Məhkəmə qərarları › İş №2-1(112)-11589/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-11589/2023

21.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11589/2023 21.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon icra şöbəsinə qarşı “qətnamənin məcburi icrasının cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xətai rayon icra şöbəsinə qarşı “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 8344/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin məcburi icrası” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2014-cü il tarixli 201ST0F142460001 saylı sığortalı əmanət (depozit) hesabı haqqında müqavilə şərtlərinə əsasən, 40000 ABŞ dolları əmanəti geri almaq üçün Xətai Rayon Məhkəməsinə 11.08. 2015-ci il tarixində iddia ərizəsi ilə müraciət etmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6861 saylı 28 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bank Technique ASC-dən xx.xx.2014-cü il tarixli 201S10F142460001 saylı sığortalı əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən, 40000 ABŞ dolları, vurulmuş mənəvi ziyana görə 500 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat İddiaçı xeyrinə tutulması barədə qərar qəbul edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-6861 saylı 28 sentyabr 2015-ci il tarixli qətnaməsindən qarşılıqlı apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8344 saylı 17 dekabr 2015 -ci il tarixli qətnaməsi ilə iddianın mənəvi ziyan tələbinin təmin edilən hissəsində ləğv edilmiş, qətnamə qalan hissədən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 10 fevral 2016-cı il tarixli qərarı ilə Texnika Bank müflis elan olunmuşdur. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 10 aprel 2016-cı il tarixli qərardadı ilə "xxxx" ASC-nin Ləğvedicisi qismində təyin olunmuş "xxxx" MMC, Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. Sığorta hadisəsi baş verdikdən sonra ona 30000 (otuz min) manat, yəni 18917 (on səkkiz min doqquz yüz on yeddi) ABŞ dolları məbləğində kompensasiya ödənilmişdir. 21293 (iyirmi bir min iki yüz doğsan üç) ABŞ dolları isə bu günə qədər ödənilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2( 103)-8344/2015 saylı 17 dekabr 2015-ci il tarixli Qətnaməsinin qanuni qüvvəyə minməsindən uzun müddət, 8 il keçməsinə baxmayaraq, bu günə qədər "xxxx" ASC-nin Ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu“ tərəfindən qətnamə icra olunmamışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xəbərdarlıqlarına baxmayaraq "xxxx" ASC-nin Ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu” qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344 saylı 17 dekabr 2015 -ci il tarixli qətnaməsini icra etməkdən əsassız olaraq imtina etmişdir. Xətai rayon icra şöbsi tərəfindən ƏSF-na axırıncı dəfə xx.xx.2022-ci il tarixində xəbərdarlıq olmuşdur. Həmin xəbərdarlığa "xxxx" ASC-nin Ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu“ tərəfindən verilmiş 02 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344 saylı 17 dekabr 2015 -ci il tarixli qətnaməsini icra etmək niyyətində deyil. Eyni zamanda, ƏSF-nin Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə və Bakı şəhəri Xətai rayon İcra şöbəsinə ünvanladığı 19 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ƏSF tərəfindən qanunsuz olaraq dayandırılmışdır. Əmanətlərin Sığortalanmsı Fonduna bu səlahiyyəti kim verib? Azərbaycan Respublikası adından çıxarılan, qanuni qüvvəyə minmiş qətnaməni bilə - bilə qəsdən icra etməməklə ƏSF və Xətai rayon İcra və Probasiya Şöbəsi qanun qarşısında məsuliyyət daşıyır. "xxxx" ASC-nin Ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu“ onun pul vəsaitini əsasız saxlamaqla küllü miqdarda ziyan vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən Xətai rayon Məhkəməsinin 28 sentyabr 2015-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilmişdir. Qətnamə iddianın mənəvi ziyan tələbinin təmin edilən hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş və qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən Bank Technique ASC-dən xx.xx.2014-cü ii tarixli 201 Sİ OF ********* saylı sığortalı əmanət (depozit) hesabı haqqında müqaviləyə əsasən 40000 ABŞ dolları, ödənilmiş dövlət rüsumuna görə 30 manat X1 xeyrinə tutulmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı xx.xx.2016-cı il tarixli qərardadına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ləğvedici qismində təyin olunmuş "xxxx" MMC, Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdehlər iştirak etməmişlər (nümayəndələrinin iştirakını təmin etməmişlər). Məhkəmə iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. “Banklar haqqında” Azərbaycan Respublikası Qanunundan: 60.2. Banklar yalnız bu Qanunla müəyyənləşdirilmiş qaydada, məhkəmənin qərarı ilə müflis elan edilə bilər. Bankın müflis elan edilməsinin məhkəmədənkənar proseduruna yol verilmir. Həmin Qanunun 68-ci maddəsinə əsasən Bank iflas proseduruna başlanılmasına dair ərizənin təmin olunması haqqında məhkəmənin qərarına müvafiq surətdə müflis elan edilir və banka ləğvedici (ləğvedicilər) təyin edilir. Bankın müflis elan olunması haqqında məhkəmə qərarı dərhal icraya yönəldilir və həmin andan bankın iflas proseduruna başlanılır. 72.1.2. və 72.1.3. Bankın müflis elan olunmasına dair qərar qüvvəyə mindiyi andan banka qarşı məhkəmə icraatı prosesində olan bütün iddialar dayandırılır və bank barəsində digər məhkəmə icraatına başlanılmır və banka qarşı bütün tələblər yalnız bu Qanunda nəzərdə tutulan iflas proseduru çərçivəsində irəli sürülür. 76.1. bu Qanunun 77.1-ci və 77.2-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72.1.2 və 72.1.3-cü maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.2, 153.2.1 və 261.0.1-ci maddələri ilə, eləcə də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 178-ci maddəsinin 2-ci bəndinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 72, 77 və 82-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 iyun 2017-ci il tarixli Qərarında da qeyd olunmuşdur ki, müflis elan olunmuş bankın ləğvetmə prosedurunda bankın kreditorlarının banka qarşı tələblər irəli sürməsi və bu tələblərin icrası mülki və mülki prosessual qanunvericilikdə nəzərdə tutulan ümumi əsaslar və qaydalar üzrə deyil, məhz “Banklar haqqında” Qanunun yuxarıda qeyd edilən maddələrinin xüsusi tələbləri çərçivəsində həyata keçirilir. İflas proseduruna məhkəmə nəzarəti məhz bu prosedur çərçivəsində müəyyən edilmişdir. Belə fərqləndirmə mübahisələrin mülki məhkəmə icraatı qaydasında və yaxud iflas proseduruna məhkəmə nəzarəti qaydasında baxılmalı olmasını şərtləndirir. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, “Banklar haqqında” Qanunun 76-82 və 87-ci maddələrinin müddəalarında bankın kreditorlarının tələblərinin qeydə alınması, tələblərə etiraz edilməsi, qeydə alınmış və etiraz edilmiş tələblərin məhkəmə tərəfindən təsdiq edilməsi, qeydə alınmış tələblərin ödənilməsinin xüsusi proseduru və s. müəyyən edildiyindən, bu cür kreditor tələbləri ilə bağlı məhkəmələrdə olan işlər üzrə icraata Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə uyğun olaraq xitam verilməli, tərəflərə pozulmuş hüquqlarının müdafiə edilməsi üçün iflas proseduruna nəzarət edən məhkəməyə müraciət edilməsi izah olunmalıdır. Bankın müflis elan olunmasına dair məhkəmənin qərarı qüvvəyə mindiyi andan daxil olan ərizələrin Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən icraata qəbul edilməsindən imtina olunmalıdır. Beləliklə, mübahisənin inzibati məhkəmə aidiyyəti qanunvericiliklə, Konstitusiya Məhkəməsinin qərarında verilən şərhlə müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə apelyasiya instansiyası məhkəmələri tərəfindən baxılır. Odur ki, ləğvetmə prosesində olan banka qarşı bütün tələblər yalnız iflas proseduru çərçivəsində irəli sürülür və həmin prosedur birinci instansiya məhkəməsi qismində apellyasiya instansiyası məhkəməsi tərəfindən həyata keçirildiyindən iddiaçı kreditor qismində müvafiq ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etməlidir. Predmet aidiyyəti üzrə hazırkı mübahisəyə baxılması Bakı İnzibati Məhkəməsinin səlahiyyətinə aid deyildir. Lakin İddiaçı hüquqi marağına uyğun olaraq apellyasiya instansiyası məhkəməsinə iddia ərizəsi ilə deyil, iflas proseduru çərçivəsində ərizə ilə müraciət etməli olduğundan məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq işin aidiyyəti üzrə apellyasiya instansiya məhkəməsinə göndərilməsini mümkün hesab etmir. Məhkəmə həmçinin qeyd edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsinin məcburi icrası ilə bağlıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, işin mahiyyəti üzrə qərarın çıxarılmasından sonrakı mərhələ də daxil olmaqla, "... mülki hüquq və vəzifələrin müəyyən edilməsi" üzrə məhkəmə araşdırmasının bütün mərhələlərinə tətbiq olunur. Hər hansı məhkəmə tərəfindən verilən qərarın icra edilməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz hissəsini təşkil etməlidir (Hornsby Yunanıstana qarşı, § 40). Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd). Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının tələbi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8344/2015 saylı xx.xx.2015-ci il tarixli icra sənədinin icrası ilə bağlı olduğundan iddia mümükün hesab edilməməlidir. İddiaçıya icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsinin icrası ilə bağlı ərizə aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunsun. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar