Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-11599/2023 15.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının qanuni nümayəndəsinin vəkili və nümayəndəsi Vəkil, Cavabdeh Azərbaycan Respublikasının X6 publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının X6 publik hüquqi şəxsə qarşı “suallara verilmiş cavabların doğru hesab edilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının X6 publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “2023-cü il martın 5-də keçirilmiş buraxılış imtahanında Azərbaycan dili fənni üzrə 58 nömrəli və Riyaziyyat fənni üzrə 83 nömrəli tapşırıqlara dair iddiaçının müraciətinin araşdırılması barədə X3 Apellyasiya Komissiyasının qərarının qanunsuz hesab edilməsi və iddiaçının həmin tapşırıqlara dair verdiyi cavabların doğru hesab edilərək yenidən qiymətləndirilmənin aparılması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı Avropa liseyində almışdır. xx.xx.2023-ci il tarixdə keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında iştirak etmişdir. X6 tərəfindən Azərbaycan dili fənni üzrə 58 nömrəli və Riyaziyyat fənni üzrə 83 nömrəli tapşırıqlara verdiyi cavablar səhv hesab edilmişdir. Bununla razılaşmayaraq Apellyasiya Komissiyasına müraciət etmişdir. xx.xx.2023-ci il tarixdə müraciətinə video bağlantı ilə cavab verilmiş və nəticələr qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikasının X3 xx.xx.2023-cü il tarixli 9-3/2-13-1823-42-410/2023 saylı məktubla cavab verilmişdir ki, “sizin xx.xx.2023-cü il tarixdə buraxılış imtahanında 58 nömrəli tapşırıq üzrə yazdığınız yazı və 83 saylı tapşırıqla bağlı müraciətiniz apellyasiya prosesi zamanı fənn üzrə mütəxəssislər tərəfindən araşdırılmış və imtahan nəticəniz qüvvədə saxlanılmışdır. Bu barədə videobağlantı ilə müzakirə zamanı sizə məlumat verilmiş və nəticənizin qüvvədə saxlanılması səbəbi izah edilmişdir. 83 nömrəli tapşırığa aid müraciətinizə cavab olaraq bildiririk ki, test tapşırığı elmi- metodik baxımından doğrudur. Tapşırıq araşdırma tələb edən tapşırıqdır və doğru cavab birmənalıdır. Tapşırıqla bağlı ətraflı izahla X3 saytında (https://dim.20v:az/news/10714/) tanış olmaq mümkündür. 58 nömrəli tapşırığa aid yazı işiniz üzrə ekspert rəyi məktuba əlavə edilir”. Aşağıdakı əsaslara görə Apellyasiya Komissiyasının qərarı qanunsuzdur: “58-ci tapşırıq: İ, İV, V abzasların hər birində məna yaxınlığı baxımından bir-biri ilə qarşılıq təşkil edən sözləri müəyyən edərək yazın (hər abzasa aid bir nümunə). Sinif: 8; 9. Standart: 2.1.1. Tanış olmadığı söz və ifadələrin mənasını müvafiq qarşılığını tapmaqla şərh edir; 2.1.1. Tanış olmayan söz və ifadələrin kontekstə uyğun mənasını şərh edir. “Telekinez – fiziki təmas olmadan bir şəxsin materiyaya təsir göstərə bilməsidir. Məsələn, əgər bir şəxs telekinetik olsa, hər hansı əşyanı ona toxunmadan tərpətməyi bacarar. Tarixdə telekinetik bacarıqlarının olduğunu iddia edən minlərlə insan olub. Onlar fikrin gücü ilə əşyalara hökm edə bildiklərini iddia etmiş, şou-nümayişlər göstərmiş, insanları özlərinə inandırmışlar. Lakin belələrinin saxtakarlığı ya öz etirafları, ya da insanların müşahidəsi və həyat təcrübəsi nəticəsində təkzib edilmişdir. Məsələn, italyan Evsapiya Palladino seanslarında masanı telekinezlə deyil, ayaqları ilə hərəkət etdirirdi. Yəhudi əsilli Yuri Qeller isə uzun müddət insanları aldatdıqdan sonra öz meneceri tərəfindən ifşa edildi və adi gözbağlayıcı fəndlər işlətdiyi məlum oldu. Təbii ki, bu işə sənət kimi yanaşan insanlar da var. Devid Bleyn, Devid Kopperfıld kimi böyük fokus ustaları göstərdikləri nömrələrin yaxşı hazırlanmış bir gözbağlayıcı fənd olduğunu bildirmiş, bəzən hətta sirlərini açıqlamışlar. Bəs belə nömrələrlə insanları aldadan fırıldaqçıların uğurlarının səbəbi nədir? Əslində, bu insanlar çox zaman qeyri-adi bacarığa malik olduqlarına, qazandıqları nailiyyətlərə özləri də inanırlar. Özünü aldadan insan asanlıqla başqalarını da aldada bilir. Təəssüf ki, biz insanlar çox vaxt möcüzə gözləyirik. Maraqlı faktdır ki, etdiklərini fövqəladə qüvvələrlə bağlayan tək bir şəxs belə indiyə kimi öz bacarıqlarını elmi cəhətdən sübuta yetirə bilməmişdir. Belə insanlar çox vaxt ən adi fiziki qanunlardan xəbərsiz olurlar. Bəs beynin gücü ilə əşyaları hərəkət etdirmək elmi cəhətdən mümkündür? Məlumdur ki, beynimiz elektromaqnit enerjisindən təsirlənən elektrik xassəli fəaliyyətə malikdir. Lakin yalnız beynimizdəki elektrik gücündən və ya maqnit cazibəsindən istifadə edərək hər hansı fiziki hadisəni törədə bilməyimiz mümkün deyil. Belə ki, beyindəki elektrik axını sadəcə 1 nanoamper miqdarındadır. Əgər beynimizdəki 100 milyarda qədər neyronun hamısını eyni vaxtda çalışdırsaq, eyni fəaliyyətə yönəldə bilsək belə, yaranacaq elektrik yalnız bir LED lampanı qısa zaman ərzində işıqlandıra bilər. Beynimizdəki maqnit sahəsinin təsir gücü də həddindən artıq zəif olduğundan bu işdə bizə kömək edə bilməz. Bütün bunlara baxmayaraq, elmin qapıları hər zaman hər kəsə açıqdır və bir gün kimsə indiyə qədər hər kəsin qəbul etdiyi fikirlərin üstündən xətt çəkə, yeni fikir ortaya qoya bilər. Əlbəttə ki, yalnız elmin metodologiyasına uyğun olmaq şərti ilə”. X3 İddiaçı 58 nömrəli tapşırıq üzrə yazdığı yazı işinə dair ekspert rəyindən aydın olur ki, cümlədə və ya abzasda həmin sözləri bir-biri ilə əvəz etdikdə, cümlənin və ya abzasın mənasını dəyişməyən sözlərə bir-biri ilə qarşılıq təşkil edən sözlər deyilir. Komissiya 58 nömrəli tapşırıq üzrə İddiaçı yazdığı yazı işinə dair ekspert rəyində İ abzasda olan “təmas etmədən” və “toxunmadan” ifadələrini bir-biri ilə qarşılıq təşkil edən sözlər hesab etmişdir. Komissiya ekspert rəyində hesab etmişdir ki, “Amma İ abzas üçün yazılan sözlər (bacarmaq-bilmək) səhvdir. Belə ki, abzasın ilk cümləsində (telekinez – fıziki təmas olmadan bir şəxsin materiyaya təsir göstərə bilməsidir) “bilmək” feili yox, “göstərə bilmək” mürəkkəb feili verilmişdir. “Göstərə bilmək” feilində “bilmək” sözünün əvəzinə “bacarmaq” sözü yazıldıqda, mürəkkəb feil mənasını itirir (göstərə bacarmaq) və mətndə də bir-birini əvəz edə bilmir. Digər tərəfdən, abzasın ikinci cümləsində (məsələn, əgər bir şəxs telekinetik olsa, hər hansı əşyanı ona toxunmadan tərpətməyi bacarar) “bacarmaq” sözü “bilmək” sözü ilə əvəz edildikdə, formalaşan “tərpətməyi bilər” ifadəsində leksik norma pozuntusu var. Komissiyanın meyarları ilə götürdükdə “təmas etmədən” ifadəsini “toxunmadan” sözü ilə əvəz etdikdə, “fiziki toxunmadan” ifadəsi əmələ gəlir ki, bu da leksik norma pozuntusu ilə nəticələnir. Çünki dilimizdə “fiziki toxunmadan” ifadəsi işlədilmir. İkincisi, sualın şərtlərində sözlərin yerini dəyişdirməklə qrammatik dəyişikliyə məhdudiyyət qoyulması şərti yoxdur. Yəni, tapşırığın standartında cümlə (məsələn, əgər bir şəxs telekinetik olsa, hər hansı əşyanı ona toxunmadan tərpətməyi bacarar) daxilində belə bir söz dəyişikliyinin (məsələn, əgər bir şəxs telekinetik olsa, hər hansı əşyanı ona toxunmadan tərpədə bilər) aparılmasına qadağa qoyulmamışdır. Üçüncüsü, “bilmək” sözü lüğətdə həm də bacarmaq mənasında qeyd olunmuşdur. Bu baxımdan, onun cavabı məna baxımdan tam uyğun gəlir. Komissiyanın 83 nömrəli tapşırıqla bağlı mövqeyi aşağıdakı səbəblərə görə əsassızdır: “83-cü tapşırıq: m parametrinin hansı qiymətində A (m+1;m+6) və B(m+5;m-4) nöqtələri 3x+2y+26 düz xəttinə nəzərən simmetrik olar? Mövzu: Koordinatlar üsulu Sinif: 6, 8 Standart: 3.2.2. Fiqurla oxa nəzərən simmetrik olan fiqurun həmin fiqurla konqruyent olduğunu göstərir. 3.2.3. Uc nöqtələrinin koordinatlarına görə parçanın orta nöqtəsinin koordinatlarını tapır, verilmiş iki nöqtədən keçən düz xəttin tənliyini yazır. X3 xx.xx.2023-cü il tarixli cavab məktubunda da qeyd edildiyi kimi, 83 nömrəli tapşırıq araşdırma tələb edən tapşırıqdır. Orta məktəbdə tədris edilən dərslikdə bu tipli tapşırıqlar yoxdur. Bu tipli tapşırıqlar yalnız “Abituriyent” jurnalının 2019-cu il nəşrinin əlavəsində çıxmışdır ki, bu da dərs kitabı və əsas vəsait sayılmır. Həmçinin, “Abituriyent” jurnalının 2019-cu il nəşrinin əlavəsi ödənişlə satılır. Halbuki orta məktəblərdə bütün dərsliklər və əlavələri pulsuz paylanılır. Bu tapşırığın birmənalı cavabı yoxdur. Əvvəlcə, “İctimai TV” və digər yerlərdə müzakirə aparılan zaman X3 nümayəndələri doğru cavabı bir üsulla izah etmişdir. Lakin sonradan X6 öz saytında doğru cavabı iki üsul ilə izah etmişdir. İndiyədək üç dəfə buraxılış imtahanları keçirilib. 5 və 12 mart tarixlərində keçirilən imtahanlarda bu tipli tapşırıqlar verilməsinə baxmayaraq, 2 aprel tarixində keçirilən imtahanda belə bir tapşırıq verilməmişdir. X6 bununla da dərsliklərdə izahı verilməyən və araşdırma tələb edən tapşırıqlar verməkdən imtina etmişdir. X2 bu tapşırığa dair hər iki üsul ilə cavab verməməsinə istinad edərək haqlı olduğunu irəli sürə bilməz. Çünki bu tapşırıq dərslikdə izah edilməyib və araşdırma tələb edən tapşırıqdır. Bu səbəbdən də, belə bir sual verilə bilməzdi. Belə ki, o, dərslikdə olmayan və araşdırma tələb edən tapşırığa sərf etdiyi vaxtı digər tapşırıqların həllinə sərf edə bilərdi. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “xx.xx.2023-cü il tarixdə keçirilmiş buraxılış imtahanında iddiaçıya təqdim edilmiş Azərbaycan dili fənni üzrə 58 və Riyaziyyat fənni üzrə 83 nömrəli suallara verilmiş cavabların doğru hesab edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrinə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinə tələbə qəbulu qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə müəyyən edilmişdir. “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nın 1.6-cı bəndinə uyğun olaraq, ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə mərkəzləşdirilmiş qaydada həmin Qaydaların 3-cü hissəsində göstərilən iki mərhələdə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının X6 tərəfindən həyata keçirilir. Hər mərhələdə imtahanın məzmunu, yəni təhsilalanlara təqdim edilən tapşırıqların növü və qiymətləndirilmə qaydası Mərkəz tərəfindən Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir və hər il tədris ilinin başlanılmasından 1 ay müddət keçənədək elan edilir, imtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir. Sözügedən Qaydaların 6.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apellyasiya Komissiyası yaradılır. Həmin Qaydaların tələblərini təmin etmək məqsədilə tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5 mart 2023-cü il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə yenidən baxılması ilə bağlı Apellyasiya Komissiyası yaradılmış, komissiyaya müraciət etmək üçün 12-14 aprel 2023-cü il tarixlərində https://apelyasiya.dim.gov.az saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçmək tələb olunmuşdur (https://dim.gov.az/news/10725/). İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Mərkəz tərəfindən onlayn qaydada (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsi ilə) apellyasiya prosesi təşkil edilmişdir. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlərin imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmaları barədə Mərkəzin https://dim.gov.az rəsmi internet səhifəsində məlumat verilmiş və apellyasiya müzakirəsində şagirdin iştirakının vacibliyi vurğulanmışdır. İddiaçı tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən yaradılmış Apellyasiya Komissiyasına müraciət etmişdir. İddiaçının hazırkı iş üzrə mübahisələndirdiyi test tapşırıqları onun iştirakı ilə Apellyasiya Komissiyası tərəfindən araşdırılmışdır. Həmin test tapşırıqlarında və iddiaçının verdiyi cavabların qiymətləndirilməsində ekspertlər tərəfindən hər hansı bir qüsur aşkar edilməmişdir. Bu barədə iddiaçıya geniş izah verilmiş, müraciəti ilə bağlı onun Apellyasiya Komissiyasına müraciətində qeyd edilmiş elektron poçt ünvanına rəsmi cavab göndərilmiş və nəzərinə çatdırılmışdır ki, imtahanda əldə etdiyi nəticə (topladığı bal) düzgün hesablanmış və biliyi doğru qiymətləndirilmişdir. Əlavə olaraq iddiaçıya yuxarıda adıçəkilən Qaydaların 6.3-cü bəndinə əsasən Apellyasiya Komissiyasının qərarından inzibati qaydada və ya məhkəməyə şikayət vermək hüququ barədə məlumat verilmişdir. Eyni zamanda, apellyasiya müraciəti ilə bağlı Mərkəzin 01 iyun 2023-cü il tarixli 9-3/2-13-1823-42- 410/2023 nömrəli cavab məktubunda 83 nömrəli tapşırığın elmi-metodiki baxımdan doğru olduğu və tapşırıq üzrə doğru cavabın birmənalı olduğu iddiaçının nəzərinə çatdırılmış, həmçinin 58 nömrəli tapşırıqla bağlı yazı işi üzrə ekspert rəyi təqdim edilmişdir. Açıq və qapalı tipli test tapşırıqları Mərkəzlə bağlanılan müqavilə əsasında cəlb edilən sahə üzrə ekspertlər tərəfindən hazırlanır və hər bir test tapşırığı müvafiq sahə üzrə ayrı-ayrı ekspertlər tərəfindən ekspertizadan keçirilir. Yalnız elmi-metodiki qüsur aşkar edilməmiş, beləliklə, ekspertizadan keçmiş test tapşırıqları Mərkəz tərəfindən təsdiqlənir və müvafiq sahələr üzrə test bankına daxil edilir. İddiaçının mübahisələndirdiyi test tapşırıqları da eyni qaydaya riayət etməklə test bankına daxil edilmişdir. Bu baxımdan, ayrı-ayrı ekspertlər tərəfindən hazırlanıb ekspertizadan keçirilmiş test tapşırıqlarında hər hansı elmi-metodiki qüsurun olması halı istisna edilir. Buna görə də, iddiaçının Azərbaycan dili fənni üzrə 58 və riyaziyyat fənni üzrə 83 nömrəli test tapşırıqlarının cavablarının düzgün qiymətləndirilməməsinə dair iddiası tamamilə əsassızdır və həqiqətə uyğun deyil. Bu səbəbdən iddiaçının iddiası təmin edilməməlidir. Yuxarıda qeyd edilənlərdən əlavə, işin tam və hərtərəfli araşdırılmasını təmin edilməsi məqsədi ilə 05 mart 2023-cü il tarixdə keçirilmiş buraxılış imtahanında iddiaçıya təqdim edilmiş sual kitabçasının, Azərbaycan dili fənni üzrə 58 və riyaziyyat fənni üzrə 83 nömrəli suallara iddiaçı tərəfindən verilmiş yazılı cavabların surətləri, həmin sualların qiymətləndirmə meyarları və iddiaçının yazı işlərinə dair ekspertlər tərəfindən verilmiş rəyi Mərkəzin 16 avqust 2023-cü il tarixli 9-3/2- 1821/2023 nömrəli məktubu ilə məhkəməyə təqdim edilmişdir. Şagird İddiaçı (şagird kodu: ********) 05 mart 2023-cü il tarixdə buraxılış imtahanında 58 nömrəli tapşırıq üzrə yazdığı yazı işinə dair ekspert rəyinə əsasən: “58 nömrəli tapşırığın şərtindən (İ, İV, V abzasların hər birində məna yaxınlığı baxımından bir-biri ilə qarşılıq təşkil edən sözləri müəyyən edərək yazın (hər abzasa aid bir nümunə)) aydındır ki, burada qeyd olunan hər abzasa aid elə qarşılıq təşkil edən sözlər yazılmalıdır ki, həmin abzasda o sözləri bir-biri ilə əvəz etdikdə, cümlələrin və abzasın mənası itməsin. Tapşırıq mətn əsasında tərtib edilmişdir və cavablandırılarkən mətnin konteksti nəzərə alınmalıdır. Yazı işində İV və V abzaslara aid sözlər doğru müəyyən edilmişdir (uyğun olaraq uğur - nailiyyət və fəaliyyət - iş). Amma İ abzas üçün yazılan sözlər (bacarmaq - bilmək) səhvdir. Belə ki, abzasın ilk cümləsində (telekinez - fiziki təmas olmadan bir şəxsin materiyaya təsir göstərə bilməsidir) “bilmək” feili yox, “göstərə bilmək” mürəkkəb feili verilmişdir. “Göstərə bilmək” feilində “bilmək” sözünün əvəzinə “bacarmaq” sözü yazıldıqda, mürəkkəb feil mənasını itirir (göstərə bacarmaq) və mətndə də bir-birini əvəz edə bilmir. Digər tərəfdən, abzasın ikinci cümləsində (məsələn, əgər bir şəxs telekinetik olsa, hər hansı əşyanı ona toxunmadan tərpətməyi bacarar) “bacarmaq” sözü “bilmək” sözü ilə əvəz edildikdə formalaşan “tərpətməyi bilər” ifadəsində leksik norma pozuntusu var. Sadalanan hallar nəzərə alınaraq, yazı işi qiymətləndirmə meyarının D bəndinə (iki abzasa aid nümunə doğru, digər abzasa aid nümunə yanlış yazılır) əsasən 0.67 balla qiymətləndirilmişdir. İ abzasda bir-biri ilə qarşılıq təşkil edən doğru ifadələr “təmas olmadan” və “toxunmadan” ifadələridir. 83 nömrəli tapşırığa aid bildirilmişdir ki, test tapşırığı elmi-metodiki baxımdan doğrudur. Tapşırıq araşdırma tələb edən tapşırıqdır və doğru cavab birmənalıdır. Tapşırıq ilə bağlı ətraflı izahla X3 saytında (https://dim.qov.az/news/10714/) tanış olmaq mümkündür”. AZ-İ seriyalı 772811 saylı xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə Bakı şəhərində doğulmuşdur (anası – Qanuni nümayəndə; atası – X4). Azərbaycan Respublikasının X6 publik hüquqi şəxs tərəfindən İddiaçı ünvanlanmış 9-3/2-B-1823-42-410/2023 xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, 05 mart 2023cü il tarixdə buraxılış imtahanında 58 nömrəli tapşırıq üzrə yazdığı yazı işi və 83 nömrəli tapşırıqla bağlı müraciəti apellyasiya prosesi zamanı fənn üzrə mütəxəssislər tərəfindən araşdırılmış və imtahan nəticəsi qüvvədə saxlanılmışdır. Bu barədə videobağlantı ilə müzakirə zamanı məlumat verilmiş və nəticənin qüvvədə saxlanılmasının səbəbi izah edilmişdir. 83 nömrəli tapşırığa aid müraciətə cavab olaraq bildirilmişdir ki, test tapşırığı elmi-metodiki baxımdan doğrudur. Tapşırıq araşdırma tələb edən tapşırıqdır və doğru cavab birmənalıdır. Tapşırıq ilə bağlı ətraflı izahla X3 saytında (https://dim.gov.az/news/10714/) tanış olmaq mümkündür. 58 nömrəli tapşırığa aid yazı işi üzrə ekspert rəyi məktuba əlavə edilmişdir. Azərbaycan Respublikası X6 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 9- 3/2-1821/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə 2023-cü ilin 05 mart tarixində keçirilmiş buraxılış imtahanında iddiaçıya təqdim edilmiş sual kitabçasının, Azərbaycan dili fənni üzrə 58 və riyaziyyat fənni üzrə 83 nömrəli suallara iddiaçı tərəfindən verilmiş yazılı cavabların surətləri, həmin sualların qiymətləndirmə meyarları və iddiaçının yazı işlərinə dair ekspert rəyi təqdim edilmişdir. Azərbaycan Respublikası X6 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 9- 3/2-2605/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, 2023/2024-cü tədris ilində İ ixtisas qrupu üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş Prezident təqaüdü verilən ən yüksək bal toplamış 25 tələbədən sonuncunun balı 675.8 bal olmuşdur. Nəzərə alınmağı xahiş edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyərək və iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarından: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 5.4. Bəzi hallarda qanunvericilik konkret məsələlər üzrə məhz hansı şəxslər dairəsinin müdafiə olunduğunu aydın təsbit edir. Belə tənzimləmənin olmadığı hallarda üçüncü şəxslərin hüquqlarının təminat altına alınıb-alınmadığının aydınlaşdırılması üçün hər bir konkret halın xüsusiyyətlərindən çıxış etməklə qanunvericinin güddüyü məqsəd, ictimai və fərdi maraqların ədalətli balanslaşdırılması və s. meyarlar nəzərə alına bilər. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə qeyd edir ki, hazırki tələb xx.xx.2023-cü il tarixdə keçirilmiş buraxılış imtahanında iddiaçıya təqdim edilmiş Azərbaycan dili fənni üzrə 58 və Riyaziyyat fənni üzrə 83 nömrəli suallara verilmiş cavabların doğru hesab edilməsi barədədir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı 2023/2024-cü tədris ilində İ ixtisas qrupu üzrə 664.1 bal toplayaraq ixtisas seçimində ilk qeyd etdiyi ixtisasa və ali təhsil müəssisəsinə qəbul edilmişdir. 2023/2024-cü tədris ilində İ ixtisas qrupu üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş Prezident təqaüdü verilən ən yüksək bal toplamış 25 tələbədən sonuncunun balı 675.8 bal olmuşdur. İddianın uğurlu olacağı halda belə iddiaçının balı hər bir halda Prezident təqaüdü verilən ən yüksək bal toplamış 25 tələbədən sonuncunun balından aşağı olacaqdır. Məhkəmə hesab edir ki, indiki halda iddiaçının marağı ona hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam verməsi ilə bağlı olmamaqla konkret halda onun hüquqi müdafiəyə ehtiyacının olması müəyyən edilmir. Odur ki, iddia mümkün hesab edilməməlidir. İddia aşkar mümkünsüz olduğundan məhkəmə iddiaçıya onun niyyətinə və marağının təmin olunmasına yönəlmiş hüquqi təkliflərin verilməsini mümkün hesab etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.4, 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova