Məhkəmə qərarları › İş №2-1(112)-1154/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1154/2022

04.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1154/2022 04.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək birdəfəlik ödənilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilərək ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 5 dekabr 1960-cı il tarixdə doğulmuşdur. O, əmək fəaliyyətinə 4 sentybar 1978-ci il tarixdə başlamış və həmin vaxtdan 14 dekabr 2017-ci il tarixədək "xxxx" ASC-də işləmişdir. O, ümimilikdə 20 ildən çox sığorta stajına malikdir və işlədiyi illərin 10 ildən artıq hissəsini xüsusi zərərli və ağır olan işlərdə çalışmışdır. İddiaçının əmək kitabçasındakı qeydlərdən görünür ki, o, 1 aprel 1978-ci il tarixdən Sumqayıt Alüminium Zavodunda metalyayma və xalq istehlakı malları sexinin laboratoriyasına 5-ci dərəcə ilə fotolaborant peşəsinə qəbul edilmiş, 1 avqust 1988-ci il tarixdən mərkəzi zavod laboratoriyasına 4-cü dərəcəli kimyəvi laborant vəzifəsinə keçirilmiş, 1 avqust 1993-cü il tarixdə 4-cü dərəcə 5-ci dərəcə ilə əvəz edilmiş, 21 aprel 2008-ci il tarixdə kimyəvi analiz bölməsinin laborantı kimi əmək fəaliyyətini davam etdirmiş, 14 dekabr 2017-ci il tarixdə əmək fəaliyyətini dayandırmışdır. Həmçinin, "xxxx" ASC tərəfindən verilmiş 6 noyabr 2019-cu il tarixli 15 nömrəli arayışda göstərilmişdir ki, həqiqətən İddiaçı ASC-nin Sumqayıt Alüminium istehsalat sahəsində (keçmiş Sumqayıt Alüminium Zavodu) aşağıdakı peşələrdə işləmişdir: 1 avqust 1988-ci il tarixdən 31 mart 2001-ci il tarixədək – 2 nömrəli siyahı, bölmə Xİ, yarımbölmə 11 a, Ftor turşusunun və onun duzlarının istehsalı, 2091300a – 13321 kimyəvi analiz laborantları; 22 yanvar 2003-cü il tarixdən 23 yanvar 2007-ci il tarixədək – 2 nömrəli siyahı, bölmə Xİ, yarımbölmə 11 a, Ftor turşusunun və onun duzlarının istehsalı, 2091300a – 13321 kimyəvi analiz laborantları. Həmçinin həmin arayışda qeyd olunmuşdur ki, İddiaçı "xxxx" ASC-nin Sumqayıt Alüminium istehsalat sahəsində aşağıda göstərilən tarixlərdə məzuniyyətdə olmuşdur: 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək, 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək iddiaçının ümumilikdə 20 ildən çox stajının olması və bunun 10 ildən artıq müddətində güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən sahələrdə işləməsinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmış və buna görə də o, pensiya təyin olunması üçün cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 29 aprel 2021-ci il tarixli imtina məktubunda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2, 9.1, 21.1ci maddələrinə istinad olunmuş və bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 6 noyabr 2019-cu il tarixli arayışında onun 4 sentyabr 1978ci il tarixdən 14 dekabr 2017-ci il tarixədək dövr ərzində adıçəkilən müəssisədə işləməsi, eyni zamanda 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək və 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək olan dövrlər ərzində ödənişsiz məzuniyyətdə olması qeyd edilmişdir. Bundan başqa, adıçəkilən müəssisədəki iş stajına aid olan sənədlərdə qeyd edilən məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı onun (iddiaçının) 24 iyul 1985-ci il tarixdən 2 iyul 1986-cı il tarixədək, 12 noyabr 1987-ci il tarixdən 31 oktyabr 1989-cu il tarixədək, 5 fevral 1990-cı il tarixdən 14 iyul 1990-cı il tarixədək, 10 yanvar 1991ci il tarixdən 6 iyul 1992-ci il tarixədək, 11 aprel 1994-cü il tarixdən 31 avqust 1994-cü il tarixədək olan dövrlər ərzində (ümumilikdə 5 il 1 ay 19 gün) analıq məzuniyyətində olması müəyyən edilmiş, 1994 – 2006-cı illər arasındakı dövr ərzində həmin müəssisədə işləməsini təsdiq edən müvafiq sənədlər (əmr kitabları, əmək haqqı cədvəlləri) aşkar olunmamışdır. Qanunvericiliklə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyindən, əmək pensiyası təyin edilərkən («Əmək pensiyaları haqqında» Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) ödəniş məzuniyyətdə olduğu müddətin ümumi iş stajına daxil edilməsi mümkün deyil. İddiaçı cavabdehin imtinası ilə razılaşmır və hesab edir ki, cavabdeh ona pensiya təyinatından əsassız və qanunsuz olaraq imtina etmişdir. Belə ki, iddiaçının əmək kitabçasına əsasən 4 sentyabr 1978-ci il tarixdən 14 dekabr 2017-ci il tarixədək işlədiyi dövrlər üzrə ümumi iş stajı 39 il 3 ay 10 gündür. Onun ödənişsiz məzuniyyətdə olduğu dövrün iş stajına hesablanmasına münasibətdə isə bildirilir ki, iddiaçı çalışdığı müəssisənin fəaliyyətinin dayandırılması əsası ilə ödənişsiz məzuniyyətdə olmuşdur və həmin müddətin iddiaçının iş stajına sayılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa, əgər cavabdehin qeyd etdiyi kimi onun 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək və 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək – ümumilikdə 10 il 6 ay 4 gün ödənişsiz məzuniyyətdə olduğu və 24 iyul 1985-ci il tarixdən 2 iyul 1986-cı il tarixədək, 12 noyabr 1987-ci il tarixdən 31 oktyabr 1989-cu il tarixədək, 5 fevral 1990-cı il tarixdən 14 iyul 1990-cı il tarixədək, 10 yanvar 1991-ci il tarixdən 6 iyul 1992-ci il tarixədək, 11 aprel 1994-cü il tarixdən 31 avqust 1994-cü il tarixədək olan dövrlər ərzində – ümumilikdə 5 il 1 ay 19 gün analıq məzuniyyətində olduğu dövrlərin cəmi 15 il 7 ay 23 gün təşkil edir. 39 il 3 ay 10 gün müddətdən həmin dövrlər çıxıldıqda 23 il 7 ay 17 gün olur. Həmçinin, onun onun kimyəvi analiz laborantı kimi güzəştli şərtlərlə işlədiyi dövrlər 1 avqust 1988-ci il tarixdən 31 mart 2001-ci il tarixədək və 22 yanvar 2003-cü il tarixdən 23 yanvar 2007-ci il tarixədək 16 il 7 ay təşkil edir ki, həmin dövrdən də əgər analıq məzuniyyətində olduğu 5 il 1 ay 19 gün müddəti çıxdıqda, onun güzəştli iş stajı 11 il 5 ay 11 gün təşkil edir. Cavabdehin imtinasında qeyd edilən 1994 – 2006-cı illərdə həmin müəssisədə işləməsini təsdiq edən müvafiq sənədlərin (əmr kitabları, əmək haqqı cədvəlləri) aşkar olunmamasına münasibətdə bildirilir ki, qanunvericiliyə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir və iddiaçının əmək kitabçasında həmin dövrlərdə sözügedən müəssisədə çalışdığı qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının 20 ildən çox ümumi, 10 ildən artıq güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərdə iş stajı mövcuddur ki, bu da onun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Göstərilənlərə və İPM-in 14.3-cü maddəsinə, «İnzibati icraat haqqında» Qanunun 19.1, 24.1-ci maddələrinə, «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2, 9.1, 9.8, 21.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarına əsaslanaraq, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 13 avqust 2021-ci il tarixli məktubunda bildirilir ki, İddiaçı iddia tələbi təmin edilməməlidir. İddiaçı Mərkəzi Filiala iddia ərizəsi ilə eyni məzmunlu ərizə ilə müraciət etmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş «Vətəndaşların pensiya təminatı haqqında» Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, X3 qərarlarını, X3 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun qeyd edilən maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericilikdə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər dövlət fəaliyyət müddətləri sığorta stajına qanunvericliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta stajına məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə daxil edilir. İddiaçının DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmiş ******* nömrəli əmək kitabçasında və "xxxx" ASC-nin 6 noyabr 2019-cu il tarixli arayışında onun 4 sentyabr 1978-ci il tarixdən 14 dekabr 2017-ci il tarixədək dövr ərzində adıçəkilən müəssisədə işləməsi, eyni zamanda 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək və 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək olan dövrlər ərzində ödənişsiz məzuniyyətdə olması qeyd edilmişdir. Bundan başqa, adıçəkilən müəssisədəki iş stajına aid olan sənədlərdə qeyd edilən məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı onun (iddiaçının) 24 iyul 1985-ci il tarixdən 2 iyul 1986-cı il tarixədək, 12 noyabr 1987-ci il tarixdən 31 oktyabr 1989-cu il tarixədək, 5 fevral 1990-cı il tarixdən 14 iyul 1990-cı il tarixədək, 10 yanvar 1991-ci il tarixdən 6 iyul 1992-ci il tarixədək, 11 aprel 1994-cü il tarixdən 31 avqust 1994-cü il tarixədək olan dövrlər ərzində (ümumilikdə 5 il 1 ay 19 gün) analıq məzuniyyətində olması müəyyən edilmiş, 1994 – 2006-cı illər arasındakı dövr ərzində həmin müəssisədə işləməsini təsdiq edən müvafiq sənədlər (əmr kitabları, əmək haqqı cədvəlləri) aşkar olunmamışdır. Qanunvericiliklə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək stajına aid edilmədiyi üçün, onun ümumi iş stajına daxil etmək mümkün deyil. Buna görə də, iddiaçının ümumi iş stajı 20 ildən az, yəni 10 il 10 ay 8 gün, güzəştli iş stajı isə, 10 ildən az, yəni 2 il 7 ay 11 gün təşkil edir. Göstərilən faktlar "xxxx" ASC tərəfindən 22 iyun 2020ci il tarixli aktda təsdiqlənmişdir. İddia tələbində qeyd edilən pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirilir ki, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair 8 oktyabr 2020-ci il tarixli qərardadında qeyd olunur ki, «Əmək pensiyaları haqqında» Qanunun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ hətta 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qeyd olunanalara əsaslanaraq, İddiaçı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazda göstərilənləri təsdiqlədi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda (İPM-in 8.1.1 – 8.1.3-1-ci maddələrindən başqa) iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 58.7-ci maddəsinə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Binəqədi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçının müvafiq müraciəti üzrə qaldlırılan məsələnin həllindən imtina etdiyindən, tərəflər arasında inzibati mübahisə mövcuddur. Məhkəmə iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən digər mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) də qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq cavabdeh inzibati orqanın yerləşdiyi yer (Bakı şəhərinin Binəqədi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. Nəzərə alınmalıdır ki, iddia ərizəsi məhkəmənin icraatına 1 oktyabr 2021-ci il tarixdən əvvəlki dövrdə daxil olduğundan, İPM-in 8.1.2-ci maddəsinin həmin tarixdən sonrakı dövrdə qüvvədə olan tələbləri hazırkı işə münasibətdə tətbiq edilmir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakıları diqqətə çəkir: İş materiallarında olan AZE seriyalı 08203620 nömrəli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı 5 dekabr 1960-cı il tarixdə doğulmuşdur və hazırda onun yaşayış yeri Sumqayıt şəhəri, məhəllə 48, ev 8B, mənzil 36-dır. İş materiallarında olan D067860 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1 aprel 1978-ci il tarixdə Sumqayıt Alüminium Zavodunda Metalyayma və xalq istehlakı malları sexinin laboratoriyasına 5-ci dərəcə ilə fotolaborant peşəsinə işə qəbul edilmiş, 1 avqust 1988-ci il tarixdən Mərkəzi zavod laboratoriyasına 4-cü dərəcəli kimyəvi laborant vəzifəsinə keçirilmiş, 1 avqust 1993-cü il tarixdə 4-cü dərəcə 5-ci dərəcə ilə əvəz edilmiş, 21 aprel 2008-ci il tarixdə Kimyəvi analiz bölməsinin laborantı kimi əmək fəaliyyətini davam etdirmiş, 14 dekabr 2017-ci il tarixədək həmin vəzifədə işləmiş və sonuncu qeyd olunan tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 6 noyabr 2019-cu il tarixli 15 nömrəli arayışında qeyd olunur ki, İddiaçı "xxxx" ASC-nin (keçmiş Sumqayıt Alüminium Zavodu) aşağıdakı peşələrində güzəştli şərtlərlə işləmişdir: 1 avqust 1988-ci il tarixdən 31 mart 2001-ci il tarixədək kimyəvi analiz laborantı (Siyahı 2, bölmə Xİ, yarımbölmə 11a, ftor turşusunun və onun duzlarının istehsalı, kod 2091300a – 13321); 22 yanvar 2003-cü il tarixdən 23 yanvar 2007-ci il tarixədək (Siyahı 2, bölmə Xİ, yarımbölmə 11a, ftor turşusunun və onun duzlarının istehsalı, kod 2091300a – 13321); 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək və 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. İş materiallarında olan "xxxx"ASC-nin 21 yanvar 2020-ci il tarixli 01-10 nömrəli arxiv arayışında qeyd olunur ki, İddiaçı 4 sentyabr 1978-ci il tarixdən 1 avqust 1988-ci il tarixədək Metalyayma və xalq istehlakı malları sexində 5-ci dərəcə foto-laborant, 1 avqust 1988-ci il tarixdən 1 avqust 1993-cü il tarixədək Mərkəzi Zavod Laboratoriyasında 4-cü dərəcə kimyəvi analiz laborantı vəzifələrində işləmiş, 1 avqust 1993-cü il tarixdə 5-ci dərəcə kimyəvi analiz laborantı vəzifəsinə keçirilmiş, 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək və 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuş, 14 dekabr 2017-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə iş üzrə yaranmış zərurətlə əlaqədar olaraq, İddiaçı "xxxx" ASC-də (və ya onun hüquqi varisi olduğu qurumda) işləməsini təsdiq edən əmrlərin surətlərinin və bu barədə əmrlər kitabından çıxarışların məhkəməyə təqdim olunması ilə bağlı "xxxx" ASC-yə 1 mart 2022-ci il tarixli məktub ünvanlamışdır. "xxxx" ASC-nin müvafiq sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış 4 may 2022-ci il tarixli məktubunda qeyd olunur ki, İddiaçı 4 sentyabr 1978-ci il tarixdən 31 mart 2001-ci il tarixədək, 22 yanvar 2003-cü il tarixdən 1 aprel 2009-cu il tarixədək Sumqayıt “Alüminium” İstehsalat Sahəsində işləmişdir. 1 aprel 2001-ci il tarixdən 23 yanvar 2003-cü il tarixədək, 1 aprel 2009-cu il tarixdən 14 dekabr 2017-ci il tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Həmin məktuba əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı adı “Sumqayıtəlvanmetal” İstehsalat Birliyinin 30 iyul 1993cü il tarixli 179-k saylı (işçilərin vəzifələrinin dərəcəsinin artırılması barədə) əmrində göstərilmiş, eləcə də o, "xxxx" ASC-nin Sumqayıt “Alüminium” İstehsalat Sahəsi üzrə 14 dekabr 2017-ci il tarixli 84-k saylı əmri ilə ödənişsiz məzuniyyətdən geri çağırılmış və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan sübutlar əsasında aparılmış məhkəmə icraatında müəyyən edilir ki, İddiaçı 5 dekabr 1960-cı il tarixdə doğulmuşdur, 2006-cı ilin yanvar ayının 1-dək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən “kimyəvi analiz laborantı (ftor turşusunun və onun duzlarının istehsalı sahəsində)” peşəsində çalışmışdır və həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın “Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsində 2091300a – 13321 kodu ilə nəzərdə tutulmuşdur (bu barədə müvafiq arayış iş materiallarında mövcuddur və bu, işin mübahisə olunmayan hallaarına aiddir). Həmçinin o, 2006-cı ilin 1 yanvar tarixədək 20 ildən artıq sığorta stajı toplamışdır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəsi Filialına müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsi imtinaya səbəb kimi, onun 1985 – 1986, 1987 – 1989, 1990, 1991 – 1992, 1994-cü illərdə ümumilikdə 5 il 1 ay 19 gün ödənişsiz məzuniyyətdə olduğu və həmin dövrdlərin ümumi staja daxil edilmədiyini, eləcə də 1994 – 2006-cı illərdə "xxxx" ASC-də işlədiyi təsdiq edən sənədlərin aşkar olunmasını əsas gətirmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir, ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsini tələb edir. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinin 1 iyul 2022-ci il tarixdən qüvvədə olan tələblərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə qadınlar 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “Vİİİ. Metallurgiya istehsalatı (əlvan metallar)” bölməsinin (11a) bəndində “ftor turşusunun və onun duzlarının istehsalı sahəsində kimyəvi analiz laborantı” peşəsi 2091300a – 13321 kodu ilə göstərilmişdir. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək azı 20 il ümumi iş stajına, o cümlədən azı 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik qadınlar 52 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Məhkəmə vurğulayır ki, iddiaçının əmək münasibətlərinin yarandığı dövrdə və hazırda qüvvədə olan qanunvericilik normaları əmək məzuniyyətinin növləri sırasında “ödənişli məzuniyyəti” də nəzərdə tutmaqla məzuniyyət müddətini mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin əmək stajına, həmçinin ixtisası üzrə stajına aid edir. Bu qənaət ondan irəli gəlir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 111-ci maddəsinin birinci hissəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda orta əmək haqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir. Həmin Məcəllənin 112-ci maddəsinin 1-ci hissəsinə görə işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: a) əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyəti; b) sosial məzuniyyət; c) təhsilini davam etdirmək və elmi yaradıcılıqla məşğul olmaq üçün verilən təhsil və yaradıcılıq məzuniyyəti; ç) ödənişsiz məzuniyyət. «Məzuniyyətlər haqqında» Azərbaycan Respublikasının 19 iyul 1994-cü il tarixli Qanununun (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə 1 iyul 1999-cu il tarixdən qüvvədən düşmüşdür) 2-ci maddəsinə görə məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, habelə qanunda nəzərdə tutulan hallarda orta aylıq əmək haqqı saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisası üzrə) daxil edilir. Həmin Qanunun 3-cü maddəsinə görə işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri; anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər; ödənişsiz məzuniyyətlər. Həmin Qanunun 14cü maddəsinin 2-ci ikinci hissəsinə görə uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Bundan başqa, mövcud məhkəmə praktikası və bununla bağlı formalaşmış inzibati praktika ondan ibarətdir ki, əmək pensiyasının təyinatında onun 1 yanvar 2006-cı il tarixədək əmək fəaliyyətinin qarşılıqlı yoxlamasının hər hansı səbəbdən, məsələn şəxsin işlədiyi müəssisədə əmək haqqı cədvəllərinin aşkar edilməməsinə görə baş tutmaması onun təqsiri ilə bağlı olmayan haldır və hətta mövcudluğu təsdiq olunsa belə, bu hal özlüyündə qanunvericiliklə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən xüsusat kimi təsbit edilməmişdir. Eləcə də, əmək kitabçasında əks olunmuş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması həmin əmək kitabçasının məxsus olduğu şəxs kimi iddiaçının iradəsi ilə əlaqədar hallarla əlaqədar olmadığından, onun üçün hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda əmək kitabçasındakı qeydlər üzrə məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır və belə mübahisə cavabdeh inzibati orqan tərəfindən qaldırıldığından, həmin məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür (İPM-in 14.3-cü maddəsi). Çünki, «İnzibati icraat haqqında» Qanunun 15 və 19-cu maddələri müvafiq sənədlərdə, hazırkı iş üzrə əmək kitabçasında olan məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən inzibati orqan isə, öz mövqeyini əsaslandırmaq, daha dəqiqi desək sübut etmək yükü daşıyır. Qeyd olunanlara, o cümlədən 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 67, 69-cu maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə hesab edir ki, cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı əmək kitabçasında əks olunmuş dövrlərin, o cümlədən "xxxx" ASC-də ödənişsiz məzuniyyətdə olduğu və digər dövrlərin sığorta stajına daxil edilməməsi qanunun, o cümlədən «İnzibati icraat haqqında» Qanunun 12, 13, 15 və 19-cu maddələrinin tələblərinə ziddir. Belə olan halda, məhkəmə icraatında 5 dekabr 2012-ci il tarixdə 52 yaşı tamam olan hazırkı iddiaçının 1 yanvar 2006-cı il tarixədək 20 ildən artıq ümumi staja, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahı üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə 10 ildən artıq staja malik olması müəyyən edilir. Odur ki, məhkəmənin qənaətinə görə İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “ödənişsiz məzuniyyətdıə olduğu dövrün sığorta stajına daxiul edilməməsi və müəssisədəı işləməsini təsdiq edən əlavə sənədlərin aşkar olunmaması” səbəbi ilə imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçıya 52 yaşdan (5 dekabr 2012-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddia tələbində göstərilən keçmiş dövr üzrə ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsinə gəldikdə isə, məhkəmə vurğulayır ki, iddiaçı cavabdeh inzibati orqana 18 fevral 2021ci il tarixdə (imtina barədə 21 sentyabr 2021-ci il tarixli məktubdan görünür) müraciət etdiyindən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən iddiaçıya ödənilməyən pensiya məbləğinin 18 fevral 2018-ci il tarixdən sonrakı dövrə, yəni müraciət tarixindən əvvəlki son son üç ilə aid hissəsi ödənilməlidir. Nəzərə alınmalıdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Eləcə də, həmin Qanunun 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin 18 fevral 2018-ci il tarixdən sonrakı dövrə aid hissəsinin “ümumi məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 52, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. İddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin 18 fevral 2018-ci il tarixdən sonrakı dövrə aid hissəsinin “ümumi məbləğ ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə” ödənilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar