Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11586/2022 26.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qarşı “rəyin düzgün tərtib edilməməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, 17 iyul 2019-cu il tarixli 10075 saylı ekspert rəyi düzgün aparılmamışdır. Ekspertiza keçirilən zaman onun etirazına baxmayaraq, qonşusu Ağayev Mirzəağanın 204 saylı bağ sahəsi və tikililəri də onun mülkü kimi qiymətləndirilmişdir. Bunun nəticəsi olaraq "xxxx" MMC 27 fevral 2020-ci il, 03 saylı qiymətləndirməyə əsasən 2 bağ sahəsini qiymətləndirdiyinə görə iddiaçı ona məxsus olmayan bağ sahəsinin qiymətini ödəməlidir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı münasibətində göstərmişdir ki, İddiaçı qeyd etdiyi əmlakının qiymətləndirilməsi Mərkəzin ekspertləri tərəfindən deyil, "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən aparılmışdır. İddiaçı müraciətinin digər hissəsi ilə bağlı bildirilir ki, Xəzər Rayon Məhkəməsi tərəfindən təyin edilən mühəndis-texniki ekspertizası zamanı ekspert qarşısında “Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Şinçi bağları 241a/2441 saylı bağ sahəsində yerləşən (yeni nömrə 203) fərdi yaşayış evinin tikilməsi üçün çəkilən xərcin nə qədər təşkil etməsi”nə dair sual qoyulmuş, ekspert tərəfindən qərardadda qoyulmuş sual üzrə tədqiqat aparılmaqla xx.xx.2019-cu il tarixdə rəy verilmişdir. “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna əsasən, ekspertin rəyi - məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanın və ya şəxsin ekspertin qarşısında qoyduğu suallara verilən əsaslandırılmış yekun nəticədir. Göründüyü kimi ekspert tərəfindən tədqiq olunan mənzil qiymətləndirilməmiş, hətta məhkəmə qərardadında tədqiq olunan obyekt bir mənzil kimi ekspertə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun çıxış edərək əmlakın qiymətləndirilməsi ilə bağlı rəyin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubla məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Həmin Qərarın 16.2-ci bəndinə əsasən iddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Qərara əsasən həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir (bənd 16.3). İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir (bənd 16.4). Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir (bənd 16.5). İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər (bənd 16.6). İddia ərizəsindən görünür ki, iddiaçı tərəfləri göstərsə də, tələbinin nədən ibarət olmasını göstərməmiş, iddia ərizəsində yol verilən formal xətaların aradan qaldırılması üçün məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım ünvanlanmış və tələbinin dəqiqləşdirilməsi üçün vaxt verilmişdir. Lakin iddiaçı müəyyən edilmiş müddət ərzində iddia tələbi barədə ərizəni məhkəməyə təqdim etməmiş, məhkəmə iclasında da yazılı ərizə verməmişdir. Məhkəmə hesab edir ki, nə qədər ki, iddia ərizəsində tələbin göstərilməsi imperativ xarakter daşıyır, deməli, bu şərtə əməl olunmadan verilmiş iddia mümkün sayıla bilməz. İddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi nəticəyə gəldikdə, məhkəmə qeyd edir ki, iddiaçının məhkəmə iclasında verdiyi izahatdan aydın olur ki, o, bu iddia vasitəsilə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinin ləğv edilməsinə nail olmaq arzusundadır. Belə ki, işdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1185/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X3 cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Şinçi bağları 241a\2441 saylı bağ sahəsinin (yeni nömrə 203) fərdi yaşayış evinə dair iddiaçı ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, cavabdeh İddiaçı 50.000 manat məbləğində maddi ziyan və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmə icraatı gedişində təyin edilmiş məhkəmə ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2019-cu il tarixli 10075 nömrəli rəy verilərək Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, Şinçi bağları 241a/2441 saylı bağ sahəsində yerləşən fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti işlərinin ümumi dəyərini 17.444,0 manat məbləğində qiymətləndirmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin də 2(003)-251/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddianı qismən təmin edərək, cavabdeh İddiaçı 17444 manat maddi zərər və ödənilmiş 10 manat dövlət rüsumunun tutularaq iddiaçı X2 ödənilməsini qət etmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi iddiaçının xeyrinə tutulan məbləğin apellyasiya icraatı zamanı verilmiş "xxxx" MMC-nin xx.xx.2020-ci il tarixli, 03 nömrəli mütəxəssis rəyində müəyyən edilən məbləğdə, yəni 28.000 manat məbləğində olması qənaətinə gələrək iddiaçı X1 apellyasiya şikayətini qismən təmin etmiş və iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-251/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini dəyişdirərək cavabdehdən 28.000 manatın tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1185/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İddiaçı hazırda həmin məhkəmə icraat zamanı verilən ekspert rəyini mübahisələndirərək onun ləğv edilməsinə nail olmaq istəyir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi bu rəy inzibati akt deyildir. Belə ki, inzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın yalnız inzibati hüquq sahəsindəki fəaliyyəti inzibati mübahisəyə əsas ola bilir. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti bilavasitə onun inzibati icraat çərçivəsində həyata keçirdiyi fəaliyyətdir. Bu fəaliyyətdən kənar yaranan münasibət inzibati hüquq münasibəti, həmin münasibətdən yaranan mübahisə isə inzibati mübahisə deyildir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Burada inzibati hüquqi akt dedikdə, inzibati münasibətləri tənzimləyən və ya konkret inzibati məsələni (mübahisəni) həll edən, hüquq subyektlərinin yeni hüquqi statusunu müəyyənləşdirən, səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati qaydada qəbul edilən (idarəetmə prosesi çərçivələrində), idarəçilik funksiyalarının həyata keçirilməsi və onun məqsədlərinə nail olmaq üçün qəbul edilən akt başa düşülür. İnzibati hüquqi akt bir tərəfdən qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, digər tərəfdən isə fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. İnzibati aktın yaratdığı idarəetmə hüquq münasibətlərinin tərkibi iki əsas elementdən ibarətdir. Hüquq münasibətinin subyekti kimi aktı qəbul edən orqan, obyekti kimi isə barəsində akt qəbul edilən şəxs çıxış edir.Beləliklə, inzibati akt səlahiyyətli inzibati orqan tərəfindən birtərəfli qaydada qəbul edilən, ümumi (publik) hüquq sahəsində ictimai maraqlara xidmət edən və icrası vacib olan iradə ifadəsidir. Qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda (bundan sonra – “İnzibati icraat haqqında” Qanun) “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; hakimiyyət tədbiri olmalıdır. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda, inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır. Yəni xaricə ünvanlanmaqla tənzimləmə xüsusiyyəti daşıyır. İddiaçının hazırda mübahisələndirdiyi ekspert rəyi isə, yuxarıda sadalanan xüsusiyyətlərdən məhrum olmaqla, tövsiyə xarakterinə malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: - maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. - maddə 101.6. Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. - maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. - maddə 102.1. Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. - maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. - maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Göründüyü kimi, ekspert rəyi sübut növüdür, məcburi xarakter daşımır, nizama salma və hüquqi nəticə yaratmaq qabiliyyətindən məhrumdur. Belə olan halda aydındır ki, həmin rəy inzibati akt kimi qiymətləndirilə və onun ləğvi ilə bağlı tələbə inzibati mühakimə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-11586/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11586/2022
26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver