Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1157/2021 06.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi» tələbinə dair iddiası üzrə inzibati mübahisəyə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı «diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı X6 2012-ci ildə X3 (MTİ) daxil olmuş, 2015-ci ildə 3-cü kursda oxuyarkən təhsil aldığı İnstitutun akademik arayışı əsasında Ukraynanın Odessa Milli Politexnik Universitetinin distansiyon və qiyabi təhsil İnstitutunun qiyabi şöbəsinin 2-ci kursuna qəbul olunmuşdur. 2018-ci ildə dövlət imtahanı vermiş və “Uçot və audit" istiqaməti üzrə buraxılış işini müdafiə etmişdir. Dövlət Attestasiya Komitəsinin 30 iyun 2018-ci il tarixli əmri ilə ona avropa nümunəsinin əlavə olunması ilə B18 181417 nömrəlisaylı diplom verilmiş və Ukrayna Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən 26 sentyabr 2018-ci il tarixdə təsdiq edilmişdir (bakalavr diplomunun təsdiq edilməsi ilə bağlı apostil sənədinin surəti iddia ərizəsinə əlavə edilmişdir). Odessa Mİlli Politexnik Universitetinin 9 iyun 2020-ci il tarixli 773/75-09 nömrəli arayışında (arayışın təsdiq edilmiş surəti iddia ərizəsinə əlavə edilmişdir) qeyd olunur ki, qiyabi şöbənin əcnəbi tələbələri distansiyon təhsil texnologiyasının köməyi ilə dərs planının tapşırıqlarını yerinə yetirmişdirlər (yoxlama işləri, kurs işləri və layihələr, hesablayıcı qrafik işlər). Ukraynanın Elm və Təhsil Nazirliyinin normativ sənədlərinin tələblərinə müvafiq olaraq bütün məqbullar və imtahanlar universitetə şəxsən gəlmələri illik məqbul imtahan sessiyasının dövründə verilmişdir. Universitet dövlətin mülkiyyətindədir və qiyabi təhsil formasında normativ müddət 5 il təşkil edir. 18 fevral 2020-ci i tarixdə xarici dövlətdə aldığı ali təhsil sahəsində ixtisasın Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə elektron ərizə sistemi vasitəsilə müraciət etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 22 may 2020-ci il tarixli elektron ərizə sistemində cavab məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2013-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiyası) Qaydaları»nın 3.7-ci bəndinə əsasən Odessa Milli Politexnik Universiteti tərəfindən verilmiş 30 iyun 2018-ci il tarixli B18 181417 nömrəli diplomun tanınması mümkün hesab edilməmişdir. İnzibati orqan bunu tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğumdan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyimin qeyrimümkünlüyü ilə əsaslandırmağa çalışmış, lakin Odessa Milli Politexnik Universitetinin tədris normativinin nə qədər olmasını araşdırmamışdır. İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Belə ki, Odessa Milli Politexnik Universitetinin ona verilən 9 iyun 2020-ci il tarixli 774/75-09 nömrəli arayışında qeyd edilmişdir ki, Odessa Milli Politexnik Universitetinin 12 dekabr 2011-ci il tarixli 601-v saylı əmrinin 1.2 bəndinə müvafiq olaraq MDB ölkələrində mürəkkəb iqtisadi vəziyyətin nəzərə alınması və əcnəbi tələbələr üçün tədris prosesinin qrafikinin optimallaşdırılması məqsədilə məqbul imtahan və müəyyən olunmuş sessiyalar ildə bir dəfə keçirilir. Cavabdeh Təhsil Nazirliyi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarını aşağıda göstərilən istiqamətdə pozmuşdur: Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdınlmasma yönəldilmiş qərarlar qəbul edilə bilməz. Azərbaycan Respublikasının Təhsil Nazirliyi xarici ixtisası tanımamaqla iddiaçının konstitusion hüququ olan əmək hüququnu, yəni müvafiq peşə fəaliyyəti göstərmək hüququnu əsassız məhdudlaşdırmışdır. Bu səbəbdən Təhsil Nazirliyi tərəfindən çıxarılmış qanunsuz əlverişsiz inzibati akt, yəni xarici ixtisasın tanınmasından imtina barədə qərar «İnzibati icraat haqqında» AR Qanununun 67-ci maddəsinə əsasən ləğv edilməlidir. Təkrarən qeyd edilməlidir ki, cavabdeh Təhsil Nazirliyinin xarici ixtisası tanımaqdan imtina etməsi Azərbaycan Respublikası Konstitusiyasının 35 və 42-ci maddələrinə, «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası»na dair 1 saylı Protokolun 2-ci maddəsinə, «Təhsil haqqında» Azərbaycan Respublikasının Qanununun 2, 5 və 44-cü maddələrinə zidd olmaqla iddiaçının təhsil və əmək hüquqlarını məhdudlaşdırır. İddiaçının əsas hüquqlarının bu formada qanunsuz və əsassız məhdudlaşdırılmasma son qoyulmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2, 1.3cü bəndlərinə, İPM-in 33.1, 33.2, 36.1-ci maddələrinə əsaslanaraq, məhkəmədən Ukrayna Respublikası Odessa Milli Politexnik Universiteti tərəfindən verilmiş 30.06.2018-ci il tarixli B18 181417 nömrəli diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli 907 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Təhsildə Keyfiyyət Təminatı Agentliyinə çevrilmə yolu ilə yenidən təşkil edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyi”nin Nizamnaməsinin 1.1-ci bəndinə görə Təhsildə Keyfiyyət Təminatı Agentliyi mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. AR Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın V bölməsində qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan kimi müəyyən edilmişdir. Məhkəmənin iş üzrə 16 aprel 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə əvəz edilmişdir. Cavabdehin nümayəndəsinin İPM-in 47-ci maddəsinə müvafiq olaraq məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı diplomu üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi məqsədilə müraciət etmişdir. Onun müraciətinə baxılaraq müvafiq sənədin verilməsindən cavab məktubu ilə imtina etmişdir. Hesab olunur ki, imtinası qanuni və əsaslıdır. Belə ki, iddiaçının sənədləri araşdırılarkən onun təqdim etdiyi diplomun AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları»na uyğun gəlmədiyi müəyyən edilmişdir. Bununla əlaqədar ekspert rəyində qeyd edilir ki, həmin təhsil müəssisəsinin normativi üzrə orada qiyabi təhsil almaq üçün tələb olunan tədris ili müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur (İ il – 14 gün, İİ il – 14 gün, İİİ il – 15 gün, İV il – 29 gün). Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmiş və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Azərbaycan Respublikasının 30 sentyabr 1997-ci il tarixli 367-İQ nömrəli Qanunu ilə «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Bu Konvensiyanın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 346 nömrəli Sərəncamının 1-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 64 nömrəli qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» təsdiq edilmişdir. Konvensiyanın Vİ.1-ci bəndinə, habelə Konvensiya Komitəsi tərəfindən qəbul edilmiş «Xarici kvalifikasiyaların Qiymətləndirilməsi Meyarları və Prosedurları üzrə yenidən işlənilmiş Tövsiyələr»in V hissəsinə (Qiymətləndirmə Meyarları) və İzahedici Memorandumun 12-ci bəndinə əsasən, xarici ali təhsil ixtisası ilə tanınma tələb olunan dövlətin müvafiq ixtisası arasında əhəmiyyətli fərq olmadığı təqdirdə tanınma həyata keçirilə bilər. Eyni zamanda, əhəmiyyətli fərq dedikdə “təlim nəticələri” arasında olan fərq nəzərdə tutulur. Konvensiya Komitəsi və Konvensiyanın tətbiqinə dair Avropa İttifaqının ekspert qrupları tərəfindən işlənib hazırlanmış «Avropa regionu üzrə Tanınma Təlimatı»nın 10-cu hissəsinə əsasən, əhəmiyyətli fərq dedikdə, xarici dövlətin ali təhsilə aid kvalifikasiyanın əsas elementləri (kvalifikasiyaların səviyyələri, təlimin həcmi və/və ya yekun attestasiyasının nəticəsi, kvalifikasiyanın istiqaməti (profili) və təlimin nəticələri) ilə milli kvalifikasiyanın əsas elementləri arasında ərizəçinin təhsilini növbəti səviyyədə davam etdirməsi və (ya) müvafiq peşə istiqamətinə uyğun olaraq, əmək fəaliyyəti ilə məşğul olmaq hüququnun yaranmasına kifayət etməyən həcmdə fərq başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 iyul 2018-ci il tarixli 311 nömrəli qərarı ilə təsdiq təsdiq təsdiq edilmiş «Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsi»nin 2.1.48-ci bəndinə əsasən təlimin nəticələri – təhsilalanın nələri bildiyini, mənimsədiyini və təlim prosesini bitirdikdən sonra nəyi edə biləcəyini göstərən, eləcə də bilik, bacarıq və kompetensiyaları (səriştələri) müəyyən edən göstəricilərdir. Həmin Çərçivənin 2.1.49-cü bəndinə əsasən təlimin nəticələrinin qiymətləndirilməsi – müəyyən olunmuş meyarları (təlim nəticələri ilə bağlı gözləntilər, təlimin nəticələrinin qiymətləndirilməsi) əsas götürərək, şəxsin bilik, bacarıq və (və ya) kompetensiyalarının (səriştələrinin) qiymətləndirilməsi prosedurudur. Bu baxımdan da iddiaçının aldığı ixtisasın Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsinə uyğun olmadığı müəyyən edilmişdir. Milli Kvalifikasiyalar Çərçivəsinin 6-cı səviyyəsi dedikdə “bakalavr diplomu; əsas (baza ali) tibb təhsili diplomu; orta ixtisas təhsili (və ya tam orta təhsil) bazasında təcrübə əsasında əldə edilmiş nəticələr barədə sertifikat; bakalavrdan sonra təcrübə” nəzərdə tutulur. Göstərilənlərə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2010-cu il tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmiş «Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları»nın 4.1-ci bəndinə, 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyəsində, əsas (baza ali) tibb sahəsində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində kredit sistemi ilə tədrisin təşkili Qaydaları»nın 3.2-ci bəndinə, 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 3.6, 3.7-ci bəndlərinə əsaslanaraq, İddiaçı iddiasının rədd edilməsi məhkəmədən xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclas təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçının nümayəndəsi gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsinə görə hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı Ukraynanın Odessa Milli Politexnik Universiteti tərəfindən onun həmin təhsil müəssisəsini bitirməsi barədə 30 iyun 2018-ci il tarixli B18 181417 nömrəli diplom verilmişdir. Həmin diplom Ukraynanın səlahiyyətli orqanı tərəfindən apostil olunmuşdur. İddiaçı həmin diplom üzrə ixtisasın tanınması ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyinə müraciət etmiş, lakin Nazirlik məsələnin həllindən imtina etmişdir. Məktubda imtina belə əsaslandırılmışdır ki, həmin təhsil müəssisəsinin normativi üzrə orada qiyabi təhsil almaq üçün tələb olunan tədris ili müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur, bununla da qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir, qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri-mümkündür. Hazırda iddiaçı inzibati orqanın imtinasını mübahisələndirir. AR Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy, təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi, Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin Qaydaların 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edilmişdir. Həmin Sazişin 1-ci maddəsinə görə bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Həmin Sazişin 5-ci maddəsinə görə Azərbaycan Tərəfi Ukrayna Respublikasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin «kiçik mütəxəssis», «bakalavr», «mütəxəssis» və «magistr» ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Həmin Sazişin 6-cı maddəsinə görə bu Sazişin ali təhsilə aid olan müddəaları Azərbaycan Respublikası və Ukraynada mülkiyyət formasından asılı olmayaraq, akkreditə olunmuş (qeydiyyatdan keçmiş) bütün ali təhsil müəssisələrini əhatə edir. İPM-in 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. «İnzibati icraat haqqında» AR Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmaq barəsində Azərbaycan Respublikasının 5 mart 2004-cü il tarixli 595-İİQ saylı Qanunu ilə Azərbaycan Respublikası 1961-ci il oktyabrın 5-də Haaqa şəhərində imzalanmış «Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya»ya qoşulmuşdur. Konvensiyanın 1-ci maddəsinə görə bu Konvensiyanın məqsədləri üçün aşağıdakılar rəsmi sənəd hesab edilir: a) dövlət orqanının və ya dövlətin məhkəməsi və ya iqtisadi məhkəməsi ilə əlaqəsi olan vəzifəli şəxsdən alınan sənədlər, o cümlədən dövlət ittihamçısından (prokurordan), məhkəmə katibindən, məhkəmə icraçısından alınan sənədlər; b) inzibati sənədlər; c) notarial aktlar; d) özəl fiziki şəxs tərəfindən imzalanmış sənədlərə bərkidilən (əlavə edilən) rəsmi qeydlər, sənədin qeydiyyatını və ya müəyyən tarixdə baş vermiş faktı təsdiq edən və imzaların notarial və rəsmi təsdiqlənməsnə bərabər tutulan rəsmi sənədlər (qeydlər). Konvensiyanın 2-ci maddəsinə əsasən razılığa gələn hər bir Dövlət bu Konvensiyanın tətbiq edildiyi və onun ərazisində təqdim olunmalı sənədləri leqallaşdırmadan azad edir. Bu Konvensiyanın məqsədləri üçün leqallaşdırma dedikdə, imzanın həqiqiliyi, sənədi imzalamış şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün sənədin təqdim ediləcəyi ölkənin diplomatik və konsulluq idarələrinin istifadə etdiyi formallıqlar başa düşülür. Konvensiyanın 3-cü maddəsinə görə imzanın həqiqliyi, sənədi imza etmiş şəxsin hansı qisimdə çıxış etdiyini və lazım gəldikdə, həmin sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq etmək üçün tələb oluna biləcək yeganə formallaıq, həmin sənədin təqdim edildiyi dövlətin səlahiyyətli orqanı tərəfindən 4-cü cü maddədə nəzərdə tutulan şəhadətnamənin əlavə edilməsidir. Buna baxmayaraq, əgər sənədin təqdim edildiyi dövlətdə mövcud olan qanunlar, qaydalar və ya adətlər, yaxud da iki və ya bir neçə dövlət arasında razılaşma və ya Razılığa gələn bir neçə Dövlət arasında əldə olunmuş razılaşmalar əvvəlki abzasda göstərilən proseduru ləğv edirsə və ya sadələşdirirsə və ya leqallaşdırmadan azad edirsə, həmin funksiyaların yerinə yetirilməsi tələb edilə bilməz. Konvensiyanın 4-cü maddəsinə əsasən 3-cü maddənin birinci abzasında nəzərdə tutulan şəhadətnamə sənədin özündə və ya sənədə əlavə edilən ayrıca vərəqdə əks etdirilir, həmin şəhadətnamə bu Konvensiyaya əlavə edilmiş nümunəyə uyğun olmalıdır. Məhkəmə qeyd edir ki, Ukraynanın səlahiyyətli orqanı İddiaçı Ukraynanın Odessa Milli Politexnik Universiteti tərəfindən verilmiş 30 iyun 2018-ci il tarixli B18 181417 nömrəli diploma (təhsil sənədinə) apostil verilməklə, həmin ölkədə diplomun qanuniliyi tanınmışdır. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının 18 iyul 2000-ci il tarixli Qanunu ilə «Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş» təsdiq edildiyindən, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həmin ölkədə təhsil almış şəxs kimi hazırkı iddiaçının da diplom üzrə ixtisasının tanınması barədə şəhadətnamə verilməsi üzrə inzibati icraat zamanı ekspertiza keçirilməsinə zərurət olmamışdır. Azərbaycan Respublikasının Təhsil Nazirliyi iddiaçının aldığı təhsilin yalnız müddətinə və məzmununa uyğunluğuna qiymət verməklə münasibət bildirməli idi. İşin sadalanan halları (təhsilin müddəti və məzmunu) ilə bağlı isə, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi tutarlı dəlillər gətirməmişdir. Cavabdehin dəlili (iddiaçının təhsil müəssisəsi olan ölkədə qısa müddətdə olması) imtina əsası kimi AR Nazirlər Kabinetinin 64 nömrəli 13 may 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Qaydaların 3.7-ci bəndində göstərilən hallarla uzlaşmır və onların dairəsinə daxil deyil. Cavabdeh tərəfin dəlilinə münasibətdə məhkəmə bir xüsusatı da qeyd edir ki, iddiaçının təhsil aldığı illərdə Ukraynada İ və İİ kursların hər birində, İİİ kursda 15 gün, sonuncu kursda isə 29 gün olmaqla təhsilini başa vurduğu halda, onun diplom üzrə ixtisasının həmin ölkədə qısa müddətdə olması səbəbi gətirilərək tanınmaması «İnzibati icraat haqqında» AR Qanununun 17 və 24.2-ci maddələrinin tələbləri ilə uzlaşmır. İnzibati orqan Azərbaycan Respublikası Təhsil Nazirliyi iddiaçının təhsil illərində Ukraynada olduğu həmin dövrlərdə təhsil müəssisəsinin tədris yükünü yerinə yetirməsinin mümkün olmamasını formal şəkildə, yəni əsaslandırmadan imtina səbəbi kimi təqdim etmişdir. Halbuki, tədris yükünün yerinə yetirilməsi ölkədə qalma müddəti ilə müəyyən qədər mütənasib olsa da, onun əsas meyarı kimi təhsil alanın fərdi qabiliyyətini səciyyələndirən əlamətləri çıxış edir. Həmçinin, bu halda hansı fənlərin keçirildiyi də nəzərə alınmalıdır. Məhkəmə iddiaçının yuxarıda qeyd olunan müddətlərdə müvafiq təhsil müəssisəsinin tədris yününü məninməməsi qənaəti ilə razılaşmır. Qeyd olunanları nəzərə alaraq məhkəmə sonda belə qənaətə gəlir ki, inzibati orqanın iddiaçı X4 ona Ukraynanın Odessa Milli Politexnik Universiteti tərəfindən verilmiş 30 iyun 2018-ci il tarixli B18 181417 nömrəli diplom üzrə ixtisasının tanınmasından imtinası qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı Ukraynanın Odessa Milli Politexnik Universiteti tərəfindən verilmiş 30 iyun 2018-ci il tarixli B18 181417 nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyat Təminatı Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 58.7, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Ukraynanın Odessa Milli Politexnik Universiteti tərəfindən verilmiş 30 iyun 2018-ci il tarixli B18 181417 nömrəli diplom üzrə ixtisasının tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamə verilməsi öhdəliyi cavabdeh Təhsildə Keyfiyyat Təminatı Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-1157/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1157/2021
06.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver