Məhkəmə qərarları › İş №2-1(112)-1159/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1159/2020

01.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1159/2020 01.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Əliyev Ramil Məhəmmədəli oğlunun, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “hüquqi aktın etibarsız hesab edilməsi və diplomun etibarlı sayılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixində Q-6267/05-24 saylı hüquqi aktın etibarsız hesab edilməsi və iddiaçının diplomunun etibarlı sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3372/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “aktın etibarsız hesab edilməsi və diplomun etibarlı sayılması”na dair iddia ərizəsi mümkün sayılmamışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-112/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 3372/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadının ləğv edilməsi və iş üzrə müvafiq prosessual hərəkətlərin edilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını ləğv edərkən, qeyd etmişdir ki, birinci instansiya məhkəməsi İnzibati Prosessual Məcəllənin 13 və 48.1-ci maddələrinin tələblərinə riayət etməmiş, iddia tələbini iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirməmiş, bu zaman şəxsin arzuladığı məqsədə çatmaq üçün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmamış, aydın olmayan iddia tələbinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında proses iştirakçısına yardım edilməmişdir. Qeyd edilənlərə əsasən apellyasiya instansiya məhkəməsinin qərardadı ilə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, iş üzrə qeyd edilən müvafiq prosesual hərəkətlərin edilməsi üçün iş məhkəməyə qaytarılmışdır. İnzibati iş birinci instansiya məhkəməsinə daxil olduqdan sonra Məhkəmə tərəfindən inzibati-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçıya məhkəməyə təqdim etdiyi iddia ərizəsində tələbinin dəqiqləşdirilməsinin zərurəti barədə məktub göndərilmiş, həmçinin, məhkəmə iclaslarında iddiaçı və iddiaçının nümayəndəsi və vəkili ilə iddia tələbini iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirmiş, bu zaman şəxsin arzuladığı məqsədə çatmaq üçün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmış, iddiaçının son olaraq hüquqi marağının müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılması ilə əlaqədar olduğu yeqin edilmiş, yanlış iddia növünün münasibi ilə əvəz olunmasında proses iştirakçısına yardım göstərilmişdir. İş üzrə bir neçə dəfə hazırlıq icraatının iclası həyata keçirilmiş, hər bir məhkəmə iclasında iddiaçının hüquqi marağı nəzərə alınmaqla mövcud iddia tələbi qiymətləndirilmiş, dəqiqləşdirilmələr aparılması təklif edilmiş, iş üzrə növbəti iclas xx.xx.2020-ci il tarixə təxirə alınmışdır. Məhkəmənin hazırlıq icraatının iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməmiş və məhkəmə iclasında iddia tələbinə bu iddia növündə baxılmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili R.Əliyev iddia tələbinin məzmununa uyğun izahat verərək, bildirmişdirlər ki, hazırki iddia növü İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinin tələblərinə uyğundur. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynov iddia tələbinə etiraz edərək, Təhsil Nazirliyinin məktubunun inzibati hüquqi akt hesab edilmədiyini, bu səbəbdən iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən və iddia ərizəsinin məzmunundan görünür ki, hazırki iddia tələbi ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixində Q-6267/05-24 saylı məktubunun hüquqi akt kimi qiymətləndirilməklə qanunsuz hesab edilməsini və iddiaçıya verilmiş diplomun etibarlı hesab edilməsini tələb edir. Məhkəmə ilk öncə iddiaçının iddia tələbinin birinci hissəsinə, yəni hüquqi aktın etibarsız hesab edilməsi tələbinə münasibət bildirir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxx 2018-ci il tarixli, Q-6267/05- 24 saylı məktubundan görünür ki, həmin məktub ilə iddiaçıya bildirilmişdir ki, onun adına yazılmış B seriyalı 147698 №-li diplomun hüquqi əsası yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növlərini müəyyən edən 2.2-ci maddəsi hər hansı aktların yox, yalnız inzibati aktların mübahisələndirilməsini nəzərdə tutur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: İnzibati orqan tərəfindən qəbul edilməli; Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. İş üzrə mübahisələndirilən və cavabdeh orqan tərəfindən tərtib olunan “akt” yuxarıda sadalanan əlamətlərin hamısına malik deyil, “Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratma” əlamətindən məhrumdur. Sözügedən məktubun, yəni diplomun hüquqi əsası olmadığı ilə bağlı cavabdehin məktubu iddiaçı üçün özü-özlüyündə hüquqi qüvvəyə malik, yaxud gələcəkdə hüquqi qüvvəyə minəcək hər hansı müəyyən nəticə yaratması iddiaçı tərəfindən sübuta yetirilmir. Əksinə, həmin mübahisələndirilən məktub iddiaçının məhz öz müraciəti nəticəsində cavab verilən məktubdur, iddiaçı üçün hüquqi nəticələr isə məhz həmin məktub əsasında iddiaçının işdən çıxarılması ilə bağlı əmrin və ya digər qərarın qəbulu, müəllimlərin diaqnostik qiymətləndirilməyə buraxılmaması ilə əlaqədar yarana bilər. Məhkəmənin qənaətinə görə, “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində birbaşa ifadə olunmasa da, həmin Qanunun məzmunundan, eləcə də “İnzibati aktların icra edilməsi” adlanan Vİİİ fəslindəki normalarından inzibati aktın digər bir əlaməti- “İcra edilməli olması” əlaməti müəyyən edilir. Belə ki, inzibati aktlar ümumi (publik) məqsədlər naminə icra edilmələri üçün qəbul edilirlər və onların icrası hakimiyyət səlahiyyətləri ilə təmin edilir. Birbaşa icra üçün nəzərdə tutulmayan, yaxud icrası mümkün olmayan, aktlar həmin Qanunun məqsədləri baxımından inzibati akt hesab edilə bilməz. Təhsil Nazirliyi tərəfindən göndərilmiş xx xxxx 2018-ci il tarixli məktub icra edilən akt deyil, sübut kimi qiymətləndirilən və iddiaçının öz ərizəsi əsasında cavablandırılan məktub olduğundan, həmin məktub inzibati akt sayıla bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 5 nömrəli qərarının 4.2-ci və 5.1-ci bəndlərində göstərilmişdir ki, Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslığının yoxlanılması qaydasında aparılmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin Qərarın 6.1-ci maddəsinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən verilmiş məktub, iddiaçı üçün hər hansı bir hüquqi nəticə yaratması subut edilmir. Hüquqi nəticə yaratmayan akt isə inzibati akt kimi qəbul edilmir. Bu səbəbdən iddia tələbi həmin hissədə mümkün sayılmamalıdır. Məhkəmə iddia tələbinin “diplomun etibarlı sayılması” hissəsinə münasibət bildirir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunun 1.0.53-cü maddəsinə əsasən, universitet - ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər hazırlığını, orta ixtisas və, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan çoxprofilli aparıcı ali təhsil müəssisəsidir. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. İddiaçının iddia ərizəsində göstərilmiş “diplomun etibarlı sayılması”ilə bağlı iddia tələbi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmur, həmçinin, bu növ tələb inzibati məhkəmə icraatı qaydasında mübahisə predmeti kimi çıxış edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü və 35-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı “hüquqi aktın etibarsız hesab edilməsi və diplomun etibarlı sayılması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar