Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1157/2023 24.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “20 yanvar şəhidi statusunun verilməsi məqsədilə vəsatətin qaldırılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək mərhum həyat yoldaşı X2 "20 yanvar şəhidi statusu” verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X4 20 yanvar 1990-cı ildə yanvar hadisələri zamanı ağır xəsarət almış, ayağı amputasiya olmuş və ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. 2005-ci ildə 15 noyabrda 1990-cı il yanvar hadisələrində yaranan xəstəliyi şiddətlənərək vəfat etmişdir. Azərbaycan Respublikasının Prezidentinin 3 iyun 1993-cü il tarixli 625 nömrəli fərmanı ilə X2 “Azadlıq uğrunda mübariz” fəxri adı verilmişdir. Həyat yoldaşına “20 yanvar şəhidi” statusu verilməmişdir. Bu barədə dəfələrlə aidiyyatı orqanlara müraciət edilsə də bəhanələrlə, süründürməçiliklə üzləşmişdir. Yasamal Rayon İcra Hakimiyyəti başçısının 17 yanvar 2006-cı il tarixli 17 saylı sərəncamı ilə X2 “20 yanvar şəhidi” statusu verilsə də icra olunmamış qalmışdır. Demək olar ki, problemin həll edilməmə səbəbini Sosial Müdafiəsi Nazirliyi öz üzərindən atır. Nazirlik bildirir ki, X2 bu status ona görə verilmir ki, mərhumun 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar aldığı xəsarətin nəticəsi olaraq vəfat etdiyini təsdiq edən məhkəmə - tibbi ekspertizasının müayinə aktına dair tərəfinizdən müvafiq arayış təqdim edilməmişdir. 2006-cı ildə Sosial Müdafiə Nazirliyində olarkən iddiaçını Respublika Əlillərin Bərpa Mərkəzinə göndərmiş, orada ölüm kağızı və təcili tibbi yardımın verdiyi rəyi həkimə təqdim etmişdir. Lakin o vaxtdan 15 il keçməsinə baxmayaraq nəticə yoxdur. 2013-cü ildə Yasamal Rayon Məhkəməsinə “hüquqi faktın müəyyən edilməsi” ilə bağlı müraciət etmişdir. Müraciəti ondan ibarət idi ki, mərhum həyat yoldaşına “20 yanvar şəhidi” statusu verilsin. Lakin məhkəmə iddiasını qismən təmin edərək, yoldaşının ölüm haqqında şəhadətnaməsində düzəliş edilərək, “20 yanvar 1990-cı ildə aldığı yara nəticəsində əlliliyinə görə vəfat etməsi” qeyd edilsin qərarı vermişdir. Lakin qərarda “20 yanvar şəhidi” statusu verilməsini baxılmamış saxlamış və bildirilmişdir ki, aiddiyyatı üzrə İnzibat Məhkəməsinə müraciət olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8722/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı “mərhum həyat yoldaşı X2 “20 yanvar şəhidi statusu” verilməsi məqsədilə vəsatətin qaldırılmasının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi” barədə iddianın dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, “20 Yanvar şəhidi” fəxri adı Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998- ci il tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamənin 2-ci və 4-cü bəndlərinə uyğun olaraq, müvafiq sənədlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaldırılmış vəsatətə əsasən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə verilir. Buna müvafiq olaraq R.İsmayılova “20 Yanvar şəhidi” fəxri adının verilməsi məqsədilə 2006-cı ildə Nazirlik tərəfindən vəsatət qaldırılmışdır. Nazirlik tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən iddiaçının mərhum yoldaşı R.İsmayılovun 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar aldığı xəsarətin nəticəsi olaraq vəfat etdiyini təsdiq edən məhkəmə-tibbi ekspertizasının müayinə aktına dair müvafiq arayışın təqdim ediləcəyi təqdirdə “20 Yanvar şəhidi” fəxri adının verilməsi üçün aidiyyəti üzrə yenidən vəsatətin qaldırılması mümkün olacağı bildirilmişdir. Əsasnamənin 1-ci bəndinə əsasən, “20 Yanvar şəhidi” fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Qeyd olunan maddənin məzmunundan görünür ki, məhkəmə aktı yalnız hüquqi faktı müəyyən edir, həmin fakt isə müvafiq sənədi verməli olan orqan (vəzifəli şəxs) tərəfindən rəsmiləşdirilməlidir. R.İsmayılovun 20 yanvar hadisələri ilə əlaqədar aldığı xəsarət nəticəsində vəfat etməsi faktının məhkəmə-tibbi ekspertizasının müayinə aktına dair müvafiq arayış olmadan sözügedən qətnamə ilə təsdiq edilməsi Mülki Prosessual Məcəllədə qeyd olunan əsaslara uyğun gəlmir. Yuxanda istinad olunmuş Qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi isin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı Ağa kiş i qızı tərəfindən mərhum yoldaşı R.İsmavılovun məhkəmə-tibbi ekspertizasının müavinə aktına dair müvafiq arayışı təqdim edilmədiyindən 20 Yanvar şəhidi” fəxri adının verilməsi üçün aidiyyəti üzrə yenidən vəsatətin qaldırılması qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı “20 Yanvar şəhidi statusunun verilməsi” tələbinə dair iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İ № 096677 nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən X4 ilə X5 arasında xx.xx.2004-cü il tarizdə nikah bağlamışlar, bu barədə nikah haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 508 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan xx.xx.1990-cı il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, X4, yaş 29, daxil oldu xx.xx.1990-cı il, kliniki diaqnoz: baldır sümüyünün açıq qəlpə sınığı ilə sol baldırın güllə (qəlpə) yarası. (....) Aparılan müalicəyə baxmayaraq vəziyyəti kəskin pisləşmişdir. xx.xx.1990-cı il tarixdə xəstə üzrində baldırda nekrotik toxumaların yonulmasl ilə yaranın reviziya və yaranın drenajlaşması əməliyyatı keçirilmişdir.(....) xx.xx.1990-cə ildə xəstəyə narkoz altında sol baldırın amputasiya əməliyyatı aparılmışdır. (...). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 6325/2013 nömrəli qətnaməsi ilə ərizəçi Hüseynova (İsmayılova) Arzu Ağakişi qızının “hüquqi faktın müəyyən edilməsi” ərizəsi qismən təmin olunmuş, X1 ölümü haqqında şəhadətnaməsində düzəliş edilərək “20 yanvar 1990-cı il tarixdə aldığı yara nəticəsində əlilliyinə görə vəfat etməsi” qeyd edilmişdir. Ərizə “20 yanvar şəhidi” statusu verilməsi hissəsində baxılmamış saxlanılmışdır. Həmin qətnamədən görünür ki: “(...) İş materiallarında olan Yasamal rayonu HƏEK tərəfindən verilmiş 022333 saylı arayışdan görünür ki, X4 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar müddətsiz ikinci qrup əlildir. İş materiallarında olan Yasamal rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2005-ci il tarixdə sol baldırın amputasiyası septikosteomi diaqnozu ilə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Prezidentinin Aparatının 06/110- 105 nömrəli 21 dekabr 1993-cü il tarixli arayışından görünür ki, X4 Azərbaycan Respublikası Prezidentinin 3 iyun 1993-cü il tarixli 625 nömrəli fərmanı ilə “Azadlıq uğrunda mübarizə” fəxri adı verilmişdir. İş materiallarında olan 10 nömrəli poliklinikanın epikrizindən görünür ki, X4 1989-cu ildə sağ əlin İV-V barmaqların ovuc nahiyyəsində kəsilmiş yara, 1989 -cu ildə RPX və 1990-ci ildə sağ və sol baldırın 1/3 hissəsinin odlu silah güllə yarası ilə bağlı müraciətləri olmuşdur. İş materiallarında olan Ölüm haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, X1 ölümünün səbəbi xx.xx.1990-cı il tarixdə sol baldırın amputasiyası, bilavasitə ölümə səbəb olan xəstəlik isə sertikosteomielit olmuşdur. Məhkəmə hesab edir ki, X1 xx.xx.1990-cı il tarixdə ağır xsarətlər alması və ayağının amputasiya edilməsi, ona 2-ci qrup əlillik dərəcəsinin verilməsi mülki işin materialları ilə təsdiq olunur. Hazırda onun ölümünə səbəb xx.xx.1990-ı il tarixdə aldığı yara nəticəsində ayağının amputasiya edilməsi iş materiallarında olan sənədlərlə təsdiq edildiyindən ərizə qismən təmin olunmalı və X3 ölüm haqqında şəhadıtnaməsində düzəliş edilərək ölümün səbəi “20 yanvar 1990-cı il tarixdə aldığı yara nəticəsində əlilliyinə göə vəfat etməsi” kimi qeyd edilməlidir." İş materiallarına əlavə edilmiş AZ-İ 650888 nömrəli xx.xx.2014-cü il atrxidə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X4 13.11.205-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında qeydlər kitabında xx.xx.2005-cil tarixdə 1425 nömrəsi ilə qeyd edilmişdir. Ölüm səbəbi “xx.xx.1990-cı il tarixdə aldığı yara nəticəsində əlilliyə görə”. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanladığı 19 aprel 2010-cu il tarixli, 03/3-37 nömrəli məktubunda bildirilmişdir ki, həyat yoldaşınız X2 "20 Yanvar şəhidi" fəxri adı verilməsi barədə Azərbaycan Resublikası Prezidentinin Administrasiyasından daxil olmş ərizənizə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "20 Yanvar şəhidi fəxri adı haqqında" Əsasnamənin 2-ci bəndinə əsasən "20 yanvar şəhidi" fəxri adının verilməsi haqqında vəsadət qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq sənədlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaldırılır. Yuxarıda qeyd edilən Əsasnaməyə uyğun olaraq X2 "20 Yanvar şəhidi" fəxri adı verilməsi ilə əlaqədar Nazirlik tərəfindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına 2006-cı il 26 may tarixli 11/23-20 nömrəli məktubla müraciət edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/2-107774/2023 nömrəli məktubunda bildirilmişdir ki, Nazirlik Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə şöbəsinin xx.xx.2023-cü il tarixli 3-17/3-1-4591/2023 nömrəli xidməti məktubuna əsasən bildirirəm ki, R.İsmayılova “20 Yanvar şəhidi” fəxri adının verilməsi ilə əlaqədar xx.xx.2006-ci il tarixli 11/23-20 nömrəli sənədin saxlanma müddəti başa çatmış və arxiv haqqında qanunvericiliyə uyğun olaraq ləğv edilmişdir. Qeyd edilənlərə əsasən, ləğv edilmiş sənədin surətinin təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubunda bildirilmişdir ki, “20 Yanvar şəhidi’’ fəxri adı Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci il tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar şəhidi" fəxri adı haqqında Əsasnamə”nin 2-ci və 4-cü bəndlərinə uyğun olaraq, müvafiq sənədlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaldırılmış vəsatətə əsasən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə verilir. Buna müvafiq olaraq, R.İsmayılova “20 Yanvar şəhidi" fəxri adının verilməsi məqsədilə 2006-cı ildə Nazirlik tərəfindən vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunan maddənin məzmunundan görünür ki, məhkəmə aktı yalnız hüquqi faktı müəyyən edir, həmin fakt isə müvafiq sənədi verməli olan orqan (vəzifəli şəxs) tərəfindən rəsmiləşdirilməlidir. Göstərilənlərə müvafiq olaraq bildiririk ki, R.İsmayılovun 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar aldığı xəsarətin nəticəsi olaraq vəfat etdiyini təsdiq edən məhkəmə-tibbi ekspertizasının müayinə aktına dair tərəfinizdən müvafiq arayışın təqdim ediləcəyi təqdirdə “20 Yanvar şəhidi” fəxri adının verilməsi üçün aidiyyəti üzrə yenidən vəsatətin qaldırılması mümkün olacaqdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iş üzrə iddia öhdəliyin icrası haqqında iddia növünə aid olmaqla cavabdehdən 20 yanvar şəhidi satusunun verilməsi məqsədilə vəsatətin qaldırılması barədədir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçıların məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə aşağıdakılara istinad edir. İşin hallarından müəyyən olunur ki, iddiaçının mərhum əri X4 xx.xx.2005-ci ildə vəfat etmişdir. İddiaçı mərhumun 20 yanvar 1990-cı ildə aldığı yara nəticəsində vəfat etdiyinə istinad edərək 20 yanvar şəhidi statusunun verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh orqan R.İsmayılovun 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar aldığı xəsarətin nəticəsi olaraq vəfat etdiyini təsdiq edən məhkəmə-tibbi ekspertizasının müayinə aktının təqdim edilmədiyini əsas gətirərək vəsatətin qaldırılması ilə müraciətini təmin etməmişdir. Hazırkı iş üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edərək “20 Yanvar şəhidi” fəxri adının verilməsi üçün vəsatətin qaldırılması vəzifəsinin cavbadehə həvalə edilməsini mübahisələndirir. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 51 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““20 Yanvar şəhidi” fəxri adı haqqında” Əsasnaməyə görə: -1. “20 Yanvar şəhidi” fəxri adı Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli 695 nömrəli Fərmanı ilə təsis edilmişdir. “20 Yanvar şəhidi” fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar. -2. “20 Yanvar şəhidi” fəxri adının verilməsi haqqında vəsatət qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq sənədlər əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qaldırılır. Vəsatət Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların və ictimai təşkilatların müraciətinə uyğun olaraq qaldırıla bilər. -3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “20 Yanvar şəhidi” fəxri adı ilə təltif olunmağa hüquq yarandıqdan və ya bu barədə müraciət edildikdən sonra 1 ay müddətində bütün zəruri sənədləri toplayaraq vəsatətlə birlikdə Azərbaycan Respublikasının Prezidentinə təqdim edir. -4. “20 Yanvar şəhidi” fəxri adı Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir. -5. “20 Yanvar şəhidi” fəxri adı ilə təltif olunma haqqında bu Əsasnamənin əlavəsində müəyyən olunmuş formada müvafiq vəsiqə şəhid ailəsi statusu almaq hüququ olan ailə üzvlərindən birinə təqdim olunur. -6. “20 Yanvar şəhidi” fəxri adı ilə təltif olunanların ailə üzvləri qanunvericilikdə şəhid ailələri üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə edirlər. Sadalanan normalardan görünür ki, “20 Yanvar şəhidi” fəxri adı Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir. Bu məqsədlə vəsatət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən vətəndaşların və ictimai təşkilatların müraciətinə əsasən qaldırıla bilər. Əvvəla, qeyd edilən normada vəsatət “qaldırıla bilər” ifadəsi inzibati orqanın belə bir vəsatət qaldırmaqda diskresion səlahiyyətinin olmasından xəbər verir “İnzibati icraat haqqında” Qanunun: - 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. -14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. -16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. -61.3-cü maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati Prosesual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə qeyd edir ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Başqa sözlə, inzibati orqan bu hərəkəti edə də bilər, etməyə də. Aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Beləliklə, cavabdeh inzibati orqanın şəxsə 20 yanvar şəhidi statusu verilməsi üçün vəsatət qaldırması səlahiyyəti diskresion səlahiyyətdir və bu halda məhkəmənin yoxlaya biləcəyi hal cavabdeh inzibati orqanın özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirməsidir. Hazırkı mübahisənin hüquqi əsası olan yuxarıda adı çəkilən Əsasnamədən görünür ki, “20 Yanvar şəhidi” fəxri adı ilə həm də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunur. Əsasnamə inzibati orqana “müvafiq sənədlər” əsasında vəsatət qaldırılmasını və ya “zəruri sənədləri toplayaraq” vəsatətlə birlikdə təqdim edilməsini həvalə etmiş, lakin qeyd olunan müvafiq sənədlərin və ya zəruri sənədlərin hansı sənədlərdən ibarət olduğunu bilavasitə sadalamamışdır. İşi sadalanan faktiki hallarından görünür ki, X4 xx.xx.1990-cı il tarixdə ağır xəsarət amış və ayağı amputasiya edilmiş, 1990-cı il 20 yanvar hadisələri ilə əlaqədar müddətsiz ikinci qrup əlil olmuş, ölüm haqqında tibbi şəhadətnaməyə əsasən ölümünün səbəbi xx.xx.1990-cı il tarixdə sol baldırın amputasiyası, bilavasitə ölümə səbəb olan xəstəlik isə sertikosteomielit olmuşdur. İşin sadalanan bu halları həm də qanuni qüvvəsini almış Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6325/2013 nömrəli qətnaməsi ilə müəyyən edilmiş və qətnamə ilə X1 ölümü haqqında şəhadətnaməsində düzəliş edilərək “20 yanvar 1990-cı il tarixdə aldığı yara nəticəsində əlilliyinə görə vəfat etməsi” qeyd edilməsi qət edilmiş, məhkəmə qətnaməsi səlahiyyətli inzibati orqan tərəfindən icra edilmiş, nəticə etibarı ilə X1 adına ölüm səbəbi “xx.xx.1990-cı il tarixdə aldığı yara nəticəsində əlilliyə görə” qeydi ilə yeni xx.xx.2014-cü il tarixli AZ-İ 650888 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi X1 20 yanvar 1990-cı il tarixdə aldığı yara nəticəsində əlilliyinə görə vəfat etməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, həmin qətnamə icra edilərək ölüm şəhadətnaməsində ölümün səbəbi “20 yanvar 1990-cı il tarixdə aldığı yara nəticəsində əlilliyinə görə vəfat etməsi” səbəbinə dəyişdirilmişdir. Üstəlik adıçəkilən qanuni qüvvəsini almış xx.xx.2013-cü il tarixli qətnamə hüquqi faktın təsdiq edilməsi ilə bağlı olsa da həmin mülki iş üzrə maraqlı şəxs qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çıxış etmiş və məhkəmə qətnaməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsinin (H.F.Şahbazov) iştirakı ilə qəbul edilmişdir. Konstitusiya Məhkəməsi Plenumu “G.İsmayılzadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2016-cı il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 2016-cı il 29 noyabr tarixli Qərarında qeyd etmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə Ali Məhkəmənin İnzibati- İqtisadi Kollegiyasının 28 oktyabr 2014-cü il tarixli yekun qərarının hüquqi nəticələrinin mülki məhkəmə icraatı qaydasında faktiki olaraq qüvvədən salınmasını narahatlıqla qeyd edərək bildirir ki, belə hallar məhkəmələrin fəaliyyətində qeyri-konstitusion təcrübə yaratmış olar. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər.” Məhkəmə qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktı yenidən hazırkı halda mübahisələndirməsi preyudisiya institutunun tələbinə ziddir. Başqa sözlə, cavabdeh orqan müvafiq vəsatətin qaldırılması ilə bağlı imtina dəlilini əsaslandırmamış, bilavasitə diskresion səlahiyyətinə dair mülahizəsini əsaslandırılmış şəkildə həyata keçirməmişdir. Bundan əlavə, nəzərə almaq lazımdır ki, cavabdeh inzibati orqan adıçəkilən qətnamədən əvvəl hələ xx.xx.2006-cı il tarixdə müvafiq vəsatətlə çıxış etmiş, lakin həmin vəsatətin qaldırılmasına əsas verən qanunvericiliklə tələb olunan sənədləri (və ya həmin sənədlər barədə məlumatı) məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan hazırkı halda iddiaçının müraciəti ilə bağlı qanunvericiliyin tələbinə uyğun olaraq vəsatət qaldırılmasına əsas verən hansı sənədlərin təqdim edilməli olduğunu, iddiaçının hansı sənədi təqdim etmədiyini, 2006-cı il tarixdə vəsatət qaldırılarkən ölümün səbəbli əlaqəsinə dair ekspert rəyi təqdim edilmədiyi halda, 2013-cü il tarixli məhkəmə qətnaməsindən sonra rəyin tələb etməsinin əsasını, 2006-cı il tarixdə vəsatət qaldırılmasının nəticəsi, təqdim olunan sənədlərlə hazırkı halda təqdim olunan sənədlər arasında nə kimi çatışmazlıqlar olduğu, yaxud tələb olunan sənədlərin iddiaçının təqdim edə bilməsinin mümkünlüyü və ya inzibati orqanın inzibati icraat üçün zəruri olan sənədləri özünün əldə edə bilməsi baxımından yoxlamaq və yekun nəticəyə gəlmək kimi vəzifələrini yerinə yetirməkdən imtina etmiş, bilavasitə hərəkətsizlik göstərmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur (maddə 5.1). İnzibati orqan, bu Qanunun 7.1-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardım göstərilməsini təmin etməlidir. Hüquqi yardım göstərilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda, inzibati orqan tərəfindən hüquqi yardımın göstərilməsi müddəti, ona bu məqsədlə müraciət etmiş digər inzibati orqana əsaslandırılmış yazılı məlumat verilməklə, 15 günədək uzadıla bilər (maddə 5.1-1). Eyni Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2). Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Həmin Qanunun 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (maddə 24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (maddə 24.2). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur (maddə 24.4). Həmin Qanunun 32.1-ci maddəsinə əsasən inzibati orqan üç gün müddətində ərizənin bu Qanunun 30-cu maddəsində nəzərdə tutulmuş tələblərə uyğunluğunu yoxlayır. Həmin Qanunun 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Həmin Qanunun 32.2-1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.4-cü maddəsinə görə inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Sadalanan normalardan görünür ki, qanunvericilik inzibati icraatda işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halların hərtərəfli araşdırılmasını inzibati orqana vəzifə kimi müəyyən edir, öz səlahiyyətləri və imkanları daxilində inzibati orqanların bir-birinə hüquqi yardım göstərməsini nəzərdə tutur, eləcə də yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə ərizəçilərin üzərinə öhdəliklərin qoyulmasını və bu tələblərə əməl olunmaması (və ya lazımi qaydada əməl olunmaması) şərtilə ərizəçinin arzuladığı qərarın qəbulundan və ya hərəkətin edilməsindən imtinanı qadağan edir. Qeyd edillməlidir ki, cavabdeh iddiaçının müraciətini yuxarıda adları çəkilən qanunvericiliyin tələblərinə istinadən uyğunluğunu yoxlamamış, bu barədə iddiaçıya əsaslandırılmış cavab verməmişdir. Məhkəmə iddiaçının müraciəti ilə bağlı vəsatət qaldırılıb-qaldırılmamasının inzibati icraat zamanı yoxlanılmalı olması nəticəsinə gələrkən o halı da nəzərə alır ki, yuxarıda da qeyd edildiyi kimi qanunvericiliklə müvafiq vəsatətin qaldırılması üçün hansı sənədlərin tələb olunmasını qanunvericilik birbaşa açıqlamır, qeyd edilən inzibati hərəkətlə bağlı inzibati orqana diskresion səlahiyyət tanıyır. Hazırkı halda inzibati orqanın diskresion səlahiyyətini lazımı qaydada əsaslandırmaması cavabdeh orqanı müraciət üzrə qanunla müəyyən edilmiş qaydada araşdırma aparmaq və əsaslandırılmış müvafiq cavab vermək vəzifəsindən azad etmir. Nəzərə alınmalı olan hal xüsusən də odur ki, inzibati məhkəmə nəzarətinin məqsədi inzibati orqanın yerinə inzibati icraat aparmaq deyil, başlamış və başa çatmış inzibati icraatın qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılmasından ibarətdir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat zamanı “İnzibati icraat haqqında” Qanunun tələblərinə formal yanaşılmaqla lazımınca əməl olunmamışdır. Odur ki, cavabdeh orqan iddiaçının müraciəti ilə bağlı işi tam araşdırılmalı, 20 yanvar şəhid fəxri adının verilməsi ilə bağlı vəsatətin qaldırılmasına əsasların olub-olmamasının müəyyən edilməsi istiqamətində bütün tədbirlər görməli, bundan sonra araşdırmanın nəticəsi üzrə qaldırılan məsələnin müsbət həlli və ya məsələnin həllindən imtina barədə əsaslandırılmış qərar verilməlidir. İnzibati Prosessual Məcəllənin 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). İnzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Odur ki, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPMin 73-cü maddəsi tətbiq oluna bilər. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə bu nəticəyə gəlinir ki, məhkəmənin hüquqi mövqeyi nəzərə almaqla, cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq əsaslandırılmış inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra inzibati orqanda yenidən aparılacaq inzibati icraatın nəticəsi olaraq təqdim edilən imtinanı mübahisələndirmək hüququ saxlanılır. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə¬sinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə alınmaqla, İddiaçı “X2 20 yanvar şəhidi statusunun verilməsi məqsədilə vəsatətin qaldırılması” barədə müraciətinə yenidən baxılaraq inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq əsaslandırılmış cavabın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1157/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1157/2023
24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver