Məhkəmə qərarları › İş №2-1(112)-11511/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11511/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11511/2025 07.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 avqust 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1962-ci il təvəllüdlüdür. B №8913196-li Diploma əsasən, iddiaçı xx.xx.1978-xx.xx.1981-ci illərdə Avtomobil Təmiri üzrə X3 təhsil almışdır. (2 il 10 ay 20 gün). НЗ ******* nömrəli hərbi biletə əsasən, idiaçı xx.xx.1981-xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur (2 il 24 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: xx.xx.1981-xx.xx.1981-ci illərdə 3 dərəcəli avtomobil ustası vəzifəsində işləmişdir (2 ay 23 gün); xx.xx.1984-xx.xx.1998-ci ilədək Bakı soyuducu zavodunda şuşə yığımı sexində 3-cü dərəcəli çilingər-montajçı, 4-cü dərəcəli çilingər-montajçı peşələrində işləmişdir (14 il, 5 ay, 4 gün). xx.xx.1999-xx.xx.2010-cu ilə qədər “AZƏRİ-CASTEL” birgə müəssisəsində, sonradan "xxxx" MMC-də, “Carlsberg Azərbaycan” pivəzavodunda yağlayıcı, operator peşələrində işləmişdir (10 il, 8 ay, 29 gün). İddiaçı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz "Bakı Çinar Soyuducuları” ASCnin sizə dair 7 aprel 2025-ci il tarixli 3 nömrəli arayışında xx.xx.1984-xx-xx.1998-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin Yığma sexində yığıcı çilingər vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan nəm mikalent, şüşə mikalent, şüşəlifli, sintetik lentli və epoksid qatranlı işlərdə məşğul olan izolyasiyaçılar vəzifəsinə uyğun deyil. Həmçinin, həmin arayışda yığıcı çilingər işlədiyiniz müddətdə nəm mikalent, şüşə mikalent, şüşəlifli, sintetik lentli və epoksid qatranlı işlərdə məşğul olmağınız barədə hər hansı məlumat qeyd olunmayıb. Göstərilən səbəbdən də güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdən yəni 60 yaşdan hesablanaraq işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixə kimi Avtomobil Təmiri Üzrə texnikomda təhsil almışdır. xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci ilə kimi 1 saylı Avtobazada avto çilingər peşəsində işləmişdir. xx.xx.1981-ci il taixdən xx.xx.1983-cü il tarixə kimi hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü ildə Bakı Soyuducular zavodunda yığma sexində 3-cü dərəcəli şüşə pambıqla (steklavatı) işləyən yığıcı çilingər vəzifəsinə qəbul edilmiş və xx.xx.1998-ci il tarxə kimi orada işləmişdir. xx.xx.1999-cu il tarixdə hal-hazırda işlədiyi “Carlsberg Azərbaycan” pivəzavoduna işə qəbul olmuşdur, xx.xx.1999-cu il tarixdən xx.xx.2010-cu il tarixə kimi orada su nəzarətçisi, xx.xx.2010-cu il tarixdən bu günə kimi isə orada qazanxanada operator peşəsində işliyir. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element birlikdə mövcud olmalıdır: a) İddiaçının 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcud olması; c) iddiaçı pensiya təyinatına imkan verən yaş həddinə çatması İddiaçının pensiya yaşına çatması, ümumi iş stajı ilə bağlı şərti ödəməsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İş materiallarına əlavə edilmiş əmək kitabçalarının təsdiq olunmuş surəti və əsli ilə müəyyən edilir ki, iddiaçının təhsil illəri də daxil olmaqla ümumi iş stajı 25 ildən çoxdur (30 il, 4 ay, 10 gün). Cavabdehin mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı, cavabdehin imtinası isə əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 5 №-li “Şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair” arayışında qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Yığma sexi şüşəpambıqla işləyən yığıcı çilingər vəzifəsində xx.xx.1984 ƏMR №6/k xx.xx.1984-ci il tarixli əmrlə işə qəbul edilmiş xx.xx.1998-ci ildə əmr №70/k xx.xx.1998-ci il tarixli əmrlə işdən çıxmışdır. İşlədiyi vəzifə üzrə sığorta (əmək) stajı 12 il 9 ay təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pesniyası hüququna əsas olan xüsusiyyətləri Soyuducu və aparılarsa izolyasiya materialı olaraq şüşə pambıq rulonlarını kəsib əli ilə müxtəlif ölçülərdə hissələri şkaf və qapılara yerləşdirmək üzrə yığıcı çilingər vəzifəsi ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 12-ci bəndinə (yarımbəndinə) uyğundur. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 3 №-li arayışında qeyd edilmişdir ki, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü) xx.xx.1984-cü il tarixdə Bakı Soyuducular zavodunda Yığma sevində 3-cü dərəcəli şüşə pampıqla (steklavatı) işləyər yığıcı çilingər vəzifəsinə qəbul edilmişdir. Əmr №” 6/k xx.xx.1984-cü il. xx.xx.1984-cü il tarixdə xx.xx.1984-cü il tarixli 480/o №-li əmrə əsasən şüşə pambıqla (steklavatı) işləyən 4-cü dərəcə yığıcı çilingər dərəcəsi verilmişdir. xx.xx.1998-ci il tarixli 10/k №-li xx.xx.1998-ci il tarixli əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi Yığma sexində soyuducuların şkaf və qapılarının izolyasiya materialı olaraq şüşəpambıq (steklavatı) rulonlardan şablon üzrə əllə müxtəlif ölçülərdə pəstahlar kəsmək,pəstahları şkaf və qapılara yerləşdirmək, pəstahları xüsusi kütlədən hazırlanmış daraqlar vasitəsilə şkafa və qapılara bərkitmək,şüşəpambığın açıq qalan yerlərini plastik kütlədən hazırlanmış üzlük plankalarla mühafizə etmək işləri üzrə yığıcı çilingər işləmişdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı Bölmə 12. Elektronika istehsalatı və elektronika avadanlığın təmiri; nəm mikalent, şüşə mikalent , şüşəlifli, sintetik lentli və epoksid qranlı işlərdə məşğul olan izolyasiyaçılar. İddiaçı işlədiyi müddət ərzində həmin, sahədə heç bir ventilyasiya sistemi olmayan insan həyatı üçün təhlükəli olan maddələrlə 8 saatlıq iş günü olmaqla qapalı şəraitdə daima təmasda olmuşdur. SSRİ Nazirlər Kabinetinin xx.xx.1974cü il tarixli 43 №-li qərarı ilə Bakı Soyuduçular zavodunun bazasında “Bakelektropribor” İstehsalat Birliyi tərkibində olan Bakı Soyuduçular zavodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 10№ -li qərarı ilə “Çinar” İstehsalat Birliyinin tərkibində olmuşdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli 83 saylı Sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Məhkəmə sorğusuna "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 22 №-li məktubu və ona əlavə edilmiş 7 nömrəli, xx.xx.2025-ci il tarixli arayışında tarixli qeyd edilmişdir ki, İddiaçı (xx.xx.1962-ci il təvəllüdlü) 05 yanvar 1984-cü il tarixdə Bakı Soyuducular zavodunda Yığma sexində 3-cü dərəcəli şüşə pambıqla (steklavatı) işləyən yığıcı çilingər vəzifəsinə qəbul edilmişdir.Əmr№ 6/k xx.xx.1984-cü il. xx.xx.1984-cü il tarixdə xx.xx.1984-cü il tarixli 480/o № -li əmrə əsasən şüşə pambıqla (steklavatı) işləyən 4-cü dərəcə yığıcı çilingər dərəcəsi verilmişdir. xx.xx.1998-ci il tarixdə 10/k №-li xx.xx.1998-ci il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixə kimi Yığma sexində soyuducuların şkaf və qapılarının izolyasiya materialı olaraq şüşəpambıq (steklavatı) rulonlardan şablon üzrə əllə müxtəlif ölçülərdə pəstahlar kəsmək,pəstahları şkaf və qapılara yerləşdirmək, pəstahları xüsusi kütlədən hazırlanmış daraqlar vasitəsilə şkafa və qapılara bərkitmək,şüşəpambığın açıq qalan yerlərini plastik kütlədən hazırlanmış üzlük plankalarla mühafizə etmək işləri üzrə yığıcı çilingər işləmişdir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 saylı qərarı ilə təsdiq edilmiş siyahı Bölmə 12. Elektronika istehsalatı və elektronika avadanlığın təmiri; nəm mikalent, şüşə mikalent, şüşəlifli, sintetik lentli və epoksid qranlı işlərdə məşğul olan izolyasiyaçılar. İddiaçı işlədiyi müddət ərzində həmin sahədə heç bir ventilyasiya sistemi olmayan insan həyatı üçün təhlükəli olan maddələrlə 8 saatlıq iş günü olmaqla qapalı şəraitdə daima təmasda olmuşdur. SSRİ Nazirlər Kabinetinin xx.xx.1974cü il tarixli 43 №-li qərarı ilə Bakı Soyuduçular zavodunun bazasında “Bakelektropribor” İstehsalat Birliyi tərkibində olan Bakı Soyuduçular zavodu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 10№ -li qərarı ilə “Çinar” İstehsalat Birliyinin tərkibində olmuşdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli 83 saylı Sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Həmçinin məhkəmə sorğusu əsasında "xxxx" ASC tərəfindən məhkəməyə təqdim edilmiş 22 nömrəli, xx.xx.2025-ci il tarixli məktub və ona əlavə edilmiş xx.xx.2017-ci il tarixli Akta əsasən, Yığma sexində 2002-ci ilə qədər istehsal olunan soyuducuların şkafları və qapılarının istilik izoliyasiya materialı olaraq rulon şəklində şüşə pambıq (steklovat) materiallardan istifadə edilmişdir. 04.2002-ci ildən sonra soyuducu şkafı qapılarını izolyasiya materialı olaraq poliuretanla doldurmaq üçün yüksək təziqli avadanlıq quraşdırılmışdır. Yığma sexində işləyən yığıcı-çilingərlər həmin sahədə heç bir ventilyasiya sistemi olmayan qapalı şəraitdə 8 saat ərzində rulon şəklində şüşə pambıq (steklovat) materialından soyuducu şkaf və qapıların ölçülərinə uyğun şablon üzrə əllə müxtəlif ölçülərdə pəstahlar kəsərək, pəstahları şkaf və qapılara yerləşdirmək, pəstahları xüsusi kütlədən hazırlanmış daraqlar vasitəsilə şkafa və qapılara bərkitmək, şüşə pambığın açıq qalan yerlərini plastik kütlədən hazırlanmış üzlük plankalarla mühafizə etmək işlərini yerinə yetirmişdir. Göründüyü kimi iş üzrə iddiaçının güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışları təqdim edilmişdir. Bu arayışlarda iddiaçının çalışdığı peşələrin və istehsalat sahələrinin siyahıda göstərilən hansı bölməyə və hansı bəndə aid olması konkret olaraq göstərilmişdir. Məhkəmə qeyd edir ki, analoji işlər üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)-2156/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının bu və ya digər müəssisədə əmək fəaliyyəti və stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyindən digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 162/2023 nömrəli, 2-1(102)-139/2023 nömrəli, 2-1(102)-1019/2023 nömrəli, 2-1(102)-7/2023 nömrəli, 2-1(102)-88/2023 nömrəli, 2-1(102)-154/2023 nömrəli, 2-1(102)-2283/2023 nömrəli 2- 1(102)-2532/2023 nömrəli qərarları). Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1390/2025 nömrəli iş üzrə, xx.xx.2025-ci il tarixli qərarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...Azərbaycan Respublikası Ali Məhkəməsinin aşağı instansiya məhkəmələrinə ünvanlamış olduğu xx.xx.2020-ci il tarixli icmal məktubda qeyd edilir ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. 17. Hazırki iş üzrə iddiaçı barəsində işlədiyi müəssisə tərəfindən verilmiş arayış yuxarıda göstərilən tələblərə uyğun olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün əsas kimi qəbul edilə biləndir”. Beləliklə, məhkəmə işin sadalanan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi (güzəştli) iş stajı mövcuddur. Deməli, iddiaçı qanunvericiliklə tələb olunan bütün tələbləri ödəyir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar