Məhkəmə qərarları › İş №2-1(112)-11584/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11584/2022

08.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11584/2022 08.12.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X14 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X4 və X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı mənzil növbəsinə götürülmə barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil növbəsinə götürülməsi üçün lazımi olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsində könüllü olaraq hərbi xidmətə getmiş və 14 dekabr 2020-ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Hərbi xidmət keçdiyi dövr ərzində Azərbaycan Respublikası Ərazi Bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, Şuşa ətrafında gedən döyüşlərdə xəsarət almışdır. Xəstəlik haqqında 24041 nömrəli şəhadətnamədən də, aydın olur ki, xx.xx.1996-cı il doğum tarixli İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmət keçib. TSEK tərəfindən verilmiş arayışdan da, aydın olur ki, ona 3 -cü dərəcəli əlillik verilmişdir. Daşınmaz Əmlakın dövlət reyestrindən verilən çıxarışa əsasən məlum olur ki, adına Bakı şəhərində daşınmaz əmlak aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 04/2021 nömrəli arayışdan da, məlum olur onun adına Nərimanov Bələdiyyəsi tərəfindən torpaq sahəsi ayrılmamışdır. DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan da, aydın olur ki, Bakı şəhəri, Nərimanov Rayonu, Ağa Neymətulla küçəsi, 1987-ci məhəllə, 3 nömrəli mənzil İddiaçı həyat yoldaşının nənəsi X2 xüsusi mülkiyyətindədir. Müharibəyə getməmişdən əvvəl yoldaşı və uşaqları ilə birlikdə Nərimanov rayonunda qeydiyyatsız yaşayırdılar. Lakin, heç bir ünvanda qeydiyyatları olmadığından, onlara müəyyən çətinliklər yaranırdı. O, 22 iyun 2021-ci il tarixdən Bakı şəhəri, Nərimanov Rayonu, Ağa Neymətulla küçəsi, 1987-ci məhəllə, 3 nömrəli mənzilə pasport qeydiyyatına düşmüşdür. Mənzil şəraitini yaxşılaşdırmaq və evlə təmin olunmaq məqsədi ilə Cavabdehə ərizə ilə müraciət etmişlər. Lakin, Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli, Ə-612-068 saylı məktubla tələbinin təmin olunmasından imtina edərək, bildirmişdir ki, Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının 2-ci fəslinin 8-ci maddəsinin 1-ci və 2 ci hissələrinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bir şərtlə götürülürlər ki, azı son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşadığı müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Bakı şəhərində qeydiyyatının məhdudluğu ilə əlaqədar, onun mənzil şəraitinin yaxşılaşdırılması qismində mənzil növbəsinə götürülməsi barədə ərizəsinin təmin edilməsi mümkün deyildir. Bildirmək istəyir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. O, 5 ildən artıqdır ki, Nərimanov rayonu ərazisində qeydiyyatsız yaşayır. Bu barədə Mənzil Kommunal İstismar sahəsindən də, arayış ala bilər. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021 -ci il tarixli Sərəncamına əsasən 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə yaşadığı yer üzrə müvafiq icra hakimiyyəti tərəfindən mənzil növbəsinə götürülməsi qərara alınmışdır. O, da, 2020-ci ildə İİ Qarabağ müharibəsində döyüşlərdə rəşadətlə iştirak etmiş və xəsarət alaraq müharibədən qazi olaraq qayıtmışdır (3-cü dərəcəli əllillik verilmişdir). Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə 1/1221 nömrəli, xx.xx.2022-ci il tarixli məktub təqdim edilərək bildirilmişdir ki, iş üzrə şifahi məhkəmə baxışı iclasına iştirakları olmadan keçirilməsinə etiraz etmirlər və hər-hansı qərarın qəbul etilməsini məhkəmənin mülahizəsinə buraxırlar. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndələri iddia ərizəsinə etiraz etməyərək iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirdilər. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş Ə-6/2-068 nömrəli, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, iddiaçıya bildirilmişdir ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan bu ya digər əsaslarla yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş şəxslərin yaşayış sahələri ilə təmin edilməsi Azərbaycan Respublikası Mənzil qanunvericiliyinin tələbləri qaydasında növbəlilik prinsipi əsasında müvafiq qurumlar tərəfindən həyata keçirilir. Mənzil növbəliliyi üçün qanunvericilikdə aşağıdakı şərtlər müəyyən edilmişdir. 1. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaş uçotu və mənzillərin bölüşdürülməsi qaydalarının İİ fəslinin 8-ci maddəsinin 1-cı və 2-ci hissələrinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilən vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanlar mənzil uçotuna bu şərtlə götürülürlər ki, azı son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar, daimi pasport qeydiyyatında olsunlar.Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi, yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırımasına ehtiyacı olanların uçotuna götürülürlər. 2. “Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiya və sosial müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsasən 1-ci qrup əlillər, hərbi 1-ci, 2-ci və 3-cü qrup müharibə əlilləri ailədə adam başına 9 kv.m və daha az yaşayış sahəsi ilə təmin edilmiş olduqda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı şəxslər sayılırlar (Şəhid ailələri üzvləri də həmin şəxslərə bərabər tutulurlar). Ərizənə əlavə etdiyi xx.xx.2022-ci il tarixli ******* №-li “Yaşayış yeri qeydiyyat haqqında” arayışda göründüyü kimi, o, xx.xx.2021-ci il tarixdə Bakı şəhərinə qeydiyyata düşmüşdür. Bakı şəhərində qeydiyyatın məhdudluğu ilə əlaqədar, onun Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi barədə müraciətinin müsbət həlli mümkün deyildir. İşdə olan Bakı şəhəri Nərimanov rayon Nərimanov Bələdiyyəsi tərəfindən verilmiş 04/201 nömrəli, 20 aprel 2022-ci il tarixli arayışdan görünür ki, həqiqətən Nərimanov Bələdiyyəsi tərəfindən İddiaçı mülkiyyətinə torpaq sahəsi ayrılmamışdır. İşdə olan 3 saylı Bakı “Asan xidmət” Mərkəzi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, İddiaçı 12 iyun 2021-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Ondan başqa qeydiyyatda digər fiziki şəxslərdə vardır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi sosial müavinət və təqaüd haqqında xx.xx.2022-ci il tarixli, ********** nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən əlilliyə görə İİİ qrup müavinət alır, müavinətin qrupu müharibə əlillərinə təqaüd, təyinatın başladığı tarix xx.xx.2022-ci il, müavinətin növü Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, müavinətin təyinatının başladığı tarix xx.xx.2022-ci il. İşdə olan AZ-İİ seriyalı, 386306 nömrəli, xx.xx.2021-ci il tarixdə verilmiş “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X5 arasında xx.xx.2021-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2021-ci ilin fevral ayının 26-sı günündə, 41 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İşdə olan AZ-İV seriyalı, 685971 nömrəli, xx.xx.2022-ci il tarixdə verilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında X7 qeyd edilmişdir. İşdə olan 116 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 649 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən Ağa Neymətulla küçəsi, 19/87 saylı evin 3 nömrəli mənzilində pasport qeydiyyatındadır və yaşayır. Göstərilən ünvanda 10 (on) il, 2010-cu ildən 2020-ci ilə qədər qeydiyyatsız (kirayə) yaşamışdır. 2021-ci ildən isə mənzilə daimi qeydiyyata düşmüşdür. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********82 nömrəli məktub təqdim edilərək bildirilmişdir ki, İddiaçı və X3 adlarına hazırda respublika ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş sənədlərdən müəyyən edilir ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməmişdən öncə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən xx.xx.2022-ci il tarixli məktubla imtina edilmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamaını işin halları ilə müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş, 3-cü qrup müharibə əlilidir. O, müharibə əlili kimi dövlət hesabına mənzillə təmin olunmaq üçün yaşadığı rayon üzrə İcra Hakimiyyətinə mənzil növbəsinə götürülmək üçün müraciət etmiş, cavabdeh orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi, iddiaçının Bakı şəhərində pasport qeydiyatında olmaqla yaşamış olmalı olmasına, həmçinin 3-cü qrup müharibə əlili kimi ailədə adambaşına 9 kv.m və daha az yaşayış sahəsi olduğu halda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs sayıla biləcəyinə istinad edilmişdir. Məhkəmə cavabdehin imtinasını əsassız hesab edərək qanunvericiliyin aşağıdakı normalarına istinad etməyi zəruri hesab edir: Mənzil qanunvericiliyi ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilməsi nəzərdə tutulmuşdur (Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsi). Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Mənzil Məcəlləsinin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Mənzil Məcəlləsinin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü madəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Mənzil Məcəlləsinin 51.6-cı maddəsinə əsasən uçota alınmanın həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Mənzil Məcəlləsinin 52-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu əldə etmək niyyəti ilə həmin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan hesab edilmələri ilə nəticələnə biləcək hərəkətlərə yol vermiş vətəndaşlar göstərilən niyyətli hərəkətlərə yol verdiklkəri gündən beş ildən tez olmayaraq yaşayış sahəsinə ehtiyacı olan qismidnə uçota götürülür. Mənzil Məcəlləsinin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2.müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Mənzil Məcəlləsinin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilməkdə; müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə əsasən, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”-nin 3.9.6-cı bəndinə əsasən yerli icra hakimiyyəti başçıları dövlət mənzil fondunn yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasını və idarə olunmasını təşkil edir, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində nəzərdə tutulmuş səlahiyyətləri həyata keçirir. Həmin Əsasnamənin 4.6.9-cu bəndinə görə əlillərin yaşayış səviyyəsinin yaxşılaşdırılması sahəsində tədbirlər görmək, onların bərpa müəssisələrinin fəaliyyətinə və inkişafına, əlillərin reabilitasiya proqramlarının icrasına və əlillərin həyat fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına dəstək vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 4.9.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçılarının səlahiyyətləri sırasına aiddir. Həmin Əsasnamənin 6.8-ci bəndinə əsasən yerli icra hakimiyyətinin başçısı konkret (birdəfəlik) təşkilatı, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə və ya digər birdəfəlik tətbiq halları üçün qeyri-normativ hüquqi aktlar qəbul edir. Qeyrinormativ hüquqi aktlar sərəncam və ya əmrlər formasında qəbul edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əlilliyi olan şəxsin yaşayış sahəsinə ehtiyacı olan hesab edilməsinin əsasları və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydaları Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilir. Həmin Qanunun 4.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunununa uyğun olaraq şikayət edə bilər. Yuxarıda sadalanan qanunvericiliyin normalarından göründüyü kimi, iddiaçı müharibə əlili olduğundan, ailənin yaşayış sahəsi olmadığı üçün, yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ mövcuddur. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçı hazırda qeydiyyatda olduğu ünvana xx.xx.2021-ci il tarixdə qeydiyyata düşsə də, sözügedən ünvanda 10 ildən artıqdır ki, yaşayır. Onun və arvadının adına Azərbaycan Respublikasında qeydiyyata alınmış hər hansı bir daşınmaz əmlak mövcud deyildir. Bələdiyyə tərəfindən torpaq sahəsi ayrılmamışdır. Sözügedən dəlillər isə cavabdehin imtinasını bütünlükdə əsassız edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüuqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. İddiaçı mənzil növbəsinə götürülməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar