Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11540/2023 05.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X2 ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Z00030362NTM saylı Forma 88 üzrə imtina qərarının ləğv edilməsi və əlillik dərəcəsinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı avtomobil qəzası və bədbəxt hadisə nəticəsində dəfələrlə əməliyyat olmuş, sonuncu dəfə xx.xx.2018-ci ildə Daxili İşlər Nazirliyinin A.Heydərov adına Respublika Hospitalında diz oynağının artroplastikası əməliyyatı keçirmiş, dizinə implant yerləşdirilib və çoxsaylı zədə nəticəsində sol ayağı sağ ayağından 4 sm qısalıb. Hazırkı durumda onun əmək qabiliyyəti yoxdur və əlilliyin müəyyən edilməsi üçün o, ilk öncə ərazi üzrə 21 saylı poliklinikaya müraciət etmiş və 02 sentyabr 2020-ci ildən etibarən bütün proseslərdən keçmiş, 2022-ci ilin payızında ona poliklinikadan bildirildi ki, proses tamamlanıb və sənədləri Tibbi-Sosial Ekspert Komissiyasına göndərilir. Uzun müddət ona cavab gəlmədiyindən, o, 10 aprel 2023-cü ildə onlayn növbə götürərək Tibbi- Sosial Ekspert Komissiyasına yaxınlaşdı (4-cü mikrorayonda yerləşir) və ona orada bildirildi ki, yeni qaydalara görə ona əlillik düşür, lakin həmin qaydalar 2023-cu ilin iyun ayından etibarən qüvvəyə minir, ona görə onun sənədləri sistemdə qalır və iyun ayında bir daha yaxınlaşmalıdır. O, 21 iyun 2023-cü il tarixində 21 saylı poliklinikaya yaxınlaşdı və ona dedilər ki, sənədləri sistemdə yoxdur. 142 çağrı mərkəzindən öyrəndi ki, onunla bağlı müraciətə imtina verilib. 22 iyun 2023-cü il tarixində H.Əliyev prospektində yerləşən DOST xidmətinə getdi və ona imtina ilə bağlı sistemdən çıxarış verildi. 2 il ərzində keçirilən bütün müayinələr və toplanılan sənədlər ona verilməyib, məhkəmədən xahiş edir ki, Tibbi-Sosial Ekspert Komissiyasına və 21 saylı poliklinikaya sorğu verilsin və sənədlərtələb olunsun. İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasının rəyi ilə razı deyil, xahiş edir ki, məhkəmə ekspertizası təyin edilsin və məhkəmə qaydasında hərtərəfli araşdırılma aparılsın. O, son 3 il ərzində çoxsaylı müayinələrdən keçmiş, dəfələrlə xəstəxanada qalmış, tələb olunan bütün prosedurlara riayət etmişdir. Səhhəti ilə əlaqədar ona yerimək çox çətindi, buna baxmayaraq, o, mütəmadi olaraq 21 sayl poliklinikaya getmiş, məsələ ilə maraqlanmış, lakin buna baxmayaraq, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müraciətə imtina verilmişdir.
3. Cavabdeh iddiaya yazılı etirazında bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmışdır. Diaqnozun mətni: Bud sümüyü cisminin [diafizinin] sınığı, Sol bud sümüyünü orta 1/3-nin kobud döyənəklə bitişmiş sınığı. Diz oynağının kontrakturası. Daimi ağrı sindromu. Sol bud oynağının qeyri bitişmiş sınığı. Yerişin pozulması. Əzələlərin atrofiyası. Osteoparoz. Ətrafların müxtəlif uzunluğu (qazanılma), Sol ayağın 4 sm qısalığı. Oynaqların ortopedik implantatlarının olması, Sol diz oynağının artroplastika (endoprotez) cərrahi əməliyyatdan sonrakı vəziyyət. Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Sol diz oynağının artroplastika (endoprotez) cərrahi əməliyyat icra olunmuşdur, lakin rentgenoqrafiya müayinəsində sol diz oynağında kontraktura qeyd edilmişdir dəqiqləşdirilsin. Göründüyü kimi, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi - “Göndərişin natamam doldurulması - Səbəb: Sol diz oynağının artroplastika (endoprotez) cərrahi əməliyyat icra olunmuşdur lakin rentgenoqrafiya müayinəsində sol diz oynağında kontraktura qeyd edilmişdir dəqiqləşdirilsin.” olmuşdur, iddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. İddiaçı aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər.
4. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əyani müayinədən keçirərək onda olan xəstəlikdən (zədədən) irəli gələn orqanizmin funksiyalarının pozulmasının faizinin qeydə alınması barədə rəy verilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin Z00030362NTM nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı iiə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq ümumi xəstəlik səbəbilə müddətsiz orqanizmin funksiyalarının 40 faiz pozulması barədə qərar qəbul edilmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi.
7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi.
8. Məhkəmə cavabdehin məhkəməyə ünvanlanmış məktubunu və iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.
9. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
10. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.
11. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva