Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11534/2025 27.11.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs Dövlət Neft Şirkəti) qarşı “torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 15 noyabr 1985-ci il 19/401 saylı qərarına əsasən Sənaye Tikinti Nazirliyinə ayrılmış, “İNŞAATÇİ” bağçılıq yoldaşlığı idarəsinə verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən, qanuni vərəsə olaraq ona aid olan 36 saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi (öhdəliyin) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Məhkəmənin qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti üçüncü şəxs qismində işə cəlb edilmişdir.
3. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsinə əsasən iddia tələbi “36 saylı torpaq sahəsinə dair mərhum Vəkilova Elmira Zaid qızının adına mülkiyyət hüququnun məxsus olması barədə arayışın iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.
4. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 15 noyabr 1985-ci il 19/401 saylı qərarına əsasən Sənaye Tikinti Nazirliyinə Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində torpaq sahəsi ayrılmış və “İnşaatçı” bağçılıq yoldaşlığı yaradılmışdır. X2, həmin dövrdə Sənaye Tikinti Nazirliyində işlədiyi üçün ona da həmin ərazidə 36 saylı torpaq sahəsi verilmişdir (orderin nüsxəsi əlavə olunur). 1993-cü ildə atası dünyasını dəyişdikdən sonra, yaradılmış “İnşaatçı” bağçılıq yoldaşlığı İdarə Heyətinin birgə iclasının 02 saylı 17 avqust 1999-cu il protokolundan çıxarışa əsasən həmin 36 saylı torpaq sahəsi anası Vəkilova Elmira Zaid qızının adına verilmiş və anası Vəkilova Elmira Zaid qızı “İnşaatçı” bağçılıq yoldaşlığına üzv seçilmiş və ona üzvlük kitabçası verilmişdir (protokoldan çıxarış və üzvlük kitabçasının nüsxəsi əlavə olunur). 2020-ci ildə anası Vəkilova Elmira Zaid qızı dünyasını dəyişdikdən sonra qanuni vərəsə o olmuşdur (3 saylı Notariat ofisinin məktubunun nüsxəsi əlavə olunur). Sözügedən torpaq sahəsinə görə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət edilsə də cavabdeh xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-Q-0372-8/2025 **********54 nömrəli məktubla bildirilmişdir ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli ərizə qeyd edilən müraciətə xx.xx.2024-cü il tarixli, **********40 nömrəli məktubla cavab verilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli, **********40 nömrəli məktubuna əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7- ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilmədiyindən imtina verilmişdir. Göründüyü kimi “İnşaatçı” bağçılıq yoldaşlığı İdarə Heyətinin birgə iclasının 02 saylı 17 avqust 1999-cu il protokolundan çıxarışa əsasən həmin 36 saylı torpaq sahəsi anası Vəkilova Elmira Zaid qızının adına verilmiş və anası Vəkilova Elmira Zaid qızı “İnşaatçı” bağçılıq yoldaşlığına üzv seçilmiş və ona üzvlük kitabçası verilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri X3 İcraiyyə Komitəsinin 15 noyabr 1985-ci il 19/401 saylı qərarına əsasən X1 ayrılmış 36 saylı torpaq sahəsinə dair qanuni vərəsə kimi onun, yəni İddiaçı hüquqları dövlət qeydiyyatına alınmalı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən çıxarış verilməlidir.
5. Cavabdeh iddiaçının müraciətinə cavab olaraq imtina məktubunda bildirmişdir ki, təqdim olunan sənədlər surətdir. Bundan başqa, İdarənin arxivində saxlanılan “İnşaatçı” bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adınız aşkar edilməmişdir.
6. Cavabdehin iddiaçının iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, idarənin arxivində saxlanılan “İnşaatçı” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında mərhumun adı aşkar edilməmişdir. Həmçinin göstərilən sahə heç bir bağçılıqyoldaşlıq təsərrüfatının ərazi hüdudları daxilində yerləşməməklə yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisinə uyğun gəlir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edilməsini xahiş etmişdir.
7. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş AZ-İİ seriyalı 094620 nömrəli xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, Vəkilova Elmira Zaid qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş İV-JQ seriyalı 359061 nömrəli xx.xx.1993-cü il tarixli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X5 xx.xx.1993-cü il tarixdə vəfat etmişdir.
9. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş AZ seriyalı 061059 nömrəli xx.xx.1968-ci il tarixli evlənmək haqqında şəhadətnamədə qeyd edilmişdir ki, X5 ilə Vəkilova Elmira Zaid qızı arasında bağlanmış nikah xx.xx.1957-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.
10. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş AZ seriyalı 685206 nömrəli xx.xx.1964-cü il tarixli doğum haqqında şəhadətnamədə qeyd edilmişdir ki, xx.xx.1964-cü il tarixdə anadan olmuş İddiaçı X2 anası isə Vəkilova Elmira Zaid qızıdır.
11. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ünvan 1 ünvanlandığı xx.xx.2023-cü il tarixli 611 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri 3 saylı notariat ofisinə xx.xx.1934cü ildə anadan olmuş, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Vəkilova Elmira Zaid qızından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı xx.xx.1964-cü il təvəllüdlü oğlu İddiaçı ərizəsi qəbul edilmiş və o vərəsə kimi tanınmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq İnşaatçı bağçılıq yoldaşlığı idarə heyətinin xx.xx.1999-cu il tarixli 02 saylı protokoluna əsasən Vəkilova Elmira Zaid qızının adına Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yerləşən 500 kv. metr torpaq sahəsinə daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasma (yüklülüyünə) dair dövlət reyestrindən arayış verilməsi xahiş edilmişdir.
12. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar massivində yerləşən “İnşaatçı" bağçılıq yoldaşlığı İdarə heyətinin birgə iclasının 02 saylı 17 avqust 1999-cu il tarixli protokolundan çıxarış bağçılığın üzvü Elmira Zahid qızı Vəkilova bağçılıq sədrinə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, 1990-cı ildən “İnşaatçı" bağçılıq yoldaşlığının üzvüdür və 36 saylı sahədə yerləşən bağ evi onun maliyyə vəsaiti hesabına tikilmişdir. Vəkilova Elmira bağçılığa üzv olması haqda bağçılığın sədrinə heç bir sənəd təqdim edə bilməmişdir. Məlum olmuşdur ki, 1990-cı ildə bağçılığa üzv qəbul edilməsi haqda bağçılığı ilk sədri C.Bayramova tərəfindən ona heç bir sənəd verilməmişdir. O cümlədən qeyd edilmişdir ki, bağçılığın o vaxtki sədri C.Bayramova 1990cı ildə Respublikanı tərk edib gedərkən bir çox bağçılıq üzvlərinin sənədləri itirilmişdir. Ona görə də bağçılığın idarə heyəti üzvlərinin yekdil razılığına əsasən Vəkilova Elmira Zahid qızının xahişi nəzərə alınaraq, onun xx.xx.1999-cu il tarixindən bağçılığa üzv qəbul edilməsi qərara alınmışdır.
13. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və “İnşaatçı" bağçılıq yoldaşlığın sədri tərəfindən təsdiq edilmişdir Qaradağ rayonu, Şıxlar massivində ayrılmış torpaq sahəsinin bölgü sxemində qeyd edilmişdir ki, Vəkilova Elmira Zaid qızının istifadəsində olan 36 nömrəli torpaq sahəsinin yerləşdiyi yer müəyyən edilmişdir.
14. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “İnşaatçı" bağçılıq yoldaşlığın Bağçının 36 nömrəli üzvlük kitabında qeyd edilmişdir ki, Vəkilova Elmira Zaid qızı xx.xx.1999-cu il tarixdən bağçılıq cəmiyyətinə üzv qəbul edilmişdir.
15. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və “İnşaatçı" bağçılıq yoldaşlığın sədri tərəfindən təsdiq edilmiş Azərbaycan SSR Sənaye Tikinti Nazirliyinin "İnşaatçı" bağçılıq yoldaşlığı yaradılması üçün Bakı şəhər X3 İcraiyyə Komitəsinin 19 401 №-li, xx.xx.1985-ci il və 10/369 N2-li, xx.xx.1989-cu il tarixli qərarı ilə Qaradağ rayonunun Şıxlar massivində ayrılmış ərazidə olan bağ sahələrinin və bağçılıq yoldaşlığı üzvlərinin siyahısının 36 bəndində Vəkilova Elmiranın adı yer almışdır.
16. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2025-ci il tarixli müayinə (baxış) aktında qeyd edilmişdir ki, Şıxlar qəsəbəsi, İnşaatçı b/y, 36 saylı bağ sahəsinin hüquq müəyyənedici sənəd üzrə 0,05 ha, faktiki 0,0585 ha (0.0085 ha artıqdır). Bağ sahəsinin sərhədləri mişar daşları ilə hasarlanıb. Bir tərəfi yol, bir tərəfi dalan, iki tərəfdən qonşu sahələrlə əhatə olnmuşdur. Bağ sahəsində bir mərtəbəli bağ evi və köməkçi həyət tikililəri var.
17. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinə uyğun izahat verdi.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. II. İddianın növü və mümkünlüyü
19. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
20. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
21. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
23. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, “İnşaatçı” bağçılıq yoldaşlığı tərəfindən iddiaçının X1 36 saylı torpaq sahəsi verilmişdir. 1993-cü il tarixdə atası dünyasını dəyişdikdən sonra, “İnşaatçı” bağçılıq yoldaşlığı İdarə Heyətinin birgə iclasının 02 saylı 17 avqust 1999-cu il protokolundan çıxarışa əsasən həmin 36 saylı torpaq sahəsi anası Vəkilova Elmira Zaid qızının adına verilmiş və anası Vəkilova Elmira Zaid qızı “İnşaatçı” bağçılıq yoldaşlığına üzv seçilmiş və ona üzvlük kitabçası verilmişdir. Vəkilova Elmira Zaid qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 3 saylı Notariat Ofisi cavabdehə məktub ünvanlayaraq iddiaçının vəfat etmiş şəxsin varisi olmasını bildirmiş, sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənədin verilməsini xahiş etmişdir.
24. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüqqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarrrında göstərilən qaydada başqa şəxslərə keçir.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
26. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.
27. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
28. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
29. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
30. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
32. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
33. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının anasına verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
34. Belə ki, cavabdehin imtina və etirazında göstərdiyi əsas dəlili ondan ibarətdir ki, idarənin arxivində olan bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar edilməməsidir, həmçinin sahə heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ərazi hüdudları daxilində yerləşməməklə yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisinə uyğun gəlməsidir.
35. Məhkəmə bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması dəlili ilə bağlı qeyd edir ki, bağçılıq yoldaşlığı təsərrüfatının üzvlərinin arxivə təqdim olunmuş siyahısında iddiaçının anasının adının aşkar olunmaması iddiaçının məsuliyyət dairəsi ilə əhatə olunmur və bu hal bağ sahəsinə hüquqların qeydiyyata alınmamasına əsas vermir.
36. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş yenilənmiş bağçılıq yoldaşlığı təsərrüfatının üzvlərinin siyahısında iddiaçının mərhun anasının adı qeyd edilmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, məhkəmə sorğusu nəticəsində əldə olunan bağ sahələrinin sxematik xəritəsinin və ortofotosunun qarşılaşdırılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin “36” saylı bağ sahəsinə uyğunluğu müəyyən olunur.
37. Cavabdehin digər dəlili - göstərilən sahə heç bir bağçılıq-yoldaşlıq təsərrüfatının ərazi hüdudları daxilində yerləşməməklə yanaşı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş kontrakt ərazisinə uyğun gəlməsidir.
38. Məhkəmə cavabdehin bu dəlilini də əsassız hesab edir. Belə ki, qeyd edilməlidir ki, bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaqların hüdudları daxilində yerləşsə belə, bu hal iddianın təmin edilməsini istisna edən hal deyil. Belə ki, iddiaçı hazırkı halda mülkiyyət hüququna dair qanuni gözləntiyə malik olmuş və bu hüquq mülkiyyət hüququna bərabər hesab edilir. Qanuni gözləntiyə malik olmaları dövlət daxili konkret qanunvericilik aktından, yəni «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanundan irəli gəlir. Həmin Qanunda müəyyən edilmiş şərtlərə və qaydaya əməl ediləcəyi təqdirdə iddiaçı torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqları əldə edəcəyi üçün cavabdeh inzibati orqanın özəlləşdirməni həyata keçirməkdən imtinası nəticəsində onun mülkiyyət hüquqlarına müdaxilə baş vermişdir.
39. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, torpaq sahəsinin təqdim olunmuş ortofoto görüntüsündən məlum olur ki, sahənin hər tərəfi qonşu torpaq sahələri ilə həmsərhəddir, qonşuluqda yerləşən eyni hüquqmüəyyənedici sənəd üzə torpaq sahələri yaşayış məntəqə torpaqlarına aid edilmiş və ayrı-ayrı şəxslərə ayrılmış torpaq sahələrinə dair çıxarışlar verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan bərabərlik hüquqlarının təməl prinsipini pozaraq iddiaçıya münasibətdə fərqli mövqeyini nümayiş etdirmişdir ki, məhkəmənin qənaətinə görə bu hal iddiaçının mülkiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilir.
40. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanının 1-ci hissəsi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsə də, Fərmanın 2-ci hissəsində müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.
41. Məhkəmə qeyd edir ki, iddia olunan torpaq sahəsi magistral boru kəmərlərinin, eləcə də neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyindən, habelə hazırda mübahisənin predmetini ərazidə tikinti işlərinin aparılması deyil, torpaq sahəsinə hüququnun qeydiyata alınması təşkil etdiyindən, cavabdehin dəlili əsassızdır.
42. Beləliklə məhkəmə qeyd edir ki, mövcud qanunvericilik daşınmaz əmlaka dair hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir (Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 8-ci maddəsi). Hazırkı işin halları üzrə iddiaçının mərhum anasının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun məxsus olmasına dair arayışın verilməsindən imtina edilməsinə qanuni əsaslar mövcud deyildir.
43. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1–ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
44. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəbdinndə göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;
45. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
46. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
48. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. “İnşaatçı” bağçılıq yoldaşlığı idarəsi tərəfindən verilmiş Bakı şəhəri, Qaradağ rayonu, Şıxlar qəsəbəsində yerləşən 36 saylı torpaq sahəsinə dair mərhum Vəkilova Elmira Zaid qızının adına mülkiyyət hüququnun məxsus olması barədə arayışın iddiaçıya İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva