Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11514/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, atası X1 adına 1969-cu ildə verilmiş texpasportun cavabdehin dövlət reyestr xidmətində qeydə alınması və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçının ərizəsinə əsasən məhkəmənin qərardadı ilə iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, C.Cabbarlı küçəsi 73 a (yeni qaydalarla Mirəli Mirəliyev küçəsi) ünvanında yerləşən 652 kv.m torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının atası X6 xx.xx.2013-cü ildə vəfat etmişdir. Buna görə 1969-cu ildə atası X1 adına "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport" və digər sənədlərlə Bakı şəhəri 17 saylı notariat kontorunun notariusuna mirasın açılması üçün müraciət etmişdir və 17 saylı notariat kontorunun xx.xx.2023-cü il tarixli, 853 saylı məktubu əsasında, Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı ərazi idarəsinə müraciət etmişdir. Lakin xx.xx.2023cü il tarixli 3-21-3-30/2-B0619-8/2023 **********08 saylı məktubla ona bildirdilər ki, atası X1 adına heç bir texniki pasport müəyyən olunmamışdır. Daha sonra xx.xx.2024-cü il tarixində cavabdehə ərizə ilə müraciət edərək 1969-cu ildə atası X1 adına ünvan 1 ünvanına dair Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid olan Texpasportun əsasında sözügedən ünvana yeni texniki passport və çıxarışın verilməsini xahiş etdi. Lakin xx.xx.2024-cü il tarixində cavabdeh bir daha imtina məktubu ilə bildirdi ki, X1 adına verilmiş 1969-cu il tarixli Texniki Passportun arxiv nüsxəsi müəyyən olunmamışdır.
4. Cavabdehin iddiaçının müraciətinə imtina məktubunda qeyd edilmişdir ki, idarənin arxiv qovluğunda tərəfinizdən təqdim edilən Azərbaycan SSRİ Kommunal Təsərrüfatı Nazirliyinin 1989-cu il tarixli texniki pasportun arxiv nüsxəsi aşkar olunmamışdır.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, idarənin arxiv qovluğunda təqdim edilən Azərbaycan SSRİ Kommunal Təsərrüfatı Nazirliyinin 1989-cu il tarixli texniki pasportun nüsxəsi aşkar olunmamışdır. Bundan əlavə elektron kadastr baza məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. O cümlədən idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzrə ölçüsü 758,4 kv.m qeyd olunsa da, faktiki 657 kv.m təşkil etdiyi məlum olmuşdur. Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir.
6. Cavabdehin məhkəməyə ünvanlandığı xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-2704/2024 nömrəli məktubda qeyd edilmişdir ki, göstərilən torpaq sahəsi fərdi yaşayış evinə dair texniki pasportda 0.05539 ha qeyd olunsa da, faktiki olaraq hasar daxili 0.05874 ha təşkil edir. Texniki pasportda qeyd olunan yaşayış evi qismən söküldüyündən qəzalı vəziyyətdədir (yaşayışa yararsız). Qeyd olunan texniki pasportla faktiki vəziyyət arasında perimetrik ölçü və konfiqurasiya fərqi mövcuddur. Bundan əlavə ümumi ərazidə qeydiyyatdan keçməyən yaşayış evləri mövcuddur. Həmin yaşayış evlərində yaşayan vətəndaşlar arsasında mübahisə vardır.
7. İşdə olan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən torpaq sahəsinin faktiki ölçüsü 0.0652 ha təşkil edir. Torpaq sahəsi hasar daxilindədir və hasarlar üç hissəyə bölünmüşdür. Göstərilən torpaq sahəsinin mövcud vəziyyətinə uyğun koordinat cədvəli idarənin aidiyyəti şöbəsində baxılması üçün akta əlavə edilir.
8. İşdə olan Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportunda qeyd edilmişdir ki, Maştağa q. C.Cabbarlı 73a ünvanında yerləşən ev 1959-cu ildə inşa edilmiş, və evin sahibi X5r.
9. İşdə olan xx.xx.2013-cü il tarixli 617261 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X7 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir.
10. İşdə olan ünvan 2 ünvanlandığı xx.xx.2023-cü il tarixli 853 nömrəli məktubunda qeyd edilmişdir ki, miras əmlak üzərində miras qoyan Bağırov Cahangir (Cangir) Bala Rza oğlunun hüquqları Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığından, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə və «Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrində arayışın verilməsi haqqında» Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak üzərində miras qoyanın adına tərtib edilmiş çıxarışın, və bu barədə müvafiq məlumatın, İddiaçı və ya onun etibarnamə üzrə nümayəndəsinin vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir.
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinə uyğun izahat verdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
II. İddianın növü və mümkünlüyü
13. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
14. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
17. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
18. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
19. İş materiallarından görünür ki, 1969-cu il tarixdə tərtib edilmiş texniki pasportda Bakı şəhəri, Maştağa qəsəbəsi, C.Cabbarlı 73a ünvanında yerləşən ev 1959-cu ildə inşa edilmiş, cəmi tikintinin sahəsi 106.4 kv.m, cəmi meydançanın sahəsi 758.4 kv.m təşkil edir, evin sahibi X5r. X7 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. ünvan 4 ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.
20. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.
23. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
24. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
26. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);
27. Məhkəmə tərəfindən müəyyən edildi ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosu tərəfindən 1969-ci il tarixdə Maştağa qəsəbəsi C.Cabbarlı 73a ünvanında yerləşən fərdi yaşayış evinə dair X3 adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir (Texniki pasportun əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən texniki pasportun əslinə baxış keçirilmişdir).
28. Məhkəmə hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosu tərəfindən verilmiş 1969-cü il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport torpaq sahəsinə X1 (iddiaçının mərhum atası) hüququnu təsdiq edən ilkin sübutu təşkil edir.
29. Cavabdehin dəlilləri ondan ibarətdir ki, idarənin arxiv qovluğunda təqdim edilən Azərbaycan SSRİ Kommunal Təsərrüfatı Nazirliyinin 1989-cu il tarixli texniki pasportun nüsxəsi aşkar olunmamışdır. Bundan əlavə elektron kadastr baza məlumatına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir, torpaq sahəsinin sənəd üzrə ölçüsü 758,4 kv.m qeyd olunsa da, faktiki 657 kv.m təşkil etdiyi məlum olmuşdur.
30. Cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən – imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, idarənin arxiv qovluğunda təqdim edilən Azərbaycan SSRİ Kommunal Təsərrüfatı Nazirliyinin texniki pasportun nüsxəsi aşkar olunmaması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur və bu hal hüquqların qeydiyyata alınmamasına əsas vermir.
31. Həmçinin iddiaçı hazırda hüquqmüəyyənedici sənəd üzrə deyil, faktiki ölçüsünə uyğun olaraq 652 kv.m torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.
32. Cavabdehin imtinasının digər dəlili göstərilən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi olmuşdur.
33. Bununla bağlı məhkəmə bildirir ki, cavabdehin özünün də istinad etdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in 1.4-cü bəndinə əsasən bu Tələblər qüvvəyə minənədək ərazisində elektrik şəbəkələrinin mühafizə zonası müəyyən edilən torpağın mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri həmin torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Elektrik şəbəkələrinin mühafizə zonasının ərazilərində təsərrüfat işlərini aparan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu Tələblərə əməl etməlidirlər.
34. Mübahisəli ünvanda yerləşən iddiaçının istifadəsində olan torpaq sahəsi sözügedən «Tələblər» qəbul edilənə qədər, yəni Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X2 Bürosu tərəfindən 1969-cu il tarixdə iddiaçının mərhum atasına ayrılmışdır.
35. Beləliklə, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən sənəd təqdim edilmişdir.
36. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
37. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
38. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
39. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
40. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
41. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, C.Cabbarlı küçəsi 73 a (yeni qaydalarla Mirəli Mirəliyev küçəsi) ünvanında yerləşən 652 kv.m torpaq sahəsinə və fərdi yaşayış evinə dair mülkiyyət hüququnun mərhum X4 məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva