Məhkəmə qərarları › İş №2-1(112)-11581/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11581/2022

02.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11581/2022 02.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya artımının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 2 saylı Bakı “DOST" mərkəzinə müraciət edərək, əlavə pensiyanın xx.xx.2022-ci il tarixdən 72 ay hesablandığını, arada 1 ayın itirildiyini, təxminən 100 manat qazandığı pulun qaldığını, buna görə də pensiyasının ya ayın 9-dan hesablanmasını, ya da 71 aya bölünməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 2 saylı Bakı “DOST" mərkəzindən daxil olmuş ərizəyə aidiyyəti üzrə baxaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və ona ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********2 nömrəli məktubunda bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin xx.xx.2016-cı il tarixində qüvvədə olan tələblərinə uyğun olaraq ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Onun xx.xx.2022-ci il tarixli müraciəti ilə əlaqədar olaraq Qanunun 37.3.1-ci maddəsi nəzərə alınmaqla xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 10208,43 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2022-ci il tarixindən 459,43 manat müəyyən edilmişdir. Onun yaşa görə əmək pensiyasının məbləğinin 6 illiyə görə yenidən hesablanaraq ödənişin növbəti ayın 1-dən həyata keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmışdır. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixinədək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) 2022-ci il üzrə 200 (iki yüz) manat məbləğində maddi yardımın bərabər hissələrlə rübdə bir dəfə olmaqla ödənilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan maddi yardımın ödənişi hər rüb üzrə 50 manat olmaqla İ rüb üzrə fevral ayında, İİ rüb üzrə aprel ayında, İİİ rüb üzrə isə iyul ayında yaşa görə cari əmək pensiyasının üzərinə əlavə edilməklə ona ödənilmişdir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2022-xx.xx.2022-ci il dövrünün pensiya artımının və vurulmuş maddi və mənəvi zərərə görə 100.000 (yüz min) manatın ödənilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – Cavabdeh) ilə əvəz olunmasını xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi vurulmuş maddi və mənəvi zərərə görə 100.000 (yüz min) manatın ödənilməsi hissəsində mümkün sayılmamışdır. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdən ona pensiya təyin olunmuşdur. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə pensiyasının sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanmasını davam etdirmiş və pensiya təyin olunduğu gündən sonrakı 6 il üzrə sığorta və yığım hissələri hesablandıqdan sonra 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanmış və növbəti ayın 1-dən, yəni xx.xx.2022-ci il tarixdən ödənilmişdir. Lakin 6 il xx.xx.2022-ci il tarixdə tamam olduğuna görə ödəmə də həmin tarixdən edilməli idi. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli, **********5 nömrəli iddiaya etirazda iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin xx.xx.2016-cı il tarixdən qüvvədə olan tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının xx.xx.2022-ci il tarixli müraciətinə əsasən, fərdi hesabının sığorta hissəsində qeyd alınmış 10208.43 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2022-ci il tarixdən 459.43 manat müəyyən edilmişdir. İddia tələbinin ikinci hissəsinə gəldikdə, iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanaraq ödənişin növbəti ayın 1-dən həyata keçirilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq aparılmışdır. Təqdim edilən sübutlardan cavabdehin hüquqazidd hərəkəti nəticəsində iddiaçının fəaliyyətinin dayanması və gəlirdən məhrum olması təsdiq olunmur. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. İddiaçının cavabdehin qanunsuz hərəkətinə görə hüququnun pozulması, pozulmuş hüququnun bərpa edilməsi üçün çəkdiyi və çəkilməli olduğu xərclər də öz təsdiqini tapmır. Həmçinin iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının hüquqi vəziyyətinin cavabdehin öz vəzifəsini yerinə yetirməməsi ilə pisləşmiş olması, cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması sübut olunmur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı xx.xx.2016-cı ildə ərizə ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon (şəhər) şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 1343 nömrəli, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən ömürlük yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, xx.xx.2016-cı il tarixdən pensiya aldığını və hazırda işlədiyini nəzərə alaraq xx.xx.2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 37-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək yığılmış pensiya kapitalının hesablanmasını xahiş etmişdir. İşdə olan Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli, **********0 nömrəli qərarından görünür ki, iddiaçının müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış, toplanmış 10208.43 manat pensiya kapitalına əsasən pensiyanın məbləği xx.xx.2022-ci il tarixdən 317.65 manatdan 459.43 manata artırılmışdır. İddiaçı hazırda ilkin pensiya təyinatının xx.xx.2016-ci il tarixdə həyata keçirildiyini, yenidən hesablanmış pensiya ödənişinin isə xx.xx.2022-ci il tarixdə edildiyini iddia edərək xx.xx.2022-xx.xx.2022-ci illər üzrə pensiya ödənişinin ona verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏPQ) 37.3.1-ci maddəsinin xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyasına əsasən yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. ƏPQ-nin 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının ərizələri və siyahısı əmək pensiyasını təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədləri onların konsulluq uçotunda olduqları Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları vasitəsi ilə müvafiq icra hakimiyyəti orqanına təqdim edilir. ƏPQ-nin 31.3-cü maddəsinə görə təyinat aparıldıqdan sonra növbəti ayın 1-dən əmək pensiyaları məbləğinin ödənilməsi üçün əmək pensiyası təyin edən orqan tərəfindən müvafiq tapşırıq verilir. İşdən görünür ki, iddiaçıya xx.xx.2016-cı il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin o, bu tarixdən sonra da işləməyə davam etmiş, ona pensiya təyin olunduğu gündən 6 il keçdikdən sonra, xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. İş materiallarından aydın olur ki, cavabdeh iddiaçının ərizəsini təmin etmiş, xx.xx.2022-ci il tarixli qərarla pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalı nəzərə alınmaqla onun əmək pensiyası yenidən hesablanmış və pensiya ödənişinin növbəti ayın birindən, yəni xx.xx.2022-ci il tarixdən həyata keçirilməsi müəyyən olunmuşdur. Göründüyü kimi, cavabdeh iddiaçının əmək pensiyasını yenidən hesablayarkən, yaxud ödəniş tarixini müəyyən edərkən yuxarıda istinad olunan ƏPQ-nin normalarına uyğun davranmış, hər hansı bir maddi hüququ normasının pozuntusuna yol verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ünvanlanmış imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Məhkəmə onu da qeyd edir ki, işdən görünür ki, iddiaçı hazırda da işləyir və onun işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud əmək pensiyası yenidən hesablandıqdan 6 il sonra qazanılan və istifadə edilməmiş sığorta və yığım hissələri üzrə pensiya kapitalı əsasında, o cümlədən xx.xx.2022-xx.xx.2022-ci il tarixində yığılmış pensiya kapitalı da daxil olmaqla əmək pensiyasının yenidən hesablanmasını tələb etmək hüququ mövcuddur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar