Məhkəmə qərarları › İş №2-1(112)-11574/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11574/2023

12.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11574/2023 12.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinə qarşı “pasport qeydiyyatına alınma” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı1, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinə qarşı “pasport qeydiyyatına alınma” iddia tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onların Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsi 2 ünvanında yerləşən 116 nömrəli mənzilə qeydiyyata alınması öhdəliyinin Binəqədi RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar 2005-ci ildən Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsi 2 ünvanında yerləşən 116 nömrəli mənzildə yaşayırlar, təsərrüfat aparırlar və faktiki olaraq həmin mənzilə sahiblik və istifadə edirlər. İddiaçılar qeydiyyatda olduqları ünvandan məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılmışlar və Binəqədi rayon Polis İdarəsinin inzibati binasına qeydiyyata alınmışlar. Bundan sonra onlar Binəqədi rayon Polis İdarəsinin inzibati binasından qeydiyyatdan çıxarılmışlarvə onlara məxsus şəxsiyyət vəsiqələri etibarsızdır. İddiaçılar hazırda Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsi 2 ünvanında yerləşən 116 nömrəli mənzildə yaşayırlar. Onların yaşadığı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən və hüquqmüəyyənedici sənədlər olmadığından pasport qeydiyyatına alınmaları mümkün deyildir. Həmin fərdi yaşayış sahəsinə aid kommunal xərclər iddiaçılar təəfindən ödənilir, fərdi yaşayış evinin yararlı halda saxlanılması üçün xeyli vəsait sərf etmişlər. Fərdi yaşayış evinin mülkiyyət vəsiqəsi olmasa da, yaşayış sahəsi kimi mövcuddur, kommunal şəraitə malikdir. İddiaçılar Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsi 2 ünvanında yerləşən 116 nömrəli mənzilə qeydiyyata alınması üçün cavabdehə müraciət etsələr də, inzibati orqan müraciəti təmin etməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçılıar İddiaçı1 və İddiaçı2 iddianı müdafiə etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəfindən iddiaya qarşı yazılı etirazı təqdim edilməmiş və xx.xx.2023-cü il tarixli məktubu ilə nümayəndələrinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul ediməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

- Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023cü il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. İddiaçının qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyi halda məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən (elektron məhkəmə sistemindən çıxarışdan) görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı1 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş tərəfin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir və təmin edilməməlidir. İş materiallarından müəyyən olunur ki, iddiaçılar yaşadığı ünvan 5 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınma tələbi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktub ünvanlayaraq qeyd etmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. İddiaçının qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyi halda məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin qeyd edilən əsasla iddiaçıları mübahisəli ünvana pasport qeydiyyatına almaqdan imtinası əsaslıdır. Belə ki, iddiaçıların mübahisə predmetini təşkil edən ünvanında yerləşən daşınmaz əmlak üzərində hər hansı bir hüququ, yəni mülkiyyət, icarə və ya istifadə hüquqları əmələ gəlməmişdir. Başqa sözlə desək, iddiaçılar sözügedən əmlaka qeydiyyata alınması üçün hər hansı üç hüquqdan birinə (mülkiyyə, icarə, istifadə), yəni qanunvericilikdə nəzərdə tutulmuş sənədlərdən (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi hər hansı birinə malik olmalı olduğu halda, iddiaçıların həmin hüquqlarının olması və ya hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən edilməmişdir. Bununla da, iddiaçının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsində nəzərədə tutulmuş “yaşayış sahəsinə köçmək üçün sənəd” əsasında qeydiyyata alınması ilə bağlı şərt aradan qalxmışdır . «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə (bu Qanunun 5-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla); 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamı yalnız şəxsin yaşayış yeri olmayan statusuna malik olmasını zəruri edir ki, qeyd edilən hal da iş üzrə mövcud deyildir. Belə ki, iddiaçıya məxsus AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən (elektron məhkəmə sistemindən çıxarışdan) görünür ki, xx.xx.1974-cü il təvəllüdlü İddiaçı1 ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Belə ki, iddiaçılar İddiaçı3 və X1 barədə məlumatlar elektron məhkəmə sistemində məlumatlar mövcud deyildir. İddiaçı1 hazırda başqa ünvanda yaşayış yeri üzrə qeydiyyatda olduğundan, həmin ünvandan qeydiyyatdan çıxarılmadığı müəyyən edildiyindən, həmçinin digər iddiaçılar olan İddiaçı3 Əkram oğlu və İddiaçı2 faktiki yaşayış yeri üzrə qeydiyyata alınması üçün sənədləri olmadığından cavabdeh tərəfindən yaşayış yeri üzrə qeydiyyata almaqdan imtinası qanuni və əsaslıdır. Məhkəmə qeyd edir ki, iddiaçılar tərəfindən sözügedən evə nəticə etibarı ilə qeydiyyata alınması üçün hər hansı bir sənəd təqdim edilməmişdir. Hazırki iş üzrə iddiaçıların sözügedən mənzilə mülkiyyət hüququnun olmaması müəyyən olunur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası mahiyyətcə qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır və iddia tələbi təmin edilməməlidir. Qeyd edilən qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək iddiaçıların qeydiyyata alınmasını tələb etdiyi ünvana dair hər hansı hüquqmüəyyənedici sənədlərinin olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsi 2 ünvanına qeydiyyata alınmasından imtina olunması qanuni sayılmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68.3-cü maddəsinin tələblərinə görə məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, 28 may qəsəbəsi, İzlivnoy küçəsi 2 ünvanında yerləşən 116 nömrəli mənzilə qeydiyyata alınması öhdəliyinin Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar