Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11520/2022 25.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahələri üzərində mülkiyyət hüquqlarının qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahələri üzərində mülkiyyət hüquqlarının qeydə alınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbindən görünür ki, iddiaçılar Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ qəsəbəsi, bağ massivində “Şabandağ” bağçılıq-bostançılıq yoldaşlığı tərəfindən onlara ayrılmış 71 və 44 saylı bağ sahələri üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini arzulayır və bu halı onunla əsaslandırır ki, adı çəkilən şəxslərin mübahisə predmetini təşkil edən əmlaka münasibətdə mülkiyyət hüquqları yaranmış, bu halı təsdiq edən sənədlər mövcud olmuşdur. İddiaçılar hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh iddia tələbinə etirazda bildirmişdir ki, idarədə mövcud arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında İddiaçı1 adı aşkar olunmayıb. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən bağçılıq-yoldaşlığa dair bölgü sxemi olmadığı üçün iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin sənəd üzrə ölçüsü 600 kv.m qeyd edilsə də, faktiki 459 kv.m təşkil edir. Həmçinin, ümumi əraziyə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsə (X1) məxsus “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) verilmişdir. İddiaçı2 iddiasına münasibətdə isə qeyd olunmalıdır ki, idarədə mövcud arxiv məlumatlarına əsasən bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında İddiaçı2 adı aşkar olunmayıb. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən bağçılıq-yoldaşlığa dair bölgü sxemi olmadığı üçün iddiaçı tərəfindən göstərilən torpaq sahəsinin yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Qeyd edilən əraziyə digər fiziki şəxsin müraciəti qeydə alınmışdır. Həmçinin, ümumi əraziyə (ləğv edilmiş) Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən digər şəxsə (X1) məxsus “Torpaq sahəsinin planı və ölçüsü” (kadastr planı) verilmişdir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, prosessual həmiştirakçılığın (hazırkı işdə birgə iddiaçı qismində iştirak) yolverilənliyi iddianın mümkünlüyü komponentlərindən biridir. Prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü ilə bağlı isə qeyd edilməlidir ki, AR İPM-nin 30-cu maddəsinə əsasən bir iş üzrə bir neçə birgə iddiaçının və ya cavabdehin iştirakının mümkünlüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Adıçəkilən Məcəllənin:
37. Bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Göründüyü kimi inzibati prosessual qanunvericiliklə hansı hallarda birgə iddiaçıların və ya cavabdehlərin bir iddia tələbində qeyd edilməsinin, bundan əlavə bir-neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsinin mümkünlüyünə qiymət verilmişdir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən, həmçinin mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da birgə cavabdeh qismində prosessual həmiştirakçılığı, eyni zamanda, bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbinin iddiaçı tərəfindən bir iddiada birləşdirilməsi mümkün hesab edilir. İş materiallarından görünür ki, iddiaçıların hüquqlarının qeydiyyata alınması tələbini irəli sürdükləri mübahisə predmeti olan torpaq sahələri fərqli ünvanlarda yerləşən torpaq sahələridir. Başqa sözlə, iddiaçıların hüquqi maraqları mübahisə predmeti baxımından müştərək olmamaqla, eyni (yaxud uyğun) faktiki və hüquqi əsasa söykənmir. İddiaçıların istinad etdikləri hüquqi əsaslar, yəni hüquqmüəyyənedici sənədlər də fərqli olmaqla hər birinin adına olan ayrıca hüquqmüəyyənedici sənədlərdir. Belə ki, İddiaçı1 tələbi Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ bağ massivi ünvanında yerləşən 71 saylı bağ sahəsi; İddiaçı2 tələbi isə Bakı şəhəri, Qaradağ rayonu, Şabandağ bağ massivi ünvanında yerləşən 44 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qetdiyyata alınması ilə bağlıdır. Cavabdeh orqan tərəfindən isə iddiaçıların hər birinin müraciəti ilə bağlı ayrıca araşdırma aparılmaqla, ayrıca imtina barədə bildiriş verilmişdir. Göründüyü kimi iddiaçının uzun müddət qonşu torpaq sahələrində faktiki olaraq yaşamaları onların birgə iddiaçı qismində inzibati məkəmə icraatında iştirak etməsinə əsas vermir. Əks yanaşma, bütün qonşuluqda yaşayan, oxşar idarə və müəssisələrdən sənəd almış şəxslərin birgə məhkəməyə müraciət etmələrinə əsas yaradardır ki, qeyd olunan hal yüzlərlə şəxsin eyni iddia ilə məhkəmə müraciət etməsinə prosessual imkan yaradılması deməkdir ki, qanunvericilik mahiyyəti də həmin prosessual halın aradan qaldırılmasına, inzibati icraatın ən qısa müddət ərzində tam və obyektiv aparılmasına yönəlmişdir. Bundan başqa Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, hazırki iddia tələbi prosessual həmiştirakçılığa yol vermədiyindən, iddia üzrə icraatın ayrılmasından da söhbət gedə bilməz. Nə qədər ki, prosessual həmiştirakçılıq iddianın mümkünlüyü institutunun tərkib hissəsində çıxış edir, həmin prosessual həmiştirakçılığın yolverilməzliyinin aşkar edilməsi iş üzrə mümkünlük məsələsi həll edilmədən icraatın ayrılması və birləşdirilməsi kimi prosessual tədbirlərin həyata keçirilməsi də mümkün hesab edilmir. Məhkəmə prosessual həmiştirakçılığa yol verilmədiyini hesab edirsə, yəni işə prosessual həmiştirakçılığa yol verilməməsi səbəbindən inzibati icraat qaydasında baxılmadığını müəyyən edirsə həmin hal ayrıca icraatın aparılması üçün yox, məhz iddianın mümkün sayılmaması üçün əsas yaradır. Həmin hal isə, iddiaçıların ayrı-ayrılıqda iddia vermələrinə də mane olmur. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarında qeyd olunmuşdur ki: 10.1. Bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır. 10.2. Tələblər arasında hər hansı asılılıq (əlaqə) olmadıqda, onlar ayrıca icraata ayrılmalıdırlar. Məhkəmə, Ali Məhkəməsinin Plenumunun qərarında əks olunan mövqeyə istinadən hesab edir ki, iddiaçıların hüquqi maraqları eyni (yaxud uyğun) faktiki və hüquqi əsasa söykənmədiyindən, həmçinin iddia tələbi prosessual həmiştirakçılığa yol vermədiyindən, İPM-nin 10.2-ci maddəsi hazırki iddia tələbinə tətbiq oluna bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə izah edir ki, iş üzrə iddiaçılar ayrı-ayrılıqda iddia irəli sürməklə ehtimal etdikləri hüquqlarının müdafiəsini həyata keçirə bilərlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Həsənov