Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1156/2023 26.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 26 yanvar 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçının əri X3 xx.xx.2006-cı il tarixdə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İddiaçı dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən iddiaçının mərhum ərinin dövlət qulluğu stajının 5 ildən az (4 il 8 ay 2 gün-xx.xx.1981-xx.xx.1986-cı il tarixləri arasındakı dövr) olması əsas gətirilərək müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdən ona dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixindən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanuna əsasən dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının əri X5 ona pensiya təyin olunandan ölənə kimi dövlət qulluqçusu kimi pensiya və əlavələr almışdır. Bu müddətdə cavabdeh tərəfindən pensiyanın qanuna zidd olması ilə bağlı hər hansı müraciət edilməmişdir. İddiaçının əri xx.xx.2022-ci il tarixində ölmüşdür və iddiaçı ərinin ölümü ilə əlaqədar DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək “Əmək pensiyaları haqqında” Qanununa əsasən ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli **********1 nömrəli məktubla iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir və mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ərinə xx.xx.2006-cı ildə qanunvericiliyə zidd olaraq sabiq dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmişdir. Cavabdehin etirazı: İş üzrə cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı ərizə ilə cavabdeh orqana müraciət etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli **********1 nömrəli iddiaçıya ünvanlanmış məktubla dövlət qulluqçusunun ailə üzvü ailə başçısını itirməyə görə əmək pensiyasını təyin etməkdən imtina etmişdir. İmtinanın əsasları kimi iddiaçının mərhum əri X4 qanunvericiliyə zidd olaraq 5 yanvar 2006-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda mərhumun xx.xx.1986-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Azərbaycan SSR X8 Komitəsinin Meyvə, Tərəvəz, Kartof və Üzümün Ekspertiza Bürosu və həmin Büroda mövcud olmuş vəzifələr nəzərdə tutulmayıb. X7 dövlət qulluğu stajı 5 ildən az (4 il 8 ay 2 gün (xx.xx.1981-xx.xx.1986-cı il tarixləri arasındakı dövr)) təşkil etdiyindən İddiaçı sabiq dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Cavabdeh qeyd edilənlərə əsasən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 16 avqust 2022-ci il tarixli, **********5 nömrəli məktubla X2 pensiya işinin təsdiq olunmuş surətini məhkəməyə təqdim etmişdir; Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubunda göstərilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında mövcud olmuş vəzifələrin inzibati və yardımçı vəzifələrin “Təsnifat Toplusu”nda nəzərdə tutulan dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısfmn 1-ci bəndinə əsasən aparılır. Qeyd edilən Fərmanın 1.15-ci, 1.18-ci və 1.19-cu yarımbəndlərində müvafiq olaraq Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında, rayon aqrar-sənaye birliklərinin aparatında və Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin tabeliyində olan Baş Dövlət-texniki Nəzarət İdarəsinin Aparatında olan vəzifələr nəzərdə tutulmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilən Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin mərkəzi aparatının strukturunda Meyvə, Tərəvəz, Kartof və Üzümün Ekspertiza Bürosu nəzərdə tutulmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun məqsədi Bu Qanun Azərbaycan Respublikasında dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. 2.2. Bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. 21.1. Dövlət qulluqçuları üçün aşağıdakılara təminat verilir: ... 21.1.7. pensiya təminatı və dövlət sosial sığortası; ... 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: ... 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; ... 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). 20.1.8. dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla); ... 20.13. Bu qanunun 20.1.8-ci və 20.1.10-cu maddələrində nəzərdə tutulmuş şəxslərə vəfat etmiş dövlət qulluqçusunun (bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulan şəxsin) qulluq stajına görə şərti əmək pensiyası və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyasına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğlə bu qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə təyin edilir. 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2007-dək qüvvədə olan) Maddə 5. Pensiyanın təyin olunması şərtləri 5.1. Bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. 5.2. Pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: 5.2.1. "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 5.2.2. 1991-ci il. oktyabrın 18-dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 5.2.3. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti, 5.3. Dövlət qulluqçusunun qulluq stajı Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır 5.4. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına və ya əlilliyinə görə işdən çıxmış və dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan dövlət qulluqçusunun müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda və qaydada müavinət almaq hüququ vardır. Maddə 6. Pensiyanın miqdarı 6.1. Pensiya dövlət qulluğunda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət illərindən asılı olaraq aşağıdakı miqdarda təyin edilir: 6.1.1. dövlət qulluğu vəzifəsində azı 5 il qulluq stajı olan şəxsə onun dövlət məvacibinin 45 faizi miqdarında; 6.1.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 2 faizi miqdarında əlavə olunmaqla; 6.1.3. dövlət qulluğu vəzifəsində 10 ildən 15 ilə qədər qulluq stajı olan şəxsə dövlət məvacibinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin 80 faizi miqdarından çox olmamaqla. 6.2. Bu Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvlərinin sayından asılı olmayaraq onlara pensiya aşağıdakı miqdarda təyin edilir: 6.2.1. vəfat etmiş dövlət qulluqçusunun qulluq stajına görə almalı olduğu pensiyanın 80 faizi miqdarında; 6.2.2. vəfat etmiş pensiyaçının pensiyasının 80 faizi miqdarında. 6.3. Bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulan pensiyanın məbləği dövlət qulluqçusunun, yaxud pensiyaçının bu Qanunun 2.1.3-cü maddəsində nəzərdə tutulmuş ailə üzvləri arasında Müvafiq qanunvericiliyə uyğun olaraq bərabər bölünür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının ərinin xx.xx.1986-xx.xx.1991, xx.xx.1991-xx.xx.1992-ci illərdə Azərbaycan SSR X8 Komitəsinin Meyvə, Tərəvəz, Kartof və Üzümün Ekspertiza Bürosunda işlədiyi vəzifələrin dövlət qulluğu vəzifəsi olubolmamasının araşdırılması zərurəti yaranmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında mövcud olmuş vəzifələrin inzibati və yardımçı vəzifələrin “Təsnifat Toplusu”nda nəzərdə tutulan dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısfmn 1-ci bəndinə əsasən aparılır. Qeyd edilən Fərmanın 1.15-ci, 1.18-ci və 1.19-cu yarımbəndlərində müvafiq olaraq Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında, rayon aqrar-sənaye birliklərinin aparatında və Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin tabeliyində olan Baş Dövlət-texniki Nəzarət İdarəsinin Aparatında olan vəzifələr nəzərdə tutulmuşdur. Azərbaycan SSR Nazirlər Sovetinin 22 yanvar 1986-cı il tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilən Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsinin mərkəzi aparatının strukturunda Meyvə, Tərəvəz, Kartof və Üzümün Ekspertiza Bürosu nəzərdə tutulmamışdır. Belə olan halda, iddiaçının ərinin dövlət qulluğu stajı 5 ildən az (4 il 8 ay 3 gün (xx.xx.1981-xx.xx.1986)) təşkil etdiyindən, iddiaçıya dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi tələbinin hüquqi əsasının dispozisiya şərtləri ödənilmir. İddiaçının dəlillərinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının ərinə dövlət qulluqçusu kimi pensiya təyin edilməsi və ölənədək pensiya alması, pensiya təyini barədə əlverişli inzibati aktın qüvvədə olması vəziyyəti iddiaçının xeyrinə dəyişmir və iddianın əsaslılığı üçün heç bir əhəmiyyət kəsb etmir. Çünki, qanunvericiliyin yuxarıda istinad edilən normalarından göründüyü kimi, dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi bu qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan (bu müddəa vəfat etmiş əmək pensiyaçısının barəsində pensiya təyinatına dair qüvvədə olan əlverşli inzibati aktın olması və ya ölənədək pensiya ödənişini almasını deyil, həmin şəxsin buna hüququnun olmasını, yəni tələb olunan şərtləri ödəməsini nəzərdə tutur) əmək pensiyaçısı vəfat etdikdə, onun ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ yaranır. İddiaçının ərinin barəsində pensiya təyinatına dair qüvvədə olan əlverşli inzibati aktın olması iddiaçının hazırkı müraciətinə dair inzibati icraatın aparılması və tələb olunan şərtlərin yoxlanılmasının qarşısını almır və bunun üçün həmin aktın ləğvinə də ehtiyac yoxdur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusunun ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov
Məhkəmə qərarları › İş №2-1(112)-1156/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1156/2023
26.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver