Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1158/2022 24.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək əmək kitabçasına uyğun olaraq qeyd edilmiş xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək, Şəki “Xidmət Kooperativi”ndə “qaynaqçı” və xx.xx.1991-ci ildən xx.xx.1998-ci ilədək, Şəki “Azadlıq kiçik müəssisəsi”ndə “qaynaqçı” vəzifəsində işlədiyi müddətlərin, onun ümumi iş stajına və sosial sığorta stajına əlavə edilməsilə hesablanması; 1975-1978-ci illər intervalında, Şəki 43 saylı Orta Texniki- Peşə məktəbinin, “elektrik-qaz qaynaqçısı” peşəsi üzrə tam kursunu bitirməyi üzrə müddətin, onun ümumi iş stajına və sosial sığorta stajına əlavə edilməsilə hesablanması; 35 illik iş stajının 28 ildən çoxunu, “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən “axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR NK tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa” maddəsinin tələblərinə uyğun olaraq hesablanması ilə, ona 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. xx.xx.2016-cı il tarixindən 57 yaşı tamam olmuşdur. 1975-1978-ci illər intervalında Şəki 43 saylı Orta Texniki-Peşə məktəbinin “elektrik-qaz qaynaqçısı” peşəsi üzrə tam kursunu bitirmişdir. xx.xx.1978-xx.xx.1980-ci illər intervalında Sovet Ordusunda hərbi xidmət keçmişdir. xx.xx.1981-xx.xx.1983-cü illər intervalında “Şəki Sənaye-Tikinti” idarəsində “qaynaqçı”, xx.xx.1983-xx.xx.1984-cü və xx.xx.1984-xx.xx.1985-ci illər intervallarında, Azərbaycan SSR Sənaye-Tikinti Nazirliyinin, 3 saylı Tikinti Trestinin, Mingəçevir 33 saylı Tikinti İdarəsində “qaynaqçı”; xx.xx.1985-xx.xx.1989-cu illər intervalında “Azqaztikinti” trestinin 8 saylı Xüsusi Mexanikləşdirilmiş Tikinti idarəsində “qaynaqçı”, xx.xx.1989xx.xx.1990-ci illər intervalında Şəki ŞRPŞ-də “mühafizəçi”, xx.xx.1990-xx.xx.1991-ci illər intervalında Şəki “Xidmət Kooperativi”ndə “qaynaqçı”, xx.xx.1991-xx.xx.1998-ci illər intervalında Şəki “Azadlıq kiçik müəssisəsi”ndə “qaynaqçı”, xx.xx.2007-xx.xx.2014-cü illər intervalında “X7 sahəsi”ndə “qaynaqçı”, xx.xx.2014-cü il tarixdən (bu günə qədər) ARDNŞnin “Azəriqaz” X1 X5 İdarəsində “qaynaqçı” peşələrində çalışmışdır və indi də işinə davam edir. Beləliklə, sənədlər və “əmək kitabçası” üzrə iş stajı: Orta Texniki-Peşə məktəbi - 3 il, hərbi qulluq - 2 il 1 ay 5 gün, “Şəki sənaye-tikinti” Tikinti İdarəsi - 2 il 29 gün, Mingəçevir 33 saylı Tikinti İdarəsi 1 il 5 ay 16 gün, “Azqaztikinti” tresti - 4 il 3 ay 27 gün, Şəki ŞRPŞ - 1 il 2 ay 20 gün, “Xidmət Kooperativi” - 5 ay 23 gün, “Azadlıq kiçik müəssisəsi” - 6 il 5 ay 28 gün, “X7 İdarəsi” - 6 il 9 ay, Zaqatala RQİİ - 7 il 1 ay 14 gün, ümumi 35 il təşkil edir. Qeyd edilən və artıq 35 illik iş stajının 28 ildən çoxunu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 377 saylı Fərmanının 1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədi ilə AR NK-nin 12 saylı Qərarına əsasən tətbiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ olan siyahıda nəzərdə tutulmuş peşədə (qaynaqçı) işləmişdir. Orta Texniki-Peşə məktəbi, hərbi qulluq və Şəki ŞRPŞ-dəki staj müddəti isə 06 il 03 ay 25 gündür. ƏƏSMN tabeliyində DSMF-yə etdiyi müraciətə DSMF XŞTMF öz cavabını iş stajının düzgün olmayan hesabatı ilə ümumi iş stajnı sosial sığorta stajına əlavə etmədən vermişdir. Belə ki, əmək kitabçası üzrə qeyd edilən xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək Şəki “Xidmət Kooperativi”ndə qaynaqçı və xx.xx.1991-ci ildən xx.xx.1998-ci ilədək Şəki “Azadlıq kiçik müəssisəsi”ndə qaynaqçı vəzifəsində işlədiyi müddətlər də ümumiyyətlə nəzərə alınmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-820/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-820/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İnzibati iş xx.xx.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə daxil olmuşdur. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericilikdə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi üçün üç şərt müəyyənləşmişdir: yaş, staj və pensiya kapitalı. İddiaçı isə pensiya kapitalı ilə bağlı tələbə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 37400,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29702,49 manat təşkil edir. Bundan əlavə, iddiaçının 2-ci tələbə cavab verməsi də təqdim etdiyi sübutlar vasitəsilə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçı tərəfindən güzəştli arayış təqdim edilməmişdir. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1ci bəndinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı olmalıdır. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Bundan əlavə, məlum olduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının digər məhkəmələrinə 28 noyabr 2020-ci il tarixli məktub göndərilmiş, tövsiyə edilmişdir ki, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Qeyd olunanlar nəzərə alınaraq, İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. İddiaçı xx.xx.2022-ci il tarixdə elektron kabinet vasitəsilə təqdim etdiyi ərizədə ona 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün birdəfəlik ödənilməsi vəzifəsinin iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş A 788886 nömrəli, xx.xx.1978-ci il tarixli diplomun surətinə əsasən İddiaçı 1975-ci ildə Şəki şəhər 43 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 1978-ci ildə elektrik-qaz qaynaqçısı peşəsi üzrə tam kursu bitirmişdir. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1978-ci il tarixdə hərbi xidmətə qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ИT-İ ******* nömrəli, xx.xx.1981-ci il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1981-ci ildə Şəkipromstroy Tİ-ə 5-ci dərəcəli elektrik qaynaqçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə 4-cü dərəcə elektrik qaynaqçısı verilmiş, xx.xx.1983-cü ildə işdən azad edilmişdir. xx.xx.1983-cü ildə Mingəçevir şəhəri 3 saylı Trestin Tİ-33 Şəkipromstroy Tİ-dən köçürmə qaydasında 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1984-cü ildə işdən azad edilmişdir. xx.xx.1984-cü ildə Mingəçevir şəhəri 3 saylı Trestin Tİ-33-də 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1985-ci ildə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə sahəyə 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə 5-ci dərəcəli elekrik qaynaqçısı keçirilmiş, xx.xx.1989-cu ildə işdən azad edilmişdir. xx.xx.1989-cu ildə Şəki QRODD yanında OO gözətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı ildə işdən azad edilmişdir. xx.xx.1990-cı ildə “Xidmət” kooperativinə işə qəbul edilmiş, xx.xx.1991-ci ildə öz arzusu ilə işdən azad edilmişdir. xx.xx.1991-ci ildə “Azadlıq” KM-nə İV dərəcəli elektrik qaynaqçısı vəzifəsinə keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.2007-ci ildə X6 İdarəsinə qaynaqçı peşəsinə qəbul edilmiş, xx.xx.2009-cu il tarixdə Qəza dispetçer xidmətinə 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə qəbul edilmiş, xx.xx.2010-cu ildə Qəza dispetçer xidmətinə 5-ci dərəcəli əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.2014-cü ildə işdən azad edilmişdir. xx.xx.2014-cü ildə “Azəriqaz” X3 X5 İdarəsinə 5-ci dərəcəli qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq “Azəriqaz” X3 X5 İdarəsinin xx.xx.2021-cı il tarixli, SOCAR**********30560046X01223 nömrəli arayışında göstərilmişdir ki, verilir vətəndaş İddiaçı ondan ötrü ki, o, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezdentinin 2006-cı il 6 mart tarixli 377 № li Fərmanının 1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 №li Qərarına əsasən tətbiq edilmiş güzəştli şərtlərlə əmək pensiyası hüququ olan siyahıda (35-ci bənd ümumi peşələr) nəzərdə tutulmuş peşədə işləyib. Cəfərov X2 RQİİ-nin Şəki rayonu üzrə Təmir bərpa xidmətində 5-ci dərəcəli qaz qaynaqçısı peşəsində işləyir. “31” yanvar 1981-ci ildən “01” aprel 1983-cü ilədək elektrik qaynaqçısı, “01” aprel 1983-cü ildən “20” yanvar 1984-cü ilədək elektrik qaynaqçısı, “02” iyul 1984-cü ildən “28” yanvar 1985-ci ilədək elektrik qaynaqçısı, “13” mart 1985-ci ildən “10” iyul 1989-cu ilədək elektrik qaynaqçısı, “13” avqust 1991-ci ildən “10” fevral 1998-ci ilədək elektrik qaz qaynaqçısı “09” iyul 2007-ci ildən “02” noyabr 2009-cu ilədək elektrik qaz qaynaqçısı, “24” may 2010-cu ildən “11” mart 2014-cü ilədək əl ilə qaynaqda elektrik qaynaqçısı, “11” mart 2014-cü ildən hal-hazıradək qaz qaynaqçısı peşəsində işləyir. Qeyd: İddiaçı Əmək Məcəlləsinin 115-ci maddəsinə əsasən (əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə) 6 gün əlavə məzuniyyət və əmək haqqına 1.08% əlavə əmək haqqı ödənilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölməsinin “Sığortaolunanların fərdi şəxsi hesabına baxış” bölümündə sığortaolunan İddiaçı (SSN: **********952) üçün 1 iyul 2007-ci il tarixdən 1 oktyabr 2021-ci il tarixədək ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar təqdim edilir. Qeyd edilir ki, İddiaçı fərdi şəxsi hesabında 1 yanvar 2006-cı il tarixdən 1 iyul 2007-ci il tarixədək heç bir məlumat öz əksini tapmamışdır. Həmin məktuba əlavə edilmiş sığortaolunan İddiaçı hesabından görünür ki, iddiaçının “Azəriqaz” İstehsalat Birliyində işlədiyi iyul 2007-sentyabr 2021-ci il tarixədək olan dövr ərsində məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı xx.xx.2021-ci il tarixli güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********9 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 37400,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 29702,49 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əavə olaraq bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh inzibati orqan yetərli pensiya kapitalının olmadığını əsas gətirməklə müraciətin təmin edilməsindən imtina etmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia, həmçinin mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi qüvvədə olan qanunvericiliyə əsasən kişilərə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlərin hamısının birlikdə olması tələb olunur: 1. 60 yaşın tamam olması; 2. azı 25 il sığorta stajına malik olması; 3. 25 il sığorta stajının azı 12 il 06 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması və 4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İşdən görünür ki, iddiaçı ona 60 yaşdan deyil, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulurdu. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmasa da (bunun üçün iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 06 aydan az olmayan xüsusi staja və 25 ildən az olmayan ümumi staja malik olması tələb olunsa da onun həmin tarixə cəmi 07 il 10 ay 15 gün xüsusi sığorta stajı olmuşdur), “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı xx.xx.2017-ci il tarixədək 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməli, həmçinin 57 yaş həddinə çatmalıdır ki, qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2016-cı il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçı yuxarıda qeyd olunan təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən xx.xx.1975-xx.xx.1978-ci ilədək təhsil dövrü 02 il 10 ay 24 gün, xx.xx.1978-xx.xx.1980-ci ilədək hərbi xidmət dövrü 02 il 01 ay, əmək fəaliyyəti dövrü xx.xx.1981-xx.xx.1983-cü ilədək 02 il 02 ay 01 gün, xx.xx.1983-xx.xx.1984-cü ilədək 09 ay 20 gün, xx.xx.1984-xx.xx.1985-ci ilədək 06 ay 27 gün, xx.xx.1985-xx.xx.1989-cu ilədək 04 il 03 ay 28 gün, xx.xx.1989-xx.xx.1990-cı ilədək 01 il 02 ay 21 gün, xx.xx.1990-xx.xx.1991ci ilədək 06 ay 24 gün, xx.xx.1991-xx.xx.1998-ci ilədək 06 il 05 ay 28 gün, xx.xx.2007xx.xx.2014-cü ilədək 06 il 08 ay 03 gün, xx.xx.2014-xx.xx.2016-cı ilədək (57 yaşı tamam olduğu günədək) 02 il 05 ay 02 gün olmaqla, ümumilikdə 30 il 02 ay 28 gün təşkil edir. Məhkəmə iddiaçının ümumi iş stajının hesablanması zamanı o halı da nəzərə alır ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti dövrünün yoxlanılması zamanı məhkəmənin sorğusu ilə əldə edilmiş sığortaolunanın fərdi şəxsi (uçotu) hesabı haqqında məlumatlardan müəyyən olunur ki, İddiaçı 1 iyul 2007-ci il tarixdən 1 sentyabr 2016-cı il tarixədək işlədiyi dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Bu halda məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi məcburi dövlət sosial sığorta haqları ödənilmiş illəri ümumi sığorta stajına hesablayır. Beləliklə, iddiaçının 57 yaşının tamam olduğu günə tələb olunan 25 il ümumi sığorta stajı mövcuddur. İddiaçının güzəştli iş stajına gəlincə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.8-ci bəndinə əsasən Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Qaydaların 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları, 23200000—11620 qaz qaynaqçıları zərərli peşə kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35. Ümumi peşələr bölməsində qaz qaynaqçıları və əl ilə qaynaq aparan elektrik qaynaqçıları zərərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının əmək kitabçası qeydləri, eləcə də iş yerindən verilmiş arayışlara əsasən xx.xx.1981-xx.xx.1984-cü ilədək, xx.xx.1984-xx.xx.1985-ci ilədək, xx.xx.1985-xx.xx.1989cu ilədək elektrik qaynaqçısı peşəsi həmin dövr hüquq münbasibətlərini tənizmləyən “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın 23200000 XXXİİİ. Ümumi peşələr 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğundur. Əksi sübut olunmadığı (hər hansı avtomat və yarımavtomat maşınlarla elektrik qaynağı aparıldığı) sürəcə məhkəmə hesab edir ki, iddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsi məhz əl ilə elektrik qaynaqçısı peşəsini ehtiva edir. Cavabdeh iddiaçının işlədiyi həmin dövrün güzəştli iş stajına hesablanmasını istisna edən hər hansı sübut təqdim etməmiş, məhkəmə icraatında belə bir hal müəyyən olunmamışdır. İddiaçının xx.xx.2010-xx.xx.2014-cü ilədək işlədiyi əl ilə qaynaqda elektrik qaynaqçısı, eləcə də xx.xx.2014-xx.xx.2016-cı ilədək işlədiyi qaz qaynaqçısı peşələri müvafiq olaraq həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35. Ümumi peşələr bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları peşəsinə uyğun olmaqla güzəştli iş stajına daxil edilir. Beləliklə, iddiaçının güzəştli iş stajı dövrü xx.xx.1981-xx.xx.1984-cü ilədək 02 il 11 ay 20 gün, xx.xx.1984-xx.xx.1985-ci ilədək 06 ay 27 gün, xx.xx.1985-xx.xx.1989-cu ilədək 04 il 03 ay 28 gün, xx.xx.2010-xx.xx.2014-cü ilədək 03 il 09 ay 18 gün, xx.xx.2014xx.xx.2016-cı ilədək 02 il 05 ay 03 gün olmaqla ümumilikdə 14 il 01 ay 06 gün təşkil edir. Beləliklə, iddiaçının tələb olunan 12 il 06 ay güzəştli iş stajı mövcuddur. Cavabdehin pensiya kapitalı ilə bağlı dəlili iddiaçının pensiya hüququnun yarandığı vaxt xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinin şərti olmadığından məhkəmə kapital ilə bağlı dəlilə qiymət verməyi zəruri hesab etmir. Beləliklə, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, xx.xx.2017-ci il tarixədək “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 3 şərtin - yaş, ümumi və güzəştli stajın eyni vaxtda olması tələb edildiyindən, iddiaçının da xx.xx.2016-cı il tarixdə 57 yaşının tamam olmaqla həmin tarixdə tələb olunan 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajını topladığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 32.1-2-ci maddəsinə əsasən bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. Beləliklə, məhkəmə iddianı xx.xx.2016-cı il tarixdə 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün hesablanmaqla ödənilməsi hissəsində əsaslı hesab edir və iddianın həmin hissədə təmin edilməsi nəticəsinə gəlir. Məhkəmə eyni zamanda iddianı iddiaçıya ödənilməli olan əvvəlki 3 il üçün pensiya fərqinin birdəfəlik ödənilməsi hissəsində isə əsaslı hesab etmir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunda yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi müddəası nəzərdə tutulmamışdır. Qanunun yuxarıda qeyd olunan 32.1-1-ci maddəsi qeyd edilən məsələni tənzimləməklə pensiya fərqinin birdəfəlik deyil, hissəvi şəkildə - ümumi məbləğin ötən dövrdəki ayların saylarına bölünməklə ödənilməsini bilavasitə nəzərdə tutmuşdur. Odur ki, iddiaçının pensiya fərqinin birdəfəlik ödənilməsi tələbinin hüquqi əsası yoxdur və iddia həmin hissədə təmin edilə bilməz. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalı, iddia tələbi fərqin birdəfəlik ödənilməsi hissəsində təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı 57 yaşdan, yəni xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya üçün müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia tələbi fərqin birdəfəlik ödənilməsi hissəsində təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1158/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1158/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver