Məhkəmə qərarları › İş №2-1(112)-1159/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1159/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1159/2021 16.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X3 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı 3-cü şəxs "xxxx" ASC iş cəlb edilməklə adının restrukturizasiya olunacaq fiziki şəxslərin siyahısına daxil edilməklə, müqavilələr üzrə əsas kredit borcunun qalıq məbləğinin restrukturizasiya olunması istiqamətində tədbirlər görülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı adının Fərmana əsasən kredit borcları restrukturizasiya olunacaq fiziki şəxslərin siyahısına daxil etməklə müqavilələr üzrə əsas kredit borcunun qalıq məbləğinin Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunması istiqamətində Fərmanda və Qaydada nəzərdə tutulmuş tədbirlər görülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə onun arasında 19.06.2015ci il tarixdə kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, İddiaçı istehlak məqsədləri üçün 60 (altmış) ay müddətinə, 9600 (doqquz min altı yüz) manat məbləğində kredit verilmişdir. Bundan başqa, "xxxx" ASC ilə onun arasında 23.04.2014-cü il tarixində kredit müqaviləsi bağlanmışdır. Kredit müqavləsinə əsasən, İddiaçı istehlak məqsədləri üçün24 (iyirmi dörd) ay müddətinə, 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Həmçinin "xxxx" Kommersiya Bankı ASC ilə onun arasında 11.09.2014-cü il tarixində kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, ona istehlak məqsədləri üçün 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Azərbaycan Kredit Bürosundan çıxarışa əsasən qeyd edir ki, onun banklar qarşısında aşağıdakı aktiv öhdəlikləri mövcuddur: 1. "xxxx" ASC – 9427.27 (doqquz min dörd yüz yirmi yeddi, 27) manat; 2. "xxxx" ASC – 496.12 (dörd yüz doxsan altı, 12) manat; 3. "xxxx" Kommerasiya Bankı ASC – 4380.04 (dörd min üç yüz səksən, 04) manat. Qeyd olunan müqavilələr üzrə borcalan İddiaçı ümumilikdə 14303.43 (on dörd min üç yüz üç manat, qırx üç qəpik) manat kreditlərində əsas borc üzrə qalıq məbləği mövcuddur. Dəfələrlə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunmasına baxmayaraq, inzibati orqan tərəfindən problem həll olunmamış, cavablarında kredit təşkilatları tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilmədiyini, müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yarandığı bildirilmişdir. 02.06.2019-cu il tarixində etdiyi müraciətə 13.12.2019-cu il tarixində baxılmış, şikayətinə baxılması üçün əlavə məlumatların əldə edilməsi və aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildiyindən şikayətin baxılması müddəti 30 (otuz) iş günü uzadılmışdır. Bundan sonra, müraciətinə 02.03.2020-ci il tarixli məktubla cavab verilmişdir. Məktubda qeyd olunan Fərmanla əlaqədar müraciətlərə baxılmasını təmin etmək məqsədilə ak.cbar.az elektron səhifəsinin yaradıldığı və qərarla tanış olmaq üçün mütəmadi şəkildə ak.cbar.az elektron səhifəsi və pk.cbar.az saytına daxil olması xahiş olunmuşdur. Lakin, dəfələrlə elektron səhifəni yoxlamasına baxmayaraq, heç bir irəliləyiş olmamışdır. 04.05.2020-ci il tarixində Azərbaycan Respublikası Mərkəzi Bankına yenidən müraciət etməsinə baxmayaraq, cavablandırılmamışdır. Həmçinin, sözügedən kredt müavilələri Qaydanın 6.1-ci bəndində qeyd olunmuş bütün meyarlara cavab verir və bu səbəbdən Fərmana əsasən restrukturizasiya olunmalı olan kreditlərin dairəsinə daxildir. Lakin, cavabdeh borc alanın adını kreditləri Fərmana əsasən restrukturizasiya ediləcək fiziki şəxslərin siyahısına da, daxil etməmişdir. Bununla bağlı hesab edirlər ki, borc alanın kompensasiya ödəniləcək əsas kredit borcu yuxarıda qeyd olunmuş kompensasiya məbləği qədər azaldıldıqdan sonra Qaydanın 6.2-ci bəndinə müvafiq olaraq əsas kredit borcunun qalıq məbləği Qaydanın 6-cı hissəində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunmalıdır və bu barədə tədbirlərin görülməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1159/2021 saylı, 16.03.2021-ci il tarixli qərardadı ilə "xxxx" ASC iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı münasibət məhkəməyə təqdim edilərək, bildirilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında 9PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bakın MKR və PK məlumat bazalarına əsasən İddiaçı barəsində sistemləşdirilmiş məlumatlar sırasında "xxxx" ASC ilə aralarında bağlanmış 9600 manat dəyərində 19.06.2015-ci il tarixli kredit müqaviləsi, "xxxx" KB ASC ilə bağlanmış 4991.82 manat dəyərində 11.09.2014-cü il tarixli kredit xətti müqaviləsi və ləğv prosesində olan "xxxx" ASC ilə bağlanmış 5000 manat dəyərində 23.04.2014-cü il tarixli kredit müqaviləsi barədə ümumi məlumatlar mövcuddur. Lakin, qeyd edilən müqavilələr üzrə Fərmanın qüvvəyə mindiyi tarixə, yəni 01.03.2019-cu il tarixinə qalıq qalan əsas kredit borcları ilə bağlı qeylər qeyri-dəqiq ötürüldüyündən vətəndaşın adı bu hissələrdə Fərmanın təsiri çərçivəsinə düşən şəxslərin siyahısına əlavə edilməmişdir. Eyni zamanda hesab edirlər ki, məhkəmə mübahisəsinin daha çevik və hərtərəfli araşdırılması, habelə iddiaçının tələbi üzrə yekun mövqeyin bildirilməsi məqsədilə İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 19.06.2015-ci il tarixli kredit müqaviləsi üzrə, "xxxx" KB ASC ilə bağlanmış 11.09.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə və Ləğv prosesində olan "xxxx" ASC ilə bağlanmış 23.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01.03.2019-cu il tarixinə ödənilməmiş əsas kredit borcunun qalıq məbləği və borcunun gecikdirildiyi günlərin sayı ilə bağlı sözügedən kredit təşilatlarına müvafiq sorğular göndərilməsinə zərurət vardır. Qeyd edilən məlumatlar məhkəməyə təqdim edildikdən və iddiaçının kredit tarixçəsi üzrə kompleks şəkildə yenidən yoxlanıldıqdan sonra Mərkəzi Bank tərəfindən iddiaya yekun münasibətin bildirilməsi mümkündür. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1159/2021 saylı, 16.09.2021-ci il tarixli qərardadı ilə iddia tələbi “müqavilələr üzrə əsas kredit borcunun qalıq məbləğinin Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunması istiqamətində Fərmanda və Qaydada nəzərdə tutulmuş tədbirlər görülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində mümkün sayılmamışdır. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62-ci maddəsində göstərilən qaydada tərəflərə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə 3-cü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia “adının restrukturizasiya olunacaq fiziki şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan sənədlərə əsasən müəyyən edilir ki: -iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə, müvafiq ərizələrlə Azərbaycan Respublikası Mərkəzi Bankına və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciətlər edilmiş, sözügedən müraciətlər sonuncular tərəfindən cavablandırılaraq, kredit borcları ilə bağlı qeydlərin qeyri-dəqiq ötürülməsi əsas gətirilərək iddiaçının müraciətindən imtina edilmişdir. -məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən təqdim edilmiş İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış RO/93653/51/4 saylı kredit müqaviləsi və çıxarışa əsasən, kredit məbləği 9600 (doqquz min altı yüz manat), kreditin müddəti 60 (altmış) gün, illik kredit faizi 25.76 % (iyirmi beş tam yüzdə yetmiş altı) faiz təşkil etmişdir. -məhkəmənin sorğusuna cavab olaraq Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 231/014 nömrli kredit müqaviləsinə əsasən, kredit məbləği 5000 AZN, kreditin müddəti 24 (iyirmi dörd) ay, illik kredit faizi 24.59 (iyirmi dörd tam yüzdə əlli doqquz) faiz təşkil etmişdir. - İddiaçı ilə "xxxx" KB ASC arasında bağlanmış 3912tkBAB/14 nömrəli, 11.09.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, kredit məbləği 5000 AZN, kreditin müddəti 84 (səksən dörd) ay, illik kredit faizi 28 (iyirmi səkkiz) faiz təşkil etmişdir. -məhkəmənin sorğusuna cavab olaraq "xxxx" KB ASC tərəfindən təqdim edilmiş, HD/7000 nömrəli, 20.11.2020-ci il tarixli məktuba əsasən, "xxxx" KB ASC ilə İddiaçı arasında bağlanılmış 11.09.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə 01.03.2019-cu il tarixinə əsas kredit borcunun qalıq məbləği 4380.84 (dörd min üç yüz səksən manat dörd qəpik) manat təşkil etmiş, 01.03.2019-cu il tarixinə 11.09.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə İddiaçı gecikdirilmiş günləri olmamışdır. -məhkəmənin sorğusuna cavab olaraq Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş **********964 nömrəli, 18 noyabr 2020-ci il tarixli məktuba əsasən, Ləğv prosesində olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 23.04.2014-cü il tarixli kredit xətti müqaviləsi üzrə 01.03.2019cu il tarixinə bank əməliyyat sistemində ödənilməmiş əsas borcunun qalıq məbləği 2077.32 (iki min yetmiş yeddi, 32) manat və borcun gecikdirilmiş günlərinin sayı 1270 (bir min iki yüz yetmiş) gün əks olunur. -Məhkəmənin 2-1(112)-1159/2021 saylı, 16 mart 2021-ci il tarixli qərardadına əsasən "xxxx" ASC tərəfindən təqdim edilmiş 08.06.2021-ci il tarixli məktuba əsasən, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış 19.06.2015-ci il tarixli, RO/93653/51/4 saylı müqavilə üzrə 01.03.2019-cu il tarixə ödənilməmiş əsas kredit borcu 9427.27 manat və gecikdirilmiş günlərin sayı 1259 gün təşkil edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı iddiaçının Ləğv prosesində olan "xxxx" ASC, "xxxx" KB ASC və "xxxx" ASC ilə aralarında bağlanmış kredit müqavilələri üzrə 01.03.2019-cu il tarixinə bank əməliyyat sistemində ödənilməmiş əsas borcunun qalıq məbləğinin müvafiq olaraq 2077.32 (iki min yetmiş yeddi, 32) manat, 1270 (bir min iki yüz yetmiş) gün; 4380.84 (dörd min üç yüz səksən manat dörd qəpik) manat, 0 (sıfır) gün; 9427.27 manat, 1259 (min iki yüz əlli doqquz) gün təşkil etməsi öz təsdiqini tapdığından, iddiaçının adının restrukturizasiya olunacaq fiziki şəxslərin siyahısına daxil edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 1-ci bəndində qeyd edilmişdir ki, aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir “Bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin.” Həmin Fərmanın 5-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. Həmin Fərmanın 7-ci bəndində qeyd edilmşdir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası: 7.1. banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin; 7.2. bu Fərmanın 1-ci və 2-ci hissələrinin banklar tərəfindən icrasını nəzarətdə saxlasın və həmin hissələr icra edildikcə, bu Fərmanın 5.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etsin; 7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilmiş, Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikası Mərkəzi Bankına verilmişdir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu qalında qiymət verərək hesab edir ki, iddia “adının restrukturizasiya olunacaq fiziki şəxslərin siyahısına əlavə edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68-69, 73, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi qismən təmin edilsin. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanı çərçivəsində İddiaçı adının restrukturizasiya olunacaq fiziki şəxslərin siyahısına əlavə edilməsi öhdəliyi Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar