Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11561/2022 15.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğvi və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq şifahi məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: I.İşin halları İddiaçı Qanuni nümayəndə1 xx.xx.2022-ci il tarixdə qızı İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün ərizə-anket ilə cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə (bundan sonra - Cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarla xx xxxxxx 2015-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasını qərara almışdır. Bundan sonra iddiaçı Qanuni nümayəndə1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.2015-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərar qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra Qanuni nümayəndə1 xx.xx.2022-ci il tarixdə ərizə təqdim edərək, onun əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan iddiaçı Qanuni nümayəndə1 əsl İddiaçı ilə (bundan sonra - İddiaçı) əvəz edilmişdir. İddiaçı həmçinin iddianın dəyişdirilməsi barədə ərizə tədim edərək, cavabdehin xx.xx.2022-ci il tarixli, ******* nömrəli qərarının ləğv edilməsi və İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının atası Qanuni nümayəndə1 xx.xx.1989-cu il tarixdə Qax şəhərində, anası Qanuni nümayəndə2 isə xx.xx.1989-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Onların birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində İddiaçı doğulmuşdur. Qanuni nümayəndə1 iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Müraciəti ilə bağlı Dövlət Miqrasiya Xidmətində araşdırma aparıldıqdan sonra xx.xx.2022-ci il tarixli, ******* saylı qərar qəbul edilmiş və həmin qərarda İddiaçı digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olması müəyyən edildiyi üçün onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. Həmin qərar qanunsuz və əsassız olaraq qəbul edilmiş və formal əsaslandırılmışdır. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında iddia tələbinin təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iş materialları ilə müəyyən olunur ki, sözügedən şəxs Rusiya Federasiyasında anadan olmuş və həmin ölkənin vətəndaşlığını əldə etmişdir. Bu səbəbdən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Qeyd olunmalıdır ki, şəxs vətəndaşsızlıq halında olmamış və ölkə ərazisində qanuni əsaslarla fasiləsiz olaraq son beş il ərzində daimi yaşadıqdan sonra vətəndaşlıq əldə etməklə bağlı DMX-ya müraciət edə bilər. Şəxs DMX-nin araşdırmasına qədər RF-nin vətəndaşı olduğundan (şəxs vətəndaşsızlıq halında olmamışdır), şəxsin AR vətəndaşlığına mənsubiyyətinin tanınması məsələsi “Vətəndaşsızlıq hallarının azaldılması haqqında” Konvensiyanın tələblərinə ziddir. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinə uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. III. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddiaçının hazırkı iddiası Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması ilə bağlı əlverişli inzibati aktın qəbulundan ibarət olmaqla məcburetmə haqqında iddia növünə aiddir (İPM, maddə 2.2.2). Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM): -2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddiaçı həm ümumi, həm də xüsusi mümkünlük şərtlərin əməl etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasındakı hazırkı mübahisə inzibati mübahisədir. İddiaçı onun barəsində belə bir əlverişli inzibati akt qəbul edilməsi üçün düzgün cavabdehə qarşı iddia qaldırmışdır və onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana hazırkı tələblə müraciət etmiş, imtina barədə qərar qəbul edildikdən (xx.xx.2022-ci il) sonra qanunvericiliklə nəzərdə tutulmuş müddətdə, xx.xx.2022-ci il tarixdə iddianı qaldırmışdır (İPM, maddə 38.2). İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan 876351 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində doğulmuşdur. Atası Muradov X2 vətəndaşı, anası Qanuni nümayəndə2 isə Azərbaycan Respublikasının vərəndaşıdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Qanuni nümayəndə1 xx.xx.1989-cu il tarixə Azərbaycan Respublikası, Qax şəhərində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Qanuni nümayəndə2 xx.xx.1989-cu il tarixə Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuşdur, ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan xx.xx.2022-ci il tarixli anket məlumatlarından görünür ki, iddiaçının atası Qanuni nümayəndə1 cavabdehə müraciət edərək qızı xx.xx.2015-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmasını xahiş etmişdir. “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, araşdırma nəticəsində şəxsin digər ölkə vətəndaşlığını təsdiq edən sənədlərə malik olduğu müəyyən edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.4-cü yarımbəndini rəhbər tutularaq xx xxxxxx 2015-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması qərara alınmışdır. İddiaçı hazırda bu qərarı mübahisələndirərək onun ləğv edilməsini və onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin tanınması haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə əsasən Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Konstitusiyanın 53-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından (onun qanunla müəyyən edilmiş itirilmə halları istisna olmaqla) məhrum edilə bilməz. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinə əsasən şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir: 1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda; 2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda. Qanunun 11-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan vətəndaşlığın əldə edilmə üsulu filiasiya adlanır. Yəni şəxs doğulduğu andan vətəndaşlığı əldə edir. Bu zaman iki prinsip fərqləndirilir. 1) jus sanguinis - qan hüququ (valideynlərin qanı ilə gələn vətəndaşlıq); 2) jus soli - torpaq hüququ (vətəndaşlığın doğulduğu yer ilə əldə edilməsi). Qanunun müddəasından görünür ki, Azərbaycan Respublikasında müəyyən məhdudiyyətlər nəzərə alınmaqla hər iki prinsip tətbiq edilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”na (bundan sonra – Qayda) əsasən: - 1.1. Bu Qayda “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin dördüncü hissəsinə uyğun olaraq hazırlanmışdır və şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydasını müəyyən edir. - 1.3. Bu Qaydada nəzərdə tutulan hallarda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (bundan sonra - Dövlət Miqrasiya Xidməti) tərəfindən həyata keçirilir. - 2.2. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsaslar aşağıdakılardır: 2.2.3. valideynlərindən hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla); 2.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşıdırsa. - 3.1. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının (bundan sonra – dövlət orqanları) sorğusu (bundan sonra – sorğu) əsasında başlanılır. 4.1. Aşağıdakı hallardan hər hansı biri müəyyən edildikdə, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır: - 4.1.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşından (vətəndaşlarından) doğulmuş şəxs. Göründüyü kimi, qanunverici şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması əsaslarını konkret müəyyən etmiş və bu zaman inzibati orqana mülahizə sərbəstliyi verməmişdir. İddiaçı həm atası Qanuni nümayəndə1, həm də anası Qanuni nümayəndə2 Azərbaycan Respublikasının vətəndaşı olması, yəni İddiaçı Azərbaycan Respublikasının vətəndaşından doğulmuş şəxs olması işin mübahisəsiz halıdır. Deməli, İddiaçı doğulduğu andan Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmişdir və buna görə də onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmalı idi. Cavabdehin iddiaçının Rusiya Federasiyası vətəndaşı olması barədə dəlilinə gəldikdə məhkəmə qeyd edi ki, işdə olan 73 ******* nömrəli Rusiya Federasiyası pasportundan görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdə pasport verilmişdir. İddiaçı bu pasporta istinad edərək iddiaçının Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanınmamışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı Rusiya Federasiyasında doğulduğundan həmin xarici dövlətin qanunvericiliyinə əsasən onun Rusiya Federasiyası vətəndaşı kimi qəbul edilməsi və bu barədə pasport verilməsi başadüşüləndir. Lakin həm Azərbaycan Respublikası Konstitusiyasının, həm də “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun istinad edilən normalarından görünür ki, şəxsin Azərbaycan Respublikasının vətəndaşı olması üçün Azərbaycan Respublikasının vətəndaşından doğulması kifayətdir və bu zaman onun digər dövlətin vətəndaşı olub olmaması şəxsin Azərbaycan Respublikasının vətəndaşı hesab olunması üçün mane deyildir. Çünki “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Yəni başqa dövlətin İddiaçı öz vətəndaşı kimi qəbul etməsi, həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşı olmasını müəyyən etməyə mane olmur. Çünki yuxarıda qeyd olunanlardan da göründüyü kimi şəxs Azərbaycan Respublikasının vətəndaşından doğulduqda artıq Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş olur. Cavabdehin, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini tanıması isə artıq mövcud olan bir faktın təsdiqindən ibarət olmaqla, qeyri-müəyyən hüquqi vəziyyətin hüquqi cəhətdən məcburi qüvvəyə malik olan aydınlaşdırılmasından ibarətdir. Belə ki, Qaydanın 2.1-ci bəndində də qeyd edildiyi kimi şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraat həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmadığı və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olduğu təqdirdə aparılır. Yəni şəxs Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olsa və ya olmasa da, onun bu barədə hər hansı bir sənədi mövcud olmur və bu qeyri-müəyyənliyi aradan qaldırmaq üçün onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müvafiq icraat başlanır. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçının müraciətinə baxarkən qəbul etdiyi qərar onun hüquqlarını pozmuşdur. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” ******* nömrəli, 22 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. xx.xx.2015-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11561/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11561/2022
15.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver