Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11557/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri publimk hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin öhdəsinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi əvvəllər erməni əsilli şəxsin istifadəsində olmuşdur və faktiki olaraq iddiaçı almışdır. Bu fərdi yaşayış evi köhnə tikili olduğundan qəzalı vəziyyətdə olmuşdur və bu səbəbdən də 1990-cı ildə sökülərək yenidən inşa edilmişdir. Fərdi yaşayış evinə "evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid" pasport (texniki pasport) tərtib edilmişdir. Fərdi yaşayış evi iddiaçının faktiki istifadəsindədir, iddiaçı faktiki olaraq evə sahiblik edir, fərdi yaşayış evinə qaz, işıq, su xətləri çəkilmişdir, sərfiyyatlarla bağlı ödənişlər edilir. Fərdi yaşayış evi hər bir kommunal şəraitə malikdir, yaşayış sahəsində yerləşir, yaşayış sahəsi üçün bütün atributlara cavab verir, ünvana dair nömrə verilmişdir . İddiaçı bu ünvana pasport qeydiyatına alınmışdır. Fərdi yaşayış evi iddiaçının daimi yaşayış yeridir. Bu qeyd edilənlər fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. İddiaçı fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alaraq çıxarışın verilməsi barədə ərizə ilə cavabdeh 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Əsassız olaraq tədbir görülməmişdir, ərizəyə cavab verilməmişdir. Fərdi yaşayış evinin daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi üçün əsaslar mövcuddur. Cavabdeh tərəf imtina etməklə hərəkətsizliyə yol vermiş və çıxarışın verilməsi iddiaçının yaşayış sahəsi ilə bağlı hüquqlarının həyata keçirilməsi üçün vacibdir.
3. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı X1 (X2) ona məxsus olan 200 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2024-cü il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2024-cü il tarixli, **********34 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi digər şəxsin-X8 adına özəlləşmiş ümumi ərazidə yerləşir. Həmçinin, torpaq sahəsinin təqdim edilmiş texniki pasport ilə faktiki vəziyyəti arasında perimetrik ölçü fərqi mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Cavabdeh orqan yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 1 ünvanının X3 adına qeydiyyata alınmasına, habelə onun adı ilə bağlı texniki pasportun tərtib edilməsinə və sözügedən fərdi yaşayış evi ilə bağlı müayinə aktının hazırlanmasına dair məlumat (sənəd) aşkar edilməmişdir.
5. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X13 inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
6. Məhkəmənin hazırki iş üzrə xx.xx.2024-cü il tarixli Qərardadı ilə X8 İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi barədə Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmişdir.
7. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
II. İddianın növü və mümkünlüyü
9. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
10. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
11. X12 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
12. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
13. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
14. X15 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
16. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
17. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
18. Məhkəmə hesab edir ki, iddia tələbinin predmeti olan mənzil üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edildiyi müəyyən edilmir. Belə ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənəd qismində X7 ilə iddiaçının keçmiş əri X5 arasında bağlanmış borc müqaviləsi və mübahisələndirilən (ünvan 1 ünvanda) fərdi yaşayış evinə baxış keçirilməsi barədə Akt məhkəməyə təqdim edilmişdir (iddiaçı tərəfindən təqdim edilən müvafiq sənədlər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsinin və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun təsiri dairəsinə düşmür).
19. Digər tərəfdən məhkəmə nəzərə alır ki, İddiaçı iddia ərizəsində ünvan 1 ünvanına dair texniki pasport tərtib olunduğunu bildirsə də, müvafiq texniki pasportu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda isə ünvan 1 ünvanının X3 adına qeydiyyata alınmasına, habelə onun adı ilə bağlı texniki pasportun tərtib edilməsinə dair məlumat (sənəd) aşkar edilmədiyi bildirilmişdir.
20. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilməsi üçün iddiaçının “qanuni gözləntisi” yoxdur.
21. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. Belə ki, qeyd edilən daşınmaz əmlaka dair iddiaçının hər hansı hüquqmüəyyənedici sənədi olmadığı üçün hüquqların qeydiyyata alınmaqla çıxarışın verilməsi tələbi təmin edilməməlidir.
22. Məhkəmə qeyd edir ki, işin hallarının araşdırılması və məhkəmənin hüquqi yardım göstərməsi o halda mümkün hesab edilməlidir ki, iddiaçı tərəfindən hüququn tanınması üçün zəruri ilkin şərtin mövcudluğu əsaslandırılmış olsun. Odur ki, iddiaçı tərəfindən daşınmaz əmlaka dair hüquqlarının tanınması üçün hər hansı mötəbər sənəd təqdim edilmədiyindən məhkəmə tərəfindən iddiaçının ehtimal olunan hüququnun müdafiəsi üçün qeyri-məhdud araşdırmanın aparılması, bu məqsədlə qonşuluqda olan şəxslərin hüquqlarının qeydiyyata alınması üçün əsas olmuş sənədlərin tələb edilməsi ədalət mühakiməsinin həyata keçirilməsinin məqsədlərinə uyğun hesab edilə bilməz.
23. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.
24. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva