Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11584/2024 07.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “uşağın adının dəyişdirilməsinə icazənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-21/2-R-33-164/24 saylı imtina məktubunun qeyri-qanuni hesab edilərək, 04 mart 2022-ci il təvəllüdlü X3 adının Miradan Miraya dəyişdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-21/2-R-33-164/24 saylı imtina məktubunun qeyri-qanuni hesab edilərək, 04 mart 2022-ci il təvəllüdlü X3 adının “Mira adından “Miray” adına dəyişdirilməsinə icazə verilməsi” vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 15 yanvar 2021-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və bu nikahdan xx.xx.2022-ci il tarixdə X7 adlı bir qız dünyaya gəlmişdir. Uşağın adını Mira qoymuşlar. Amma bu adı eşidən hər kəs bildirir ki, uşaqlarına rus adı qoymuşlar, bu səbəbdən qızlarının adını “Mira”-dan “Miray”-a dəyişmək qərarına gəlmişlər. İddiaçı bununla bağlı cavabdehə müraciət etmiş, lakin cavabdehdən xx.xx.2024-cü il tarixli, 5-21/2-R-33-164/24 saylı imtina məktubu almışdır. Məktubda bildirilmişdir ki, Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı ilə 04 mart 2022-ci il təvəllüdlü X3 adının dəyişdirilməsi uşağın mənafeyi baxımından məqsədəuyğun hesab edilməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilməmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Bakı şəhəri Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Qəyyumluq və Himayəçilik Komissiyasının qərarı ilə 04 mart 2022-ci il təvəllüdlü X3 adının dəyişdirilməsi uşağın mənafeyi baxımından məqsədəuyğun hesab edilməmişdir. X5 məxsus AZ-İV seriyalı 722710 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən o, xx.xx.2022-ci ildə Bakı şəhərində doğulmuşdur. Atası – İddiaçı, anası isə X1r. AZ-İİ seriyalı 424857 nömrəli Nikah haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı X4 ilə nikahlarını Bakı şəhərində xx.xx.2021-ci ildə bağlamışlar. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 09 avqust 2024-cü il tarixli, 5-21/2-1027/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, İddiaçı və Elmira Rəhimlinin Rayon İcra Hakimiyyətində onların birgə nikahından dünyaya gəlmiş övladları X3 adının dəyişdirilməsi barədə müraciətlərinə imtina verilmiş və imtina verildiyi təqdirdə hər hansı bir sənədləşmə işləri aparılmamışdır. X2 tərəfindən xx.xx.2024-cü ildə verilmiş notarial ərizəsinə əsasən o, qızı xx.xx.2022ci il təvəllüdlü X3 adının X6 adı ilə dəyişdirilməsinə etiraz etmir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində uşağın adının dəyişdirilməsinə icazənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Ailə Məcəlləsində (bundan sonra – Ailə Məcəlləsi) göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər (54.1.). Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil (54.2.). Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir (54.3.). 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər (54.4.). Göründüyü kimi iddiaçı 04 mart 2022-ci il təvəllüdlü qızı X3 adının “Mira adından “Miray” adına dəyişdirilməsin istəyir. Bununla bağlı müvafiq icazənin verilməsi üçün o, cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən hər hansı inzibati araşdırma aparılmadan iddiaçıya imtina cavabı verilmişdir. Həmin imtina cavabında uşağın adının dəyişdirilməsinin onun mənafeyinə uyğun olmadığı bildirilsə də, bunun səbəbləri göstərilməmişdir. Qeyd edilməlidir ki, iddiaçının adını dəyişdirilməsini istədiyi uşağı təxminən 2 yaşındadır. O, cəmiyyət arasında öz adıyla tanınacaq və adının dəyişdirilməsinin onun üçün sosial çətinliklər yarada biləcəyi yaşda deyil. Eyni zamanda iddiaçının uşağa vermək istədiyi ad cəmiyyətdə qınağa və ya gülüşə səbəb ola biləcək, uşağın şəxsiyyətini alçaldan bir ad deyildir. Bu səbəbdən məhkəmə uşağın adının dəyişdirilməsinə hər hansı maneə görmür. Ailə Məcəlləsində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir (158.1.). Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir (158.2.). Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (160.1.). Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur (160.2.). Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Cavabdehin xx.xx.2024-cü il tarixli, 5-21/2-R-33-164/24 saylı imtina məktubu qeyriqanuni hesab edilərək, 04 mart 2022-ci il təvəllüdlü X3 adının “Mira adından “Miray” adına dəyişdirilməsinə icazə verilməsi” vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-11584/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11584/2024
07.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver