Məhkəmə qərarları › İş №2-1(112)-11576/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11576/2023

08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11576/2023 08.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş əlillik müddətinin uzadılması barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə təqdim edərək, 2-1(112)-11576/2023 saylı iş üzrə 9 Saylı Şəhər Poliklinikasının cavabdeh qismində cəlb olunması və İddiaçı “Forma 88” arayışının verilməsi barədə öhdəliyin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilməmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin avqust ayında ürəyinin sol mədəciyinin ön divarının miokard infarktını keçirmiş və 11-18 avqust tarixlərində Bakı şəhəri X3 müalicə olunmuşdur. 11 avqust tarixində xəstəxanada Koronor Ageoplastika əməliyyatı olmuş və LAD damardakı darlıq layihəsinə 2.5mmx26mm ölçüdə stend implant edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının rəyinə əsasən İddiaçı 2018-ci ilin 9 aprel tarixindən 2023-cü il 9 aprel tarixinədək (5 il müddətinə) ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonradan səhhəti bir qədər ağırlaşmış və müalicəsini davam etdirmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə getmişdir. Hazırda tibb elmində işemik ürək çatışmazlığı və işemik ürək xəstəliyinin müalicəsi mövcud deyil və xəstəliyin yalnız ağırlaşmasının qarşısı alınır. İstanbul şəhərinin dövlət müəssisəsi olan Bezmialem Vakif Universiteti Səhiyyə Praktika və X2 Kafedrasında iddiaçının keçdiyi son ətraflı müayinədə ilkin diaqnozlar, yəni işemik ürək çatışmazlığı və işemik ürək xəstəliyi və digərləri öz təsdiqini tapmışdır. Bu barədə iddiaçıya 2023-cü il 29 mart tarixli ətraflı sənəd verilmişdir və sənəddə hava nəqliyyatı ilə səyahət etməsinin məsləhət olmadığı barədə həkimin rəyi öz əksini tapmışdır. Əlillik müddətinin uzadılması üçün iddiaçı yuxarıda göstərilən sənədləri Bakı Baş Səhiyyə X5 şəxs “9 nömrəli Şəhər Poliklinikası”nın Tibbi Sosial Ekspertiza Komissiyasına 2023-cü il 27 aprel tarixində rəsmi qaydada təqdim etmişdir. Müraciətə poliklinikanın baş həkimi 2023-cü il 20 may tarixli 286 nömrəli məktubla cavab vermişdir. Cavab ümümi xarakterlidir, əsaslandırılmamışdır və hüquqi bazası göstərilmir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı Xüsusi Müalicə Sağlamlıq Kompleksinin xx.xx.2018-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 120-125 - Ürəyin işemik xəstəlikləri => 121 - Miokard infarktı => 121.4 - Miokardın kəskin subendokardial infarktı; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, Əvvəllər keçirilən miokard infarktı Sol mədəcik çatmamazlığı, NYHA İİİ FS Dəqiqləşdirilməmiş astma, Dəqiqləşdirilməmiş astma; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101- 109,111.0,113-113.2,120- 125,...”) səbəbi ilə xx.xx.2018-ci il tarixində 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı ilk öncə inzibati orqana müraciət etməli, imtina aldıqdan sonra müvafiq inzibati məhkəməyə müraciət edə bilər. İddiaçı verilmiş əlillik dərəcəsinin müddəti bitsə də, əlilliyin yenidən qiymətləndirilməsi üçün göndəriş daxil olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və tələbin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə hazırkı iddianın mümkünlüyünü yoxlayaraq qeyd edir ki, iş materiallarından görünür ki, Bakı Xüsusi Müalicə Sağlamlıq Kompleksinin xx.xx.2018-cı il tarixli 4123003AAADP nömrəli tibbi-sosial ekspertiza müayinəsinə göndərişi (bundan sonra – göndəriş) əsasında iddiaçının əlillik vəziyyəti cavabdeh tərəfindən qiymətləndirilmiş, ona ilkin olaraq ümumi xəstəlik səbəbindən “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => 120-125 - Ürəyin işemik xəstəlikləri => 121 - Miokard infarktı => 121.4 - Miokardın kəskin subendokardial infarktı; Diaqnozun mətni: Əvvəllər keçirilən miokard infarktı, Əvvəllər keçirilən miokard infarktı Sol mədəcik çatmamazlığı, NYHA İİİ FS Dəqiqləşdirilməmiş astma, Dəqiqləşdirilməmiş astma” diaqnozu ilə 5 il müddətinə ikinci dərəcə əlillik (2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (101- 109,111.0,113- 113.2,120-125,...”) təyin edilmiş, növbəti qiymətləndirmə tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı hazırda sağlamlıq vəziyyətinin daha da ağırlaşdığını iddia edərək, ona təyin edilmiş əlilliyin müddətinin uzadılmasını, daha doğurusu, yeni müddətə əlillik təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, əlilliyin təyin edilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydaya əsasən: - Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - Bənd 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. - Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. - Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - Bənd 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - Bənd 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. İstinad olunan normalardan görünür ki, şəxsin əlilliyinin qiymətləndirilməsi, yəni ona əlillik təyin edilməsi üçün ilk növbədə həkim-məsləhət komissiyası tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilməli, göndərişdə şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməli, şəxsin əlilliyi məhz həmin göndərişə əsasən qiymətləndirilməlidir. Şəxsə əlillik təyin edildikdən sonra o, əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Həmin tarix bitdikdən sonra o əliliyin qiymətləndirilməsi üçün yenidən yuxarıda istinad olunan Qaydalara uyğun göndəriş verilməsi üçün həkim-məsləhət komissiyasına müraciət etməli, verilən göndəriş əsasında əlilliyi qiymətləndirilməklə qərar qəbul edilməlidir. İşdən görünür ki, iddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2023-cü il tarixdə bitmiş, bundan sonra iddiaçı barəsində yeni göndəriş verilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bu halı qəbul etmiş, göndəriş üçün həkim-məsləhət komissiyasına müraciət edildiyini, lakin müraciətin təmin edilmədiyini bildirmişdir. İşdə olan 9 nömrəli Şəhər Poliklinikasının xx.xx.2023-cü il tarixli 286 saylı məktubundan da görünür ki, iddiaçı onun barəsində göndəriş verilməsi üçün həmin poliklinikaya müraciət etmiş, Poliklinika isə İddiaçı təqdim edilmiş tibbi sənədələrinin onun hazırki sağlamlıq durumunu tam həcmdə əks etdirməməsi, bu səbəbdən ixtisaslaşmış müayinə və müalicəyə ehtiyacın olması əsası ilə müraciətinin təmin edilməsindən imtina etmişdir. Göründüyü kimi, iddiaçı ona yeni müddətə əlillik təyin edilməsi üçün məhkəməyə müraciət etsə də, məcburetmə haqqında bu iddia ilə məhkəməyə qədər qanunla müəyyən edilmiş qaydada cavabdehə müraciə etməməsi işin halları ilə tam təsdiq olunur. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, qanunverici əlilliyin göndəriş olmadan, birbaşa təyin edilməsi ilə bağlı hər hansı bir müddəa nəzərdə tutmamışdır. Qeyd edilməlidir ki, əlilliyin qiymətləndirilməsi ilə bağlı cavabdeh tərəfindən inzibati icraatın başlanması üçün ona müvafiq göndərişin təqdim edilməsi mütləqdir. Çünki əlillik şəxsdə müəyyən fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasıdır ki, bu pozuntular ambulator və ya stasionar müalicə nəticəsində aradan qalxa da bilər. Məhz buna görədir ki, qanunverici 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması halında, yaxud əlillik müddətinin bitməsindən sonra qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında şəxsə əlilliyin təyin edilməsini təsbit edir, hansı ki, bu pozuntular şəxs barəsində verilən müvafiq göndərişdə öz əksini tapmalıdır. Beləliklə, iddiaçı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi üçün cavabdehə müvafiq göndəriş təqdim edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iddiaçının cavabdehə qarşı məhkəmə müdafiəsindən istifadə etməsi üçün ilkin zəruri şərt mövcud deyil və bu səbəbdən iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar