Məhkəmə qərarları › İş №2-1(112)-1154/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1154/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1154/2024 26.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: iddiaçı İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin layihəyə uyğun mülkiyyət hüququnun iddiaçının adına dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, çıxarışa əsasən Hicran Hasilov küçəsi 164 ünvanda yerləşən qeyri-yaşayış binası və torpaq sahəsi onun istifadəsindədir. Xəzər Rayon İcra Hakimiyyətinin sərəncamı əsasında ticarət obyekti kimi istifadə edilmə ilə əlaqədar ona ayrılmışdır. Tikilinin rekonstruksiya olunaraq layihə əsasında ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir. Cavabdehə aidiyyəti sənədlərlə müraciət edilmiş, lakin müraciətin təminindən imtina edilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, sözügedən ticarət obyektinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən də müraciətin təmin edilməsi mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 0,0358 ha torpaq sahəsinə icarə hüququ müqavilə əsasında iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. İmtina məktubunda qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. İcarə müqaviləsindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış binasının yerləşdiyi 358 kv.m torpaq sahəsi icarə əsasında iddiaçının istifadəsinə verilmişdir. Müqavilədən görünür ki, torpaq sahəsində tikinti norma və qaydalara uyğun olaraq tikinti işlərini aparmaq hüquq kimi müəyyən edilmişdir. İcarəyə verilmiş torpq sahəsinin təyinatı üzrə istifadəsində və müqavilənin şərtlərinə əməl olunmasına nəzarət etmək icarəyə verənin vəzifəsi kimi göstərilmişdir. Ticarət obyektinin layihə sənədindən görünür ki, tərtib edilmiş həmin texniki sənəd yerli icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmişdir. Sərəncamdan görünür ki, hazırda iddiaçının istifadəsində olan Binə qəsəbəsində yerləşən torpaq sahəsində mövcud tikilinin rekonstruskiya olunaraq layihə əsasında ticarət obyekti kimi i istifadəsinə verilməsinə icazə verilmişdir. Eləcə də, həmin ticarət obyektinin inventarizasiya olunaraq iddiaçının adına çıxarış və texniki sənədlərin veirlməsi üçün cavabdehə müraciət edilməsi barədə bənd də sərəncama əlavə edilmişdir. FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Azərdövlətlayihə İnstitutu tərəfindən tərtib edilmiş qeyri-yaşayış binaısnın layihəyə uyğunluğu barəsində texniki rəydən görünür ki, ümumi sahəsi 67,65 kv.m kimi göstərilmiş 1 mərtəbəli qeyri-yaşayış sahəsinin layihəyə uyğunluğu təsbit edilmişdir. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubunda qeyd edilmişdir ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən elektron qaydada Komitəyə göndərilmiş müraciətlə əlaqədar olaraq qeyri-yaşayış binasının istismarına icazə verilməsi məqsədəuyğun hesab edilməmişdir. Belə ki, cavabdeh tərəfindən tərtib edilmiş yerquruluşu planı əsasında Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin məlumatına əsasən obyekt vətəndaşların ümumi istifadəsi və asudə vaxtlarının səmərləri təşkili üçün nəzərdə tutulan ərazidə yerləşir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Cavabdehin mülkiyyət hüququnun qeydiyyata alınmasının imtina əsaslarından görünür ki, cavabdeh qeyri-yaşayış sahəsi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququnun qeydiyyatan keçirilməsi üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respbublikası Qanunda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini bildirir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlaka dair çıxarışın verilməsinə maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Daşınmaz əmlaka dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qeyd olunan normaların tələbləri baxımından da məhkəmə hesab edir ki, iddiaçı adıçəkilən hüquqmüəyyənedici sənədlərə malik olmuşdur. İlkin olaraq torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədin mövcud olmasına münasibətdə iş materiallarında olan çıxarışdan da göründüyü kimi obyektin yerləşdiyi torpaq sahəsi cavabdehin üst qurumu olan Əmlak Məsələləri Dövlət Xidməti ilə bağlanılmış icarə müqaviləsi əsasında onun adına dövlət qeydiyyatına alınmışdır. Müqavilənin şərtlərindən də göründüyü kimi onun icarəsinə verilən 358 kv.m torpaq sahəsi məhz onun istifadəsində olan hazırda mülkiyyət hüquqları dövlət qeydiyyatına alınması xahiş edilən qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsi kimi həmin əsasla məhz onun istifadəsinə verilmişdir. Tikintiyə icazənin barədə sənədin olmasına münasibətdə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yerli icra hakimiyyəti orqanı tərəfindən onsuz da əvvəldən mövcud olmuş tikilinin rekonstruksiya olunaraq layihə əsasında ticarət obyekti kimi istifadə olunmasına, yəni mövcud tikilinin sənədləşdirilməsinə icazə verilməsi barədə sərəncam qəbul edilmişdir ki, məhkəmə hesab edir ki, tikintiyə inzibati orqanın icazə verilməsinə dair sənədin təqdim edilməsinin məqsədləri baxımından, həmin sərəncam məhz tikintiyə icazə sərəncamı xarakteri daşıyır. Belə ki, tikintiyə icazə sərəncamı hər nə qədər ticarət obyekti tikilənədək verilməli olan sənəd olsa da, nə qədər ki, tikili tikilmiş və yerli icra hakimiyyəti orqanı tərəfindən də həmin tikilinin istifadəsinə icazə verilmişdir, həmin sənəd də tikintiyə icazə xarakteri daşımaqla cavabdehin nəzərə almalı olduğu hüquqmüəyyənedici sənədlərdən biridir. Tikintiyə dair layihə ilə bağlı da, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən tikintinin layihəsi tərtib edilmiş, yerli icra hakimiyyəti orqanı tərəfindən də təsdiq edilmiş, eləcə də tikilinin layihəyə uyğunluğu barədə FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Azərdövlətlayihə İnstitutu tərəfindən də rəy tərtib edilmişdir ki, həmin layihə sənədlərinin cavabdeh tərəfindən hüquqmüəyyənedici sənəd qismində nəzərə alınmamasını məhkəmə qanuna uyğun hesab etmir. Qeyd olunmalıdır ki, cavabdeh imtinasında layihə sənədi və tikintiyə icazənin rayon icra hakimiyyəti yox, şəhər icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilməli və verilməli olmasına istinad edir ki, məhkəmə hesab edir ki, həmin imtina dəlilləri inzibati icraatla bağlı qanunvericiliyin tələbləri ilə zidiyyət təşkil edir. Belə ki, X.Miratayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, Xəzər Rayon İcra Hakimiyyəti tikintiyə icazənin verilməsində və layihənin təsdiq edilməsində özünü səlahiyyətli saymış, qəbul etdiyi sərəncam və layihə sənədləri məhkəmə və üst qurumu tərəfindən ləğv edilməmişdir və qüvvədədir, həmin hüquqmüəyyənedici sənədlərin mötəbərliyinə şübhə mövcud olmamaqla, iddiaçının həmin hüquqmüəyyənedici sənədlərə etimad hüququ qorunmalıdır. Belə ki, inzibati orqan iddiaçının müraciəti əsasında tikintiyə icazənin verilməsini, layihənin təsdiq edilməsini Bakı Şəhər İcra Hakimiyyətinə həyata keçirilməsi üçün göndərməmiş, özünü inzibati orqan kimi səlahiyyətli sayaraq sərəncam vermiş və layihəni təsdiq etmişdir ki, məhkəmə hesab edir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatını həyata keçirməli olan orqan da , həmin sənədlərin ləğv edilməməsi, qüvvəsini saxlaması, iddiaçının etimad hüququnun mövcudluğu da nəzərə alınmaqla əlverişli inzibati akt və ya faktiki xarakterli hərəkət olmasını əsas götürməklə hüquqların dövlət qeydiyyatını həyata keçirməlidir. Bundan əlavə, istismara icazənin olmaması, eləcə də obyektin yaşıllıq ərazidə yerləşməsinə münasibətdə də cavabdehin və tikintinin istismarını həyata keçirməyən orqanın hərəkətlərinin inzibati icraatla bağlı qanunvericiliyin tələblərini pozması, formal əsaslardan çıxış edərək mülkiyyət hüququ kimi konstitusion hüququ pozması aşkar müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, istismara icazənin verilməsindən imtina yeganə əsası onunla bağlı olmuşdur ki, adıçəkilən əmlakın yerləşdiyi torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsindədir. Cavabdeh də imtina dəlillərindən biri kimi əmlakın yaşıllıq ərazisində olmasına istinad etmişdir. İstismara icazənin verilməsindən imtina barədə məktubdan görünür ki, həmin imtina əsası cavabdeh tərəfindən tərtib edilmiş yerquruluşu planına uyğun olaraq Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin məlumatına əsasında həyata keçirilmişdir. Halbuki, nəzərə alınmamışdır ki, ümumi istifadədə olduğu, yaşıllıq ərazidə olduğu, digər vətəndaşların asudə vaxtlarının səmərəli təşkili üçün nəzərdə tutulmuş ərazidə olduğu göstərilən obyektin yerləşdiyi həmin torpaq sahəsi cavabdehin üst qurumu tərəfindən verilmiş müqavilə əsasında iddiaçının istifadəsinə verilmişdir. Göründüyü kimi inzibati orqan kimi cavabdehin üst qurumu bir tərəfdən torpaq sahəsini iddiaçının icarəsinə verməklə, ondan əmlakın yerləşdiyi torpaq sahəsindən istifadə ilə bağlı icarə haqqı tələb edir və müqavilə üzrə öhdəliklər müəyyən etməklə, torpaqdan istifadə üçün təminat verir. Cavabdeh isə digər tərəfdən həmin torpaq sahəsinin yaşıllıq ərazisi olması kimi, eləcə də istismara icazədən imtina üçün əsas qismində ümumi istifadədə olması kimi mövqe nümayiş etdirir. Halbuki, istismara icazənin verilməsi barədə icraat zamanı yerquruluşu planı tərtib edilərkən də cavabdeh nəzərə almalı idi ki, ümumi istifadədə olduğu qeyd edilən torpaq sahəsini iddiaçıya digər bir qurum yox, cavabdehin üst qurumu olan Əmlak Məsələləri Dövlət Xidməti ayırmışdır ki, həmin müqavilənin, eləcə də həmin müqavilə əsasında iddiaçının adına tərtib edilmiş çıxarışın ləğv edilməsi görünmür. Hazırkı işin faktiki halları isə təsdiq edir ki, qeyd olunan imtina əsaslarından heç bir mövcud deyil. Həmin hallar mövcud deyilsə, deməli imtina qanunsuzdur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Məhkəmə hesab edir ki, hazırkı qərar Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1464/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli, 2-1(102)-982/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-57/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 2-1(102)-843/2023 saylı iş üzrə qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarları ilə formalaşdırılmış məhkəmə təcrübəsinə uyğundur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində layihəyə uyğun olaraq İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar