Məhkəmə qərarları › İş №2-1(112)-11579/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11579/2024

26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11579/2024 26.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsinə hüquqlarının iddiaçının adına tanınması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı məhkəməyə müraciət edərək, Rəsulzadə Bələdiyyəsinin 01/A-140 saylı, xx.xx.2024-cü il tarixli cavabı ilə müşayiət olunan hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, Cavabdeh xx.xx.2004-cü il tarixli, 88 saylı qərarı ilə X1 adına M.Ə. Rəsulzadə qəs., Baksol massivi, Tara Bazasının yaxınlığında, Böyükşor gölünün kənarında, fərdi yaşayış evinin tikintisi üçün 150 kv.m. torpaq sahəsinə hüquqlarının iddiaçının adına ötürülməsinə dair qərarın qəbil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilmasini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2004-cü il tarixli, 88 saylı qərarı ilə, X1 adına M.Ə. Rəsulzadə qəs., Baksol massivi, Tara Bazasının yaxınlığında, Böyükşor gölünün kənarında, fərdi yaşayış evinin tikintisi üçün 150 kv.m. torpaq sahəsi mülkiyyətinə ayrılmışdır. Həmin sahə xx.xx.2011-ci il tarixli etibarnamə ilə tam sərəncam vermə hüquqları ilə ona verilmişdir. Həmin vaxtdan torpaq sahəsi maneəsiz və fasiləsiz iddiaçının tam faktiki istifadəsində (istismarında) olmuş, öz vəsaiti hesabına abadlaşdıraraq üzərində fərdi yaşayış evini inşa edərək zəruri enerji və digər kommunikasiyalar çəkdirərək istismara tam yararlı vəziyyətə gətirilmişdir. Adına etibarnamə verilərkən həmin torpaq sahəsinə görə X2 20.000 manat miqdarında pul vəsaiti ödəmişdir. Təəssüflər olsun ki, X3 xx.xx.2012-ci il tarixdə ürək xəstəliyindən vəfat etmişdir. Eyni zamanda həmin torpaq sahəsinə hüquqlarının rəsmiləşdirilməsi açıq qalmışdır. Bu səbəbdən hüquqlarının rəsmiləşdirilməsi və həmin əmlakla bağlı hüquqi vəziyyətinin maneəsiz həyata keçirilməsi və məhdudlaşdırılması hallararının aradan qaldırılması üçün torpaq sahəsinin adına rəsmiləşdirilməsi zərurəti yaranmışdır. Bununla bağlı qüvvədə olan qanun normaları ilə verilən “üstünlük hüququ” ilə təsbit olunan şərtləri nəzərə alaraq faktiki istifadəsində olan torpaq sahəsinin adına sənədləşdirilməsi ilə bağlı qanunla müəyyən edilmiş tətbirlərin həyata keçirilməsinə sərəncam verilməsi barədə Rəsulzadə Bələdiyyəsinə müraciət etsə də, Bələdiyyənin 01/A-140 saylı, xx.xx.2024-cü il tarixli cavabı il, torpaq sahəsinin və digər daşınmaz əmlakın özgəninkiləşdirilməsi tərəflər arasında bağlanmış əqdlər üzrə aparıldığını əsas tutaraq müraciətin təmin olunmasından imtina edilmişdir. Aşağıdakı əsaslara görə Rəsulzadə Bələdiyyəsinin hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi, Bələdiyyənin 01/A-140 saylı, xx.xx.2024-cü il tarixli cavabının qanunsuz və əsassız hesab edilməsinin hüquqi əsaslı olduğunu hesab edir. Rəsulzadə Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 88 saylı, xx.xx.2004-cü il tarixli qərarı ilə M.Ə. Rəsulzadə qəs., Baksol massivi, Böyükşor gölünün kənarında, fərdi yaşayış evinin tikintisi üçün 150 kv.m. torpaq sahəsi X1 mülkiyyətinə ayrılmışdır. xx.xx.2011-ci il tarixli Etibarnamə ilə M.Ə. Rəsulzadə qəsəbəsi, Baksol massivi, Tara Bazasının yaxınlığında, Böyükşor gölünün kənarında, fərdi yaşayış evinin tikintisi üçün X1 mülkiyyətinə ayrılmış 150 kv.m. torpaq sahəsinə tam sərəncam vermə hüquqları 89 il müddətinə, yəni, xx.xx.2100-cü il tarixədək iddiaçıya verilmişdir. AZ-İ seriyalı 508234 saylı, xx.xx.2012-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X3 xx.xx.2012-ci il tarixdə “Kardiogen şok”dan vəfat etmişdir. "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəalarına uyğun olaraq torpaq sahələrini, koteqoriyası, növü, xüsusiyyətləri, habelə, təyinatı əvvəlcədən müəyyən edilməklə hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə “tələb-təklif” qaydasında ayırır. Eyni zamanda, torpaq sahələrinin ayrılması proseduraları “Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun normaları ilə tənzimlənir. Bələdiyyə müraciətə cavab verərkən, torpaq sahəsinin artıq uzun müddətdir ki, fasiləsiz və maneəsiz “fiziki şəxsin” faktiki istifadə və sahibliyində olan torpaq sahəsi kimi deyil, torpaq sahəsinin ilkin mərhəhədə olduğu kimi ayrılacağı “mövqeyindən” yanaşaraq qanun normalarına düzgün istinad edilməmişdir. Hazırda həmin ərazi müddətdir ki, iddiaçı tərəfindən “faktiki sahiblik” hüququ ilə iddiaçıya məxsus olmaqda qalır, habelə, qeyd olunan torpaq sahəsi, ona məxsus əmlakla bağlı yaranmış hüquqlarla yüklüdür. Azərbaycan Respublikası MM-nin 257-ci maddəsinə əsasən, servitut almış şəxs (ixtiyarlı şəxs) servitutun saxlanması və həyata keçirilməsi üçün tələb olunan hər şeyi edə bilər, lakin o öz hüququndan imkan daxilində elə istifadə etməlidir ki, bu, yüklü olan mülkiyyətçinin mənafelərinə zidd olmasın və ona lüzumsuz narahatlıq yaratmasın. Servitutla yüklü olan mülkiyyətçi servitutun həyata keçirilməsinin qarşısını alan və ya onu çətinləşdirən heç bir hərəkət etməməlidir. MM-nin 158-ci maddəsinə əsasən, mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi daşınmaz əmlaka hüquqlar “Dövlət reyestrində” qeydiyyata alınmasa da belə, həmin hüquqların mövcudluğunu və hüquqları müəyyən edilmiş şəxsin həmin hüquqlarının müdafısəsi ilə bağlı qanunla müəyyən edilmiş iddialı hərəkətlərini həyata keçirməsi hüquq normaları ilə təsbit edilir. Artıq “obyekt” və onun altındakı torpaq sahəsi uzun müddətdir ki, istifadəsindədir, eləcə də, hal-hazıradək faktiki sərəncam vermə səlahiyyətlərinin əlimdən alınmasına və torpağın geri tələbi ilə bağlı hər-hansı bildiriş, və ya, xəbərdarlıq təqdim edilməyib. Ümumiyyətlə, əmlak hüquqlarının tərəfindən davam etdirilməsi mümkünsüzlüyünün səbəbləri mövcud deyil. Belə ki, “Bələdiyyə torpaqlarının İdarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq, Bələdiyyələr torpaq sahəsini ayırarkən digər məsələlərlə yanaşı torpağın alğı-satqısına dair müqavilə və torpağın dəyərinin ödənilməsi ilə bağlı prosedur hərəkətlərini yerinə yetirir, bu səbəbdən də, hüquq normaları ilə torpaq sahəsinin ayrılmasına dair Bələdiyyə qərarının ləğvi yolverilməzdir. Ona görə ki, qərarın ləğv olunması “alğı-satqı müqaviləsinin” birtərəfli ləğvinə hüquqi əsas yaratmadığından, Bələdiyyələrin qəbul etdiyi bu cür qərarların Bələdiyyələr tərəfindən məhkəmələrdə qaldırılan iddiaların mübahisələndirilməsi qaydasında həll olunmasına yol verilir. Bu səbəbdən də, Rəsulzadə Bələdiyyəsinin 01/A- 140 saylı, xx.xx.2024-cü il tarixli cavabı qanunsuz və hüquqi əsassızdır.

3. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, Bakı şəhəri M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 88 saylı qərarına əsasən Baksol massivindən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X1 mülkiyyətinə satılmış 150 kv.m. torpaq sahəsinin hazırda bələdiyyə tərəfindən İddiaçı adına rəsmiləşdirilməsi məsələsi qanuna zidd olduğu üçün mümkün deyildir. Çünki bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması barədə X1 adına verilmiş qərar ilkin torpaqayırma sənədi hesab olunmaqla onun torpaq sahəsi üzərindəki hüququnu təsdiq edən sənəddir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı və 67-ci maddələrinin tələbinə görə bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyetrindən dövlət qeydiyyatına alınmalı və həmin reyetrdən çıxarışla rəsmiləşdirilməlidir. Bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Xüsusi mülkiyyətdə olan bütün torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilməlidir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verməklə onun təmin olunmasını xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

6. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

7. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. Belə ki, iddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 №-li Qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki hissəyə ayrılır: 1) mümkünlük; 2) əsaslılıq. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırdığı halda, iddianın əsaslı olub olmamasının yoxlanılması çərçivəsində iddiaçının cavabdehə qarşı hər hansı bir maddi hüquqi tələbinin olub-olmaması yoxlanılır. İddianın əsaslılığının araşdırılması üçün şərt iddianın mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır.

11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 5.1, 6.1, 6.2, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır (5.1). İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır (6.1). İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9).

12. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

13. Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən:

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.

2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

14. Həmin Məcəllənin 66-cı maddəsinə əsasən:

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

15. İddia tələbi Cavabdeh xx.xx.2004-cü il tarixli, 88 saylı qərarı ilə X1 adına verilmiş torpaq sahəsinə dair hüquqlarının iddiaçının adına keçirilməsindən ibarətdir.

16. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna əsasən 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

17. İş materiallarından görünür ki, Bakı şəhəri M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 88 saylı qərarına əsasən Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Baksol massivində yerləşən 150 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə X1 mülkiyyətinə verilmişdir. Həmin qərarın etibarsız hesab olunmasına və ya qüvvədən düşməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir.

18. Beləliklə, mübahisəli torpaq sahəsinin digər şəxsin mülkiyyətinə verilməsi barədə hazırda qüvvədə olan bələdiyyəninin torpaqayırma barədə qərarı mövcuddur, cavabdeh qurumun X2 vaxtilə alqı-satqı yolu ilə ayrılmış torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirmək və ya ayırmaq vəzifəsi (səlahiyyəti) yoxdur.

19. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

20. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

21. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar