Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11524/2024 01.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi, X8 Əmir oğlunun sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1958-ci il təvəllüdlür. İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək orduda xidmət etmişdir (02 il 01 ay). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2015-ci il tarixli **********10 nömrəli arayışda göstərilmişdir: Verilir Ağayev (Simondiyev) Bəylər Nifdalı oğluna ona görə ki, o, həqiqətən Bakı şəhəri, Oktyabr (indiki Yasamal) rayonu Yeyinti Ticarət İdarəsinin (YTİ): - 29 №-li əmri ilə xx.xx.1974-cü il tarixdən 4 №-li mağazaya kiçik satıcı qəbul edilmişdir; - xx.xx.1977-ci il tarixli 117 №-li əmri ilə Sovet ordusu sıralarına çağırışı ilə əlaqədər olaraq xx.xx.1977-ci il tarixdən işdən azad edilmişdir; - xx.xx.1979-cu il tarixli 331 №-li əmri ilə xx.xx.1979-cu il tarixdən 69 №-li mağazaya kiçik satıcı qəbul edilmişdir; - xx.xx.1979-cu il tarixli 401 №-li əmri ilə xx.xx.1979-cu il tarixdən 4 №-li mağazaya kiçik satıcı keçirilmişdir; - xx.xx.1982-ci il tarixli 130 №-li əmri ilə xx.xx.1982-ci il tarixdən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir; - xx.xx.1982-ci il tarixli 226 №-li əmri ilə xx.xx.1982-ci il tarixdən 4 №-li mağazaya qablaşdırıcı qəbul edilmişdir; - xx.xx.1984-cü il tarixli 29 №-li əmri ilə xx.xx.1984-cü il tarixdən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir; - xx.xx.1984-cü il tarixli 772 №-li əmri ilə xx.xx.1984-cü il tarixdən 4 №-li mağazaya xəzinədar-nəzarətçi qəbul edilmişdir; - xx.xx.1986-cı il tarixli 132 №-li əmri ilə xx.xx.1986-ci il tarixdən 20 №-li mağazaya xəzinədar keçirilmişdir; - xx.xx.1988-ci il tarixli 146 №-li əmri ilə xx.xx.1988-ci il tarixdən 78 №-li mağazaya müdir müavini təyin edilmişdir. Bakı şəhəri Yaşamal rayonu Ticarət və İctimai İaşə İdarəsinin (Tİİİ) (YTİ-nin bazasında): - xx.xx.1995-ci il tarixli 44 №-li əmri ilə xx.xx.1995-ci il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. Bakı şəhəri Nərimanov rayonu Ticarət və İctimai İaşə İdarəsinin (Tİİİ): - xx.xx.1995-ci il tarixli 28 №-li əmri ilə xx.xx.1995-ci il tarixdən 78 №-li mağazaya 10cu dərəcəli müdir müavini təyin edilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (DƏK) xx.xx.1999-cu il tarixli 230 №-li sərəncamı və xx.xx.1999-cu il tarixli 24 №-li əmrinə əsasən Bakı şəhəri Yasamal və Nərimanov rayonlarının Tİİİ-ləri ləğv edilərək, onların arxiv sənədləri DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinə (İTİ) verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 229 №-li Fərmanı ilə DƏK ləğv edilərək, Dövlət Əmlakı Nazirliyi (DƏN) yaradılmışdır. DƏN-in xx.xx.1999-cu il tarixli 01 №-li əmri ilə İTİ ləğv edilərək, xx.xx.2000-ci il tarixli 05 №-li əmri ilə onun bazasında Ticarət və xidmət müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi (TXMOFƏM) yaradılmışdır. DƏN-in TXMOFƏ Mərkəzinin: - xx.xx.2000-ci il tarixli 149 N-İi əmri ilə xx.xx.2000-ci il tarixdən 78 №-li mağazanın müdiri Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. DƏN-in TXMOFƏM-nin hüquqi varisi Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzidir.” İddiaçı (SUN: **********1, VÖEN:**********) dair Nazirliyin Elektron İnformasiya Sisteminin “Sığorta” Alt Sistemində xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığorta haqqının ödənilməsi barədə məlumatlar öz əksini tapmış və iddiaçının sosial sığorta stajına hesablanmışdır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.1996-xx.xx.1996-cı il tarixdə ödənişsiz məzuniyyətdə olmuşdur. xx.xx.1983-cü il tarixli, İ-ЖГ 256184 saylı şəhadətnamədən görünür ki, Ağayev X1 “Simondiyev” dən “Ağayev”ə dəyişmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzii Filialına (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanan imtina məktubunda bildirilmişdir ki, “...xx.xx.2023cü il tarixli müraciətiniz zamanı təqdim etdiyiniz arxiv arayışının surətinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən sığorta stajınız 21 il 11 ay 21 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 19 il 4 ay 21 gün sığorta stajınıza uyğun olaraq 17959,78 manat, xx.xx.2018-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək 2892.16 manat olmaqla ümumilikdə 20851,95 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, təqdim etdiyiniz Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2015-ci il tarixli arxiv arayışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1974-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək və xx.xx.1995-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək əmək fəaliyyəti dövrlərinizin araşdırılması zərurəti yaranmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X4 və Koordinasiya Mərkəzi ilə birgə tərtib etdiyi xx.xx.2023-cü il tarixli akta əsasən Oktyabr (indiki Yasamal) rayonu Yeyinti Ticarət İdarəsində olan xx.xx.1974-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək əmək fəaliyyətiniz zamanı adınıza əmək haqqı hesablanan dövrlər sığorta stajınıza daxil edilmişdir. Həmçinin, xx.xx.1995-ci il tarixindən xx.xx.2000-ci il tarixinədək işlədiyiniz Bakı şəhəri Nərimanov rayonu Ticarət və İctimai İaşə İdarəsinin xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il il tarixinədək dövr üzrə əmək haqqı cədvəlləri X4 və Koordinasiyası Mərkəzinin arxivinə təhvil verilmədiyindən, xx.xx.1999-cu il tarixindən xx.xx.2001-ci il tarixinədək əmək haqqı cədvəlləri isə arxivdə mövcud olmadığından sözügedən dövrlərin və adınıza əmək haqqı hesablanmayan dövrlərin sığorta stajınıza daxil edilməsi mümkün olmayıb. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnuzun yaranması üçün nəzərdə tutulandan (25 ildən) az olduğuna görə sizə bu növ pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qeyd olunan maddənin tələblərinə əsasən sizə xx.xx.2023-cü il tarixindən proaktiv qaydada 220 manat məbləğində sosial müavinət təyin edilmiş və hazırda ödənilməkdədir.” İddia tələbi və iddianın əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialının “yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilməsi barədə 13 iyun 2024-cü il tarixli qərarın ləğv edilməsi, ona 65 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1958-ci ildə doğulmuşdur. 1974-cü ildən 2021-ci ilədək müxtəlif vəzifələrdə işləmişdir. 1977-ci ildən 1979-cu illədək hərbi xidmətdə olmuşdur. Ümumilikdə 28 ildən cox stajı vardır. Əmək kitabçasını itirdiyindən bərpa etmək mümkün olamışdır. xx.xx.2023-cü il tarixdə 65 yaşı tamam olduqdan sonra əmək pensiyasının təyin edilməsi üçün sənədlərini cavabdeh inzibati orqana təqdim etsə də, ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin **********10 saylı xx.xx.2015-ci il tarixli arxiv arayışından göründüyü kimi 25 ildən çox stajı müvcuddur. Stajının təsdiqini tapmasına baxmayaraq, cavabdeh inzibati orqan həmin dövrü əsassız olaraq sığorta stajına daxil etməmişdir. Bundan əlavə təqdim etdiyi şəxsi hesab vərəqəsindən göründüyü kimi 2018-2021-ci illərdə rəsmi qaydada sahibkarlıqla məşğul olaraq işləmiş və həmin illər üzrə bütün aylar daxil olmaqla sosial sığorta haqları ödəmişdir. Lakin cavabdeh bunu da nəzərə almamşdır. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü İddiaçı pensiya yaş həddinə, yəni 65 yaşına xx.xx.2023-cü il tarixdə çatmışdır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunla müəyyən olunmuş yaş həddinə çatması ilə yanaşı Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: • fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; • azı 25 il sosial sığorta stajı olduqda. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. İddiaçı tərəfindən təqdim edilən arxiv arayışının surətinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən iddiaçının sosial sığorta stajı 21 il 11 av 21 gün təşkil edir. Eyni zamanda iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 19 il 4 ay 21 gün sığorta stajına uyğun olaraq 17959,78 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 2892,16 manat olmaqla, ümumilikdə 20851,95 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olan tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiçı tərəfindən təqdim edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin xx.xx.2015-ci il tarixli arxiv arayışının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1974-cü il tarixdən xx.xx.1995-ci il tarixədək və xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Mərkəzi Filialın Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin X4 və Koordinasiya Mərkəzi ilə birgə tərtib etdiyi xx.xx.2023cü il tarixli akta əsasən iddiaçının Oktyabr (indiki Yasamal) rayonu Yeyinti Ticarət İdarəsində olan xx.xx.1974-cü il tarixdən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti zamanı adına əməkhaqqı hesablanan dövrlər sığorta stajına daxil edilmişdir. Həmçinin, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi Bakı şəhəri Nərimanov rayonu Ticarət və İctimai İaşə İdarəsinin xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək dövr üzrə əməkhaqqı cədvəlləri X4 və Koordinasiyası Mərkəzinin arxivinə təhvil verilmədiyindən, xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək əməkhaqqı cədvəlləri isə arxivdə mövcud olmadığından sözügedən dövrlərin və iddiaçının adına əməkhaqqı hesablanmayan dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Belə ki, cavabdeh orqan tərəfindən qanunvericiliyin tələbinə əsasən iddiaçının əmək haqqı almadığı dövrlərin onun sosial sığorta stajına daxil edilməməsi barədə ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)-1838/2023 nömrəli qərarında qeyd olunan kateqoriyadan işlərə dair şəxsin əmək haqqı almadığı dövrün onun sosial sığorta stajına daxil edilməsi mübahisəsinə kassasiya instansiyası aşağıdakı hüquqi mövqeyini qeyd etmişdir: Apellyasiya instansiyası məhkəməsi öz qərarını əsaslandırarkən iddiaçının mübahisələndirilən müəssisədəki 1996-2000-ci illər üzrə əmək stajını 5 il olaraq nəzərə almış, lakin gəldiyi nəticənin hüquqi əsaslarını göstərməmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş iddiaçının "xxxx" firmasında 1996-2000-ci illər üzrə əmək haqqı ödəniş cədvəllərindən müəyyən edilir ki, iddiaçı 1996-cı ilin may-dekabr ayları üzrə, 1997-1998-ci illər üzrə tam, 1999-cu ilin yanvar-iyul və oktyabr ayları üzrə, 2000-ci ilin yanvar-aprel ayları üzrə əmək haqqı almışdır. Əmək haqqı alınan ayların cəmi 3 il 9 aya bərabərdir. Göründüyü kimi, kassasiya instansiyası sözügedən Qərarda hüquqi mövqeyini əsaslandırarkən şəxsin işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmamasının aydınlaşırılması, həmçinin şəxsin əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsinin əsaslandırılmalı olduğu qənaətinə gəlmişdir. İddiaçı iddia ərizəsinə şəxsi hesab vərəqəsini əlavə edərək 2018-2021-ci illər ərzində rəsmi qaydada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu və həmin illər üzrə bütün aylar daxil olmaqla sosial sığorta haqqı ödədiyini, lakin cavabdehin həmin sığorta haqlarını nəzərə almadığını iddia etmişdir. Bununla əlaqədar bildirirlər ki, İddiaçı (SUN: **********1, VÖEN:**********) dair Nazirliyin Elektron İnformasiya Sisteminin “Sığorta” Alt Sistemində xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığorta haqqının ödənilməsi barədə məlumatlar öz əksini tapmış və iddiaçının sosial sığorta stajına hesablanmışdır (AS-dən çıxarış qoşmaya əlavə edilir). Bu barədə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli imtina məktubunda da iddiaçıya məlumat təqdim edilmişdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sosial sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddianı müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkünlük şərtlərinə cavab verir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. ... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür). Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. ...
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları
3. Sosial sığorta stajının hesablanması proseduru 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası... Hazırki iş materiallarından görünür ki, pensiya yaşı tamam olmuş iddiaçının hüquqi marağı yaşa görə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. Hesab edilir ki, iddiaçının əmək stajı 25 ildən artıq olduğundan ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə əmək pensiyası təyin edilməlidir. Qanunun yuxarıda qeyd edilən tələbinə əsasən pensiya yaşı tamam olmuş şəxsin əmək pensiyası hüququ yaranması üçün alternativ olaraq ya şəxsin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmalı və ya bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. İddiaçının cavabdeh inzibati orqan tərəfindən mübahisəsiz qəbul edilmiş sosial sıorta stajı 21 il 11 ay 21 gündür. Həmin müddət cavabdeh tərəfindən - xx.xx.1974-cü il tarixdən xx.xx.1991-ci il tarixədək, xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 19 il 4 ay 21 gün + Nazirliyin Mərkəzləşdirilmiş elektron ibformasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən sonra sosial sığorta stajı 2 il 7 ay = 21 il 11 ay 21 gün hesablanmışdır. Mübahisəli dövrlər iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək işlədiyi dövrlərdir. Məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan iş stajı ilə bağlı qeyd edir ki, məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X4 və Koordinasiya Mərkəzi” publik hüquqi şəxsi xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Ağayev (Simondiyev) Bəylər Nifdalı oğlunun şəxsi müraciətinə əsasən ona xx.xx.2015-ci il tarixli **********10 nömrəli əmək fəaliyyətinə dair arxiv arayışı tərtib olunaraq verilmişdir. Həmin arxiv arayışının verilməsinə əsas olmuş əmrlərin əsli ilə düzgünlüyü təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir. Cavabdeh öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək işlədiyi Bakı şəhəri Nərimanov rayonu Ticarət və İctimai İaşə İdarəsinin xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il il tarixədək dövr üzrə əməkhaqqı cədvəlləri X4 və Koordinasiyası Mərkəzinin arxivinə təhvil verilməmiş, xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək əməkhaqqı cədvəlləri isə arxivdə mövcud deyildir. Məhz bu məqamı əsas götürərək cavabdeh iddiaçıya 25 il əmək stajının tamam olmamasını əsas gətirərək əmək pensiyasının təyin olunmasından imtinanın əsaslığını sübut etməyə çalışmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının məhz 1995-2000-ci illərə dair arxiv sənədləri əmək haqqı cədvəllərində iddiaçıya əmək haqqı hesablanması barədə məlumat olmasa da, iddiaçının 29 №-li əmri ilə xx.xx.1974-cü il tarixdən 4 №-li mağazaya kiçik satıcı qəbul edilməsi, xx.xx.1977-ci il tarixli 117 №-li əmr ilə Sovet ordusu sıralarına çağırışı ilə əlaqədər olaraq xx.xx.1977-ci il tarixdən işdən azad edilməsi, xx.xx.1979-cu il tarixli 331 №-li əmr ilə xx.xx.1979-cu il tarixdən 69 №-li mağazaya kiçik satıcı qəbul edilməsi, xx.xx.1979-cu il tarixli 401 №-li əmr ilə xx.xx.1979-cu il tarixdən 4 №-li mağazaya kiçik satıcı keçirilməsi, xx.xx.1982-ci il tarixli 130 №-li əmr ilə xx.xx.1982-ci il tarixdən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilməsi, xx.xx.1982-ci il tarixli 226 №-li əmr ilə xx.xx.1982-ci il tarixdən 4 №-li mağazaya qablaşdırıcı qəbul edilməsi, xx.xx.1984-cü il tarixli 29 №-li əmr ilə xx.xx.1984-cü il tarixdən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilməsi, xx.xx.1984-cü il tarixli 772 №-li əmr ilə xx.xx.1984-cü il tarixdən 4 №-li mağazaya xəzinədar-nəzarətçi qəbul edilməsi, xx.xx.1986-cı il tarixli 132 №-li əmr ilə xx.xx.1986-ci il tarixdən 20 №-li mağazaya xəzinədar keçirilməsi, xx.xx.1988-ci il tarixli 146 №-li əmr ilə xx.xx.1988-ci il tarixdən 78 №-li mağazaya müdir müavini təyin edilməsi, xx.xx.1995-ci il tarixli 44 №-li əmr ilə xx.xx.1995-ci il tarixdən Azərbaycan Respublikası ƏQM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilməsi, xx.xx.1995-ci il tarixli 28 №-li əmr ilə xx.xx.1995-ci il tarixdən 78 №-li mağazaya 10-cu dərəcəli müdir müavini təyin edilməsi, xx.xx.2000-ci il tarixli 149 N-İi əmr ilə xx.xx.2000-ci il tarixdən 78 N-İi mağazanın müdiri Azərbaycan Respublikası ƏQM-nin 69-cu maddəsinin 1-ci bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında və ya arxiv arayışlarında göstərilmiş iş stajları dövründə şəxsin əmək haqqının alıb-almamasının yoxlanılması bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçının iş stajı arxiv arayışı ilə və müvafiq əmrlərlə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, qeyd olunan arayışda göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Analoji mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1264/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarında kassasiya instasiyası məhkəməsinin mövqeyi eyni olaraq göstərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 12016/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadında isə göstərilmişdir ki, “...formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər (arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri və s.) nəzərə alına bilər.” Mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud olduğundan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Mübahisələndirilən dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. İddiaçının işlədiyi dövrlər üzrə əmək haqqı ödənişləri barədə müvafiq sənədlərin tərtib edilməsi, onların aidiyyəti orqana verilməsi kimi bir vəzifəsi olmamış və onların hər hansı bir səbəbdən mövcud olmamasından doğan nəticə onun sosial təminat hüququnu məhdudlaşdırmamalıdır. Beləliklə, məhkəmə bildirir ki, qanunverici əmək pensiyasının təyin edilməsi üçün iki mühüm şərt müəyyən etmişdir: 1) əmək pensiyasının təyin olunması iddiasında olan şəxsin qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi və ya bu pensiya təminatına imkan vermədikdə azı 25 il sığorta stajının olması. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olduğundan ona yaşa görə əmək pensiyasının təyin olunmasına hüquq verən yaş həddinə xx.xx.2023-cü il tarixdə çatmışdır. Başqa sözlə iddiaçının yaşla bağlı tələbi ödənilmişdir. Həmçinin, onun tələb olunan 25 il sığorta stajı mövcuddur. Belə ki, iddiaçının hərbi bilet və arxiv arayışında olan məlumatları əsasında hərbi xidmət müddəti 02 il 1 ay + arayışda qeyd edilən 22 il 10 ay (xx.xx.1996-xx.xx.1996-cı il tarixdə ödənişsiz məzuniyyətdə olduğu müddət nəzərə alınmamışdır.) + Nazirliyin Elektron İnformasiya Sisteminin “Sığorta” Alt Sistemində xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığorta haqqının ödənilməsi barədə müddət 02 il 07 ay nəzərə alınmaqla ümumilikdə 27 il 06 ay təşkil edir ki, bu da pensiya hüququnun təsdiq edilməsi üçün yetərlidir. Beləliklə, cavabdeh tərəfindən mübahisələndirilən və məhkəmə tərəfindən mötəbərliyi müəyyən edilən dövrdə də nəzərə alındıqda, iddiaçının 25 ildən artıq sığorta stajının olduğu təsdiq edilir. Odur ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. İddiaçı iddia ərizəsində cavabdehin yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilməsi barədə 13 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etsədə, həmin imtina məktubu qərar deyil, iddiaçının hüquqi marağı ona 65 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərarın qəbul edilməsindən ibarətdir və mövcud məhkəmə təcrübəsi bu formadadır. Bu səbəbdən iddiaçının tələbi qeyd edilən tərzdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. İddiaçı 65 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
X9