Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1156/2024 24.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Təhsildə X5rşı “qərarın ləğv edilməsi, diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X5rşı “qərarın ləğv edilməsi, diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 24 aprel 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Türkiyə Respublikası Anadolu Universiteti tərəfindən iddiaçıya verilmiş 2015-226215 №-li bakalavr diplomuna əsasən, X16 (bundan sonra - iddiaçı) həmin Universitetin Açıq və distant təhsil forması üzrə Biznesin təşkili və idarə edilməsi fakültəsinin dörd illik Biznesin təşkili və idarə edilməsi ixtisasındakı təhsilini xx.xx.2015-ci il tarixində müvəffəqiyyətlə bitirərək, bu diplomu almağa layiq görülmüşdür. X16 xx.xx.2016-cı il tarixdə X17 rəsmi bikaha daxil olaraq ailə qurmuş, nikahdan sonra iddiaçıya Salmanova soyadı verilmişdir. İddiaçı ona verilmiş bakalavr diplomunun tanınması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh 3.04.2023-cü il tarixli qərarla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirilmişdir ki, “Ərizəçinin müraciətinə baxılaraq onun bakalavriat səviyyəsinə uyğun kvalifikasiyaya münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsil əldə etmədiyi müəyyən edilmişdir. Belə ki, ərizəçinin bütün təlim müddəti ərzində vasitəsilə təhsil aldığı “açık öğretim” təhsilalma forması ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid deyildir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 3.10.1-ci və 4.1.5-ci bəndlərinə əsasən ərizəçinin xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi üçün hüquqi əsas yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə tanınmaya dair ümumi tələblərə aiddir”. İddia tələbi və iddiaçının əsaslandırması və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin xarici dövlətin Ali Təhsilə aid kvalifikasiyanın tanınmasından imtina edilməsi barədə xx.xx.2023-cü il tarixli NA 00007671 nömrəli qərarın ləğv edilməsinə və ona aid olan 2015- 226215 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, cavabdehin imtina qərarı əsassızdır. Belə ki, “Təhsil Haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) təhsilalma formaları müəyyən edilir. Cavabdehin etirazları: Cavabdeh iddiaya yazılı etiraz və etiraza əlavə göndərərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazın məzmunu imtina məktubunun məzmunu ilə eynidir. Etiraza əlavə onunla əsaslandırılmışdır ki, iddiaçının tədris dövrü olaraq onun diplom əlavəsində qeyd olunmuş 4 ilin heç bir ili üzrə, ümumiyyətlə xarici ali təhsil aldığı ölkədə olmadığı müəyyən olunmuşdur. Məlum olan fakt əsasında ərizəçinin “açıköğretim” təhsil formasında qeyri-ənənəvi formada təhsil aldığı təsdiqlənmişdir. Oxşar halların mövcud olduğu işlər üzrə inzibati icraat praktikasının təkmilləşdirilməsi, habelə işin mahiyyətinin dərindən öyrənilməsi məqsədilə, iddiaçının işi ilə bənzər halların mövcud olduğu ərizəçilərlə bağlı Anadolu Universitetinin Bakı nümayəndəliyinə göndərilmiş sorğumuza daxil olan rəsmi cavabda həmin proqramlar üzrə tədrisin və imtahanların ərizəçilərə diplom blankında adı əks olunmuş Anadolu Universitetində deyil, həmin universitetin Bakıdaki nümayəndəliyində təşkil olunduğu bildirilmişdir. Anadolu Universitetinin Bakıda fəaliyyət göstərən nümayəndəliyinin akkreditasiyası Agentlik tərəfindən heç vaxt həyata keçirilməmişdir. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının 4.1.1-ci yarımbəndinə əsasən müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması da tanınmaya dair tələblər arasında göstərilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı, onun nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2 və 2.2.2-ci maddələrinə əsasən, inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. İddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmiş, imtina barədə aktı aldığı gündən 30 gün müddətində məhkəmədə iddia qaldırmışdır (İPM-in 2.2.2, 33.1 və 38.2-ci maddələri). Cavabdeh iddiaçının müraciətini təmin etməkdən 3.04.2023-cü il tarixli qərarla imtina etmiş, iddiaçı iddia ərizəsini 3.05.2023-cü il tarixdə verərək iddia müddətini ötürməmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Baxılan işin hallarına əsasən, iddiaçı Türkiyə Respublikası Anadolu Universitetinin Açıq və distant təhsil forması üzrə Biznesin təşkili və idarə edilməsi fakültəsinin dörd illik Biznesin təşkili və idarə edilməsi ixtisasındakı təhsilini xx.xx.2015-ci il tarixdə tamamlamış və ona 2015-226215 №-li bakalavr diplomu verilmişdir. İddiaçı hazırkı tələbində həmin diplom üzrə ekvivalentliyinin müəyyən edilməsi və ixtisasın tanınmasını xahiş edir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilalma formaları arasında “açıq öyrətim” təhsilalma formasının olmamasına istinad edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız, iddia tələbi əsaslıdır. Belə ki, Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli Qərarı (iddiaçının müraciətinə baxılan zaman qüvvədə olmuş, xx.xx.2023-cü il tarixdə qüvvədə düşmüş) və Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” Qaydaları ilə müəyyən edilir. Hər iki Qaydalar eyni məzmunlu olmaqla Qaydaların 4.1-ci bəndinə tanınmaya dair ümumi tələblər qeyd edilmişdir. Həmin tələblər aşağıdakılardır: 4.1.1. müvafiq kvalifikasiyaya dair sənədin əldə olunduğu təhsil müəssisəsinin fəaliyyət göstərdiyi ölkədə səlahiyyətli keyfiyyət təminatı qurumu tərəfindən akkreditasiyadan keçməsi və dövlət lisenziyasının olması; 4.1.2. müvafiq kvalifikasiyaya dair sənədin autentik (həqiqi) olması; 4.1.3. müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməsi; 4.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 iyul tarixli 311 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi” (bundan sonra – Milli Kvalifikasiyalar Çərçivəsi) üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5. Milli Kvalifikasiyalar Çərçivəsi üzrə orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması). Cavabdeh Qaydaların 4.1.5-ci bəndinə istinad edərək iddiaçının diplomu üzrə ixtisasının tanınmasından imtina edir. Həmin normada bakalavriat səyiyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması şərti təsbit edilmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Göründüyü kimi, “Təhsil haqqında” Qanunda distant (məsafədən) təhsilalma forması bilavasitə təsbit olunmuşdur. "Təhsil haqqında” Qanunun normalarına əsasən dövlət təhsil standartları və onların qüvvədə olma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun tətbiq edilməsinə dair Azərbaycan Respublikası Prezidentinin 2009cu il 5 sentyabr tarixli № 156 saylı Fərmanına əsasən, müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 23 aprel tarixli 75 №-li qərarı ilə təsdiq edilmiş «Ali təhsil pilləsinin dövlət standartı və proqramı»nın 5.4-cü bəndinə əsasən, ali təhsil pilləsində aşağıdakı təhsilalma formaları müəyyən edilir: əyani; qiyabi; distant (məsafədən); sərbəst (eksternat). Həmin formalar üzrə təhsilalma qaydaları müvafiq qanunvericilik aktları ilə müəyyənləşdirilir. Bakalavriat səviyyəsində təhsilin distant formada təşkili qaydaları və müddəti ilə bağlı qanunvericilik aktları qəbul edilməsə belə iddiaçının təhsilinin tamamlanmasını təsdiq edən bakalavr diplomunun olması və həmin diplomun apostil olması, həmin diplom üzrə kvalifikasıyanın tanınması üçün kifayət qədər zəruri əsasdır. Məhkəmə bu qənaətə gələrkən iddiaçının təhsil aldığı Açıq təhsil (açık öğretim) təhsilalma formasına da aydınlıq gətirməyi zəruri hesab edir. Belə ki, Açıq təhsil (“açık ögretim”) adi ənənəvi təhsil tərzindən fərqli olaraq kampusa (təhsil müəssisəsinə) gəlmək məcburiyyətinin olmadığı, dərslərin kompüter vasitəsilə tam virtual mühitdə keçdiyi, iştirakçının istənilən vaxt onları təkrar-təkrar izləyə biləcəyi təhsilin adıdır. Distant (“Uzaktan öğretim”) təhsil “tələbələrə kommunikasiya texnologiyalarından istifadə edərək öyrənməyə imkan verən” müasir təcrübədir. Bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil vasitəsilə, hər yaşdan, gəlirdən və ya peşədən olan insanların öz sürət və imkanlarına uyğun olaraq öz təhsillərini nizamlayaraq, məhsuldarlığını itirmədən təhsillərini davam etdirdikləri bir sistemdir. Müxtəlif yerlərdə tələbələri, müəllimləri və təhsil vasitələrini kommunikasiya texnologiyaları ilə birləşdirən təhsil modellərini özündə birləşdirən distant təhsil çağın texnologiyasından istifadəni təmin edən təhsil fəlsəfəsidir. Məhkəmə qeyd edir ki, qanunvericiliklə distant təhsilə verilmiş anlayış baxımından təhsilin İnternet texnologiyaları və ya interaktivliyi təmin edən digər vasitələrlə həyata keçirilməsinə yönəlmiş tələbə və müəllim arasındakı ünsiyyəti virtual (məsafədən) həyata keçirən təhsil forması kimi “açıq öğrətim” formasının “distant” təhsil formasına aid olması təkzibolunmaz haldır. Türkiyədə təhsil forması kimi “açık öğretim” və “uzakdan eğitim” kimi anlayışların fərqləndirilməsi də vəziyyəti iddiaçının ziyanına dəyişmir. Türkiyə Respublikasında hər iki təhsil forması bir çox oxşar cəhətlərə malik olsa da, həmin təhsil formaları arasında müəyyən fərqlilik mövcuddur ki, Azərbaycan təhsil sistemi üçün isə həmin fərqləndirmə müəyyən edilmir. Belə ki, mövcud, qüvvədə olan qanunvericilik Türkiyədə mövcud olan hər iki təhsil formasını bir formada birləşdirir və qeyd olunan təhsil forması da məhz distant təhsil forması hesab edilir. Göründüyü kimi, Türkiyə Respublikasında “distant” təhsil forması bir neçə növə ayrılmışdır ki, bu hal da iddiaçının aldığı təhsil formasının “distant” forma hesab edilmə meyarına xələl gətirmir. İddiaçının təhsil aldığı Universitetin internet (web) səhifəsində əks olunmuş məlumatlarla müəyyən edilir ki, “bakalavr təhsil proqramını müvəffəqiyyətlə tamamlayan tələbələrin diplomalarında “X11 və ya X12” məzunu qeydi əks olunacaq və bu diplom digər bakalavr diplomalarının verdiyi bütün qanuni hüquqları təmin edəcəkdir. (https://www.anadolu.edu.tr/acikogretim). Qeyd edilənlərə əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdehin imtinası formal əsasalara söykənir. Ona görə də, iddia təmin edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həmçinin məhkəmə təcrübəsinin bu istiqamətdə formalaşdığını da nəzərə alır. Belə ki, eyni faktiki və hüquqi əsasa söykənən işlər üzrə (açıq öyrətim tipli təhsilə dair diplomun tanınması) Ali Məhkəmənin aşağıdakı qərarları ilə cavabdehin eyni məzmunlu imtinaları və dəlilləri əsassız hesab edilmişdir: 2-1(102)-1752/2022 nörməli iş üzrə, xx.xx.2022-ci il tarixli qərar, 2-1(102)-574/2022 nömrəli iş üzrə, xx.xx.2022-ci il tarixli qərar, 2-1(102)-729/2022 nömrəli iş üzrə. xx.xx.2022-ci il tarixli qərar, 2-1(102)-466/2023 nömrəli iş üzrə. xx.xx.2023-cü il tarixli qərar, 2-1 (102)-518/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərar, 2-1(102)-542/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərar, 2-1(102)-1224/2023 nömrəli iş üzrə, xx.xx.2023-cü il tarixli qərar və 2-1(102)-693/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərar. Məhkəmə cavabdehin etiraza əlavə məktubunda qeyd edilənləri də əsassız hesab edir. Belə ki, cavabdeh bildirir ki, ərizəçilərə diplom blankında adı əks olunmuş Anadolu Universitetində deyil, həmin universitetin Bakıdaki nümayəndəliyində təşkil olunduğu bildirilmişdir. Anadolu Universitetinin Bakıda fəaliyyət göstərən nümayəndəliyinin akkreditasiyası Agentlik tərəfindən heç vaxt həyata keçirilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçının təhsil ölkəsində olmaması işin mübahisələdirilməyən halıdır. Çünki iddiaçı təhsilini distant formada almışdır. İddiaçıya diplom və digər təhsil haqqında sənədlər isə, Anadolu Universitetinin Bakıda fəaliyyət göstərən nümayəndəliyindən deyil, Anadolu Universitetindən verilmiş və qeyd edilən sənədlər apostil olunaraq Azərbaycan dilinə tərcümə və təsdiq edilmişdir. Anadolu Universitetinin Rektorluğundan iddiaçıya ünvanlanmış və Azərbaycan dilinə tərcümə edilərək təsdiq edilmiş xx.xx.2023-cü il tarixli E-82560829-302.xx.xx-674757 nömrəli məktubda qeyd edilmişdir ki, “X18, 2011 - 2012 - ci tədris ilində Universitetimizin Biznesin İdarəedilməsi X3 X6 X13 (Birbaşa Qeydiyyat) çərçivəsində İİİ kurs üçün **********1 tələbə nömrəsi ilə xx.xx.2011-ci il tarixində qeydiyyatdan keçmişdir. Haqqında bəhs olunan tələbə Distant təhsil modelində (Distant təhsil) təhsil alaraq Subbakalavr təhsilindən məzun olmaqla İİ və İV: kurslarda müvəffəqiyyət qazanaraq xx.xx.2015 - ci il tarixində X4 Bakalavr pilləsini 2015 - 226215 nömrəli diplomla bitirmişdir. Anadolu Universiteti Türkiyənin Eskişir şəhərində yerləşən dövlət universitetidir. 1958-ci ildə qurulan Universitetimiz Türkiyənin müasir, dinamik və innovativ universitetidir. 20 iyul 1982-ci il tarixli 41 saylı Qanun kimi qəbul edilən Fərmanla fasiləsiz və qiyabi təhsilin təmin edilməsi vəzifəsi elmi - texnoloji infrastruktura sahib olan Anadolu Universitetinə həvalə edilib. Bu çərçivədə Anadolu Universiteti ölkəmizdə müasir distant təhsil modeli (Distant Education) ilə ali təhsil verən ilk qurumdur. Distant Təhsil Modelində (Distant Təhsil) tələbənin hansı ölkədən təhsil almasından asılı olmayaraq, kurs və imtahanlar üçün universitetə gəlmək məcburiyyəti yoxdur. Anadolu Universitetinin Açıq Təhsil sistemində distant təhsil (distant təhsil) vasitəsilə verdiyi təhsil Azərbaycan Təhsil Qanununun 13.2 ci maddəsində Qiyabi təhsil növü deyil, 13.3 - cü maddəsində qeyd edilmiş Distan təhsil növünə uyğun olan təhsildir. Açıq Təhsil Sistemimiz müxtəlif yaş qruplarından və mənşəyindən olan tələbələr üçün təhsil platforması olan Anadolum e - Kampusda (elektron şəhərcikdə) oxu - kəşf et - öyrən (məsul dərsliklər, bölmənin xülasəsi, infoqrafika), İzlə - öyrən (canlı dərslər, mühazirə videoları, interaktiv videolar), dinlə - öyrən (audio kitab və audio xülasə), cəhd et - öyrən (suallarla öyrənək, məşqlərlə, sınaq imtahanları, çıxan imtahan sualları) ilə öyrənilməsini asanlaşdıracaq materiallar var. O cümlədən Azərbaycandan distant təhsil yolu ilə kurslarda iştirak edən tələbələrə hər il dərsliklər göndərilir. Bundan əlavə, Azərbaycanda tələbələr üçün Eskişehirdən Canlı video konfrans dərsləri keçirilir. Anadolu Universiteti Açıq Təhsil Fakültəsi Bakı Əlaqə Bürosu Açıq Təhsil Sistemində qeydiyyatdan keçmiş tələbələrə məsləhət və bələdçi xidmətləri göstərir. Bu çərçivədə Azərbaycanda yaşayan tələbələr özlərini Anadolu Universitetinin tələbələri kimi ölkələrinin səlahiyyətli strukturlarına təqdim edə bilərlər. Təklif olunan təhsilin məzmunu və keyfiyyəti yalnız Anadolu Universitetinə məxsusdur. Eyni zamanda Universitetimiz Avropa Distant X1 (X19 of X8 - EADTU), X2 (X7 - EUA), X14 Assosiasiyasının (Asian Association of Open Universities - AAOU), Beynəlxalq Açıq və Distant Təhsil Şurasının (X15 for Open and Distance Education - İCDE), Avropa Distant və X10 (X9 Netvvork - EDEN) üzvüdür. Açıq Təhsil Sistemində dörd semestrdən (müddəti 2 il olan) sub bakalavr səviyyəsində və səkkiz semestrdən ibarət bakalavriat səviyyəsində (4 il müddətində) ali təhsil proqramları mövcuddur. Hər tədris ili payız və yaz semestrlərindən ibarətdir. Universitetimizin hazırladığı Akademik Təqvimdən asılı olaraq payız semestri adətən sentyabrda, yaz semestri isə mart ayında başlayır. Tələbələrin kurs müvəffəqiyyəti aralıq və yekun imtahanları daxil olmaqla hər semestrdə iki dəfə xüsusi nəzarət altında üzüzə və/və ya onlayn imtahanların keçirilməsi ilə ölçülür. Azərbaycandan distant təhsillə təhsil alan tələbələr üçün imtahan sualları Universitet tərəfindən T.R. Xarici İşlər Nazirliyi vasitəsi ilə diplomatik karqo vasitəsi ilə Bakı şəhərindəki Türkiyə səfirliyinə göndərilir. İmtahanlar Türkiyə Respublikası Milli Təhsil Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə tabe olan Bakı Türk Anadolu Liseyində, Türkiyə Respublikasının Bakı şəhərindəki Fövqəladə və Səlahiyyətli Səfirliyi və Təhsil Müşavirliyinin təşkilati dəstəyi ilə universitet tərəfindən həyata keçirilir. Açıq Təhsil Sistemində proqramların tədris dili türk və ingilis dilləridir. Tələbələrimizin sub bakalavr proqramlarından məzun olmaları üçün ən azı 120 AKTS krediti (X20 System - ECTS), bakalavr səviyyəsindəki fakültələrdən məzun olmaq üçün ən azı 240 AKTS krediti çərçivəsində dərs keçmələri, keçilən dərslərdən müvəffəqiyyət qazanmalı, Ümumi orta qiymətlərinin (GNO) ən az 2.00 olmalı və onlardan gözlənilən öhdəlikləri yerinə yetirmələri tələb olunur. Fakültə və proqramlara aid ətraflı məlumatı globalcampus.anadolu.edu.tr səhifəmizdən əldə etmək olar. Universitetimizin diplomları Türkiyə Ali Təhsil Şurası (YÖK) tərəfindən tanınır. xx.xx.1982-ci il tarixli və 17860 saylı Rəsmi Qəzetdə dərc edilən Açıq Ali Təhsil Əsasnaməsinin 13-cü maddəsində deyilir: “Eyni kurrikuluma uyğun distant təhsil alan tələbələrlə əyani təhsil tələbələri arasında tələbə hüquqları baxımından heç bir fərq yoxdur və hər iki yolun məzunları bərabər hüquq və səlahiyyətlərə sahibdirlər”. Buna görə də əyani və açıq təhsil proqramlarını bitirən tələbələrimiz arasında heç bir fərq yoxdur. Müəyyən edilmişdir ki, Aysel Xıdırovanın qeydiyyatdan keçdiyi dövrlərdə imtahan mərkəzinin Bakı şəhəri olduğu və imtahan məlumatları əlavədə verilmişdir. Məlumat diqqətinizə təqdim olunur”. Göründüyü kimi, Distant Təhsil Modelində (Distant Təhsil) tələbənin hansı ölkədən təhsil almasından asılı olmayaraq, kurs və imtahanlar üçün universitetə gəlmək məcburiyyəti yoxdur. Anadolu Universitetinin Açıq Təhsil sistemində distant təhsil (distant təhsil) vasitəsilə verdiyi təhsil Azərbaycan Təhsil Qanununun 13.2-ci maddəsində Qiyabi təhsil növü deyil, 13.3-cü maddəsində qeyd edilmiş Distan təhsil növünə uyğun olan təhsildir və iddiaçı da təhsilini məhz bu üsulla almışdır. Məktubda həmçinin bildirilir ki, Universitetin diplomları Türkiyə Ali Təhsil Şurası (YÖK) tərəfindən tanınır. Həmçinin eyni kurrikuluma uyğun distant təhsil alan tələbələrlə əyani təhsil tələbələri arasında tələbə hüquqları baxımından heç bir fərq yoxdur və hər iki yolun məzunları bərabər hüquq və səlahiyyətlərə sahibdirlər”. Buna görə də əyani və açıq təhsil proqramlarını bitirən tələbələrimiz arasında heç bir fərq yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası və etirazının dəlilləri kimi istinad etdiyi hallar əsassızdır. İPM-in 14.3-cü maddəsinə görə, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Xarici dövlətin ali təhsilə aid kvalifikasiyasının tanınmasından imtina edilməsi barədə” xx.xx.2023-cü il tarixli NA 00007671 nömrəli qərarı ləğv edilsin. İddiaçı verilmiş Türkiyə Respublikasının Anadolu Universitetinin 2015-226215 nömrəli bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-1156/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1156/2024
24.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver