Məhkəmə qərarları › İş №2-1(112)-11511/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11511/2024

30.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11511/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" ASC) “arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ Bakı İnzibati Məhkəməsi, X10 Əmir oğlunun sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" ASC) “arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: "Mineral" bağçılıq birliyinin 10 saylı, xx.xx.1999-cu il tarixli protokoluna əsasən 1989- 1990-cı illərdə “Mineral” bağçılıq birliyi tərəfindən verilmiş üzvlük kitabçaları öz hüquqi qüvvəsini itirmiş hesab olunmuş və sahənin relyefindən asılı olaraq hər bir əməkdaşa 10- 12 sot bağ torpaq sahəsinin ayrılması qərara alınmışdır. "Mineral" bağçılıq birliyinin üzvlərinin siyahısından (14 noyabr 1999-cu il 10 saylı protokoluna əsasən əlavə) görünür ki, X7 "Mineral" bağçılıq birliyinin üzvlüyünə qəbul edilmişdir. "Mineral" bağçılıq birliyinin Bağçının üzvlük kitabçasına əsasən X7 bağçılıq birliyi üzvlərinin xx.xx.1999-cu il tarixli, 10 nömrəli protokoluna əsasən AMEA Geologiya İnstitutu "Mineral" bağçılıq birliyinə üzv qəbul edilmişdir. Bağçılıq birliyi bağından sahəsi 1.000 kv.m olan 112 nömrəli bağ sahəsi Bakı Şəhər XDS –nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 13/705 saylı qərarı ilə X4 daimi istifadəsinə verilmişdir. «Mineral» bağçılıq birliyinin xx.xx.2006-cı il tarixli arayışında göstərilmişdir ki, X7 14 noyabr, 1999-cu ildən Azərbaycan Milli Elmlər X2 «Mineral» bağçılıq birliyinin üzvüdür. «Mineral» bağçılıq birliyinin sahəsində Vİİ sektorundakı 112 nömrəli bağ sahələri (40 x 25) vətəndaş X5 məxsusdur. Onun «Mineral» bağçılıq birliyinə heç bir borcu yoxdur. Tikilişi ilə birlikdə 112 nömrəli bağ sahəsinin özəlləşdirilməsinə «Mineral» bağçılıq birliyinin etirazı yoxdur, tutduğu torpaq sahəsi 1000 m (min kv.m) - dir. X5 ayrılmış 112 nömrəli bağ sahəsinin kadastr planı tərtib edilmişdir. X7 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri 54 saylı Notariat Kontorunun Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, mərhum X4 xx.xx.2014-cü il tarixdə vəfatı ilə əlaqədar İddiaçı müraciəti əsasında tərəfimizdən vərəsələrin dairəsi müəyyən olunmuş və xx.xx.2014-cü il tarixində vərəsəlik işi açılmış və xx.xx.2014-cü il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bununla əlaqədar mərhum X5 məxsus Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 1000 kv.metr olan dair çıxarış verməyinizi və çıxarışı vərəsə İddiaçı ilə göndərməyinizi xahiş edirik. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə göstərilmişdir ki, idarənin arxiv məlumatlarına əsasən “Mineral” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında hüquq sahibi X4 adı aşkar edilməmişdir. Bundan əlavə, bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından göstərilən sahənin yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmamışdır. Həmçinin, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsi bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, bir hissəsi isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 112 saylı torpaq (bağ) sahəsinin mərhum X5 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan MEA X3 Komitəsinin və X6 birgə iclasının 10 saylı, 14 noyabr 1999-cu il tarixli protokola əsasən Azərbaycan MEA Geologiya İnstitutunun “Mineral” bağçılıq birliyi bərpa edilmiş və siyahısı yenidən dəqiqləşdirilmişdir. Həmin protokol əsasında Azərbaycan MEA Geologiya İnstitutunun “Mineral” bağçılıq birliyinin üzvlərinin yeni siyahısı tərtib edilmiş, həmin siyahının 90-cı sətrində iddiaçının mərhum atası X4 adı göstərilmişdir. Həmin siyahı əsasında ona üzvlük kitabçası verilmişdir. X1 torpaq (bağ) sahəsində mülkiyyət hüquqları qeydiyyata alınmadan o, vəfat etmişdir. Hazırda mərhum X4 vərəsəsi kimi İddiaçı aidiyyəti üzrə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdeh imtina əsası kimi İdarənin arxivində saxlanılan “Mineral” bağçılıqyoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında hüquq sahibi X4 adının qeyd olunmamasına, torpaq sahəsinin bir hissəsinin bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşməsinə, bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsinə istinad etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında məhkəmə icraatına cəlb edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasınının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; Maddə 12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Maddə 22. Daşınmaz əmlakla bağlı etibarlı idarəetmə, qəyyumluq və vərəsəlik ... 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə):

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. 7.2. Bu Təlimatın 7.1-ci bəndində nəzərdə tutulmuş elektron arayış “Elektron hökumət” portalında yerləşdirilir və həmin arayış notariusun və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etmələri imkanı təmin olunur. Hazırkı işdən görünür ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 112 saylı torpaq (bağ) sahəsinin mərhum X5 məxsus olması barədə arayışın İddiaçı verilməsini xahiş edir. İş materialları ilə müəyyən olunur ki, Bakı şəhəri XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 13/705 saylı qərarına əsasən Bakı şəhəri Türkan bağ massivində yerləşən 112 saylı torpaq (bağ) sahəsi mərhum X4 daimi istifadəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Qeyd edilən normanın məzmununa əsasən mərhum X7 mübahisələndirilən bağ sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.1-ci bəndinə əsasən “Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir.” Cavabdehin imtinasının və iddiaya qarşı etirazının dəlilləri ondan ibarətdir ki, 1.idarənin arxiv məlumatlarına əsasən “Mineral” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında hüquq sahibi X4 adının aşkar edilməməsi, 2.bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından göstərilən sahənin yerləşməsinin düzgünlüyünü müəyyən etməyin mümkün olmaması, həmçinin 3.elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsinin bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, 4.bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsini qeyd etmişdir. Məhkəmə cavabdehin dəlillərinə ayrılıqda qiymət verərək aşağıdakıları qeyd edir: 1.Cavabdehin idarənin arxiv məlumatlarına əsasən “Mineral” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında hüquq sahibi X4 adı aşkar edilməməsi dəlili ilə bağlı bildirilir ki, iddiaçının adının bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin ilkin siyahısında olmaması özü-özlüyündə hələ onun tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərin qeyri-mötərəbliyinə dəlalət etmir. Cavabdeh “Mineral” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərin siyahısının təsdiq edilmiş surəti məhkəməyə təqdim etmişdir. Həmin siyahıdan görünür ki, siyahı AMEA Geologiya İnstitutunun «Mineral» Bağçılıq Birliyinə daxil olmaq istəyənlərin Siyahısıdır və həmin siyahıda 80 nəfərin adı qeyd edilmişdir. Siyahının sonunda isə “Siyahı davam edir” qeyd edilmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, AMEA Geologiya İnstitutunun «Mineral» Bağçılıq Birliyinin üzvlərinin Siyahısından çıxarışdan görünür ki, X4 adı 90-cı sırada qeyd edilmişdir. Göründüyü kimi, cavabdehin təqdim etdiyi və imtina üçün əsas gətirdiyi siyahı «Mineral» Bağçılıq Birliyinin üzvlərinin deyil, Birliyə daxil olmaq istəyənlərin Siyahısıdır və həmin siyahı tam deyil. Beləliklə, cavabdehin bu dəlili əsassızdır və imtina üçün əsas ola bilməz.

2. Cavabdehin bağçılıq-yoldaşlığın bölgü sxemi olmadığından göstərilən sahənin yerləşməsinin düzgünlüyünü müəyyən etmək mümkün olmaması ilə bağlı dəlili imtina üçün əsas hesab edilə bilməz. Belə ki, bölgü sxeminin olmaması vətəndaşın iradəsindən asılı olan hal deyil və bunun nəticəsindən törəyən hal onun hüququnun məhdudlaşdırılmasının əsası kimi çıxış edə bilməz.

3. Cavabdehin elektron kadastr məlumatlarına əsasən torpaq sahəsinin bir hissəsinin bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda yerləşməsi dəlili ilə bağlı qeyd edilir ki, bağtorpaq sahəsinə dair hüquqların qeydiyyata alınması ilə bağlı işlərə baxılarkən, cavabdeh mübahisələndirilən torpaq sahəsinin bağçılıq yoldaşlıq təsərrüfatının ayrıc aktına əsasən ayrılan ərazidən kənarda yerləşməsi barədə dəlilə istinad edirsə, sözügedən ayrıc aktını, eləcə də onlara əsaslanan kənarda yerləşməyə dair müvafiq sübutları təqdim etmək öhdəliyi daşıyır. Cavabdeh tərəfindən isə bununla bağlı hər hansı bir sübut təqdim edilməmişdir. Hətta, belə bir sübut təqdim edilmiş olsa idi belə bu halın baş verməsi şəxsin məsuliyyət sferasına daxil olmadığı üçün onun hüququnun məhdudlaşdırılmasını əsası kimi çıxış edə bilməzdi.

4. Cavabdehin bir hissəsinin isə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi dəlili ilə bağlı qeyd edilir ki, torpaq sahəsinin yaxınlığından yüksək gərginlikli elektrik xəttinin keçməsi həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və reyestrdən çıxarışın verilməsindən imtina üçün əsas deyildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş "Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi" Qaydalarının 7-ci bəndinə əsasən gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonalarının torpaq sahələri torpaq istifadəçiləri və ya mülkiyyətçiləri tərəfindən ancaq bu Qaydaların tələblərinə riayət etməklə istifadə oluna bilər. Həmin Qaydaların 6-cı bəndinə əsasən elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə, kənd təsərrüfatı və digər işlərin aparılması məqsədi ilə istifadə oluna bilər. Məhkəmə qeyd edir ki, Nazirlər Kabinetinin yuxarıda adı çəkilən qərarından da göründüyü kimi, elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında bəzi məhdudiyyətlər olsa da, onların xüsusi mülkiyyətdə olmasına heç bir qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və yaxud istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən bu Qaydaların tələblərinə riayət edilməklə istifadə oluna bilər. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışda göstərilmişdir ki, qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyini bildiririk və qeydiyyata alınmasına etiraz etmirik. Göründüyü kimi, cavabdehin bu dəlili də əsassızdır. Əlavə olaraq məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən digər şəxs haqqında (Türkan qəsəbəsi 113a saylı bağ sahəsinə dair) məlumatdan da görünür ki, həmin şəxsin adına dövlət reyestində qeydiyyat iddiaçıda mövcud olan eyni sənədlər əsasında aparılmışdır. (Cavabdeh tərəfindən həmin bağ sahəsinə dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış məhkəməyə təqdim edilmişdir). Hazırkı mübahisəyə münasibətdə hüququn qeydə alınması üçün tələb olunan hüquqmüəyyənedici sənədin mövcudluğu iş üzrə materiallar ilə təsdiq olunur. Qeyd olunan hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Nəzərə alınmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Həmin ərazidə yerləşən qonşu torpaq sahibinin hüququ qeydə alındığı və ona bu barədə müvafiq çıxarış verildiyi halda, onunla eyni vəziyyətdə olan, tələbi eyni faktiki hallara və hüquqi əsaslara söykənən iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinə əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qarşısının alınması məqsədlərinə xidmət edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,

qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 112 saylı torpaq (bağ) sahəsinin üzərində mülkiyyət hüququnun X5 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

X11

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar