Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11586/2023 24.10.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Çinar X2 birliyinin” üzvü kimi Bakı şəhər X4 İcrayyə Komitəsinin 10/369 nömrəli 22 senytabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış torpaq sahəsindən 0,6 ha hissəsinin plan-ölçüsünü tərtib edib iddiaçının adına qeydiyyata alaraq xüsusi mülkiyyət hüquqlarına dair çıxarış verilməsi öhdəliyinin cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək torpaq sahəsinin ölçüsünün 562,5 kv.m kimi nəzərə alınmasını xahiş etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhər X4 İcrayyə Komitəsinin 10/369 nömrəli 22 senytabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində "Bakıelektropribor” İB-nə hazırkı hüquqi varisi "Bakı Çinar Soyuducuları” ASC-yə 12,45 hektar bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları sxemi tərtib edilərək İdarə tərəfindən təsdiq edilmişdir. Qərarla ayrılan torpaq sahəsi Birliyin 200 (iki yüz) nəfər işçisi arasında bölünmüş və həmin siyahıda olan şəxslərin həmin vaxt əksəriyyəti erməni millətindən olan şəxslər olmuşdur. Məlum hadisələrlə əlaqədar ermənilər ölkəni tərk edəndən sonra siyahıda olan köçüb gedən ermənilərin əvəzinə Birliyin digər işçilərinin əlavə edilməsi qərara alınmışdır. Lakin Əmlak Komitəsinin o vaxtkı rəhbərliyi göstərilən torpaq sahəsinin Birliyin əməkdaşlarına verməkdən imtina etmişdir. Onların özbaşınalığı barəsində Ölkə Başçısına məlumat verilmiş və bundan sonra "Bakı Çinar Soyuducuları” ASC-nin əməkdaşlarına göstərilən bağ sahəsi ilə əlaqədar yeni Bağçılıq Təsərrüfatı yaradılması tövsiyə edilmişdir. Bundan sonra "Çinar X2 birliyi” yaradılaraq AR Ədliyyə Nazirliyyində qeydiyyatdan keçməklə Birliyin 07 oktyabr 1997-ci il tarixli yığıncağının qərarı ilə əvvəlki siyahıda olan şəxslərin Respublikanı tərk etdiyi üçün onların əvəzinə ASC-nin əməkdaşları üzvülüyə qəbul edilmişdir. Siyahda olan Birliyin üzvülərinin hər birinə 0,6 ha olmaqla, bağ sahəsi 200 nəfər şəxs arasında bölünmüşdür. Bütün üzvlərə bağçının üzvülük kitabçası verilmişdir. Daha sonra isə AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lazımi dövlət rüsümları ödətdirilərək hər bir şəxsin istifadəsinə ayrılmış 0,0562 ha ölçüdə topraq sahəsi 2018-2019-cu illərdə qeydiyyata alınıb 100 (yüz) nəfərdən çox şəxsə Çıxarışlar verilmişdir. Lakin lazımi sənədləri təqdim etsə də istifadəsində olan torpaq sahəsi qeydiyyata alınmamışdır. Bundan sonra AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə müraciət edərək iddiaçıya ayrılmış və istifadəsində olan torpaq sahəsinin plan-ölçüsünü tərtib edərək, qeydiyyata alıb çıxarışın verilməsini bildirsə də, cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad edilərək, bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmadığını nəzərə almağımı bildirmişlər. Əvvəlki cavab məktubunda göstərilmişdir ki, arxivdə olan siyahıda iddiaçının adı aşkar olunmamış təqdim olunan protokoldan çıxarış isə İdarənin arxivində mövcud deyil. Qeyd edilmişdir ki, arxivdə olan həmin siyahıda əksəriyyəti erməni millətindən olan şəxslərdir və onların əvəzinə yeni yaradılmış və AR ƏN-də qeydiyyata alınmış “Çinar X2 birliyi"-nin ümumi iclasının protokolunun qərarı ilə ASC-nin əməkdaşları üzvülüyə qəbul edilmişdir və həmin protokoldan çıxarış arxivdə olması mümkün deyildir.
4. Cavabdeh xx.xx.2023-cü il tarixli imtinasında bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********89 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmır.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan etirazda qeyd edilmişdir ki, iddiaçı müvafiq iddia tələbilə bağlı xx.xx.2021 və xx.xx.2023-cü tarixli ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmayıb. Həmçinin göstərilən ümumi əraziyə dair idarəyə digər şəxs olan "xxxx" Kiçik Müəssisəsinin müraciəti daxil olmuşdur. Bu səbəblərdən ərizənin icrası inzibati orqan tərəfindən mümkün olmamışdır və iddiaçıya xx.xx.2022-ci il tarixli, **********89 və xx.xx.2023-cü il tarixli, **********49 nömrəli cavab məktubları ünvanlanmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 2186 nömrəli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.
6. “Çinar” X2 Birliyinin 07 oktyabr 1997-ci il tarixli yığıncağının 4 №-li Protokolundan çıxarışda qeyd edilmişdir ki, Bakı şəhəri X4 İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli 10/369 №-li qərarına əsasən Bakı şəhəri, Əzizbəyov rayonu, Türkan qəsəbəsi ərazisində əmək kollektivinə bağçılıq yoldaşlığı üçün torpaq sahəsində “Bakıelektrikməişətcihazqayırma” İstehsalat Birliyinin 200 nəfərlik kollektivinin yoldaşlıq bağçılığı təsərüffatının üzvü Martisov Aleksandr A. torpaq sahəsi ayrılmışdır. Martsiov Aleksandr A. 1990-cı ildə respublikanı tərk edərək getdiyinə görə həmin torpaq sahəsi uzun müddət baxımsız qalmışdır. Bu səbəbdən də həmin sahə kollektivinin üzvü İddiaçı oğlna sahəsi 562,5 kv.m olan 199 saylı sahə bağ sahəsi kimi verilmişdir.
7. 99 nömrəli bağçının üzvülük kitabçasında qeyd edilmişdir ki, bağ sahəsinin ölçüsü 562,5 kv.m Xəzər rayonu, Türkan qəsəbəsi, 199 saylı bağ sahəsi Bakı şəhəri X5 İcraiyyə Komitəsinin qərarını rəhbər tutaraq №10/369 22 sentyabr 1989-cu il tarixdə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir.
8. 30.12.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, torpaq sahəsi 0,05625 ha olan bağ sahəsinin döngə nöqtələrinə mişar daşları qoyulub, döngə nöqtələrimim araları şərtidir, tikili yoxdur, vətəndaş tərəfindən təqdim edilmiş protokolun surəti ərizəyə əlavə olundu.
9. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
10. Məhkəmənin şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.
12. İddia tələbi plan və ölçü sənədinin tərtib edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsidir, iddiaçının yekun məqsədi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla çıxarışın verilməsi olduğundan iddianın növü öhdəliyin icrasına dair iddiadır.
13. “Torpaq sahəsinin planı və ölçüsü”nün təsvirinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2-ci bəndinə əsasən “Torpaq sahəsinin planı və ölçüsü”nün təsviri təsdiq edilmişdir.
14. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
15. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.
16. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
17. İddia mümkündür. III. Məhkəmənin mövqeyi
18. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanının 1-ci hissəsi ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”yə əsasən, həmin Əsasnamə "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir:
1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir.
19. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanının 1-ci hissəsinə əsasən “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilmişdir.
20. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
21. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
23. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.
24. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
25. X6 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki: -“mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. -“Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany, and Gratzinger and Gratzingerova v. the Czech Republic); -“Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı). - iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
26. X6 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
27. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ona verilmiş torpaq sahəsinə mülkiyyət hüququn tanınması üçün (əvəzsiz olaraq) “qanuni gözləntisi” var.
28. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı “Çinar” X2 Birliyinin üzvü olmuşdur (üzvlük kitabçasının surəti iş materiallarında mövcuddur) və üzvlərin iclasından protokoldan çıxarış mövcuddur. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən 199 saylı bağ sahəsi iddiaçının faktiki sahibliyində və istifadəsindədir. Torpaqla bağlı hər hansı mübahisə yoxdur. “Çinar” X2 Birliyinin adi arxiv qovluğunda birliyin 200 nəfərdən ibarət üzvlərinin siyahısı 1997-ci il tarixli protokolla təsdiq edilmiş və bağların bölgü sxemində iddiaçıya aid bağ sahəsinin yeri müəyyən edilmiş və bölgüyə uyğun gələn yeri də məhz iddiaçının istifadəsindədir. Məhkəmə qeyd edir ki, iddiaçının istifadəsinə verilmiş torpaq sahəsi vaxtilə A.Martirosovun adına sənədləşdirilmiş, sonuncunun adı bağçılığın üzvlərin siyahısında (99-cu sırada) nəzərdə tutulmuşdur. Həmin torpaq sahəsi daha sonra iddiaçının adına rəsmiləşdirilmişdir. Odur ki, iddiaçının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.7ci maddəsində qeyd olunan sənədləri mövcud olduğu halda inzibati orqanın iddiaçının müraciətinə imtinası etməsi qanuna uyğun hesab edilə bilməz. Bundan əlavə iş materiallarında mövcud olan məhkəmə qərarından aydın olur ki, həmin ərazidə yerləşən torpaq sahəsinə şəxsin adına bağ sahələrinə dair hüquqların qeydiyyatı aparılmışdır. Belə olan təqdirdə iddiaçının hüquqlarının qeydiyyatından imtina bərabərlik hüququnun pozulmasıdır.
29. Qeyd edilənlərə məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, bağ sahəsinə dair iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina AİHM-in presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinə əsasən mülkiyyətdən dinc istifadə hüququnun (1-ci qayda) pozuntusudur.
30. Qeyd edilənlərə məcmu halda məhkəmə qiymət verərək hesab edir ki, cavabdeh qurumun imtinası qanunun güddüyü məqsədə mütənasib olmamaqla iddiaçının üzərinə həddən artıq yük qoymuşdur.
31. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
32. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
33. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. Xəzər rayonu, Türkan bağ massivində yerləşən ümumi sahəsi 562,5 kv.m olan 199 saylı bağ sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib edilərək verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva