Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11587/2023 29.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan-ölçü sənədinin təqdim edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Çinar” bağçılığın inkifafı ictimai birliyinin üzvü kimi Bakı şəhər X6 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində ayrılmış torpaq sahəsindən 0.6 ha hissəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər X6 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 senytabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində “Bakıelektropribor” İB-nə hazırkı hüquqi varisi "xxxx" ASC-yə 12.45 hektar bağ sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatları sxemi tərtib edilərək İdarə tərəfindən təsdiq edilmişdir. Qərarla ayrılan torpaq sahəsi Birliyin 200 (iki yüz) nəfər işçisi arasında bölünmüş və həmin siyahıda olan şəxslərin həmin vaxt əksəriyyəti erməni millətindən olan şəxslər olmuşdur. Məlum hadisələrlə əlaqədar ermənilər ölkəni tərk edəndən sonra siyahıda olan köçüb gedən ermənilərin əvəzinə Birliyin digər işçilərinin əlavə edilməsi qərara alınmışdır. Lakin, əmlak komitəsinin o vaxtkı rəhbərliyi göstərilən torpaq sahəsinin birliyin əməkdaşlarına verməkdən imtina etmişdir. Onların özbaşınalığı barəsində məlumat verilmiş və bundan sonra "xxxx" ASC-nin əməkdaşlarına göstərilən bağ sahəsi ilə əlaqədar yeni Bağçılıq Təsərrüfatı yaradılması tövsiyyə edilmişdir. Bundan sonra “Çinar bağçılığın inkişafı ictimai birliyi” yaradılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçməklə Birliyin 07 oktyabr 1997-ci il tarixli yığıncağının qərarı ilə əvvəlki siyahıda olan şəxslərin Respublikanı tərk etdiyi üçün onların əvəzinə ASC-nin əməkdaşları üzvülüyə qəbul edilmişdir. Siyahda olan Birliyin üzvülərinin hər birinə 0,6 ha olmaqla, bağ sahəsi 200 nəfər şəxs arasında bölünmüşdür. Bütün üzvlərə bağçının üzvülük kitabçası verilmişdir. Daha sonra isə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən lazımi dövlət rüsümları ödətdirilərək hər bir şəxsin istifadəsinə ayrılmış 0.0562 ha ölçüdə topraq sahəsi 2018-2019-cu illərdə qeydiyyata alınıb 100 (yüz) nəfərdən çox şəxsə Çıxarışlar verilmişdir. Lakin, lazımi sənədləri təqdim etsə də, istifadəsində olan torpaq sahəsi qeydiyyata alınmamışdır. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisinə müraciət edərək ona ayrılmış və istifadəsində olan torpaq sahəsinin plan-ölçüsünü tərtib edərək, qeydiyyata alıb çıxarışın verilməsini bildirsə də, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir və həmin məktubda qeyd olunan iradlar aradan qaldırılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə istinad edilərək. bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina sayılmadığını nəzərə almalarını bildirmişlər. Əvvəlki cavab məktubunda göstərilmişdir ki, arxivdə olan siyahıda onun adı aşkar olunmamış təqdim olunan protokoldan çıxarış isə İdarənin arxivində mövcud deyil. Qeyd edir ki, arxivdə olan həmin siyahıda əksəriyyəti erməni millətindən olan şəxslərdir və onların əvəzinə yeni yaradılmış və AR ƏN-də qeydiyyata alınmış "xxxx"-nin ümumi iclasının protokolunun qərarı ilə ASC-nin əməkdaşları üzviilüyə qəbul edilmişdir və həmin protokoldan çıxarış arxivdə olması mümkün deyildir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Türkan qəsəbəsində ayrılmış 562.5 kv.m torpaq sahəsinin onun adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı müvafiq tələblə xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Çinar” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Həmçinin, iddiaçının bağ sahəsinin yerini dəqiq tanımadığı üçün idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilməsi mümkün olmamışdır(torpaq sahəsi iddiaçının istifadəsində deyil).
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Bakı şəhər X6 İcraiyyə Komitəsinin 10/369 nömrəli 22 sentyabr 1989-cu il tarixli qərarı ilə Türkan qəsəbəsində “Bakıelektropribor” İB-nə 200 nəfərdən ibarət üzvlərə torpaq sahəsi ayrılmışdır.
9. “Çinar” bağçılığın inkişafı ictimai birliyinin 08 dekabr 1997-ci il tarixli yığıncağının 5 nömrəli protokolundan çıxarışa əsasən Bakı şəhəri X6 İcraiyyə Komitəsinin 22 oktyabr 1989-cu il tarixli 10/369 nömrəli qərarına əsasən Əzizbəyov rayonu Türkan qəsəbəsi ərazisində ayrılmış torpaq sahəsində PO “Bakelektrobıtpribor” ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) işçilərinin bağçılıq yoldaşlıq birliyinin üzvü X2 uzun müddət birliyin ictimai tədbirlərində iştirak etmədiyinə, yığıncaqlara və iclaslara laqeydilik göstərərək gəlmədiyinə, eləcə də, birliyin fəaliyyəti ilə heç vaxt maraqlanmadığına görə həmin sahə ondan alınmış və "xxxx" ASC-nin işçisi İddiaçı verilmişdir. Onun bağ sahəsi 180 nömrə ilə qeydə alınaraq ümumi sahəsi 562.5 kv.m hesab edilmişdir.
10. “Çinar” Bağçılığın inkişafi ictimai birliyinin sədri tərəfindən Bakı şəhəri XDS İK-nin xx.xx.1989-cu il tarixli 10/369 nömrəli qərarı ilə Xəzər (Əzizbəyov) rayonu, Türkan qəsəbəsində “Bakelektrobıtpribor” İB-nin əmək kollektivinə bağçılıq yoldaşlığına ayrılmış 12.45 ha torpaq sahəsinin bölgü sxemi təsdiq edilmişdir.
11. “Çinar” bağçılığın inkişafı ictimai birliyi tərəfindən iddiaçıya 43 nömrəli bağçının üzvlük kitabçası verilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-Ə-0797-8/2023 **********72 nömrəli məktubla bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı ona xx.xx.2022-ci il tarixli **********17 nömrəli məktubla cavab verilmişdir.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-30680/2023 **********80 nömrəli məktubla “Çinar” bağçılıq yoldaşlıq birliyinin arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş bağçılığın üzvlərinin siyahısında mübahisəli bağ sahəsinin iddiaçıdan əvvəlki sahibi X1 adı 43-cü sırada qeyd edilmişdir.
14. Məhkəmənin sorğusuna əsasən “Çinar” bağçılıq inkişaf ictimai birliyinin 08 dekabr 1997-ci il tarixli yığıncağının 5 nömrəli protokolundan çıxarışın, həmçinin həmin protokola əlavə edilmiş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir.
15. Cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən iddiaçının idida etdiyi Türkan bağ massivində yerləşən 180 saylı bağ sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 0.0525 ha, faktiki ölçüsü 0.0562 ha qeyd edilmişdir. Bağ sahəsinin sərhədləri qərb tərəfdən qonşu hasarla ayrılıb, digər üç tərəfdən isə 2-3 sıra mişar daşı ilə hasarlanıb.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
16. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
17. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
19. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
20. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
21. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
24. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən etiraz ərizəsində göstərilmiş, iddiaçının müraciətinin təmin edilməsindən imtinanın əsası kimi iddiaçının adının “Çinar” bağçılıq-yoldaşlıq təsərrfatının üzvlərinin siyahısında aşkar olunmamasına, iddiaçı bağ sahəsinin yerini dəqiq tanımadığı üçün mütəxəssislər tərəfindən ünvana texniki baxış keçirilməsinin mümkün olmamasına istinad edilmişdir.
25. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə protokoldan çıxarış və üzvlük kitabçası mübahisələndirilməmişdir.
26. Məhkəmə araşdırması zamanı da, məhkəmə tərəfindən sözügedən sənədlərin əldə olunması məqsədilə “Çinar” X3 Birliyinə sorğu göndərilmiş, sonuncu tərəfindən həmin sənədlərin onlarda saxlanılan nüsxələri məhkəməyə təqdim edilmişdir.
27. Beləliklə, mübahisə predmetinə dair hüquqmüəyyənedici sənəd olan icra müqavilənin mötəbər qiymətləndirilməməsi üçün hər hər hansı bir əsas müəyyən edilməmişdir.
28. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
29. Cavabdehin ilkin dəlili iddiaçının adının “Çinar” bağçılıq-yoldaşlıq təsərrfatının üzvlərinin siyahısında aşkar olunmaması olmuşdur ki, məhkəmə tərəfindən bununla bağlı araşdırma aparılması məqsədilə aidiyyəti qurumlara sorğu göndərilmiş, həmin sorğulara daxil olmuş cavab məktublarına əsasən müəyyən edilmişdir ki, İdarənin arxivində yalnız bağçılıq üzvlərinin ilkin siyahısı mövcuddur. Sonrakı dəqiqləşmiş siyahılar arxivə təhvil verilməmişdir. İddiaçıya həmin bağ sahəsi ilkin istifadəçisi X4 tərəfindən torpaq sahəsi istifadə edilmədiyindən bağçılıq tərəfindən sonradan ayrılmışdır. Həmin ilkin istifadəçinin adı bağçılığın üzvlərinin siyahısında 43-cü sırada qeyd edilmişdir.
30. Cavabdehin ikinci dəlili isə ondan ibarətdir ki, iddiaçı bağ sahəsinin yerini dəqiq tanımadığı üçün mütəxəssislər tərəfindən ünvana texniki baxış keçirilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması zamanı iddiaçının torpaq sahəsinə texniki baxışın keçirilməsi təmin olunmuş və müayinə aktına əsasən müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0.05625 ha, faktiki ölçüsü 0.0562 ha təşkil edir. Bağ sahəsinin sərhədləri qərb tərəfdən qonşu hasarla ayrılıb, digər üç tərəfdən isə 2-3 sıra mişar daşı ilə hasarlanıb.
31. Göründüyü kimi, cavabdehin sözügedən dəlilləri əsassız olmaqla iddiaçının ona məxsus hüququn qeydə alınmasını tələb etməsini istisna edə bilməz.
32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilibedilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulubqoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir.
33. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
35. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
36. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
37. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində iddiaçıya ayrılmış “180” saylı, ölçüsü 562.5 kv.m olan bağ sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınaraq reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva