Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1154/2020 30.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair çıxarışın və texniki sənədlərin verilməsi barədə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi-56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı H.Z.Tağıyev adına NQÇİ-nin Bağçılıq Birliyi tərəfindən ona 1989-cu ildə verilmiş Bakı şəhəri, Buzovna qəsəbəsi, Albalılıq 2, Neftçilər küçəsi, dalan 2, sahə 128 ünvanında yerləşən 8 sot torpaq sahəsinin üzərində hüquqların onun adına dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın və texniki sənədlərin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin **********0 saylı, xx.xx.2018-ci il tarixli cavab məktubuna əsasən ünvanladığı “Torpaq sahəsinin üzərində hüquqların onun adına dövlət qeydiyyatına alınaraq bu barədə Çıxarışın və texniki sənədlərin verilməsinə dair” ərizəsinə imtina cavab verilmişdir. Aşağıdakılara əsasən həmin imtinanı qanunsuz, əsassız və ədalətsiz hesab edir ki, belə ki, H.Z.Tağıyev adına NQÇİ-nin Bağçılıq Birliyi tərəfindən ona 1989-cu ildə 8 sot torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi bugünədək onun qanuni istifadəsindədir. Torpaq sahəsi hasara alınmış, üzərində ağaclar əkilmiş və abadlaşdırılmışdır. Həmin sahə hazırda Albalılıq 2, Neftçilər küçəsi, dalan 2, sahə 128 ünvanında yerləşir. Torpaq sahəsinə dair xx xxxxxxxx 1997-ci ildə üzvlük bileti verilmişdir. Hazırda torpaq sahəsinin özəlləşdirilməsi zərurəti yaranmışdır. Bu barədə cavabdehə müraciət olunsa da, ona müxtəlif bəhanələr gətirilməklə imtina olunmuşdur. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, “Ərizəyə əlavə olunmuş sənəd (üzvlük kitabçası) surətdir. Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən sahə sözügedən bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, bağ sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına aiddir və sözügedən bağ sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır.” Halbuki, cavabdehin gətirdiyi əsaslar uydurmadan başqa bir şey deyil və cavabdeh ona qarşı qərəzli mövqedən çıxış etmiş, gətirdiyi dəlillərə dair heç bir sübut təqdim edə bilməmişdir. Qeyd edir ki, sözügedən sahə ona müvafiq sənədlər əsasında qanunamüvafiq qaydada naturada ayrılmış və bu barədə sorğu verilsə, təsdiq olunacaqdır. Bağ sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına aid olmadığı halda cavabdeh bunun əksini məktubda göstərməklə qanunsuzluğa yol vermişdir. Vizual olaraq, da bağ sahəsinin mühafizə zolağından çox aralıda yerlşdiyini görmək olar. Bu barədə məhkəməyə əlavə sübutlar təqdim ediləcəkdir. Buna baxmayaraq, cavabdeh qanunsuz və əsassız olaraq, ona imtina etmişdir ki, bununla da, ona maddi və mənəvi zərər vurulmuşdur. Odur ki, həmin zərər məhkəmənin sonunda hesablanaraq cavabdehdən tutulmalıdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı məsələ ilə əlaqədar ünvanladığı ********** nömrəli, xx.xx.2018-ci il tarixli ərizə və ona əlavə olunmuş sənədlərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən müvafiq qaydada baxılmış və ərizəyə əlavə olunmuş sənədin (üzvlük kitabçası) surət olduğu aşkar olunmuşdur. Bundan əlavə, araşdırma zamanı müəyyən olmuşdur ki, Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamış, həmçinin göstərilən sahə sözügedən bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, bağ sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına aiddir və sözügedən bağ sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Bu səbəbdən tərəflərindən ərizənin icrası mümkün olmamış və iddiaçıya bununla bağlı xx.xx.2018-ci il tarixli, **********60 syalı cavab məktubu ünvanlanmışdır. Tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iclasında işə iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan 98 nömrəli, H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyi tərəfindən verilmiş üzvlük kitabçasının surətindən görünür ki, İddiaçı H.Z.Tağıyev adına NQÇİ Baxçılıq Birliyinin üzvüdür. Ona 98 saylı bağ sahəsi 1989-cu ildə verilmişdir. Üzvlük kitabçasının verilməsi tarixi isə xx.xx.1997-ci ildir. Bundan əlavə, üzvlük kitabçasında ayrılan bağ sahəsinin ölçüsü barədə məlumat qeyd olunmamışdır. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2018-ci il tarixli, **********60 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Buzovna bağ massivi ünvanında yerləşən 98 saylı bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2018-ci il tarilxi ərizəsinə baxılaraq bildirilmişdir ki, ərizəyə əlavə olunmuş sənəd (üzvlük kitabçası) surətdir. Bakı şəhər Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında adı aşkar olunmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, göstərilən sahə sözügedən bağçılıq yoldaşlığın ayrıc aktından kənarda yerləşir. Bundan əlavə, bağ sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasına aiddir və sözügedən bağ sahəsinin naturada yerləşməsi bağçılıq-yoldaşlığın bölgü sxemi ilə uyğunsuzluq təşkil edir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, **********048 nömrəli məktubun surətindən görünür ki, H.Z.Tağıyev adına NQÇİ bağçılıq birliyi tərəfindən torpaq sahəsinin İddiaçı ayrılmasına dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar edilməmişdir. İşdə olan məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş H.Z.Tağıyev adına NQÇİ-nin bağçılıq birliyi üzvlərinin siyahısına məhkəmə tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin siyahıda İddiaçı adı yoxdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən hallara əsaslanmaqla irəli sürdüyü mövcud iddia tələbi əsassızdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, H.Z.Tağıyev adına NQÇİ Bağçılıq Birliyi tərəfindən İddiaçı 98 saylı bağ sahəsi bağ sahəsinə dair üzvlük kitabçası verilmiş, üzvlük kitabçasında bağ sahəsinin ölçüsü göstərilməmişdir. Bundan başqa, iddiaçının adı sözügedən bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindn vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. Göründüyü kimi, həmin normaya uyğun olaraq qanunverici yalnız üzvlük kitabçasını deyil, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçasını daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçının adı bağçılıq-yoldaşlıq üzvlərinin siyahısında aşkar edilmədiyindən, bununla da, iddiaçıya məxsus üzvlük kitabçasının kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası olması sübuta yetirilmədiyindən, eləcə də, mübahisəli bağ sahəsinə dair iddiaçıda qanunvericiliklə müəyyən edilmiş digər hüquqmüəyyənedici sənədlər mövcud olmadığından cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Odur ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İPM–in 68, 69, 75, 81, 85cimaddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1154/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1154/2020
30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver