Məhkəmə qərarları › İş №2-1(112)-11561/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11561/2021

02.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11561/2021 02.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının səlahiyyətli nümayəndəsi X2 və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı “M X13 Kredit Təşkilatı” X1 cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qarşı öhdəliyin icra edilməsi tələbinə dair inzibati iş materiallarına mümkünlük icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı “M X13 Kredit Təşkilatı” X3 cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2(001)-781/2021 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin cavabdeh tərəfindən icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 2(001)-781/2021 saylı qətnaməsi ilə “Mol X13 Kredit Təşkilatı” MMC tərəfindən “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 10.08.2020-ci il tarixli, 1143-08- 20 ş/h saylı əmrin ləğv edilməsi, X5 "xxxx" BOKT MMC-nin Sumqayıt 02-04 filialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün X7 əmək haqqının ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05.02.2021-cı il tarixli, 2(001)-781/2021 saylı icra vərəqəsi əsasında (bundan sonra-“İcra vərəqəsi”) Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi (rəisi İlham Həsənov) tərəfindən icra icraatına başlanılmışdır. İcra sənədi "xxxx" BOKT MMC tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq təmin edilmiş, X5 əmək müqaviləsinə xitam verilməsi haqqında 10.08.2020-ci il tarixli, 1143-08-20 ş/h saylı əmr ləğv edilmiş, X9 "xxxx" MMC-niıı Sumqayıt 02-04 ofisinin meneceri vəzifəsinə işə bərpa edilmiş və "xxxx" MMC ilə X9 arasında 21.01.2020-ci il tarixdə bağlanmış Müddətli əmək müqaviləsinin müddətinin 28.10.2020-ci il tarixdə bitməsi səbəbindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qeyd olunan əmək müqaviləsinə xitam verilmiş, məcburi iş buraxma müddəti üçün əmək haqqı X7 tam həcmdə ödənilmişdir. İcra vərəqəsi "xxxx" BOKT MMC tərəfindən tam şəkildə icra olunmuş və bu barədə Binəqədi Rayon İcra Şöbəsinə rəsmi qaydada müvafiq sənədlər əlavə edilməklə 31 avgust 2021-ci il tarixdə məlumat verilmişdir. Lakin buna baxmayaraq icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru (Şakir Bahadırov) tərəfindən qərar qəbul edilməmişdir. 27.09.2021-ci il tarixdə "xxxx" BOKT MMC 05.02.2021-ci il tarixli, 2(001)-781/2021 saylı icra vərəqəsinin tam şəkildə icra edildiyi üçün “İcra haqqında” Qanununun 20.1.5-ci maddəsinin tələblərini rəhbər tutaraq müvafiq icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı Binəqədi Rayon İcra Şöbəsinə ərizə ilə müraciət etmişdir. Buna baxmayaraq, Binəqədi rayon İcra şöbəsi tərəfindən hələ də icraata xitam verilməyib, habelə xitam verilməsindən imtina edilməsi barədə hər hansı bir məlumat daxil olmamışdır. İcra sənədi üzrə icraata xitam verilməməsinin səbəbinin aydınlaşdırılması ilə bağlı icra məmuru Şakir Bahadırovla telefon vasitəsilə əlaqə saxlanılmışdır. O, 05.02.2021-cı il tarixli, 2(001)-781/2021 saylı qətnamənin tam icra olunmadığını, daha doğrusu işçi ilə əmək müqaviləsi bağlanılmadığını bildirmiş və bu səbəbdən icraata xitam vermənin qeyri-mümkünlüyünü bildirmişdir. Bu barədə rəsmi cavab verilməsini xahiş etsələr də bu günkü günə qədər Binəqədi Rayon İcra Şöbəsindən rəsmi cavab daxil olmamışdır. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-781/2021 saylı, 05.02.2021ci il tarixli qətnaməsi ilə M Bulak BOKT MMC-nin üzərinə X9 ilə yeni əmək müqaviləsi bağlanılması öhdəliyi qoyulmamışdır. Məhkəmə tərəfindən işəgötürənin üzərinə belə bir vəzifənin qoyulması qanunvericiliyin tələblərinə ziddir. Bu hissədə qanunvericiliyin tələbi Binəqədi Rayon İcra Şöbəsinin böyük icra məmuru Şakir Bahadırov tərəfindən kobud şəkildə pozulur. Bununla da hesab edirlər ki, icra sənədi tərəflərindən tam həcmdə icra edildiyi üçün 05.02.2021-ci il tarixli, 2(001)-781/2021 saylı icra vərəqəsi üzrə icraata xitam verilməsi öhdəliyinin icrası cavabdeh tərəfindən təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının səlahiyyətli nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddia tələbi üzrə verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-781/2021 saylı, 05.02.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdeh “MolX13 Kredit Təşkilatı” MMC-nin “Əmək müqaviləsinə xitam verilməsi haqqında” 10.08.2020-ci il tarixli, 1143-08-20 ş/h saylı əmrinin ləğv edilməsi, iddiaçı X5 cavabdeh “MolX13 Kredit Təşkilatı” MMC-nin Sumqayıt 02-04 fialında Sumqayıt 0204 ofisinin meneceri vəzifəsinə işə bərpa edilməsi, iddiaçı X7 məcburi iş buraxma müddəti üçün əmək haqqının cavabdeh “MolX13 Kredit Təşkilatı” MMC tərəfindən ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə müvafiq icra vərəqəsi icra qurumuna daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilərək icra vərəqəsi icra edilməsi üçün borcluya göndərilmişdir. Məhkəmə qərarı borclu tərəfindən tam olaraq icra edilməmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mübahisənin predmetini Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)-781/2021 nömrəli icra sənədi üzrə başlanılmış icra icraatı təşkil edir. İcra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi “İcra haqqında” Qanunun 87.1-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddədə göstərilir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair" 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də qaldırılmış iddia da İPM-nin 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Yuxarıda şərh olunanların hazırkı mübahisənin hallarına tətbiqi baxımından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən hal Binəqədi rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(001)-781/2021 nömrəli icra sənədi üzrə başlanılmış icra icraatı ilə bağlı olduğundan hazırki iddia tələbi həmin mülki işin davamı kimi şikayət formasında icra sənədini vermiş məhkəmədə, yəni Bakı şəhər Binəqədi rayon Məhkəməsində mübahisələndirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır Beləliklə məhkəmə hesab edir ki, yuxarıda da qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-nin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Həmin şərt hazırki iş üzrə ödənilmədiyi üçün iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı “M X13 Kredit Təşkilatı” X1 iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar