dəyişiklik edilən əmrdə qeyd olunmuş "40.1.12-ci maddəsinə müvafiq olaraq (qanunla nəzərdə tutulmuş digər hallarda) qulluq illərinə görə” sözləri ”40.1.5-ci maddəsinə müvafiq olaraq (xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda)” sözləri ilə əvəz edilmişdir. Məhz yuxarıda qeyd edilmiş vəzifədə olduğu müddətlə əlaqədar olaraq qulluq keçməyə xitam tarixinə (xx.xx.2023) qulluq müddəti təqvimi hesablama ilə 24 il 09 ay 29 gün, güzəştli hesablama isə 31 il 11 ay 00 gün təşkil edir. İşlədiyi dövr ərzində “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi “ Qaydalarına uyğun müalicə olunması üçün heç vaxt müavinət almamışdır. Qeyd olunanları nəzərə alaraq işlədiyi dövr ərzində həmin qaydalara uyğun müalicə olunmaq üçün müavinətin alınması ilə bağlı müvafiq sənədlərlə birlikdə cavabdeh Penitensiar Xidmətə yazılı müraciətinə cavabdehin xx.xx.2025-ci il tarxili cavab məktubu ilə imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur çünki fasiləsiz olaraq 24 ildən çox, güzəştli hesablama ilə 31 il 11 ay 00 gün Penitensiar Xidmətin 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində qulluq etmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin Hərbi-Həkim Komissiyası tərəfindən keçirilmiş müayinəyə əsasən, ona “Şəkərli diabet 2 (iki), funksiyaların mülayim dərəcədə pozulması ilə (El 1.7). Piylənmə İİ (ikinci) dərəcə. Diabetik distal sensor-motor polinevropatiya. OU-Diabetik angiopatiya. Steatohepatit, funksiyaların mülayim dərəcədə pozulması ilə. Sol diz oynağının İ (birinci) mərhələ artrozu. Sol diz oynağının medial meniskin İİ (ikinci) dərəcəli degeneresiyası, funksiyaların pozulması olmadan. OU-Zəif dərəcəli hipermetropiya. Xroniki tonzillit, remisiyya mərhələsində” diaqnozu qoyulmuş və xəstəliklərin xidmət düvründə alınmış olması qeyd edilmişdir. Bu da onu sübüt edir ki, ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi cavabdeh Penitensiar Xidmətə havalə olunmalıdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2025-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2025-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı münasibəti (etirazı): Cavabdeh Penitensiar Xidmətin iddia tələbinə dair yazılı münasibəti onunla əsaslandırılmışdır ki, iddiaçı Penitensiar xidmətdə xx.xx.2002-ci il tarixdə qulluğa qəbul edilmiş və xx.xx.2023-cü il tarixdə ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununun 23.2-ci maddəsi iki abzasdan ibarətdir. Həmin maddənin 1-ci abzasına əsasən ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar, 2-ci abzasına əsasən ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi, pensiyaya çıxan əməkdaşlara pulsuz dövlət tibb xidməti ilə təmin olunması nəzərdə tutulmuş, lakin ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinətin verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Ədliyyə nazirinin 28 aprel 2008-ci il tarixli 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir. Həmin Qaydalarda pensiyaya çıxan əməkdaşlara müavinətin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilmişdir ki, “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1.3-cü bəndinə əsasən işçinin hətda sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Göründüyü kimi, ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar müavinətin verilməsi ilk dəfə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının xx.xx.2006-cı il tarixli Qanununda nəzərdə tutulmuş, həmin müavinətin verilmə mexanizmi xx.xx.2008-ci il tarixli, 7-T nömrəli əmri ilə təsdiq olunmuş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nda öz əksini tapmışdır. İddiaçı xidmət etdiyi 2023-cü ildə müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilməsi üçün müraciət etmiş, lakin maliyyə vəsaitin olmadığından bu müavinətin ödənilməsi imkan xaricində olmuşdur. Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müvafiq xərc maddəsinə ayrılmış vəsait yalnız carı ilin müvafiq dövrü üçün nəzərdə tutulur, əvvəlki illərə şamil olunmur. İddiaçı səhhətindəki problemlərin həlli məqsədilə səhiyyə xidmətlərinin zəruri xərclərinin ödənilməsini təmin edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlanmaq, müayinə və müalicə olunması ilə bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət edərək pulsuz tibbi xidmətdən istifadə etmək hüququna malikdir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar çıxarılması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: xx.xx.2025-ci il tarixdə keçirilən şifahi məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş tərəflər müvafiq olaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia ona cavab verməli olan orqana qarşı qaldırılmışdır. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Penitensiar Xidmətin xx.xx.2023-cü il tarixli, 624 nömrəli Əmrinin surətindən müəyyən olunur ki, iddiaçı – Penitensiar Xidmətin 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin əməliyyat-rejim şöbəsinin nəzarətçisi ədliyyə baş gizirinin “Ədliyyə orqanlarında qulluq keçmə haqqından Azərbaycan Respublikası Qanununun 40.1.12-ci maddəsinə müvafiq olaraq (qanunla nəzərdə tutulmuş digər hallarda) qulluq illərinə görə pensiyaya çıxmaqla tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçının xx.xx.2023-cü il tarixədək qulluq müddəti təqvimi hesablama ilə 24 il 09 ay 29 gün, güzəştli hesablama ilə 31 il 11 ay 00 gün təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibbi Baş İdarəsinin Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 553 nömrəli Arayışının surətindən müəyyən olunur ki, iddiaçı “Şəkərli diabet tip 2 (iki), funksiyaların mülayim dərəcədə pozulması ilə (E11.7); Piylənmə İİ (ikinci) dərəcə; Diabetik distal sensor-motor polinevropatiya; OU-Diabetik angiopatiya; Steatohepatit, funksiyaların mülayim dərəcədə pozulması ilə; Sol diz oynağının İ (birinci) mərhələ artrozu; Sol diz oynağının medial meniskin İİ (ikinci) dərəcəli deqenerasiyası, funksiyaların pozulması olmadan; OU-Zəif dərəcəli hipermetropiya; Xroniki tonzillit, remissiya mərhələsində.” diaqnozu qoyulmuş, xəstəliyin, xidmət dövründə alındığı qeyd edilmişdir. İddiaçının hazırki iddia tələbi ilə bağlı müraciətlərinə cavabdeh Penitensiar Xidmətin: xx.xx.2023-cü il tarixli, 23-16-17/7/2-Q-467-6/2023 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “Penitensiar xidmətə ünvanladığınız müraciətinizə Maliyyə-iqtisadiyyat idarəsində qanunvericiliyin tələblərinə uyğun olaraq baxılmışdır və tərəfimizdən aidiyyəti üzrə müvafiq sorğu göndərilmişdir. - Müəyyən olunmuşdur ki, qulluqda olduğunuz müddət ərzində xx.xx.2011-ci il tarixdən 14 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsinin balansında olan, Şabran rayonunda yerləşən, heyvandarlıq təsərrüfatı fəaliyyət göstərən ərazisində xidmət etmisiniz. Daimi işi yolda keçən və gediş - gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) işçilərin xidməti gedişi ezamiyyət sayılmır. - Müraciətdə qeyd etdiyiniz digər məsələ ilə bağlı bildirmək istəyirik ki, Penitensiar xidmətin zabit və nəzarətçi heyətinin geyim əşyaları ilə təmin olunması üçün qayda olaraq əməkdaşlardan heç bir yazılı müraciət tələb olunmur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 26.4-cü maddəsinə əsasən xüsusi geyim formasının əvəzinə onun dəyəri məbləğində pul kompensasiyası verilməsi Penitensiar xidmətin üzərinə öhdəlik kimi qoyulmur. Qeyd etmək istəyirik ki, ədiiyyə orqanlarında qulluq etdiyiniz müddətdə xidmətin Təchizat idarəsi tərəfindən geyim əşyaları ilə təmin edilmisiniz.” xx.xx.2024-cü il tarixli, 3-16-17/2-Q-2934-6/2024 nömrəli cavab məktbunda qeyd olunmuşdur ki, “...Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Maliyyə Nazirliyi tərəfindən Penitensiar xidmətin 2024-cü il üzrə təsdiq edilmiş büdcə smeta xərclərinin müvafiq xərc maddəsinə aylar üzrə ayrılan vəsaitə uyğun olaraq qulluq etdiyi müəssisədən ödənilməsi nəzərdə tutulmuşdur. - 2024-cü ilin müvafiq xərc maddəsinə əlavə vəsait ayrılacağı təqdirdə müraciətinizdə qeyd etdiyiniz 2023-cü il üzrə müalicə olunmanız ilə əlaqədar birdəfəlik müavinətin verilməsi məsələsinə baxılacaqdır. - Müayinə və müalicə olunmanızla bağlı Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin Poliklinikasına müraciət edərək pulsuz tibbi xidmətdən istifadə edə bilərsiniz”. xx.xx.2025-ci il tarixli, 3-16-17/2-P-6/2025-C-8385 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, “...Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən müvafiq xərc maddəsinə ayrılmış vəsait yalnız cari ilin müvafiq dövrü üçün nəzərdə tutulmuşdur, əvvəlki illərə şamil olunmur. - Sağlamlığınızla bağlı səhhətinizdəki problemlərin həlli məqsədilə səhiyyə xidmətlərinin zəruri xərclərinin ödənilməsini təmin edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin xidmətlərindən yararlana və müayinə və müalicə olunmanızla bağlı Ədliyyə Nazirliyinin Tibb Baş idarəsinin Poliklinikasına müraciət edərək pulsuz tibbi xidmətdən istifadə edə bilərsiniz.” Məhkəmənin müvafiq sorğusuna əsasən Penitensiar Xidmətin xx.xx.2025-ci tarixli cavab məktubu ilə təqdim edilmiş: Penitensiar Xidmətin İnsan resursları idarəsi tərəfindən həmin xidmətin Hüquq şöbəsinə təqdim edilmək üçün verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan müəyyən olunur ki, iddiaçı 1976-cı ildə Bakı şəhərində anadan olmuş, ali təhsillidir. 2004-cü ildə Azərbaycan Texniki Universitetini bitirmişdir. 1994-1997-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.2002-ci il tarixində Penitensiar xidmətdə kiçik rəis heyəti qismində qulluğa qəbul edilərək 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin nəzarətçisi vəzifəsinə təyin edilmişdir. O, qulluq müddətində 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində nəzarətçi və böyük nəzarətçi vəzifələrində işləmişdir. Həmin müəssisənin nəzarətçisi vəzifəsində işləyərkən Penitensiar xidmət üzrə xx.xx.2023-cü il tarixli, 624/K nömrləri əmrlə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.5-ci maddəsinə müvafiq olaraq (xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda) pensiyaya çıxmaqla tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Penitensiar Xidmətin 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi tərəfindən həmin xidmətin Hüquq şöbəsinə təqdim edilmək üçün verilmiş “Penitensiar Xidmətin 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində nəzarətçi vəzifəsində işləmiş ədliyyə baş giziri İddiaçı xəstəliyə görə birdəfəlik müavinətin təyin olunmasına dair” xx.xx.2025-ci il tarixli Arayışdan müəyyən olunur ki, Penitensiar Xidmətin 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində xx.xx.2002-ci il tarixdən xx.xx.2023-cü il tarixədək nəzarətçi vəzifəsində işləmiş iddiaçı – sabiq əməkdaş ədliyyə baş giziri, xx.xx.2023-cü il tarixli Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin 767 saylı tibbi arayışını xx.xx.2023-cü il tarixli raportla müəssisəyə təqdim etməklə xəstəliyə görə birdəfəlik müavinətin verilməsi barədə müəssisə rəisinə müraciət etmişdir. Müəssisə üzrə təyin olunmuş Komissiyanın ümumi yığıncağının keçirilməsi ilə bağlı iclasının 3 saylı, xx.xx.2023-cü il tarixli protokoluna əsasən müraciəti müzakirə edilmiş, xəstəliyə görə birdəfəlik müavinətin verilməsi qənaətbəxş hesab edilmişdir, lakin 2023-cü il üzrə maddi vəsait olmadığından müalicə olunması ilə əlaqədar birdəfəlik müavinət verilməmişdir. Müəssisənin nəzarətçi vəzifəsində işləmiş sabiq əməkdaş ədliyyə baş giziri Qurbanov X1 xidmətin 624/K saylı xx.xx.2023-cü il tarixli əmrinə əsasən öz arzusu ilə təqaüdə göndərilərək tutduğu vəzifədən azad edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun: Maddə 1.1. ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. ... Maddə 3.1. bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. ... Maddə 23. Ədliyyə orqanları işçilərinin sosial müdafiəsi 23.1. Ədliyyə orqanları işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir. 23.2. Ədliyyə orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Ədliyyə orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir. .... Maddə 33.Penitensiar xidmətin işçiləri 33.1. Penitensiar xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra - “əməkdaşlar”) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdirlər. 33.2. Penitensiar xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”: ....

2. Müavinətin verilməsi barədə müraciətə baxılması 2.1. Müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün nümayəndə vasitəsilə müraciət edildikdə, nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd müraciətə əlavə olunur.

.... 2.2. Müavinət verilməsi üçün müraciətə aşağıdakı sənədlərdən biri əlavə edilməlidir: 2.2.1. müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndəriş; 2.2.2. müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd; 2.2.3. sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi.

... 2.9. Müavinətin verilməsi barədə müraciətə bu Qaydaların 2.2-ci bəndində göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Müvafiq sənədlər müraciətə əlavə edildikdən və ya müvafiq büdcə vəsaiti ayrıldıqdan sonra müraciətə bu Qaydalara müvafiq baxılır.

Məhkəmənin mövqeyi:

Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar nəzərdə tutulmuş birdəfəlik müavinətin ona ödənilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən normaların məzmununa görə, müavinət işçinin və ya onun nümayəndəsinin müraciəti əsasında verilir. Müavinət verilməsi üçün müalicə müəssisəsi (həkim) və ya nazirliyin tibb xidməti tərəfindən verilən müalicə olunmaq zərurəti barədə arayış və ya müvafiq müalicə, sanatoriya-kurort müəssisəsinə göndərişi və ya müalicə müəssisəsi (həkim) tərəfindən verilən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqəsi və ya yerli, yaxud xarici müalicə müəssisəsində tibbi müayinədən və ya müalicədən keçmə haqqında sənəd və ya sanatoriya-kurort müəssisəsinə putyovka və ya turizm xidməti müəssisəsinin müvafiq sənədi müraciətə əlavə edilməlidir. Müavinətin verilməsi barədə müraciətə göstərilən sənədlər əlavə edilmədikdə və ya müvafiq büdcə vəsaiti tükəndikdə müraciət baxılmamış saxlanılır və işçiyə bu barədə məlumat verilir. Azərbaycan Respublikası Ədliyyə nazirinin 7-T saylı 28 aprel 2008-ci il tarixli Əmri ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmış və ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi qaydalarını müəyyən edir (1.1); müavinət xüsusi rütbəsi olan işçiyə müalicə olunması üçün verilir (1.2); işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir (1.3); müavinət işçinin aylıq əmək haqqının iki misli miqdarında verilir (1.4). “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 23.2-ci maddəsinin birinci hissəsində pulsuz dövlət tibb xidməti ilə təmin olunma hüququ pensiyaya çıxmış işçilər də daxil olmaqla ədliyyə orqanlarının işçilərinə şamil edildiyi halda, həmin maddənin müalicə ilə əlaqədar müavinətin verilməsi hüququnu nəzərdə tutan ikinci hissəsində “pensiyaya çıxmış işçilər”ə şamil edilməmişdir. Eyni zamanda yuxarıda adıçəkilən “Qaydalar”a görə işçinin sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddətlərdə ona müavinət verilmir. Pensiyaya çıxan işçilərin ədliyyə orqanlarında qulluq keçməsinə xitam verildiyini və onların vəzifələrindən irəli gələn səlahiyyətlərini itirdiyini nəzərə alaraq belə nəticəyə gəlinir ki, müalicə olunma ilə əlaqədar müavinət yalnız cari fəaliyyətdə olan, yəni hazırda qulluq keçən işçilərə aiddir. Qeyd olunan ildə bir dəfə verilən müavinətin məqsədi işçinin müalicə olunaraq əmək qabiliyyətini bərpa etməsi və sonrakı əmək funksiyalarını arzuolunan şəkildə həyata keçirməsi ilə bağlıdır, belə olan halda pensiyaya çıxmış işçilər həmin iş üzrə əmək funksiyasını icra etmədiklərindən, onlara müntəzəm olaraq müalicə məqsədli müavinətlərin verilməsi qanunauyğun və əsaslı hal hesab edilə bilməz Göstərilənlərə əsasən iddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanunauyğun olmuş və bu zaman iddiaçının hüquqlarının pozulmasına yol verilməmişdir.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar