Məhkəmə qərarları › İş №2-1(112)-11588/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11588/2024

28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11588/2024 28.11.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı X7 cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçı X7 iştirakı ilə, iddiaçı X7 cavabdeh Bakı şəhər Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı “ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsinə götürülmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı X10 cavabdeh Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə Binəqədi RİH) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində onun ailə üzvləri – arvadı X9, övladı X4 ilə birlikdə uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün müvafiq qaydada hər ay kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh Binəqədi RİH-nin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək AR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir, xx.xx.2003-cü il tarixdən xx.xx.2024-cü il tarixədək AR Silahlı Qüvvələrinin Dövlət Sərhəd Xidmətində gizir qismində həqiqi xidmət keçmişdir. xx.xx.2023-cü il tarixdən Xidmətin Binəqədi rayon idarəsində qeydiyyatdadır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2023-cü il tarixli 197ş/h saylı əmrinə əsasən, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Sərhəd Nəzarət rəisinin 0276 saylı xx.xx.2023-cü il tarixli əmri ilə xx.xx.2024-cü il tarixdən şəxsi heyət siyahısından çıxarılmışdır. Bu əsasla Binəqədi RİH hərbi qulluqçu kimi mənzil növbəsinə götürülməyi ilə bağlı xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Sözügedən müraciətinə cavab məktubu olaraq 21 iyun 2024-cü il tarixdə müraciətinə cavab olararaq qeyd edilmişdir ki, onun adına daşınmaz əmlakın olub olmaması barədə Şamaxı rayonu, İkinci Cabanı kəndində ümumi sahəsi 43.1 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.15 ha torpaq sahəsi (ümumi birgə payda) xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Eyni zamanda təqdim olunmuş sənədlərdən xx.xx.1999-xx.xx.2000, xx.xx.2003-xx.xx.2024 tarixlərində həqiqi hərbi xidmət keçmiş və Xidməti müddətiniz başa çatdığına (kadr zabitlərindən başqa) görə ehtiyyata buraxıldığım müəyyən olunmuşdur. Nəzərimə çatdırılmışdır ki, Mənim adıma mülkiyyət hüququ əsasında fərdi yaşayiş evi və onun yerləşdiyi torpaq sahəsi (ümumi birgə payda) olduğundan və ehtiyyata buraxılma səbəbi mənzil növbəsinin götürülməsi və sair mümkün hesab edilməmişdir. Hesab edir ki, cavabdehin imtinasının əsasları qanunsuzdur və məhkəmə tərəfindən onun qanunla qorunan hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə cavabdeh Binəqədi RİH-nin xx.xx.2024-cü il tarixli, № 5-10/2-1902/2024 saylı iddia tələbinə dair yazılı etirazı (mülahizəsi) məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı etirazı (mülahizəsi): Binəqədi RİH-nin xx.xx.2024-cü il tarixli, № 5-10/2-1902/2024 saylı iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixli 5-10/1-B-49- 068/2024 saylı ərizə ilə Binəqədi Rayon İcra Hakimiyyətinə müraciət edərək, mənzil növbəsinə götürülməsini və müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Vətəndaşın onun adına daşınmaz əmlakın olub olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim etdiyi 3-21-3-30/2-B0207-8/2024 **********37 saylı xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunmuşdur ki, Şamaxı rayonu, İkinci Çabanı kəndində ümumi sahəsi 43.1 kv.metr olan fərdi yaşayış evinin yerləşdiyi 0.15 ha torpaq sahəsi (ümumi birgə payda) xx.xx.2015-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Eyni zamanda təqdim olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1999-xx.xx.2000, xx.xx.2003-xx.xx.2024 tarixlərində həqiqi hərbi xidmət keçmişdir və xidməti müddəti başa çatdığına görə ehtiyyata buraxılmışdır. İddiaçının adına mülkiyyət hüququ əsasında fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi olduğundan, həmçinin, ehtiyata buraxılma səbəbi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində və “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən olunması barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı Qərarında mənzil növbəsinə götürülmə və mənzil kirayə haqqının ödənilməsi üçün nəzərdə tutulmuş ehtiyata buraxılma əsaslarından olmadğından müraciətdə qeyd olunan məsələninin müsbət həlli mümkün olmamışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi yaşayış sahəsi olmayan hərbi qulluqçuların yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq hüququnun olmasını müəyyən edir. Bu isə o deməkdir ki, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməklə bağlı Rayon İcra Hakimiyyətinə müraciət edərkən onların hər iki növ daşınmaz əmlaka (yaşayış sahəsinə və torpaq sahəsinə) malik olub-olmamaları yoxlanılmalıdır. Bu səbəbdən də, vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmələri ilə bağlı Rayon İcra Hakimiyyətinə müraciət etdikdə ilk olaraq onlardan adlarına Azərbaycan Respublikası üzrə keçmiş və hazırki dövr üzrə daşınmaz əmlakın olub- olmaması barədə arayışın təqdim olunması xahiş olunur. Qüvvədə olan Mənzil Məcəlləsinin 55.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır. Bu o deməkdir ki, vətəndaşın adına fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mövcud olduqda, o mənzil növbəsinə götürülə bilməz. İddiaçının adına isə fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi mövcuddur. Həmçinin, Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147- ci maddəsinin 8-ci hissəsinə müvafiq olaraq yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. Göründüyü kimi iddiaçı sözügedən şəxslərin kateqoriyasına aid deyildir. O xidməti müddəti başa çatdığına görə ehtiyyata buraxılmışdır. Bu səbəbdən də iddiaçının yaşayış yeri üzrə Binəqədi RİH-də mənzil növbəsinə götürülməsi qanunvericiliyin tələblərinə əsasən mümkün olmamışdır. Hesab edirlər ki, iddiaçının hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və o, həmin halın mövcudluğunu əsaslandıra bilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin mümkün sayılmaması xahiş olunmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı X10 iddianın mahiyyəti üzrə izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçların əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçılar eyni məzmunlu tələblə cavabdehə müraciət etmiş, cavabdeh orqan iddiaçının müraciətini əsassız hesab etmiş, bundan sonra iddiaçılar həmin tələblə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, № 3-38-51/2-B-xx-xx/2024 saylı arayışında göstərilmişdir ki, xx.xx.2023-cü il tarixindən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası qanunun 41.0.1-ci maddəsinə müvafiq olaraq Dövlət Sərhəd Xidmətindən həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış İddiaçı xidmət etdiyi müddət ərzində dövlət tərəfindən birdəfəiik (xüsusi) mənzil və ya torpaq sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi Rayon İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, № 45 saylı arayışında göstərilmişdir ki, 1980-ci il təvəllüdlü ehtiyatda olan baş gizir İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək AR SQ-da müddətli həqiqi hərbi xidmət, xx.xx.2003-cü il tarixdən xx.xx.2024-cü il tarixədək AR SQda DSX-də gizir qismində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2023-cü ıl tarixdən Xidmətin Binəqədi rayon idarəsində qeydiyyatdadır. DSX-nin Sərhəd Nəzarəti rəisinin xx.xx.2023-cü il tarixli 197ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq DSX-da həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Sərhəd Nəzarəti rəisinin 0276 (nizamı hissə üzrə) saylı xx.xx.2023-cü il tarixli əmri ilə 03.01,2024-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ № 423035 saylı “Nikah haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı ilə xx.xx.1985-ci il təvəllüdlü X3 xx.xx.2021-ci il tarixə nigahları bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2021-ci ilin aprel ayının 30 günündə 129 № ilə qeyd edilmişdir. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İV № 920121 saylı “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, atası İddiaçı və anası X8 olan X4 xx.xx.2023-cü il tarixdə doğulmuşdur və bu barədə doğum haqqında akt qeydləri kitabında 2023-cü ilin sentyabr ayının 27-ci günündə 1045 № ilə qeyd edilmişdir. xx.xx.2024-cü il tarixdə “Asan-Lənkəran” tərəfindən İddiaçı İntiam oğluna verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.1980-cı il təvəllüdlü İddiaçı İntiam oğlu ünvan 1 ünvanında pasport qeydiyyatındadır. xx.xx.2024-cü il tarixdə “Asan 1” tərəfindən X5 verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.1985-ci il təvəllüdlü X1 rayonu, Lənkəran şəhəri, Mirmustafaxan küçəsi, ev 48 ünvanında pasport qeydiyyatındadır. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli, № 12-3/2-T-10xx-xx-1029/2024 saylı məktubunda göstərilmişdir ki, X3 hazırda Fondun mövcud informasiya sistemlərində sonuncuya verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun xx.xx.2024-cü il tarixli, № 12-3/2-B-10xx-xx-1032/2024 saylı məktubunda göstərilmişdir ki, İddiaçı hazırda Fondun mövcud informasiya sistemlərində sonuncuya verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. Bakı şəhəri Binəqədi Rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, № 02/B-305 saylı arayışında göstərilmişdir ki, İddiaçı Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudları daxilində onun adına torpaq sahəsi ayrılmamışdır. Bakı şəhəri Binəqədi Rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, № 483 saylı arayışında göstərilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan vətəndaş İddiaçı Xocəsən bələdiyyəsi tərəfindən onun mülkiyyətinə, icarəsinə və istifadəsinə hər hansı təyinatı üzrə torpaq sahəsi ayrılmasına dair sərəncam, qərar, müqavilə qeydə alınmamışdır. Bakı şəhəri Binəqədi Rayonu Biləcəri Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, № 02/115 saylı arayışında göstərilmişdir ki, İddiaçı adına Binəqədi rayon Biləcəri qəsəbəsi inzibati ərazisində Biləcəri tərəfindən hər hansı bir məqsəd üçün torpaq sahəsi ayrılmamışdır. Bakı şəhəri Binəqədi Rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, № 04/63 saylı arayışında göstərilmişdir ki, İddiaçı adına M.Ə.Rəsulzadə bələdiyyəsinin fəaliyyəti dövründə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********79 saylı məktubda göstərilmişdir ki, X3 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, № **********46 saylı məktubda göstərilmişdir ki, İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan Binəqədi RİH-nin xx.xx.2024-cü il tarixli, 5-10/2-B-49-068/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, onun adına daşınmaz əmlakın olub olmaması barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən təqdim edilmiş 3-21-3-30/2-B0207-8/2024 **********37 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən Şamaxı rayonu, İkinci Çabanı kəndində ümumi sahəsi 43.1 kv.m olan fərdi yaşayış evinin yerləşdiyi 0.15 ha torpaq sahəsi (ümumi birgə payda) xx.xx.2015ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Eyni zamanda təqdim olunmuş sənədlərdən xx.xx.1999-xx.xx.2000, xx.xx.2003- xx.xx.2024 tarixlərində həqiqi hərbi xidmət keçdiyi və Xidməti müddəti başa çatdığına (kadr zabitlərindən başqa) görə ehtiyata buraxıldığınız müəyyən olunmuşdur. Onun adına mülkiyyət hüququ əsasında fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi (ümumi birgə payda) olduğundan və ehtiyata buraxılma səbəbiniz “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci madddəsində və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2012-ci il tarixli 174 saylı Qərarında mənzil növbəsinə götürülməsi və mənzil kirayə haqqının ödənilməsi üçün nəzərdə tutulmuş ehtiyata buraxılma əsaslarından olmadığından müraciətində qeyd olunan məsələnin müsbət həlli mümkün olmamışdır. Tətbiq edilən hüquq “Hərbi qulluqçuların statusu haqqında” Qanun: ... Maddə 12. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ 2-ci bənd. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. ... 7-ci bənd. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanun: ... Maddə 41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X2”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: ... Maddə 147. 8-ci hissə. Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində göstərilmiş qaydada təmin edirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarı:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir:

Məhkəmənin mövqeyi.

Hazırki iş üzrə iddiaçının hüquqi marağı və məqsədi ehtiyatda olan hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində onun ailə üzvləri – arvadı X9, övladı X4 ilə birlikdə uçota alınması və mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün müvafiq qaydada hər ay kompensasiya ödənilməsinə nail olmaqdan ibarətdir. Başqa sözlə desək iddiaçının iddia tələbi iki hissədən ibarətdir:

1. İddiaçının mənzil növbəsinə götürülməsi;

2. İddiaçının ailə üzvlərinin mənzil növbəsinə götürülməsi;

3. Onlara mənzil kirayə xərclərinin ödənilməsi;

Məhkəmə iddia tələbinin birinci hissəsinə münasibətdə hesab edir ki, iddiaçının tələbi həmin hissədə əsaslıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. 48.2. Qanunla başqa qayda nəzərdə tutulmayıbsa, dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri sosial kirayə müqavilələri əsasında göstərilən kateqoriyalardan olan vətəndaşlara bu Məcəllədə müəyyənləşdirilmiş qaydada verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddiaya etirazını iddiaçının 2019-cu il tarixindən ehtiyata buraxılması ilə əsaslandırmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı “Hərbi vəzifə və hərbii xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.1-ci maddəsinə əsasən (xidmət müddəti başa çatdığına görə) Azərbaycan Respublikası Silahlı Qüvvələrin həqiqi hərbi xidmətindən ehtiyata buraxılmışdır. Göründüyü kimi iddiaçı gizir zabit qismində xidmət müddəti başa çatdığına görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İstinad olunan qanunvericiliyə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular üçün müəyyən güzəştlər, o cümlədən onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı güzəştlər, habelə onlar mənzillə təmin edilənədək və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərcləri üzrə kompensasiyanın ödənilməsi ilə bağlı güzəştlər nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, qanunla müəyyən olunmuş qaydada həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərə münasibətdə belə güzəştləri müəyyən etməkdə qanunvericinin məqsədi hərbi xidmətin və konstitusion hərbi vəzifə borcunun əhəmiyyətini və xarakterini, onun cəmiyyətdə xüsusi rolunu nəzərə alaraq, hərbi xidmətdən sonrakı dövrdə həmin şəxslərin sosial müdafiəsini gücləndirmək, onların layiqli həyat və yaşayış səviyyəsini təmin etməkdən ibarətdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı gizir qismində yaşa görə ehtiyata buraxıldığından, yaşa görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara münasibətdə isə ehtiyata buraxılma müddəti ilə bağlı şərt nəzərdə tutulmadığından, cavabdeh tərəfindən iddiaçının müraciətini təmin etməkdən imtina edilməsi əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

Məhkəmə iddiaçının ailə üzvlərinin mənzil növbəsinə götürülməsi ilə bağlı tələbə münasibət bildirir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra — bu Məcəllə) nikahın bağlanması, nikaha xitam verilməsi və onun etibarsız sayılması qaydaları və şərtlərini müəyyən edir, ailə üzvləri (ər-arvad, valideynlər və uşaqlar), eləcə də ailə qanunvericiliyində nəzərdə tutulmuş hallarda və həddə başqa qohumlar və digər şəxslər arasında yaranan əmlak və şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir, habelə valideyn himayəsindən məhrum olan uşaqların tərbiyəyə götürülməsi qaydalarını müəyyən edir. Göründüyü kimi qüvvədə olan qanunvericilik şəxsin ailə üzvləri qismində onun valideynlərini, uşağlarını və ərini (arvadını) təsbit etmişdir. Məhkəmə tərəfindən aparılmış araşdırma zamanı təqdim olunmuş nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, hazırda iddiaçının mənzil növbəsinə götürülməsi tələb etdiyi şəxslər onun arvadı (X9) və uşağıdır (X4). Göründüyü kimi həmin şəxslər iddiaçının ailə üzvləri hesab olunur. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı ilə yanaşı həmçinin onun ailə üzvləri də mənzil növbəsinə götürülməlidir.

Məhkəmə iddiaçıya və ailə üzvlərinə kirayə xərcinin ödənilməsi ilə bağlı hissəsinə münasibət bildirir. Belə ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 6 avqust tarixli 174 nömrəli Qərar:

1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4cü abzasının məzmunundan göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Beləliklə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsində müəyyən edilmiş müddətlərdə və qaydada ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi almaq hüquqlarını eyni dərəcədə tanımaqla yanaşı, yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil və ya torpaq sahəsi ilə ilk növbədə təmin edilməsi tələbini təsbit edir. Eyni ilə, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasında həmin maddədə göstərilən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən ödənilməsini təsbit edir və bu zaman, həmin şəxslərin ehtiyata və ya istefaya buraxılma əsaslarını fərqləndirmir. İstinad olunan normalar qanunvericinin güddüyü həmin məqsədlər kontekstində təfsir olunmalı və ehtiyata və ya istefaya buraxılmış şəxslərə mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsini müəyyən edən qayda iddiaçıya münasibətdə də tətbiq olunmalıdır. Qanunverici mənzil kirayəsi xərcləri üzrə kompensasiya hüququnu müəyyən edən həmin normada ehtiyata buraxılmanın səbəblərini ayırd etmədən, qanunvericiliyin tələblərinə uyğun olaraq ehtiyata və ya istefaya buraxılmış şəxslərin (zabitlərin, gizirlər və miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının) belə bir hüququnun olduğunu təsbit edir. Yəni həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzrlü səbəblərə görə, məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara aid olduğunu konkret göstərməmişdir. Yuxarıda istinad olunan normada qanunverici belə fərqləndirməni zəruri hesab etdiyi hallarda, öz iradəsini konkret ifadə edərək müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, yalnız onların müəyyən kateqoriyalarına aid olduğunu xüsusi olaraq vurğulamışdır. Buna misal olaraq, qanunverici tərəfindən yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunması hüququnun nəzərdə tutulmasını göstərmək olar. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, yaşayış sahəsinin kirayə xərcləri üçün kompensasiya üç kateqoriyadan olan şəxslərə ödənilir:

1. yaşa, xəstəliyə və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara;

2. 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara;

3. habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına. Həmin kateqoriyadan olan şəxslərə seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən olunmuş məbləğlərdə nağdsız qaydada kompensasiya ödənilir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə də bu qaydanın tətbiqi məqbul sayılmalı və xəstəliyə görə ehtiyata buraxılmış iddiaçıya və onun ailə üzvlərinə mənzil sahəsi əldə edənədək müvəqqəti yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsi təmin edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.1980-cı il təvəllüdlü İddiaçı ailə tərkibi 3 nəfər olmaqla (özü, arvadı xx.xx.1985-ci il təvəllüdlü X9 və oğlu xx.xx.2023-cü il təvəllüdlü X4) hərbi qulluqçu kimi həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu kimi mənzil növbəsi siyahısına daxil edilməsi və mənzil kirayə haqqının ödənilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar