Məhkəmə qərarları › İş №2-1(112)-11528/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11528/2025

07.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11528/2025 07.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “vahid aylıq müavinətin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı Bakı İnzibati Məhəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(103)-438/2023 saylı qərarı qanuni qüvvəsini almış və icra edilməsi üçün Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə göndərilmiş və icra edilmişdir. Hazırkı müraciəti "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinət”in ödənilməsi ilə əlaqədardır. İddiaçı ona həmin aylıq ödənişlərin ödənilməsi və bununla əlqədar qanunamüvafıq tədbirlərin görülməsi istiqamətində tapşırıqların verilməsini xahiş edir. Qanunla təsdiq edilmiş Təlimat və digər qaydalara uyğun olaraq bu müavinətin ona verilməsi tam qanunauyğundur. Yuxarıda göstərilənlərə və qanunun tələblərinə uyğun olaraq, bu müavinətin alınmasına dair köməklik göstərilməsi və müvafiq quruma sənədlərin təqdim edilməsinə dair göstəriş verilməsi üçün rəsmi şəkildə müraciət etsə də, müraciətinə imtina verilmişdir. Ağdam İcra Hakimiyyəti başçısının Birinci Müavinin 5-31/2-11-28-073/2025 saylı xx.xx.2025-ci il tarixli məktubu ilə göstərilmişdir ki, ərizəyə baxılmışdır. Müavinətin verilməsi üçün sənədlər Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ilin 24 yanvar 11 nömrəli qərarı ilə təsdiq edilmiş məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydasının 2.6-cı bəndinə əsasən təsdiq edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, hazırkı iddia İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasından:

3. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.2. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları və Komitə aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin edirlər; 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Normalardan göründüyü kimi, məcburi köçkün statusu olan şəxslərə aylıq müavinətin verilməsi vahid bir icraatı əhatə edir və aylıq müavinət alan məcburi köçkünlərin ümumi adlı siyahısı və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanaraq təsdiq olunur. Bundan sonra həmin siyahılar həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə, eyni zamanda digər aidiyyəti qurumlara təqdim edilir. Təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar cavabdeh Komitə tərəfindən dürüstləşdirilir və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Hazırkı halda iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl Ağdam Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının çatmaq istədiyi məqsəd baxımından ilkin olaraq Ağdam Rayon İcra Hakimiyyətinə müraciət etməsi yetərli hesab edilməlidir. Çünki belə halda müvafiq rayon icra hakimiyyəti müvafiq siyahıları Komitəyə göndərdiyindən və iddiaçıya Komitə tərəfindən yuxarıda istinad olunan Nazirlər Kabinetinin 2.6-cı maddəsinə əsasən aylıq müavinətin verilməsi təsdiqlənmədiyindən iddiaçının bununla bağlı yenidən Komitəyə müraciət etməklə, analoji imtina cavabını almağına zərurət qalmır. Başqa sözlə, iddiaçı bu imtinanı artıq yerli icra hakimiyyəti vasitəsilə adlı siyahının ona dair hissədə təsdiqlənməməsi ilə aldığından, onun bilavasitə hazırkı tələbi ilə bağlı cavabdehə müraciətinin olmaması iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə doğurmamalıdır. Məhkəmə bu mövqeyini prosessual qənaət prinsipinə uyğun hesab edir. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh inzibati orqanın nümayəndəsi üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia tələbini müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Ağdam Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının hazırkı tələbi ilə bağlı müraciəti təmin edilməmişdir. -Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, AZ-İİ seriyalı 527691 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Qanuni nümayəndə1, anası Qanuni nümayəndə2dır. -Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının atası Qanuni nümayəndə1 xx.xx.1979-cu ildə ünvan 1 ünvanıdır. -Elektron məhkəmə sisteminin qaçqın və ya məcburi köçkün statusuna dair məlumatlar barədə məlumatlarından görünür ki, Qanuni nümayəndə1 məcburi köçkün statusuna malikdir. -Şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçının anası Qanuni nümayəndə2 xx.xx.1982-ci ildə Bakı şəhərində doğulmuşdur. Yaşayış yeri ünvan 2 ünvanıdır. -ASAN 1 tərəfindən verilən şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı yaşayış yeri Ağdam rayonu, Vidadi küçəsi, ev 29 ünvanıdır. -Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(103)- 438/2023 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-3715/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin sözügedən qərarı ləğv edilərək, iddia tələbi təmin edilmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş məktubdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.2010- cu il təvəllüdlü İddiaçı məcburi köçkünlər üçün nəzərədə tutulmuş vahid aylıq müavinət ödənilmir. İddiaçı aylıq müavinətinin bərpası üçün lazım olan sənədləri 2025-ci ilin aprel ayında aylıq hesabata yazılmış müvafiq qaydada baxılması üçün Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasının 2.6-cı bəndinə (valideynlərindən biri məcburi köçkün statusu olmayan uşaqlara) əsasən təsdiq edilməmişdir. Beləliklə, hazırkı iddia tələbi üzrə məcburi köçkün statusuna malik olan İddiaçı hüquqi marağı məqsədi ona məcburi köçkünlər üçün təyin edilən aylıq müavinətin (yemək xərcinin) verilməsinə yönəlmişdir. İddiaçının anası Qanuni nümayəndə2 məcburi köçkün statusunun olmaması işin mübahisələndirilməyən halıdır. Məhkəmə cavabdehin imtinasının qanunsuz olmadığını hesab edir və gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun İİ fəsli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Azərbycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1206 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydasından:

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara; 1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); 1.4. məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara.

2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: ....2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara. Göründüyü kimi, valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara aylıq müavinət təyin edilmir. Hazırkı halda, iddiaçının anasının məcburi köçkün statusu olmadığından Qaydanın 2.6-cı bəndinin tələbləri baxımından ona sözügedən müavinətin verilməsi istisna olunur. Məhkəmə iddiaçının dəlillərinə münasibətdə qeyd edir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində iki növ normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi nəzərdə tutulmuşdur: fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran; hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən. Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran” ifadəsinin nəyi nəzərdə tutması və bu ifadənin fiziki və hüquqi şəxslərin maddi vəziyyətinin yaxşılaşdırılmasını özündə ehtiva edib-etməməsinə dair sorğuda qaldırılan suala cavab olaraq Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, “hüquqi vəziyyət” anlayışına aydınlıq gətirilməsini zəruri hesab edir. Şəxsiyyətin “hüquqi vəziyyəti” və “hüquqi statusu” məfhumları eyni məna daşıyır. “Status” sözü latın dilindən tərcümədə kiminsə və ya nəyinsə vəziyyəti deməkdir. Bu halda şəxsiyyətin, insanın, vətəndaşın statusu nəzərdə tutulur. Hüquqi status şəxsiyyətin cəmiyyətdə vəziyyətinin hüquqi cəhətdən təsbit edilməsidir. Hüquqi statusun əsasını faktiki sosial status, yəni mövcud ictimai münasibətlər sistemində insanın real vəziyyəti təşkil edir. Hüquq bu vəziyyəti qanunvericilik çərçivəsinə salaraq tənzimləyir. Hüquqi statusun aşağıdakı növləri fərqləndirilir: - vətəndaşın ümumi və ya konstitusiya statusu; - müəyyən kateqoriya vətəndaşların xüsusi statusu; - fərdi status və s. Hüquqi statusun növləri çox olsa da, praktiki cəhətdən yuxarıda göstərilən üç növü əhəmiyyət kəsb edir. Ümumi hüquqi status dedikdə, dövlətin vətəndaşı, cəmiyyətin üzvü kimi şəxsin statusu başa düşülür. Ümumi hüquqi status Konstitusiya ilə müəyyən edilir və müxtəlif şərtlərdən (qulluq mövqeyindəki dəyişikliklərdən, ailə vəziyyətindən, vəzifəsindən, yerinə yetirdiyi funksiyalardan) asılı deyildir, hamı üçün vahid və eynidir, nisbi stabil və ümumi səciyyəyə malikdir. Ümumi hüquqi status hüquq subyektlərinin bütün xüsusiyyətlərini, fərqlərini, səciyyəsini əhatə edə bilməz. Buna görə də hüquq subyektlərinin əmək fəaliyyətindən, daxil olduğu hüquq münasibətlərinin xarakterindən, digər vəziyyətlərdən asılı olaraq mütəmadi yaranan və xitam olunan çoxsaylı subyektiv hüquqlar və vəzifələr ümumi hüquqi statusa daxil deyildir. Xüsusi status müəyyən kateqoriya vətəndaşların (məsələn, pensiyaçıların, tələbələrin, hərbi qulluqçuların, müəllimlərin, əlillərin, müharibə iştirakçılarının və s.) vəziyyətinin xüsusiyyətlərini əks etdirir. Göstərilən təbəqələr və qruplar vətəndaşın ümumi konstitusiya statusuna əsaslanan və mövcud qanunvericilikdə nəzərdə tutulan əlavə hüquqlara, vəzifələrə, güzəştlərə malik ola bilərlər. Fərdi status ayrıca şəxsin səciyyəsini (məsələn, şəxsin cinsini, ailə vəziyyətini, yerinə yetirdiyi işi, digər xüsusiyyətlərini) əks etdirir. Fərdi status vətəndaşın fərdi hüquqlarının və vəzifələrinin məcmusudur. Fərdi hüquqi status dinamikdir, insanın həyatında baş verən dəyişikliklərə müvafiq olaraq dəyişir. Xüsusi, fərdi və digər növ statuslar ümumi (konstitusiya) statusa zidd ola bilməz. Əksinə, onlar ilkin, başlıca status kimi ona əsaslanmalıdırlar. “Hüquqi vəziyyət (status)” kateqoriyası hər hansı subyektin hüquq və vəzifələrinin məcmusunu xarakterizə edir. Bu anlayış qanun nöqteyi nəzərindən subyektin cəmiyyətdə tutduğu mövqeyi və malik olduğu imkanları səciyyələndirir. “Hüquqi vəziyyət (status)” hüququn ayrı-ayrı subyektləri (həmin subyektlər sırasına dövlət də aiddir) arasında qarşılıqlı əlaqələrin qurulmasının hüquqi prinsiplərinin əsasını təşkil edir. Beləliklə, hüquqi vəziyyətin strukturunu bir-biri ilə dialektik əlaqədə olan şəxsiyyətin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquq nəzəriyyəsində “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. ...“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz.” Göründüyü kimi, o normaların geriyə qüvvəsi vardır ki, onlar şəxsin qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etsin, başqa sözlə hüquqi vəziyyətini yaxşılaşdırsın. Hazırkı halda aylıq müavinətin verilməsini tənzimləyən normativ hüquqi aktlar iddiaçının “hüquqi vəziyyəti”nə, başqa sözlə onun məcburi köçkün statusunun mahiyyətinə təsir etmir, bu statusun ləğv edilməsinə səbəb olmur, sadəcə aylıq müavinət verilməsi şamil edilən məcburi köçkünlərin kriteriyasına uyğun olmamasına görə maddi vəziyyətinə mənfi mənada təsir edir. Bu baxımdan məcburi köçkün statusu olan şəxslərə aylıq müavinətin təyin edilməsi ilə bağlı sonradan qəbul edilən aktların iddiaçının hüquqi vəziyyətinin ağırlaşdırması kimi qəbul edilməsinə və Təlimatın (Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin 2002ci il 05 fevral tarixli, 37 №-li əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2002-ci il tarixdə qeydiyyata alınmış "Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”) müddəalarının iddiaçıya tətbiq edilməsinə əsas yoxdur. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iddiası əsassız olduğundan təmin edilməməlidir. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar