Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11562/2025 02.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 qızının, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı2 qızının və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı2 qızı və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların öhdəliyində olan artıq torpaq sahəsinə çıxarış verilməsini xahiş edir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi ünvanında yerləşən 799 saylı bağ sahəsi iddiaçıların anası X6 məxsus idi. xx.xx.2023-cü ildə anasının adına olan torpaq sahəsinin bir hissəsini öz adına, bir hissəsini isə bacısı İddiaçı2 qızı adına keçirmişdir, çıxarış almışdırlar. Hal-hazırda bağ sahəsi onun və bacısına məxsusdur. Bu bağ sahəsi 40 ildən çoxdur ki, onların istifadəsindədir, bu torpaq sahəsi onlara bağlar idarəsi tərəfindən verilmişdir, lakin 1990-cı illərdə kimə 25 sot torpaq sahəsi verilmişdirsə, reyestr xidmətləri idarəsi verilmiş torpaq sahəsinə baxmayaraq 25 sotun ancaq 12 sot torpağına qeydiyyata alıb çıxarış vermişdir. Onlar 12 sot torpağa çıxarış aldıqdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin İdarəsinə müraciət etmişdirlər və imtina cavabı almışdırlar. Onlarda olan sənədlərə görə onların adına 25 sot torpaq verilmişdir. Hal hazırda bu torpaq sahəsinin 12 sotu özəlləşdirilmişdir, qalan hissə açıq qalmışdır. O zaman torpaq sahəsi verildikdə ölçülməmişdir, ona görə də onun 4 tərəf hasar olan torpaq sahəsi artıqlıq təşkil edir, ona görə də məcbur olub məhkəməyə müraciət etdilər. Hazırda sənədlər göstərir ki, qalan hissələrə çıxarış ala bilərlər, ona görə ki, onlar 30 ildən çoxdur ki, bu ünvanda yaşayırlar.
3. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, müraciətdə qeyd olunan isifadənizdə olan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tərəfinizdən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə hər hansı bir hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, müraciətdə qeyd olunan isifadədə olan əlavə torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hər hansı bir hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan başqa, göstərilən torpaq sahəsinin bir hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. “Elektrik şəbəkələrinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 16 may tarixli, 261 nömrəli qərarı ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirik.
5. Məhkəmə sorğusu əsasında əldə edilmiş xx.xx.1991-ci il tarixli 20993 nömrəli bağın icarəyə verilməsi haqında müqaviləyə əsasən, X5 və İstismarı Birliyi ilə X8 arasında Novxanı qəsəbəsində 0,12 ha bağ sahəsinin, 16,32 kv.m., olan 1 otaqdan ibarət binanın icarəyə verilməsi haqqında müqavilə bağlanılmışdır.
6. Məhkəmə sorğusu əsasında əldə edilmiş xx.xx.2005-ci il tarixli 20993 nömrəli bağın icarəyə verilməsi haqında müqavilə qeyd edilmişdir ki, X5 və İstismarı Birliyi ilə X8 arasında Novxanı qəsəbəsində 0,12 ha bağ sahəsinin, 16,32 kv.m., olan 1 otaqdan ibarət binanın icarəyə verilməsi haqqında müqavilə bağlanılmışdır. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən 1988-ci ilədək istifadəsinə bağ götürmüş vətəndaşlar üçün isə bu ölçü 0,25 haktardan artıq olmamalıdır (Bakı şəhər Soveti İcraiyyə Komitəsinin xx.xx.1962-ci il tarixli 33/1218 nömrəli qərarına əsasən).
7. Məhkəmə sorğusu əsasında əldə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Publik Hüquqi Şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ******* nömrəli çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu, Novxanı kəndində yerləşə 16,3 kv.m olan 799 nömrəli bağ evi, 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət olaraq X4 adına xx.xx.2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır.
8. Məhkəmə sorğusu əsasında əldə edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqavilələrində qeyd edilmişdir ki, X8 özünə məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşə 16,3 kv.m olan 799 nömrəli bağ evi, 0,12 ha torpaq sahəsinin, 16,3 kv.m olan 799 nömrəli bağ evi və 0,09 ha torpaq sahəsi olan hissəsi İddiaçı1, 0,03 ha torpaq sahəsini isə İddiaçı2 qızına bağışlamışdır.
9. Məhkəmə sorğusu əsasında əldə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ********** qeydiyyat nömrəli çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndində yerləşə 0,03 ha torpaq sahəsi olan 799C nömrəli bağ sahəsi xüsusi mülkiyyət olaraq İddiaçı2 qızının adına xx.xx.2023-cü il tarixində dövlət qeydiyyatına alınmışdır.
10. Məhkəmə sorğusu əsasında əldə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən olan ********** qeydiyyat nömrəli çıxarışında qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Novxanı kəndində yerləşə 0,09 ha torpaq sahəsi olan 799 nömrəli bağ sahəsi xüsusi mülkiyyət olaraq X3 adına xx.xx.2023-cü il tarixində dövlət qeydiyyatına alınmışdır.
11. Məhkəmə sorğusu əsasında əldə edilmiş cavabdehin xx.xx.2012-ci il tarixli **********8 nömrəli məktubunda qeyd edilmişdir ki, 0,28 ha torpaq sahəsi olan 799 saylı bağ sahəsi xx.xx.1991-ci il tarixli bağlar birliyinin arayışına əsasən sözügedən bağ sahəsi boş bağlar balansına düşmüşdür. X4 uzun müddət istifadə etdiklərinə görə bağ sahəsinin adına keçməsinə xahiş etmişdir. Novxanıdakı 799 saylı bağın 0,12 ha torpaq sahəsinin X4 adına keçməsi üçün xx.xx.1991-ci il tarixli arayış verilmişdir. Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.1991-ci il tarixli 5/353 nömrəli protokoluna əsasən keçmiş X2 və İstismarı Birliyi ilə X8 arasında 20993 saylı müqavilə bağlanılmışdır.
12. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia tələbinin məzmununa uyğun izahat verdilər.
13. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
14. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
15. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
16. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
17. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd).
18. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
20. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırkı iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır.
21. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
22. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
23. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
24. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
25. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
26. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
27. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
28. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
29. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
30. Azərbaycan Respublikası Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
31. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
32. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
33. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
34. Hazırkı iş üzrə iddia tələbi iddiaçıların istifadəsində olan artıq torpaq sahəsinə dair çıxarışın verilməsidir.
35. İddiaçılar iddia tələbinin təmin olunması üçün dəlil olaraq qeyd etmişdirlər ki, sözügedən bağ sahəsi 40 ildən çoxdur ki, onların istifadəsindədir, torpaq sahəsi bağlar idarəsi tərəfindən verilmişdir, lakin 1990-cı illərdə 0,25 ha torpaq sahəsi verilsə belə, cavabdeh orqan tərəfindən yalnız 0,12 ha torpaq sahəsini qeydiyyata alıb çıxarış vermişdir.
36. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, iddiaçılar tərəfindən iddia olunan Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1799 saylı, əlavə 0.12 hektar (bağ) torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər mövcud deyil.
37. Belə ki, mübahisəli bağ sahəsinə dair cavabdeh orqan tərəfindən tam qovluq təqdim edilmişdir. İş materiallarından bəlli olur ki, xx.xx.1991-ci il tarixli 20993 nömrəli bağın icarəyə verilməsi haqqında müqaviləyə əsasən X5 və İstismarı Birliyi ilə X8 (iddiaçıların anası) arasında Novxanı qəsəbəsində 0,12 ha bağ sahəsinin, 16,32 kv.m olan 1 otaqdan ibarət binanın icarəyə verilməsi haqqında müqavilə bağlanılmışdır. Daha sonra xx.xx.1991-ci il tarixli 20993 nömrəli müqavilə X2 və İstismarı Birliyinin bağın icarəyə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 20993 nömrəli müqaviləsi ilə əvəz edilmişdir.
38. Göründüyü kimi bağın icarəyə verilməsi haqqında hər iki müqavilədə bağın ölçüsü 0,12 ha göstərilmişdir. Sonuncu müqaviləyə əsasən iddiaçıların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır.
39. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz. İddia əsassız hesab edilməli və rədd edilməlidir.
40. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
41. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva