Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11556/2025 16.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (struktur dəyişikliyi ilə əlaqədar bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı (üçüncü şəxs: Bakı şəhəri Səbail Bələdiyyəsi) “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (struktur dəyişikliyi ilə əlaqədar bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi) qarşı “çıxarışın verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə Bakı şəhəri Səbail Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, bələdiyyənin qərarı əsasında torpaq sahəsi iddiaçının mülkiyyətinə verilmişdir. Torpaqın alqı-satqısına dair akt tərtib edilmiş, imzalanmış, eləcə də yerləşmə cizgisi tərtib edilmiş, torpaq sahəsinə dair ödəniş edilmişdir. Torpaq sahəsi onun istifadə və sahibliyindədir. Cavabdehə mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə əlaqədar müraciət edilmiş, lakin əsassız olaraq imtina edilmişdir. İddiaçı hesab edir ki. imtina qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş yerləşmə cizgisində bələdiyyənin qərarına istinad edilməmişdir. Eləcə də, cizgidə heç bir istinad, istinad məsafələri və perimetrik ölçülər qeyd edilməmişdir. Elektron kadastr məlumatlarına əsasən iddiaçı tərəfindən göstərilən torpaq sahəsi dövlət mülkiyyəti torpağıdır. Son sərhəd məlumatlarına əsasən faktiki sahə Bibiheybət qəsəbəsində yerləşir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin iştirakları və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 784 nömrəli sərəncamından görünür ki, 300 kv.m ölçüdə Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən torpaq sahəsi həmin sərəncamla iddiaçıya ayrılmışdır. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, həmin torpaq sahəsinə dair iddiaçı və bələdiyyənin iştirakı ilə razılaşma əldə edilmişdir. Yerləşmə sxemindən görünür ki, torpaq sahəsini yerləşdiyi yer barədə sxem bələdiyyə tərəfindən təsdiq edilmişdir. Mədaxil qəbzindən görünür ki, torpaq sahəsinə dair ödəniş iddiaçı tərəfindən həyata keçirilmişdir. İmtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və yazılı etirazda göstərilən məzmunda imtina olunmuşdur. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd (rəyin verilib-verilməməsi) aşkar edilməmişdir. Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, mərkəzin arxivində aparılmış araşdırma zamanı Bakı şəhəri Səbail bələdiyyəsinin xx.xx.2003-cü il tarixli 784 nömrəli Sərəncamı ilə Məmmədov X8 300 kv.m torpaq sahəsinin ayrılmasına dair məlumat aşkar edilməmişdir. Bundan əlavə olaraq qeyd olunur ki, təqdim edilmiş koordinatlara əsasən faktiki sahə 3429.0 kv.m təşkil edir. Vahid elektron kadastr baza məlumatına əsasən sahə Dövlət mülkiyyəti torpağıdır(hər hansı dövlət təsisatlarının balansında olması barədə məlumat yoxdur). Cavabdehin məhkəmə sorğusuna cavab olaraq təqdim etdiyi ətraf və qonşuluqda qeydiyyatdan keçmiş əmlaklara dair arxiv qovluğunda olan sənədlərdən görünür ki, Səbail Bələdiyyəsinin oxşar xarakterli sərəncamı əsasında iddia olunan torpaq sahəsinin ətrafında mülkiyyət hüququna dair çıxarış inzibati orqan tərəfindən verilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Hazırki iddia tələbindən görünür ki, iddiaçının məhkəməyə müraciət etməkdə əsas məqsədi bələdiyyə sərəncamı əsasında ona ayrılmış torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydiyyata alınmasıdır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun: 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 6.9. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin faktiki hallarından da göründüyü kimi iddiaçı istifadəsində olan torpaq sahəsinə bələdiyyə orqanının sərəncamı əsas götürülməklə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdehə müraciət etmişdir Məhkəmə, bununla bağlı ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, yuxarıda adıçəkilən maddi hüquq normalarının tələbindən də göründüyü kimi bələdiyyə orqanı mülkiyyətində olan torpaq sahəsini fiziki və hüquqi şəxslərin mülkiyyətinə verilməsi ilə bağlı sərəncam vermək kimi müstəsna səlahiyyətə malikdir ki, bunun davamı kimi həmin torpaq ayırma barədə qərar əsasında torpaq sahəsi ayrılmış şəxsin hüquqlarının dövlət qeydiyyatına alınması zəruriliyi də adıçəkilən maddi hüquq normalarında öz əksini tapmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinin tələbindən də görünür ki, bələdiyyə qərarı hüququn dövlət qeydiyyatına alınması əsası qismində çıxış edir. Cavabdehin imtina dəlilləri ilə bağlı isə məhkəmə Konstitusiya Məhkəməsinin məhz hazırkı mübahisəli məsələyə dair qəbul etdiyi qərarın müddəalarının qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, orpaq sahəsinin planlaşdırılması layihəsinin müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaması və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən torpaq sahəsinin yerquruluşu işlərinin (planlama)aparılmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Bələdiyyə tərəfindən torpaqların mülkiyyətə, istifadəyə və icarəyə verilməsi publikhüquqi fəaliyyətdir və xüsusi sahəvi normativ hüquqi aktlarla tənzimlənməklə “İnzibati icraat haqqında” Qanun ilə nəzərdə tutulmuş qayda və prinsiplərə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə müvafiq olaraq, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. O da göstərilməlidir ki, inzibati orqan (məhkəmə) inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan (məhkəmə) maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir (“İnzibati icraat haqqında” Qanunun 24.1-24.3-cü maddələri). Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. Konstitusiya Məhkəməsinin hazırkı növ işlər üzrə formalaşdırdığı mövqeyə uyğun olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yerləşmə cizgisində dəqiq istinad, istinad məsafələrin qeyd edilməməsi, bələdiyyə qərarına istinad edilməməsi və digər rekvizitlərinin olmaması və s, inzibati aktın qüvvədə olması, eləcə də iddiaçının həmin akta münasibətdə etimad hüququnun mövcud olması baxımından aparılan qiymətləndirmə nəticəsində hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsasın olmadığı ilə bağlı nəticəyə gəlinməsinə əsas yaradır. İşin faktiki hallarından da görünür ki, bələdiyyənin sərəncamı əsasında torpaq sahəsi iddiaçıya ayrılmışdır ki, həmin inzibati akt qüvvədədir, hər hansı qurum tərəfindən ləğv edilməmiş, mübahisələndirilməmişdir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1695/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında, 2-1(102)-1299/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında, 2-1(102)-1621/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023cü il tarixli qərarında, 2-1(102)-970/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il saylı qərarında da analoji mövqedən çıxış etmişdir. Bakı şəhəri üzrə bələdiyyə orqanının qərarı əsasında ayrılmış torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasına dair iş üzrə Ali Məhkəmənin 2- 1(102)-2117/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı, 2-1(102)- 2109/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarında, 2-1(102)-2108/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il saylı qərarında, 2-1(102)-950/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il qərarında və digər aidiyyəti qərarlarında da analoji mövqedən çıxış etmişdir. Nəzərə alınmalıdır ki, 2-1(102)-2833/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadında isə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan edilmiş və qərardad onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda(o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli, 2- 1(102)-832/2024 nömrəli, X6 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2- 1(102)-426/2023 nömrəli, X2 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1299/2023 nömrəli, X3 Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1861/2023 nömrəli və X7 Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı xx.xx.2023-cü il tarixli, 2-1(102)-1494/2023 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının üzərində hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi torpaq sahəsi səlahiyyətli orqanın – bələdiyyənin qərarı əsasında ayrılmışdır. İddiaçı hazırda da qüvvədə olan və ona münasibətdə əlverişli xarakter daşıyan qərara etimad göstərək həmin sənədin məzmununa uyğun davranmış, torpaq sahəsinin dəyərini ödəmiş və ondan təyinatına uyğun istifadə etmişdir. Bununla da iddiaçının inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Eyni zamanda, 2-1(102)-2693/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadında da qeyd edilmişdir ki, mübahisəli torpaq sahəsinin cavabdehin iddia etdiyi kimi bələdiyyə üçün nəzərdə tutulmuş torpaqlara aid olmaması dəlili öz təsdiqini tapmamış, iş üzrə cavabdeh də mübahisəli torpaq sahəsinin bələdiyyəyə aid olmaması ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Beləliklə də, sözügedən torpaq sahəsi Binəqədi bələdiyyəsinə ayrılmış torpaq sahəsi olmuş, bələdiyyə də ona aid olan torpaq sahəsini həmin vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya satmışdır. Həmçinin qeyd edilməlidir ki, torpaq sahəsinin plan-ölçüsü torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirməklə yanaşı, mülkiyyət hüququnun qeydə alınması üçün zəruri sənəd hesab olunur. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçıya ayrılmış torpaq sahəsinin situasiya planı da tərtib edilmişdir. Nəticədə həmin iş üzrə də cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamış və kassasiya şikayətinin qəbulundan edilmişdir. Analoji mövqe 2-1(102)-1016/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli Ali Məhkəmənin qərardadında və 2-1(102)-45/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025ci il tarixli qərardadında da öz əksini tapmışdır. Xüsusi olaraq qeyd edilməlidir ki, adıçəkilən qərarlardan 2-1(102)-2108/2022 saylı iş üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli Ali Məhkəmənin qərarı, eləcə də 2-1(102)- 45/2025 saylı iş üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərardadı Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi 32 ünvanında yerləşən torpaq sahələrinin bələdiyyə sərəncam və qərarı əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədardır. Bununla əlaqədar olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qəbul edilmiş sərəncamlar əsasında Bələdiyyələrə, eləcə də Səbail Bələdiyyəsinə torpaq sahələrinin ayrılması həyata keçirilmişdir ki, iddia olunan torpaq sahəsinə Səbail Bələdiyyəsinə təhvil verilməli olan 262,7285 ha ölçüdə torpaq sahəsinin hüdudları daxilində olmaması cavabdeh tərəfindən sübut edilə bilməmişdir. Əksinə, mövcud məhkəmə təcrübəsi və inzibati orqanın yaratmış olduğu təcrübədən görünür ki, Salyan şossesi 32 ərazisi məhz adıçəkilən Bələdiyyənin ərazisi hesab edilmiş, bələdiyyə də buna uyğun olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatı üçün əsas olan sərəncam qəbul etmişdir ki, həmin sərəncama istinadla iddiaçının müraciəti qanuni və əsaslı hesab edilir. Eyni zamanda, qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Nəzərə almaq lazımdır ki, inzibati orqan, bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İşin faktiki hallarından da göründüyü kimi inzibati orqan tərəfindən iddia olunan torpaq sahəsi ilə ətrafında yerləşən bələdiyyə qərarı əsasında torpaq sahəsinə mülkiyyət hüquqları dövlət qeydiyyatına almışdır. Eləcə də, mövcud inzibati praktika da göstərir ki, adıçəkilən bələdiyyə orqanının qərarı əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatı məhkəmə qərarının icrası çərçivəsində cavabdeh tərəfindən aparılmaqdadır ki, iddiaçıya münasibətdə fərqli rəftarın edilməsi bərabərlik hüququnun pozuntusu qismində qiymətlətləndirilir. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmaqla məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatdan imtina edilməsi əsassız olmuşdur. Bundan əlavə, xüsusi olaraq vurğulanması zəruri hesab edilir ki, ətraf ərazilərlə bağlı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas hesab edilən bələdiyyə qərarı ilə əlaqədar DTXK tərəfindən torpaq sahəsinin plan və ölçü sənədinin tərtib edildiyi müəyyən edilir ki, bununla əlaqədar aşağıdakıların qeyd edilməsi zəruridir. Hazırda qüvvədən düşmüş “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında Əsasnamə”nin:
3. Komitə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
5. Komitə öz fəaliyyətini digər dövlət və bələdiyyə orqanları ilə, habelə ictimai birliklərlə qarşılıqlı əlaqədə olmaqla həyata keçirir.
9. Komitənin əsas vəzifələri aşağıdakılardır: 9.1. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq bazarının təşkili, torpaq-hüquq münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi və torpaqla bağlı digər işləri təşkil etmək və həyata keçirmək; 9.3. Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət torpaq reyestrini aparmaq; 9.9. bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində hazırladığı xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası vasitəsilə Azərbaycan Respublikası Milli Məclisi Aparatına təqdim edir;
10. Komitə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir: 10.5. Torpaq haqqında məlumat bankı yaradır, torpaq, geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmasına nəzarəti həyata keçirir; 10.8. Müəyyən olunmuş qaydada torpaq münasibətlərinin, geodeziya və kartoqrafiya fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı məsələlərə dair təlimatlar və göstərişlər qəbul edir, onların yerinə yetirilməsini təmin edir və icrasına nəzarət edir, zəruri hallarda müvafiq nazirlik, dövlət təşkilatları və bələdiyyələr ilə həmin məsələlərə dair normativ hüquqi aktların layihələrini razılaşdıraraq qəbul edir; 10.22. Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər, şəhər tipli qəsəbələr və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən edir və xəritələşdirilməsini həyata keçirir; Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi haqqında” Əsasnamədən də göründüyü kimi Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər, şəhər tipli qəsəbələr və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən etmək və xəritələşdirilməsini həyata keçirmək həmin qurumun funksiyalarına aid olmuşdur. Göründüyü kimi bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin fiziki şəxslərə ayrılması zamanı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mövqeyi hüquqi əhəmiyyət daşımaqla həlledici olmuşdur. Qeyd olunur ki, cavabdehin istinad etdiyi elektron kadastr baza məlumatlarının tərtib edilməsinin əsasında həmin vaxt torpaq sahələrinə münasibətdə məlumatların müstəsna daşıyıcısı olan DTXK çıxış etmişdir ki, həmin Komitə tərəfindən iddia olunan torpaq sahəsinin qonşuluq və ətrafında yerləşən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasına dair mövqe məhkəmə qərarının icrası nəticəsində (həmin dövrdə qərar mübahisələndirilməmişdir) nümayiş etdirilsə də, torpaq bələdiyyə torpağı hesab edilsə də, cavabdehin baza məlumatlarında DTXK-dan alınmış məlumatlara zidd olaraq iddia olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmadığının göstərilməsi inandırıcı hesab edilmir. Başqa sözlə, kadastr planı tərtib edildiyi dövrdə torpaq sahəsini bələdiyyə mülkiyyətində olub-olmamasına dair müstəsna məlumat bazasına malik inzibati orqan tərəfindən tərtib edilmiş kadastr planı mötəbərdir, ləğv edilməmişdir. Yuxarıda istinad edilən Əsasnamənin tələbindən də göründüyü kimi bələdiyyələrin sərhədlərini naturada müəyyən etmək və xəritələşdirilməsini həyata keçirmək fəaliyyətdə olduğu dövrdə məhz DTXK-nin səlahiyyətləri daxilində olmuşdur. Belə olduğu təqdirdə qonşu və ətraf torpaq sahəsinı dair həmin qurum tərəfindən plan və ölçü sənədlərinin verilməsi, müstəsna bazaya malik həmin orqan tərəfindən torpaq sahələrinin bələdiyyə mülkiyyətində olan sahə xüsusiyyəti daşıması halını təsdiq edir ki, həmin sahələrin yanında olan Salyan şossesi 32 ünvanda yerləşən iddiaçıya məxsus sahənin həmin sahələrdən fərqli olaraq dövlət mülkiyyətində olması, üstəlik buna dair DTXK-nın müstəsna aidiyyətində olmuş baza məlumatlarına istinad edilməsi dəlilləri məhkəmə hesab edir ki, qanuni və əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Səbail Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli, 784 nömrəli sərəncamı ilə ayrılmış Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 32 ünvanda yerləşən 300 kv.m torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov