Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11551/2024 30.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, 0,20 ha ərazisi olan 296 saylı torpaq sahəsinə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilən sənədlərdə mərhumun ata adında fərq mövcuddur. Belə ki, 17423 saylı, xx.xx.1980-ci il tarixli icarə müqaviləsində və idarənin arxivində mövcud olan müqavilənin nüsxəsində, ata adı “Sabir" olaraq göstərilsə də, təqdim edilən ölüm haqqında şəhadətnamədə və Bakı şəhəri 10 saylı notariat ofisinin məktubunda “Saybquran” qeyd olunmuşdur. Həmçinin ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsində uyğunsuzluq yaranmışdır. İddiaçı daha sonra xx.xx.2024-cü il tarixdə eyni tələblə yenidən cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçıya bildirmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********88 nömrəli xx.xx.2023-cü il tarixli məktubla cavab verilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11 iyul 1980-ci il tarixli 17423 saylı icarə müqaviləsinə əsasən atası X4 icarəyə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, 0,20 ha ərazisi olan 296 saylı bağ sahəsinə dair (mülkiyyət) hüququn atası X4 məxsus olması barədə arayış verilməsi öhdəlyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 0,20 ha ərazisi olan 296 saylı torpaq sahəsi Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi ilə bağlanmış 11 iyul 1980-ci il tarixli 17423 nömrəli icarə müqaviləsinə əsasən onun atası X2 icarəsinə verilmiş və həmin bağ sahəsi həmin tarixdən iddiaçının ailəsinin qanuni istifadəsində olmuşdur. O, qeyd edilən bağ sahəsinin dövlət reyestrində qeydə aldırmaq üçün cavabdehə müraciət etmiş, lakin ona ünvanlanmış məktubla müraciətindən imtina edilmiş, imtinanın əsası kimi müqavilədə atasının adının “Sabir” kimi göstərilsə də, digər sənədlərdə “Saybquran” kimi göstərilməsi və ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsində uyğunsuzluğun yaranması göstərilmişdir. Bundan sonra o məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 296 saylı torpaq sahəsinə dair xx.xx.1980-ci il tarixli, 17423 saylı icarə müqaviləsinin X4 məxsus olması faktının müəyyən edilməsini xahiş etmiş və Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 21 fevral 2024-cü il tarixli, 2(010)-431/2024 saylı qətnaməsi ilə ərizə təmin edilmişdir. Bundan sonra o yenədə cavabdehə müraciət edərək, həmin torpaq sahəsinə dair hüququn atasına məxsus olması barədə arayış verilməsini xahiş etmiş, lakin cavabdeh 02 iyul 2024-cü il tarixli məktubla müraciətindən imtina etmişdir. Halbuki, cavabdehin istinad etdiyi hallar tam əsassızdır. Belə ki, qeyd edilən torpaq sahəsi onlara ayrıldığı formada və ölçüdədir və 1980-ci ildən həmin torpaq sahəsinin ölçülərində heç bir dəyişiklik aparılmamışdır. Atasına icarəyə verilmiş həmin bağ sahəsi artıq 44 ildir ki, onun istifadəsindədir və həmin torpaq sahəsinin sxematik xəritədə uyğunsuzluğu cavabdehin problemidir. Çünki həmin bağ sahəsi Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən atasına ayrılmış və yerində mərzləri çəkilərək onlara təhvil verilmişdir. Həmin müqaviləyə əsasən atası bağ sahəsini icarəyə götürmüş və həmin bağ sahəsindən fasiləsiz istifadə etmiş və icarə haqqı ödəmişdir. Cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə təqdim etdiyi xx.xx.2024-cü il tarixli etirazında imtina məktubunda göstərilən dəlillərə istinad edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən sənədlərdə mərhumun ata adında fərq mövcuddur. Belə ki, 17423 saylı, xx.xx.1980-ci il tarixli icarə müqaviləsində və idarənin arxivində mövcud olan müqavilənin nüsxəsində ata adı “Sabir” olaraq göstərilsə də, təqdim edilən ölüm haqqında şəhadətnamədə və Bakı şəhəri 10 saylı notariat ofisinin məktubunda “Saybquran” qeyd olunmuşdur. Həmçinin ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsində uyğunsuzluq yaranmışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman torpaq sahəsinin faktiki ölçüsünün 2218.0 kv.m olduğu məlum olmuşdur. Göstərilən sahənin faktiki ölçüləri ilə arxiv cizgisində göstərilən ölçülər arasında uyğunsuzluq var. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: - Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi üçün 17423 nömrəli, xx.xx.1969-cu il tarixli müqavilədən görünür ki, Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatı tresti Bakı şəhər İcraiyyə Komitəsinin 1969-cu il tarixli 27 nömrəli protokoluna əsasən Zirə qəsəbəsində yerləşən, sahəsi 0,20 ha olan 296 saylı bağ sahəsini Hacıbəbirov Cavadın icarəsinə vermiş, müqavilənin müddəti xx.xx.1979-cu ilə kimi müəyyən edilmişdir. - Bakı şəhər İcrayyə Komitəsinin Bağlar Təsərrüfatı İdarəsinə ünvanlanmış X1 xx.xx.1980-ci il tarixli ərazisindən görünür ki, o bağ sahəsinin icarə müqaviləsinin müddətinin uzadılmasını xahiş etmişdir. - xx.xx.1980-ci il tarixli 17423 saylı Bağ sahəsinin və tikililərin uzun müddətli icarəyə verilməsi haqqında müqavilədən görünür ki, Zirə qəsəbəsində 0,20 ha sahəsi olan 296 saylı bağ sahəsinin X6 icarəsinə verilmə müddəti xx.xx.1989-cu il tarixədək uzadılmışdır. - 09.09.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, bağ sahəsinə dair hüquqmüəyyənedici sənəd üzrə (texniki pasport) torpaq sahəsi 2000.0 kv.metr, faktiki torpaq sahəsi 2218.0 kv.metrdir. Göstərilən sahənin sərhədlərinin bir hissəsi hasar, bir hissəsi isə şərtidir. Sahədə tikili yoxdur. Göstərilən sahənin faktiki ölçüləri ilə arxiv cizgisində göstərilən ölçülər arasında uyğunsuzluq var. - Suraxanı rayon qeydiyyat şöbəsinin xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnaməsindən görünür ki, X5 xx.xx.1994-cü ildə ölmüşdür. - Bakı şəhəri 10 saylı Notariat Ofisinin xx.xx.2023-cü il tarixli, 196 nömrəli məktubundan görünür ki, Mərhum-X2 adına olan, Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün 11 dekabr 1980-cı il tarixli 17423№ li müqaviləyə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən, sahəsi 0,20 ha olan 296 saylı bağ torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 10 saylı notariat ofisinə mərhumun oğlanları- X11, İddiaçı, qızı- X13 və gəlini- X7 tərəfindən müraciət olunmuş və vərəsəlik işi açılmışdır. İddiaçı hazırda sadalanan sübutlara istinad edərək, atası C.Hacıbəbirova ayrılmış 0,20 ha sahəsi olan 296 saylı həmin bağ sahəsinə mülkiyyət hüququnun atasına məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. - 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən atasına bağ sahəsinin ayrılması barədə müqavilələri təqdim edir. Məhkəmə qeyd edir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Məhz buna görə xx.xx.2007-ci il tarixdə bağlar təsərrüfatı idarələri ləğv edilərkən onlara məxsus arxiv sənədlərinin daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatını aparan və bu qeydlərin dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdeh olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsi qərara alınmışdır. Bununla dövlət yalnız mühafizə üçün verilən sənədlərə təminat verməklə, həmin qeydlərin dəqiqliyinə görə məsuliyyəti öz üzərinə götürmüş və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0.7-ci maddəsində də həmin tarixədək verilmiş sənədlərə əsasən hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsbit etmişdir. İşin istinad olunan hallarından məlum olur ki, 296 saylı bağ sahəsinin iddiaçının atasına ayrılması barədə müvafiq dövlət qurumuna təhvil verilmiş etibarlı sənədləri mövcuddur və bu sənədlər hazırda qüvvədədir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı valideyninə ayrılmış bağ sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. Lakin işdən görünür ki, cavabdeh işin bu hallarını nəzərə almamış və iddiaçıya imtina cavabı vermişdir. Cavabdehin imtinasının dəlilləri aşağıdakılardan ibarətdir:
1. 17423 saylı, xx.xx.1980-ci il tarixli icarə müqaviləsində və idarənin arxivində mövcud olan müqavilənin nüsxəsində ata adı “Sabir” olaraq göstərilsə də, təqdim edilən ölüm haqqında şəhadətnamədə və Bakı şəhəri 10 saylı notariat ofisinin məktubunda “Saybquran” qeyd olunmuşdur;
2. Ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmadığından torpaq sahəsinin yerləşməsində uyğunsuzluq yaranmış, göstərilən sahənin faktiki ölçüləri ilə arxiv cizgisində göstərilən ölçülər arasında uyğunsuzluq olmuşdur. Məhkəmə aşağıda göstərilənlərə əsasən bu dəlilləri əsaslı hesab etmir. Belə ki, cavabdeh müqavilə və ölüm haqqında şəhadətnamədə ata adı hissəsində uyğunsuzluq olduğunu bildirsə də, işdə olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-431/2024 nömrəli qətnaməsini nəzərə almamışdır. Belə ki, həmin qətnamədən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində 296 saylı torpaq sahəsinə dair xx.xx.1980-ci il tarixli, 17423 saylı icarə müqaviləsinin X4 məxsus olması faktı müəyyən edilmişdir. Belə olan halda, aydındır ki, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə İdarənin arxivində mövcud olan icarə müqaviləsinin iddiaçının mərhum atası C.Hacıbəbirova məxsus olması müəyyən edildiyindən, cavabdehin həmin əsasa yenidən istinad etməsi qanuni olmamışdır. Cavabdehin digər dəlilinə gəldikdə, işdən görünür ki, bu hal iddiaçının məsuliyyətində olan məsələ deyil. Belə ki, cavabdeh özü də qəbul edir ki, ümumi ərazidə hasarlanma işləri bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Belə olan halda, cavabdeh iddiaçının naturada göstərdiyi torpaq sahəsinin 296 saylı bağ sahəsinin ərazisinə uyğun gəlmədiyini iddia edə və bu əsasa görə iddiaçının müraciətini təmin etməkdən imtina edə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının atasına bağ sahəsi ayrılarkən qüvvədə olan (1971ci il tarixdən 1991-ci ilədək qüvvədə olmuş) Azərbaycan SSR Torpaq Məcəlləsinin 13-cü maddəsinə əsasən torpaq sahələrinin istifadəyə verilməsi torpaq ayırmaq qaydası ilə həyata keçirilir. Torpaq sahələri Azərbaycan SSR Nazirlər Sovetinin və ya Naxçıvan MSSR Nazirlər Sovetinin qərarı, yaxud da xalq deputatları soveti icraiyyə komitəsinin qərarı əsasında bu Məcəllənin 18, 19 və 20-ci maddələrində nəzərdə tutulmuş qaydada ayrılır. Həmin Məcəllənin 20-ci maddəsinin 2-ci abzasına görə rayon və şəhər (respublika tabeliyində olan şəhər) xalq deputatları sovetlərinin icraiyyə komitələri bu Məcəllənin 70, 94, 95, 128, 131, 137, 143 və 151-ci maddələrinə uyğun surətdə torpaq sahələrini istifadəyə verirlər. Həmin Məcəllənin 22-ci maddəsinə görə torpaq sahələrinin verilməsi haqqındakı qərarlarda və ya qətnamələrdə onların hansı məqsədlər üçün ayrıldığı və torpaqdan istifadənin əsas şərtləri göstərilir. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən torpaq sahəsinin ayrılması o deməkdir ki, naturada (yerində) sahənin hüdudları müəyyən edilir, həmin sahə digər sahələrdən mərzlə və başqa sərhəd nişanları ilə ayrılır. Həmin Məcəllənin 26-cı maddəsinə əsasən verilmiş torpaq sahəsinin naturada (yerində) hüdudları müvafiq yer quruluşu orqanları tərəfindən müəyyən edilməmişsə və torpaqdan istifadə hüququnu təsdiq edən sənəd verilməmişsə həmin sahədən istifadəyə başlamaq qadağandır. Göründüyü kimi, torpaqayırmanın əsas mərhələsi torpaq sahəsinin naturada mərzləşdirilməklə təhvil verilməsidir ki, bu hal olmadan torpaqayırmanın yekunlaşdırılmsı mümkünsüzdür. İşin istinad olunan hallarına əsasən müəyyən olunur ki, iddiaçının atasına 1969-cu ildə bağ sahəsi ayrılaraq naturada təhvil verilmiş, o, daha sonra isə onun ailə üzvləri bağ sahəsindən həmin tarixdən etibarən fasiləsiz istifadə etmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı qüvvədə olan etibarlı hüquqmüəyyənedici sənədləri təqdim etməklə istifadəsində olan bağ sahəsinə atası Cavad Hacıbəbirovun yaranmış mülkiyyət hüququna dair arayış verilməsini tələb etməkdə haqlı, cavabdeh isə bu hüququn qeydə alınmasından imtina etməkdə haqsız olmuşdur. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı:
İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 0,20 ha sahəsi olan 296 saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova