Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1154/2023 06.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı «əmlak vergisi üzrə borcun hesablanması haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı «əmlak vergisi üzrə borcun hesablanması haqqında qərarın ləğv edilməsi və borcun əvəzləşdirilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri, Səbail rayonu, Məmməd Əfəndiyev küçəsi 7 saylı binanın 17, 20 və 21 saylı mənzilləri tam mülkiyyət hüququ əsasında iddiaçı X1 məxsusdur və bu barədə MH seriyalı ******* saylı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış” verilmişdir. Həmin mənzillər iddiaçı tərəfindən 2001-ci ildə alqı-satqı yolu ilə müxtəlif vətəndaşlardan alınmışdır. Mənzillərin onun mülkiyyətinə keçməsindən sonra qanunvericilik aktlarında nəzərdə tutulan bütün vergiləri, kommunal ödənişləri iddiaçı vaxtlı-vaxtında ödəmişdir. 25 fevral 2022-ci il tarixdə Bələdiyyənin əməkdaşı iddiaçıya bildirmişdir ki, onun bələdiyyəyə 975 manat vaxtı keçmiş əmlak vergi borcu var və bu borcun ödənilməsi xahiş olunur. İddiaçı həmin gün sözügedən vergi ödənişləri ilə bağlı qanunvericilik aktlarındakı normalara diqqət yetirmiş və məlum olmuşdur ki, Səbail Bələdiyyəsi uzun illərdir ki, ondan artıq vergi almışdır. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1-ci maddəsinə görə fiziki şəxslər binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər: (198.1.1) onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə). Həmin maddənin təsviri hissəsindən də göründüyü kimi, mənzilin 30 kv.m sahəsindən artıq hissəsinə vergi hesablanmalıdır, eyni zamanda «Yerli (bələdiyyə) vergi və ödənişlərin hesablanması, ödənilməsi və uçotu ilə bağlı metodiki vəsait»in 4.4-cü bəndində bu öz əksini tapmışdır: Fiziki şəxslərin mülkiyyətində olan binaya görə əmlak vergisi onun yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən binanın sahəsinin hər kvadratmetrinə görə hesablanır. Fiziki şəxsin bir neçə yaşayış sahəsi olduqda, vergiyə cəlb olunmayan 30 kv.m yaşayış sahələrinin hər birindən çıxılır. Mənzil Məcəlləsinin 12-ci maddəsinə əsasən yaşayış sahəsi – Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahədir. Yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Əmlak vergisinin hesablanması zamanı «Yerli (bələdiyyə) büdcəyə əmlak vergisinin hesablanması forması»ndan və «Yerli (bələdiyyə) büdcəyə əmlak vergisinin hesablanması formasının tərtib edilməsi qaydası»ndan istifadə olunur. Əmlak vergisinin hesablanmasına dair misallar: Misal 10. Fiziki şəxsin Bakı şəhərində Əl Oyunları stadionunun yaxınlığında Mikayıl Hüseynov prospektində yerləşən çoxmənzilli binada sahəsi 140 kv.m olan və Zığ qəsəbəsində sahəsi 60 kv.m olan yaşayış sahələri vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsalların təsdiq edilməsi barədə” qərarında Mikayıl Hüseynov prospektində Əl Oyunları stadionunun yaxınlığındakı yer 1-ci zonaya (zona əmsalı 1,5), Zığ qəsəbəsi 11-ci zonaya (zona əmsalı 0,75) aid edilmişdir. Həmin mənzillərə görə əmlak vergisi vergiyə cəlb olunmayan 30 kv.metr nəzərə alınmaqla aşağıdakı kimi hesablanır: 1ci mənzil üzrə (140-30) x 0,4 x 1,5 = 66 manat; 2-ci mənzil üzrə (60-30) x 0,4 x 0,75 = 9 manat; cəmi 66 + 9 = 75 manat. Eyni zamanda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 193.3-cü maddəsinə əsasən pensiya alan şəxslərə əmlak vergisi ödəməsində 30 manat güzəşt edilir: 199.3. Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla, bu Məcəllənin 102.2-ci maddəsində göstərilən şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır. Bundan əlavə, iddiaçının mənzillərinin çardaq (mansard) hissəsinə də vergi hesablanmışdır. Halbuki, heç bir normativ aktda mənzillərin çardaq hissəsinə vergi hesablanması nəzərdə tutulmamışdır. İddiaçı bunları aydınlaşdırdıqdan sonra Səbail Bələdiyəsinə mənzillərə aid bütün sənədləri təqdim edərək, ondan alınan artıq vergilərlə olan vergi borcunun əvəzləşdirilməsini xahiş etmişdir. 12 aprel 2022-ci il tarixdə Səbail Bələdiyyəsi tərəfindən onun adına tarix göstərilməyən, nömrəsiz xəbərdarlıq və **********113 saylı tədiyə bildirişi daxil olaraq ondan 745.47 manat ötən dövrlər üzrə vergi borcu, 229.60 manat ona hesablanmış faiz məbləği və 2022-ci il üzrə 248.49 manat vergi borcunun ödənilməsi tələb edilmişdir. 10 may 2022-ci il tarixdə iddiaçının adına Səbail rayonu İcra şöbəsi tərəfindən könüllü icra haqqında 25 aprel 2022-ci il tarixli 90631/2022- 16-15-003 saylı qərar-bildiriş və Səbail Bələdiyyəsinin 12 aprel 2022-ci il tarixli 6 saylı protokol qərarı “inzibati aktı” daxil olmuşdur. İddiaçıya tədiyə bildirişi göndərildiyi 12 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasınınm «İnzibati icraat haqqında» Qanununa və Vergi Məcəlləsinə əsasən toplantı keçirib verginin məcburi tutulması haqqında qərar qəbul edilməsini iddiaçı düzgün hesab etmir. Belə ki, 2022-ci ilə hesablanmış verginin birinci hissə 15 avqust 2022-ci il, ikinci hissə 15 noyabr 2022-ci il tarixləri olmaqla ödənilməsi qanunvericilik aktlarında nəzərdə tutulmasına baxmayaraq əvvəlcədən tələb edilə bilməz. Vergi Məcəlləsinin 200.5-ci maddəsnə görə cari il üçün verginin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Protokolun tərtibi zamanı ona məxsus mənzillərin nömrələrinin 17, 20, 21 olmasına baxmayaraq 1, 20, 22 kimi göstərilmiş və bu formada da icra şöbəsinə göndərilmişdir. Heç bir əvəzləşdirmə aparılmadan, əvvəlki iki ilin hər ilinə görə 372,74 manat vergi hesablanmışdır. Göründüyü kimi, vergi hesablanması zamanı heç bir güzəşt nəzərə ahnmamışdır. Halbuki, 2022-ci ilə hesablanan vergi borcu 278,90 manatdan 30 manat güzəşt (pensiyaçı olduğuna görə) çıxılaraq 248.49 manat hesablanmışdır. Göründüyü kimi, əvvəlki illərdə hər il iddiaçıdan 100 manat artıq vergi alınmışdır. Eyni zamanda, artıq hesablanan vergi məbləğinə cərimə faizləri də hesablanmışdır. Keçmiş illərə görə hesablanan vergi borcuna görə idduaçıya cərimə hesablana bilməz, ona görə ki, verginin hesablanması və tədiyə bildirişinin vaxtlı-vaxtında vergi ödəyicisinə çatdırılması və ödənişin tələb edilməsi yerli bələdiyyə orqanlarının vəzifəsidir ki, bu vəzifəni Səbail Bələdiyyəsi vaxtında yerinə yetirməmişdir. Göstərilənlərə əsaslanaraq və İPM-in 2, 122-ci maddələrini, «İnzibati İcraat haqqında» Azərbaycan Respublikası Qanununun 89.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən Səbail Bələdiyəsinin 6 saylı 12 aprel 2022-ci il tarixli inzibati aktının (protokolunun) ləğv edilməsi və əvvəlki illərdə iddiaçıdan artıq tutulmuş vergi məbləğinin cari vergi borcu ilə əvəzləşdirilməsi haqqında qərar qəbul edilməsi xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Məhkəmənin qərardadı ilə iddia «əmlak vergisi üzrə borcun əvəzləşdirilməsi» hissəsində mümkün sayılmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin nümayəndəsi X4 iddianın əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinə qarşı «əmlak vergisi üzrə borcun hesablanması haqqında qərarın ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən aşağıdakılar icra sənədləri sayılır: (6.1.8) Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar. İşin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, iddiaçıya Bakı şəhəri Səbail rayon İcra şöbəsinin bildirişi və icraata başlanmaq haqqında qərarı göndərildikdən sonra ona hazırkı cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinin 12 aprel 2022-ci il tarixli 6 saylı protokol qərarı ilə 1.223,56 manat əmlak vergisinin hesablanması və protokol icra sənədi kimi qəbul edilərək onun əsasında da 25 aprel 2022-ci il tarixdə icraata başlanmaq haqqında qərar qəbul olunması məlum olmuşdur. Məhkəmə qeyd edir ki, icra məmuru tərəfindən əsas götürülməklə icraata başlanmaq haqqında qərar qəbul olunmaqla borclu – maraqlı şəxs qismində İddiaçı üçün hüquqi nəticə yaratdığından, habelə inzibati aktın digər səciyyəvi əlamətlərini özündə əks etdirdiyindən, Səbail Bələdiyyəsinin 12 aprel 2022-ci il tarixli 6 saylı protokolu – qərarı əlverişsiz inzibati akt qismində qəbul olunur və bütün nümkünlük şərtləri (o cümlədən, iddia müddəti buraxılmamış sayılılır) ödənildiyindən, həmin qərarın ləğv edilməsi barədə hazırkı iddia mümkün iddia kimi qiymətləndirilir. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə aşağıdakı qanunvericilik normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 21-ci maddəsinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 37.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi (maraqlı) şəxs inzibati icraatda şəxsən iştirak edə bilər və yaxud nümayəndə vasitəsilə təmsil oluna bilər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 51.2-ci maddəsinə əsasən bu Qanunun 51.1-ci maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. Həmin Qanunun 51.5-ci maddəsinə əsasən inzibati icraatla bağlı iclasa vaxtında gəlmək və iş üzrə hazırlaşmaq üçün işdə iştirak edən şəxslərin sərəncamında kifayət qədər vaxt olmalıdır. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8.1-ci maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi, bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. Həmin Məcəllənin 196-cı maddəsinə görə bu Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1-ci maddəsinə əsasən aşağıdakılar vergitutma obyekti sayılır: (197.1.1) Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin, həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri. Həmin Məcəllənin 198.1.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə – onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kv.m-ə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunmaqla (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə) ödəyirlər. Həmin maddədə göstərilən cədvəldə Bakı şəhəri üzrə fiziki şəxsin xüsusi mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinə 0,4 manatla vergi dərəcəsi müəyyən olunmuşdur. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Həmin Məcəllənin 200.4-cü maddəsinə görə bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Həmin Məcəllənin 200.5-ci maddəsinə görə cari il üçün verginin məbləği bərabər hissələrlə – həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə hazırkı icraatda tədqiq edilmiş sübutlar və tərəflərin dəlilləri əsasında müəyyən edilmiş aşağıdakı xüsusatları diqqətə çəkir: - mübahisələndirilən 12 aprel 2022-ci il tarixli 6 nömrəli qərarın qəbulu üzrə inzibati icraatda maraqlı şəxs kimi hazırkı iddiaçıya rəsmi məlumat verilməsinə, onun həmin qərarın qəbulu üzrə icraat materialları ilə tanış (vaxtında) olmasına dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır, telefon vasitəsilə iddiaçıya məlumat verilməsi isə, mötəbər sübutlarla təsdiqlənmir. Odur ki, inzibati icraatda inzibati orqan Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən «İnzibati icraat haqqında» Qanunun 21, 24, 25, 51.1-ci maddələrinin, eləcə də «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.4 – 5.6-cı bəndlərinin tələbləri pozulmuşdur; - vergi ödəyicisi kimi hazırkı iddiaçıya münasibətdə əlverişsiz inzibati akt olan 12 aprel 202ü-ci il tarixli 6 nömrəli qərar onu qəbul edən inzibati orqan Bakı şəhəri Səbail Bələdiyyəsi tərəfindən aydın və tam şəkildə əsaslandırılmamışdır. Qərarda İddiaçı əmlak vergisi hesablansa da, hazırkı məhkəmə icraatında ayrı-ayrı dövrlər üzrə həmin verginin ödənilməsi ilə bağlı bələdiyyə tərəfindən müvafiq tarixlərdə (avqust ayının 1-dən gec olmayaraq) tədiyə bildirişlərinin vergi ödəyicisi kimi iddiaçıya çatdırılması təsdiqini tapmır. Bununla da, cavabdeh tərəfindən «İnzibati icraat haqqında» Qanunun 61.1-ci maddəsinin tələbləri pozulmuşdur; - mübahisələndirilən 12 aprel 2022-ci il tarixli 6 nömrəli qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul olunmamalıdır. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fizki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. Sadalananlar belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh inzibati orqan müvafiq inzibati icraatı apararkən iş üçün əhəmiyyət kəsb edən, xüsusilə də maraqlı şəxs kimi İddiaçı xeyrinə olan halların araşdırılmasını, eləcə də iddiaçının (özünün və ya nümayəndəsi vasitəsilə) dinlənilməsini, müvafiq qaydada məlumatlandırılmasını təmin etməmişdir. Halbuki, sadalalan nöqsanlı xüsusatlar mövcud olmadığı halda, inzibati icraat fərqli nəticə verə bilərdi. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinin 12 aprel 2022-ci il tarixli 6 saylı qərarı qanuna zidd sayılmalı və qərarın qəbulu İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bununla belə məhkəmə vurğulayır ki, mübahisə predmeti olan 12 aprel 2022-ci il tarixli 6 nömrəli qərarın qanunsuz sayılması, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, eyni zamanda vergiyə cəlb olunma ilə bağlı qanunla müəyyən edilmiş müddətlərə əməl edilməklə hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar yenidən inzibati icraatın aparılmasına maneə deyil. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilməli və cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinin 12 aprel 2022-ci il tarixli 6 saylı qərarı ləğv edilməlidir. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Səbail Bələdiyyəsinin 12 aprel 2022-ci il tarixli 6 saylı qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1154/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1154/2023
06.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver