Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11522/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “müvəqqəti qalma icazəsinin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müvəqqəti qalma icazəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin avqustunda Pakistandan ailəsi ilə birlikdə Azərbaycana gəlmiş və bütün sübutlarla siyasi sığınacaq üçün müraciət etmiş, lakin müraciəti müsbət həll edilməmişdir. O, Azərbaycan Respublikası Ali Məhkəməsinin onun barəsində olan qanunsuz qərarlarına qarşı Avropa İnsan Hüquqları Məhkəməsində iş qaldırmışdır. Bu səbəbdən, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən qərar qəbul edilənə qədər onun pasportu bloklana və ya o, Azərbaycandan zorla deportasiya edilə bilməz. Pakistan İslam Respublikasının vətəndaşı Hussain Abdullah ölkəsini dini zəmində yaranan problem səbəbindən tərk edib və həyatı üçün təhlükə olduğuna görə ora qayıda bilmir. Hesab edir ki, sığınacaq vəsatətinin qeydiyyata alınmasından imtina edilməsi və ya rədd edilməsi ilə onun hüquqları pozulmuşdur. Belə ki, iddiaçının müraciəti bugünə qədər cavabsız qalmışdır və onu öz ölkəsinə deport olunmaq təhlükəsi gözləyir. Cavabdeh tərəfindən iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı 14 sentyabr 2022-ci il tarixdə ona və ailə üzvlərinə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə cavabdehə müraciət etmişdir. Müraciətə cavabdeh tərəfindən təşkil olunmuş Komissiyada baxılmış və 12 dekabr 2022-ci il tarixli, İQ44/5 №-li qərarla ona və ailə üzvlərinə qaçqın statusunun verilməsindən imtina edilmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı və onun ailə üzvlərinin vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadığı müəyyən edilmişdir. İddiaçı qərardan narazı qalaraq Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və Məhkəmənin 22 may 2023-cü il tarixli, 2-1(112)-5665/2023 saylı qərarı ilə iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 3132/2023 nömrəli iş üzrə 01 sentyabr 2023-cü il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 22 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(102)-294/2024 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 01 sentyabr 2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdehin qərarının məhkəmə orqanlarında mübahisələndirilməsi ilə bağlı hüququnu azad şəkildə müdafiə etmək üçün iddiaçı müvəqqəti şəhadətnamə ilə təmin olunmuşdur. Lakin şəxsin kassasiya şikayəti təmin edilməmiş və ona son dəfə verilmiş xx.xx.2024-cü il tarixli, MŞ-94-2022 nömrəli müvəqqəti şəhadətnamənin etibarlılıq müddəti xx.xx.2024-cü il tarixdə bitmişdir. Şəxsə ölkə ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı Miqrasiya Məcəlləsinin 45-ci maddəsində göstərilən əsasının mövcud olmadığı müəyyən olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazı müdafiə etdi və həmçinin bildirdi ki, iddiaçının ölkədə müvəqqəti olma müddəti bitdiyi və iddiası təmin edilmədiyi üçün ölkə ərazisini tərk etmişdir. Bu səbəbdən artıq iddiaçının hazırkı tələbi öz aktuallığını itirmişdir. Qeyd edilənlərə əsasən nümayəndə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3.). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır (6.1.). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2.). Məcəllənin qeyd olunan normasının mənası baxımından belə təfsirə malikdir ki, inzibati icraat qaydasında baxılan istənilən iddia – inzibati prosessual qanunvericiliyə uyğun verilməli, inzibati icraatda baxılan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən qanunla müəyyən edilən iddia müddəti çərçivəsində və qanuna müvafiq cavabdehliyi olan inzibati orqana qarşı verilməli, hüquq və azadlıqların pozulması (sübutlarını da əlavə etməklə) əsaslandırılmalıdır ki, həmin iddianın məhkəmə icraatında baxılması mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Qeyd edilən normalara əsasən işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Yəni, inzibati orqan qanunla üzərinə düşən vəzifəni pozan qanunsuz hərəkət etməklə və ya vəzifəsini icra etməkdən yayınmaqla-bilavasitə hərəkətsizlik etməklə iradəsini ifadə etmiş olmalı, eyni zamanda belə iradə ifadəsinin məhz iddiaçının hüquqlarına toxunması sonuncu tərəfindən əsaslandırılmalıdır. İddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İşdən göründüyü kimi iddiaçı qaçqın statusu almaq üçün cavabdehə ərizə ilə müraciət etmiş, ona cavabdehin müvafiq qərarı ilə imtina edilmişdir. İddiaçı cavabdehin ona qaçqın statusunun verilməsindən imtina barədə qərarını məhkəmə qaydasında mübahisələndirmiş, lakin Bakı İnzibati Məhkəməsinin müvafiq qərarı ilə iddiası təmin edilməmişdir. Həmin qərar yuxarı instansiya məhkəmələrində qüvvədə qalmışdır. İddiaçıya həmin dövr ərzində məhkəmədə öz hüquqlarını müdafiə etmək üçün müvəqqəti şəhadətnamə verilmişdir. Belə ki, işdə olan 06 may 2024-cü il tarixli arayış – müvəqqəti səhadətnamədə göstərilmişdir ki, bu Müvəqqəti səhadətnamə verilir xx.xx.1976-cı il təvəllüdlü Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı ondan ötrü ki, o, və ailə üzvləri (arvadı – xx.xx.1976-cı il təvəllüdlü Zahida Parveen, qızı - xx.xx.2000-ci il təvəlludlü Roshaney Javed, oğlanları – xx.xx.2008-ci iİ təvəllüdlü Hamza Javed və xx.xx.2011-ci il təvəllüdlü Talha Javed) həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş, 14 sentyabr 2022-ci il tarixdə adına 94-2022 saylı şəxsi iş açılmışdır. Sənəd Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 noyabr tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən xx.xx.2024-cü il tarixədək etibarlıdır və həmin Qaydanın 5-ci bəndinə əsasən ərizəçinin şəxsiyyətini təsdiq edən sənəddir. Göründüyü kimi, iddiaçıya verilmiş müvəqqəti şəhadətnamənin etibarlılıq müddəti xx.xx.2024-cü il tarixdə bitmiş, cavabdeh inzbati orqanın yazılı etirazından məlum olduğu kimi, iddiaçı barəsində kənara çıxarma haqqında qərar qəbul edilmişdir. Həmçinin, cavabdeh tərəfindən yazılı etiraza əlavə edilmiş sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı və onun ailə üzvləri xx.xx.2024-cü il tarixdə ölkəni tərk edərək Pakistana getmişlər. Məhkəmə qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçının hüquqi marağı ona Azərbaycan Respublikası ərazisində müvəqqəti olma barədə icazənin verilməsi ilə bağlıdır. Lakin, Azərbaycan Respublikası ərazisində müvəqqəti olma barədə icazəsi bitmiş və ölkə ərazisindən çıxarılmışdır. Belə olan halda iddiaçının hazırkı tələbi öz əhəmiyyətini itirmiş, tərəflər arasında hər hansı mübahisəli münasibətlər qalmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi artıq öz aktuallığını itirdiyindən iddia qeyri-mümkün hesab edilməlidir. İPM-in 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “müvəqqəti qalma icazəsinin verilməsi” barədə iddiası mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-11522/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11522/2024
02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver