Məhkəmə qərarları › İş №2-1(112)-1155/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1155/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1155/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, X12 qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X8 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X14) “bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 911/8 saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, təqdim olunan X5 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi idarənin arxivində aşkar edilməmişdir. Həmçinin 217 saylı X6 nəzdində 911/8 saylı torpaq sahəsi Türkan bağ massivində eyni tarixli və eyni nömrəli qərar əsasında digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş və özgəninkiləşdirilmişdir. Bundan başqa təqdim edilən arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 911/8 saylı torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X14 hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 911/8 saylı torpaq sahəsi 217 saylı X2 xx.xx.1991-ci il tarixli, 3/75 nömrəli qərarı ilə onun istifadəsinə verilmişdir. Belə ki, sözügedən qərarda torpaq sahəsinin ayrılması üçün verilmiş siyahıda onun da adı qeyd edilmiş, bununla da Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 911/8 saylı torpaq sahəsinin onun istifadəsinə verilməsi faktı öz təsdiqini tapmışdır. Bakı şəhəri, Xəzər rayonu, Türkan bağ massivində yerləşən 911/8 saylı torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması məqsədilə çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən çıxarışın verilməsindən imtina edilmişdir. Halbuki, xx.xx.2022-ci il tarixli, BA-01382-2022 saylı Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən təqdim edilmiş arxiv çıxarışına əsasən xx.xx.1991-ci il tarixində 217 nömrəli Türkan bağ-tikinti kooperativinin üzvləri siyahısında onun adı da qeyd edilmişdir. Göstərilən səbəblərdən hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmiş və qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş X5 və İstismarı Birliyi tərəfindən verilmiş orderin nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin 217 saylı X6 nəzdində sahəsi 0.12 ha olan 911/8 saylı torpaq sahəsi Türkan bağ massivində eyni tarixli və eyni nömrəli qərar əsasında X9 adına qeydiyyatdan keçmiş və hazırda X8 xüsusi mülkiyyətindədir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilən arxiv arayışında torpaq sahəsinin ölçüsü və nömrəsi qeyd edilməmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamışdır və iddiaçıya müvafiq cavab məktubu ünvanlanmışdır. İdarənin mütəxəssisləri tərəfindən iddiaçının göstərdiyi bağ sahəsinə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, iddiaçı bağ sahəsinin yerini dəqiqliklə bilmir, buna görə də bağ sahəsində mərzçəkmə işləri aparılmamış, bağ hasarlanmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi tələbi müdafiə etdilər və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun iddiaçının adına qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İş materiallarından görünür ki, iddiaçı yuxarıda sadalananlara uyğun olan mötəbər heç bir sənəd təqdim etməmişdir. Belə ki, işdə olan xx.xx.1991-ci il tarixli 3/75 saylı Bakı şəhər Xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin “Bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin verilməsi haqda” qərarından görünür ki, həmin qərarla 217 nömrəli bağ tikinti kooperativinin 12 nəfərdən ibarət tərkibi təsdiq edilmiş, həmin qərarın 2 nömrəli əlavəsində 217 saylı Türkan BTK-nın üzvlərinin siyahısında İddiaçı adı 2-ci sırada göstərilmişdir. İddiaçı hazırda bu qərara istinad edərək ona da bağ sahəsinin ayrılmasını iddia edir və bununla bağlı məhkəməyə 2 nömrəli orderin surətini təqdim edir. İş materiallarına əlavə edilmiş həmin sənəddən görünür ki, o surət olmaqla, yazıları tam oxunmur və onun order olması tam məlum deyildir. Lakin sənəddin yazılışından 3/75 saylı xx.xx.1991-ci il tarixli qərarla iddiaçıya Türkan bağ massivində 217 saylı BTK tərəfindən 0,12 ha sahəsi olan 911/8 saylı bağın ayrılmasını müəyyən etmək mümkündür (sənəddə yalnız həmin yazılar oxunur, iddiaçı həmin sənədin əslinin olmadığını bildirmişdir). Lakin işdə olan Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsi X5 və istismarı birliyinin “Türkan” bağlar sahəsindəki 217 nömrəli kooperativi tərəfindən verilmiş 1 nömrəli orderdən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarına əsasən “Türkan” bağlar sahəsində 217 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 911/8 nömrəli bağ sahəsi X10 ayrılmışdır, hansı ki, Q.Məmmədovun adı xx.xx.1991-ci il tarixli 3/75 saylı Bakı şəhər Xalq deputatları Sovetinin İcraiyyə Komitəsinin “Bağ-tikinti kooperativlərinin yaradılması və vətəndaşlara bağ sahələrinin verilməsi haqqında” qərarı ilə təsdiq edilmiş 217 saylı Türkan bağ-tikinti kooperativi üzvlərinin siyahısında 1-ci olmuşdur. RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən ölçüsü 0,12 ha olan 911/8 saylı bağ sahəsinə dair X9 mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. xx.xx.2014-cü il tarixli Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən həmin bağ sahəsi Q.Məmmədov tərəfindən X7 bağışlanmış, X4 vəfatından sonra 911/8 saylı bağ sahəsi Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə əsasında vərəsə kimi xx.xx.2021-ci il tarixdə X13 adına qeydə alınmış, X15 həmin bağ sahəsini xx.xx.2021-ci il tarixdə X1. İşdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 911/8 saylı, ölçüsü 0,12 ha olan bağ sahəsi X8 mülkiyyətindədir. İşdə olan 217 nömrəli BTK-nın bağ sahələrinin Türkan sahəsində yerləşmə planından görünür ki, həmin planda 12 bağ sahəsi nəzərdə tutulmuş, “911/8” nömrə ilə yalnız 1 bağ sahəsi göstərilmişdir. Beləliklə, işin istinad olunan hallarından müəyyən olunur ki, Türkan bağ massivində yerləşən 217 saylı BTK-ya məxsus 911/8 saylı yalnız 1 bağ sahəsi olmuş, həmin bağ sahəsi isə Qurban Məmmədova ayrılmış, daha sonra daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydə alınmışdır. Belə olan halda aydındır ki, iddiaçının adı BTK üzvlərinin siyahısında olsa da, ona həmin BTK-dan məhz hansı bağ sahəsinin ayrılması məlum deyildir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri XDS İK-nin xx.xx.1991-ci il tarixli qərarının qəbul edildiyi vaxt qüvvədə olan (1971-ci il tarixdən 1999-cu ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Sadalanan normalardan müəyyən olunur ki, torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin (qərar, sərəncam və s.) tərtib edilməsi və həmin torpaq sahəsinin naturada yerinin müəyyən edilərək təhvil verilməsini nəzərdə tutur və bunun yekunu olaraq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat torpaqayırma haqqında hüquqmüəyyənedici sənədlərlə yanaşı torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər olduğu halda həyata keçirilir. Yəni şəxsin hər hansı bir hüquqmüəyyənedici sənədinin olması özlüyündə hüququn qeydə alınması üçün kifayət deyil. Bunun üçün habelə həmin hüquqmüəyyənedici sənəddə göstərilən daşınmaz əmlak, onun yerini müəyyənləşdirməyə imkan verən sənədlər mövcud olmalı və şəxsin hüququ məhz həmin əmlaka münasibətdə tanınmalıdır. Hazırkı iş üzrə iddiaçı Bakı şəhəri XDS İK-nin 3/75 nömrəli, xx.xx.1991-ci il tarixli qərarı ilə ona torpaq sahəsinin ayrıldığını iddia etsə də, həmin vaxt torpaq sahəsinin naturada (faktiki) iddiaçının istifadəsinə verilməsi də müəyyən olunmur. Belə ki, işdə olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, yerli baxış zamanı iddiaçının göstərdiyi torpaq sahəsinin hasarı və ya çəpərinin olmadığı və heç bir mərzçəkmə işlərinin aparılmadığı məlum olmuşdur. Vətəndaş boş sahəni göstərdi, lakin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının yerini dəqiq bilmədiyini bildirdi. Həmçinin vətəndaş tərəfindən iddia olunan sahəyə digər fiziki şəxslər tərəfindən mişar daşları tökülüb, tikili yoxdur. Eyni zamanda ümumi ərazidə hasarlanma sxematik xəritəyə uyğun aparılmadığından qeyd olunan sahənin hansı bağ nömrəsinə aid olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. Lakin iddiaçı ona ayrıldığını iddia etdiyi torpaq sahəsinin ölçüsünü, yerini, nömrəsini müəyyən edən mötəbər sübutu nə məhkəməyə, nə də cavabdehə təqdim də bilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbinin təmini üçün əsas mövcud deyil. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və iddiaçının mübahisəli əmlaka hüquqlarını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar