Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11599/2022 02.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinə qarşı X5, İddiaçı Pərviz qızı və X6 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3, İddiaçı Pərviz qızını və X4 üçüncü şəxs qismində göstərməklə, xx.xx.2014-cü il təvəllüdlü İddiaçı Pərviz qızı və xx.xx.2016-cı il təvəllüdlü X1 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsinə (tələbin dəqiqləşdirilməsi) dair ərizə təqdim edərək, iddia ərizəsində cavabdeh qismində texniki yanlışlıqla Bakı şəhər Xətai Rayon Polis İdarəsinin əvəzinə Nəsimi Rayon Polis İdarəsi qeyd olunduğu bildirmiş və qeyd olunanlara əsasən hazırki iş üzrə cavabdeh qismində Bakı şəhər Xətai Rayon Polis İdarəsinin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil tam mülkiyyət hüququ əsasında onun xüsusi mülkiyyətindədir. Onun nəvələri xx.xx.2014cü il təvəllüdlü İddiaçı Pərviz qızı və xx.xx.2016- cı il təvəllüdlü X6 yuxarıda qeyd olunan mənzilə mülkiyyətçinin razılığı ilə qeydiyyata alınmışdır. Onun keçmiş gəlini X5 yuxarıda qeyd olunan mənzildə qeydiyyatda deyildir. Onun oğlu xx.xx.2019-cu il tarixində ölmüşdür. Bundan sonra onun üçüncü şəxslərlə münasibətləri tamamilə korlanmış, o, öz mənzilinə uzun müddət buraxılmamışdır. O, üçüncü şəxslərin mənzildən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2021-ci il tarixli, 2(103)-7254/2021 №li qətnaməsi ilə X2 övladları İddiaçı Pərviz qızı və X6 ilə birlikdə ona məxsus ünvan 3 ünvanında yerləşən 180 saylı mənzildən (ünvan 2dən) çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kolegiyasının 08 fevral 2022-ci il tarixli, 2(102)-606/2022 №li qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 avqust 2021-ci il tarixli, 2(103)-7254/2021 №li qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qəbul edilmiş məhkəmə aktı icraya yönəlmiş və üçüncü şəxslər ona məxsus mənzildən çıxarılmışdır. Daha sonra İddiaçı Pərviz qızı və X1 mənzildən qeydiyyatdan çıxarılması üçün Bakı şəhər Xətai Rayon Polis İdarəsinə müraciət olunmuşdur. Lakin cavabdeh inzibati orqan müraciətin icrasından imtina etmişdir. İmtina məktubunda şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas verən müvafiq məhkəmə qərarı daxil olduqdan sonra qeydiyyatdan çıxarılma məsələsinə baxılacağı qeyd olunmuşdur. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, iddia ərizəsində adları çəkilən şəxslər üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan və üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı etiraz məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına iştirak etməmiş, cavabdeh inzibati orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə cavabdeh inzibati orqan və üçüncü şəxslər tərəfindən məhkəməyə məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1948-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 180 (Yeni qaydalarla: ünvan 6 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına Daşınmaz əmlakın dövlət reyestrində 2666 nömrəli reyestr kitabının 248360 nömrəli vərəqində № ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1833/2021 saylı qətnaməsindən müəyyən edilir ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 və övladları İddiaçı Pərviz qızı, X1 iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27, 180 saylı mənzildən (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 71, M17, m7-dən) çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Sözügedən qətnamə ilə iddia tələbinin qismən təmin edilməsi, X2 qətnamə qanuni qüvvəyə mindiyi tarixdən etibarən 1 il müddətinə möhlət verilməklə, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27, 180 saylı (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 71, M17, m7) mənzildən çıxarılması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 7254/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1833/2021 saylı qətnaməsindən iddiaçı və cavabdeh apellyasiya şikayəti vermiş və məhkəmə tərəfindən iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, cavabdeh Aysel Manafovanın apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1833/2021 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin təmin edilməsi və cavabdeh X2 övladları İddiaçı Pərviz qızı və X7 ilə birlikdə İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27, 180 saylı mənzildən (Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 71, M17, m7-dən) çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qeyd olunan qətnaməsində göstərilmişdir ki, məlum olduğu kimi, cavabdeh Aysel Manafova iddiaçının gəlini olmaqla, iddiaçının ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sadalanan şəxslər kateqoriyasına aid deyil. Bu səbəbdən də cavabdehin həmin əsasla iddiaçının ailə üzvü yaxud da “digər qohum”u qismində mübahisəli yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququ da ilkindən olmamışdır, ona görə də məhkəmə yalnış olaraq belə münasibətlərin yaranması, lakin iddiaçının oğlunun, cavabdehin isə ərinin vəfatı ilə bu münasibətlərə xitam verilməsi barədə nəticəyə gəlmişdir. Digər cavabdehlər İddiaçı Pərviz qızı və X1 mənzildən çıxarılmalarına aid hissədə isə məhkəmə iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Kollegiya qeyd edir ki, bu hissədə də məhkəmənin qənaəti yalnış olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, cavabdeh qismində göstərilmiş İddiaçı Pərviz qızı xx.xx.2014-cü il təvəllüdlü və X6 isə xx.xx.2016-cı il təvəllüdlü olmaqla, hər ikisinin də on dörd yaşı olmamışdır. Onlar mülki-prosessual fəaliyyət qabiliyyəti əldə etmədiklərinə görə, məhkəmədə müstəqil şəkildə cavabdeh qismində iştirak edə bilməzlər. Mülki Prosessual Məcəllənin 49.4-cü maddəsinə əsasən, on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Hazırki halda hər iki uşağın qanuni nümayəndəsi olan anaları Aysel Manafova həm də işdə cavabdehdir, bununla onları məhkəmədə anaları təmsil etmişdir. Mülki Məcəllənin 27.2-ci maddəsinə görə, on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən də on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin – müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Belə olan halda, uşaqların yaşayış yeri anaları cavabdeh Aysel Manafovanın yaşayış yeri sayıldığından onlara münasibətdə də iddia tələbi təmin edilməli və onlar da mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-606/2022 №li qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7254/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 7254/2021 №li qətnaməsi xx.xx.2022-ci il tarixdə icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktın surətindən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-7254/2021 №li qətnaməsinin icrası ilə bağlı icra hərəkətlərinin həyata keçirilməsi zamanı X5 tərəfindən mübahisəli mənzilin könüllü surətdə tərk edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışlarından müəyyən olunur ki, xx.xx.2014-cü il təvəllüdlü İddiaçı Pərviz qızı və xx.xx.2016-cı il təvəllüdlü X6 Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 180 (Yeni qaydalarla: ünvan 7 ünvanında qeydiyyatdadırlar. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Xətai Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 101-22102Q nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasına əsas verən müvafiq məhkəmə qərarı icraatlarına daxil olduqdan sonra, qeydiyyatdan çıxarılma məsələsinə tərəflərindən baxılacaqdır. Beləliklə, işin faktiki hallarından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 180 (Yeni qaydalarla: ünvan 7 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İddiaçı ona mülkiyyət hüququ ilə məxsus evdə qeydiyyatda olan və faktiki yaşamayan İddiaçı Pərviz qızı və X1 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutmaqla müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı həmin üçüncü şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir; 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar; 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Hazırkı iş üzrə müəyyən edilir ki, üçüncü şəxslər faktiki yaşamadığı və istifadə hüququ olmadığı ünvan üzrə qeydiyyatdadırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarında göstərilmişdir ki, müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsi Plenumu adıçəkilən Qərarında yekunda bu nəticəyə gəlmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Hazırkı işdən də müəyyən olunur ki, İddiaçı Pərviz qızı və X6 göstərilən ünvanda qeydiyyatda olması iddiaçının öz mülkiyyətindən istifadə etmək, onun barəsində sərəncam vermək hüquqları məhdudlaşdırır. Belə ki, məhkəmə qərarı ilə üçüncü şəxslər mübahisli mənzildən çıxarılmış, lakin faktiki olaraq həmin mənzildə qeydiyyatda qalmışlar. Belə olan halda üçüncü şəxslər iddiaçıya məxsus mənzilə dair əmlak hüquqları olmayan şəxslər olduğundan mənzilin hazırkı mülkiyyətçisi üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuş, cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının tələbi əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Hazırki iş üzrə üçüncü şəxslər - xx.xx.2014-cü il təvəllüdlü İddiaçı Pərviz qızı və xx.xx.2016-cı il təvəllüdlü X1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi, ev 27A, mənzil 180 (Yeni qaydalarla: ünvan 7 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Bakı şə həri Xətai Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-11599/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11599/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver