Məhkəmə qərarları › İş №2-1(112)-116/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-116/2022

26.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-116/2022 26.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qzının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi, bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cəmiyyətdə səyyar vergi yoxlaması keçirilməsi haqqında qəbul edilmiş **********188906 nömrəli, 23.08.2019-cu il tarixli qərarın ləğv edilməsi və cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İdarə tərəfindən İddiaçındə 01.01.2017-ci il tarixdən 01.03.2018-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlanılması keçirilməsi barədə qərar qəbul edilmişdir. Qeyd olunan yoxlama nəticəsində cavabdeh təşkilat tərəfindən qanunvericiliyin tələbi pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə görə növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Lakin cavabdeh təşkilat tərəfindən aparılan səyyar vergi yoxlaması il yarımadək davam etmişdir. Səyyar vergi yoxlamasının keçirilməsi barədə qərara əsasən yoxlamanın aparılması üçün zəruri olan bütün sənədlər tam olaraq tərəflərindən vergi orqanı əməkdaşlarına təqdim edilmişdir. Uzun sürən yoxlamalardan sonra, yəni 12.07.2019-cu il tarixdə səyyar vergi yoxlaması barədə **********148279 nömrəli akt tərtib edilərək onlara təqdim edilmişdir. Qeyd olunan yoxlamanın nəticəsi olaraq vergi orqanı tərəfindən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 16.07.2019-cu il tarixli, **********186998 nömrəli qərar qəbul edilmiş, vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********435400 nömrəli tələbnamə təqdim edilmişdir. Həmin qərara və tələbnaməyə əsasən əlavə hesablanmış vergilər üzrə 182.110,87 manat, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 73.843,27 manat, ümumilikdə büdcəyə ödənilməli olan məbləğ 255.954,14 manat təşkil etmişdir. Həmin yoxlamanın nəticəsinə görə büdcəyə ödənilməli olan 255.954,14 manat tərəflərindən ödənilmişdir. Lakin vergi orqanı tərəfindən İddiaçındə yoxlanılmış dövr üçün yenidən səyyar vergi yoxlaması keçirilməsi haqqında **********188906 nömrəli, 23.08.2019-cu il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda yoxlama ilə əhatə olunan vergi dövrü İddiaçındə əvvəl yoxlanılmış, yəni yanvar 2017-ci il tarixdən fevral 2018-ci il tarixədək olan dövrü və yanvar 2017-ci il tarixdən iyun 2019-cu il tarixədək olan dövrü əhatə edir. Onlar bu yoxlamanı qanunsuz hesab edirlər. Belə ki, cavabdeh təşkilat tərəfindən qərar qəbul edilərkən həmin qərarın qəbul edilməsinə əsas olmuş hallar qərarda qeyd olunmalı və onlara təqdim edilməli idi. Lakin cavabdeh təşkilat belə bir halın olması barədə heç bir sənəd təqdim etməmiş və yoxlanılmış dövr üçün yenidən səyyar vergi yoxlaması haqqında qərarın qəbul edilməsini zəruri edən halları əsaslandırmamışdır. Halbu ki, inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbinə görə, növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Vergi Məcəlləsinin qeyd olunan normasının tələbindən də göründüyü kimi, vergi orqanı növbəti yoxlama barədə qərarı bir il sonra qəbul edə bilərdi, çünki müəssisənin yoxlanılması 12.07.2019-cu il tarixdə tərtib edilmiş akt əsasında başa çatmışdır. Göründüyü kimi müəssisələrində səyyar vergi yoxlaması 12.07.2019-cu il tarixdə tərtib edilmiş akt əsasında başa çatmasına baxmayaraq cavabdeh təşkilat qanunvericiliyin tələbini pozmaqla yoxlanılmış dövr üzrə yenidən yoxlama aparılması barədə qərar qəbul etmişdir. Hesab edirlər ki, cavabdehin bu hərəkəti qanuna zidd olduğundan onların qanunsuz hərəkətlərinə son qoyulmalı və bir ay bundan əvvəl yoxlaması başa çatmış bir müəssisəyə yoxlanılmış dövr üçün yenidən səyyar vergi yoxlamasının keçirilməsi haqqında qəbul etdiyi qərarı ləğv edilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 20.04.2018-ci il tarixli qərarı ilə "xxxx" MMC-də (Yanvar 2017-Fevral 2018) növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlamanın nəticəsi 12.07.2019-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Yoxlamanın nəticəsi üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16.07.2019-ci il tarixli, **********148279 saylı qərar çıxarılaraq, yoxlama ilə vergi ödəyicisinə 182110,87 manat əlavə vəsait hesablanmış və 73843,27 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama materiallarının təhlili zamanı müəyyən edilmişdir ki, cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin cari bəyannaməsinin 221.15 sətrində 448711,95 manat sair xərc göstərildiyi halda yoxlama ilə həmin xərc silinmiş, lakin aktda sair xərclərin azaldılmasi səbəbləri qeyd edilməmişdir. Bundan başqa cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş cari mənfəət vergisi bəyannaməsinin 221.6-cı sətrində ezamiyyə xərcləri göstərilmədiyi halda səyyar vergi yoxlaması 44478,00 manat ezamiyyə xərcləri gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilmiş, lakin aktda bu barədə müvafiq qeydlər aparılmamış, habelə həmin xərcləri təsdiq edən sənədlər yoxlama materiallarına əlavə edilməmişdir. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə görə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar vergi yoxlaması keçirilə bilər. Odur ki, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.2 və 38.3.5-ci maddələrinə əsasən cavabdehin 23.08.2019-cu i tarixli, **********188906 saylı qərarı ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə görə vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə növbədənkənar vergi yoxlaması keçirilə bilər. Həmin Məcəllənin 38.3.5-ci maddəsinə görə vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar vergi yoxlaması keçirilə bilər. Həmçinin bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2020ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”nin 3.0.7-ci bəndinə əsasən vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin edən orqanıdır. Vegilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək Vergi Məcəlləsinin 24.0.1-ci maddəsi ilə vergi orqanlarının vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Bu Məcəllənin 32.4-cü maddəsinə uyğun olaraq vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə görə Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il tarixli, 246 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq keçirilməsi nəzərdə tutulan yoxlamalar barədə məlumatlar Ədliyyə Nazirliyinə təqdim olunmuş və müvafiq çıxarış alınmışdır. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Yuxarıda qeyd edilən maddələrin də tələbindən də aydın olduğu kimi növbədənkənar səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətinin yoxlanılması qanunvericiliyin tələblərinə tam uyğundur. Digər tərəfdən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən qeyd edilir ki, vergi yoxlamalarının, o cümlədən növbədənkənar səyyar vergi yoxlamalarının keçirilməsi vergi orqanının diskresion səlahiyyətlərinə aiddir. Belə ki, qeyd edilən Qanunun 2.0.7-ci maddəsində bildirilir ki, diskresion səlahiyyətlər – qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Bir halda ki, qanunvericiliklə vergi yoxlamalarının keçirilməsini vergi orqanının diskresion səlahiyyəti kimi müəyyən edilmişdir, məhkəmə tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarın icrasının dayandırılması inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilədir. Belə ki, funksiyası vergi nəzarətini həyata keçirmək olan inzibati orqana öz hüquqlarının həyata keçirilməsinə və səlahiyyətlərini icra etməsinə müdaxilə etmək qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi iddiaçı tərəfindən irəli sürülmüş tələbin dəlilləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun deyildir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, səyyar vergi yoxlamasının nəticələrinin Vergi Məcəlləsinin 39 və 49-cu maddələrinin tələblərinə uyğun rəsmiləşdirilən zaman əgər vergi ödəyicisi tərtib edilmiş aktın hər hansı bir hissəsi ilə razılaşdığı halda aktı imzalamır və 30 gün müddətində səbəbini qeyd etməklə vergi orqanına rəsmi müraciət edir. Bu halda vergi orqanının rəhbərliyi sonrakı 15 gün müddətində qeyd edilənləri araşdırıb daha sonrakı 10 gün müddətində isə 49-cu maddənin tələbinə uyğun nəzərdə tutulmuş qərarlardan birini qəbul etmək hüququna uyğun, yəni yoxlayıcıların aktın tərtibində yol verdiyi nöqsanları aradan qaldırılması üçün “əlavə tədbir” qərarı çıxarmaqla yoxlama müddətini 60 iş günü artırıla və nöqsanları aradan qaldırmaqla akt yenidən tərtib edilə bilərdi ki, bu edilməmişdir. Yəni səyyar vergi yoxlaması aktında nöqsan aşkar edilməyib, olubsa qeyd edilən nöqsanlara aktla münasibət bildirilməsi hüququ ötürülmüşdür. Əgər vergi ödəyicisi tərtib edilmiş aktı etiraz bildirmədən imzalayırsa, vergi orqanı 49-cu maddənin tələbinə uyğun növbəti 10 gün müddətində aktın nəticələrinə baxmalı və göstərilən qərarlardan birini qəbul etməli idi ki, bu da edilmişdir. Yəni nöqsan olmadığı üçün məsuliyyətə cəlb qərarı çıxarılıb. Yəni əlavə araşdırmaya zərurət yaranmamışdır. Təkrar səyyar vergi yoxlaması qərarının əsası kimi göstərilmiş “mənbəyi bəlli” məlumatlar dedikdə isə “aktdakı məlumatlar-yox”, bu barədə digər qurumlardan daxil olmuş rəsmi məktubda, yaxud informasiya sistemində olan ziddiyyətli məlumatlar nəzərdə tutulur ki, əsaslandırmada və məktubda belə hal olduğu göstərilməyib. Yəni səyyar vergi yoxlaması ilkin sənədlərlə yerində (vergi ödəyicisində olan sənədlər əsasında) aparıldığı və nəticələrinin VCİSD-nə göndərilməsi nəzərdə tutulmadığı üçün qeyd olunan təsdiqedici sənədlərin akta əlavə edilməsini zərurət olmamışdır (ezamiyyət xərcləri 44478,0 manat ilə bağlı). Təqdim edilmiş bəyannamənin 221.15 sətrində göstərilmiş 448711,95 manat sair xərclərin silinməsinin bərapsı İddiaçı MMC-nin xeyrinə olardı. Azərbaycan Respublikası prezidentinin 12 may 2020-ci il tarixli Fərmanının tələbinə uyğun sosial vergilərin hesablanmasının düzgünlüyünə nəzarətin vergi orqanlarına həvalə edilməsi ilə bağlı isə bildirilir ki, təkrar dövr əhatə edilməklə səyyar vergi yoxlaması təyin edilərkən, yəni 23.08.2019-cu il tarixdə həmin fərman yox idi və ağırlaşdırıcı halın qanunvericilikdə geriyə qüvvəsi yoxdur. Eyni zamanda mövcud (müvafiq qaydada təsdiq olunmuş) səyyar vergi yoxlaması aparılması barədə təlimatda mənfəət vergisinin düzgünlüyünün yoxlanılması zamanı sosial təyinatlı hesablamaların düzgün hesablanaraq xərcə aid edilməsinin yoxlanılması və fərqli olduğu halda aktda bu barədə qeydlərini aparılması nəzərdə tutulmuşdur ki, yəni aktda belə faktın aşkar edildiyi göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı MMC 05.08.2011-ci ildə hüquqi şəxs kimi qeydiyyata alınmışdı. (VÖEN: **********). - İddiaçı MMC tərəfindən verilmiş 2017-ci ilə dair Mənfəət vergisinin bəyannaməsindən görünür ki, İddiaçı MMC-nin hesabat dövrünün gəlirləri 5,176,610.02 manat, ümumi gəliri 6,862,993.21 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 5,176,610.02 manat, ümumi gəlirdən çıxılan xərclər 5,020,950.77 manat, vergiyə cəlb olunan mənfəət 155,659.25 manat, mənfəət vergisi 31,131.85 manat bəyan edilmişdir. - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin səlahiyyətli şəxsləri tərəfindən tərtib olunmuş 12.07.2019-cu il tarixli, **********148279 nömrəli səyyar vergi yoxlaması aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı MMC (VÖEN: **********) üzrə aşağıda siyahısı verilən tədiyyə və dövrlərdə: əmlak vergisi 2017-ci il; sadələşdirilmiş vergi 1-ci rüb 2017-4-cü rüb 2017; mədən vergisi yanvar 2017-fevral 2018; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2017-ci il; mənfəət vergisi 2017-ci il; torpaq vergisi 2017ci il; ödəmə mənbəyində tutulan vergi 1-ci rüb 2017-4-cü rüb 2017; əlavə dəyər vergisi yanvar 2017-fevral 2018; aksiz vergisi yanvar 2017-fevral 2018 Vergi Məcəlləsinin 38.3.5ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması, tutulması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparılmışdır. Yoxlama nəticəsində müəyyən edilmişdir ki, 2017-ci ilin mənfəət vergisi bəyannaməsi araşdırılarkən illik gəlirin 120490.63 manat az göstərilməsi (Qeyd: buna səbəb ƏDV-si üzrə kameral nəticəsində hesablanmış dövriyyənin nəzərə alınması) nəticəsində və ümumi gəlirdən çıxılan xərclərin 557787.66 manat artıq göstərilməsi nəticəsində yaranmış 678278.29 manat mənfəətin azaldılması səbəbindən 2017-ci il üzrə mənfəət vergisinin - 135655.65 manat azaldılmış, müəssisə 2016-ci ili kassa metodu ilə işləmiş, lakin 2017-ci ildə hesablama metodunu seçdiyi üçün 01.01.2017-ci il tarixə olan 667498.43 manat debitor borclarının üstünə 266345.0 manat xammal-material qalıqlarını gələrək və yaranan dövriyyədən 761721.73 manat kreditor borcları cıxılarkən (Qeyd: dt və kt dövriyyəsindən yaranmış fərq kimi) mənfəət vergisinə cəlb olunan əlavə 172121.70 manat dövriyyəsininin azaldılması aşkar edilmiş, həmin dövriyyə mənfəət vergisi bəyannaməsinin 216-cı sətri üzrə (vergilərin uçot metodunun dəyişməsi nəticəsində yaranan keçmiş illərin gəliri) qrafasında əks etdirilmiş (Qeyd edilməlidir ki, 172121.70 manat dövriyyə, mənfəət vergisinə cəlb olunarkən 34424.34 manat verginin hesablanmasına baxmayaraq VM-nin 54.0.2-ci maddəsinə əsasən vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusunda şəxsin təqsirinin olmaması və məsuliyyətə cəlb olunmanı istisna edən hal kimi həmin məbləğə maliyyə sanksiyası tətbiq edilməməli və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına cəlb edilməsi haqqında” çıxarılacaq qərarda nəzərə alınmalıdır), yuxarıda qeyd olunan hər iki hal üzrə yoxlama nəticəsində müəssisə tərəfindən 2017-ci il üzrə mənfəət vergisi üzrə vergi bəyannaməsində göstərilən məbləği, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 170080 manat azaldılması müəyyən edilmişdir. Bundan başqa yoxlama nəticəsində müəyyən edilmişdir ki, müəssisə tərəfindən yoxlanılan dövr üzrə ƏDV-nin bəyannamədə göstərilən məbləği, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 1030.87 manat azaldılması müəyyən edilmiş, azalmaya səbəb müəssisə tərəfındən bəzi aylar üzrə ƏDV üzrə əvəzləşdirilən məbləğinin düzğün müəyyən edilməməsi müəyyən olunmuşdur. Digər tərəfdən yoxlama nəticəsində müəssisə tərəfindən 2017-cı ilin 4-cü rübü üzrə ödəmə mənbəyində tutulan verginin bəyannamədə göstərilən məbləği, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 11000.0 manat azaldılması müəyyən edilmişdir. - Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16.07.2019-cu il tarixli, **********186998 №-li qərarın surətindən görünür ki, İddiaçı MMC yoxlama ilə 2017-ci ilin mənfəət vergisi üzrə 170.080 manat, 2017-ci ilin əlavə dəyər vergisi üzrə 819,5 manat, 2018-ci ilin əlavə dəyər vergisi üzrə 212,28 manat, 2017-ci ilin ödəmə mənbəyində tutulan vergi üzrə 11.000 manat, cəmi 182.110,87 manat verginin azaldılmasına və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 73.843,27 manat maliyyə sanksiyasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. - Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə **********435400 №-li tələbnamənin surətindən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23cü və 49-cu maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticəsi üzrə çıxarılmış “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 16.07.2019-cu il tarixli, **********186998 saylı qərar əsasında İddiaçı MMC-nin 5 gün müddətində büdcəyə ödənilməli olan vergi borcunun cəmi məbləği 255.954,14 manat (əlavə hesablanmış vergilər 182110,87 manat, maliyyə sanksiyası 73843.27 manat) təşkil etmişdir. - Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 23.08.2019-cu il tarixli, yoxlama kodu KY191329527 olan çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən 01.01.2017-01.07.2019 vergi dövrü üzrə vergi qanunvericiliyinə əməl olunmasının yoxlanılması məqsədi ilə İddiaçı MMC-yə növbədən kənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama müddətinin 26.08.2019-04.10.2019-cu tarixləri əhatə etdiyi göstərilmişdir. - Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş səyyar vergi yoxlamasının keçirilməsi haqqında 23.08.2019-cu il tarixli, **********188906 №-li qərardan görünür ki, İddiaçı (VÖEN **********) üzrə Vergi Məcəlləsinin 38.3.2-ci və 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2017-iyun 2019 vergi dövrü, o cümlədən yenidən yoxlama ilə əhatə olunan yanvar 2017-fevral 2018 vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi qərara alınmış, yoxlamanın keçirilməsi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İstehsal sahələri üzrə şöbəsinin böyük dövlət vergi müffətişi kiçik vergi xidməti müşaviri X3, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Vergi auditi idarəsinin İctimai iaşə və xidmət sahələri üzrə şöbəsinin dövlət müfəttişi 3-cü dərəcəli müfəttiş X4 tapşırılmış və yoxlama müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Fəaliyyəti tikintidə istifadə etmək üçün betondan məmulatların istehsalı, digər qruplara daxil edilməyən müxtəlif məhsulların istehsalından. ibarət olmuşdur. Müəssisədə cavabdehin 20.04.2018-ci il tarixli, **********148081 nömrəli qərarına əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlama ilə müəssisənin əmlak vergisi 2017-ci il; sadələşdirilmiş vergi 1-ci rüb 2017-4-cü rüb 2017; mədən vergisi yanvar 2017-fevral 2018; muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi 2017-ci il; mənfəət vergisi 2017-ci il; torpaq vergisi 2017-ci il; ödəmə mənbəyində tutulan vergi 1-ci rüb 2017-4-cü rüb 2017; əlavə dəyər vergisi yanvar 2017-fevral 2018; aksiz vergisi yanvar 2017-fevral 2018 dövrləri üzrə vergilərin düzgünlüyü yoxlanılmış və 12.07.2019-cu il tarixli səyyar vergi yoxlaması aktı ilə müəssisədə 2017-ci il üzrə mənfəət vergisinin 170080 manat azaldılması, ƏDV-nin 1030.87 manat azaldılması, ödəmə mənbəyində tutulan verginin 11000.0 manat azaldılması müəyyən edilmişdir. Bununla bağlı cavabdehin vəzifəli şəxsi tərəfindən 16.07.2019-cu il tarixli, **********186998 №-li qərar qəbul edilərək müəssisə 182.110,87 manat verginin azaldılmasına və 73.843,27 manat maliyyə sanksiyasına görə vergi məsuliyyətinə cəlb edilmişdir. Müəssisə tərəfindən vergi borcu və maliyyə sanksiyası dövlət büdcəsinə ödənilmişdir. Cavabdeh tərəfindən 23.08.2019-cu il tarixli, **********188906 №-li qərar qəbul edilərək İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.2-ci və 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2017-iyun 2019 vergi dövrü, o cümlədən yenidən yoxlama ilə əhatə olunan yanvar 2017-fevral 2018 vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Hazırda iddiaçı tərəfindən həmin qərar mübahisələndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 5.0-cı maddəsinə əsasən vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması); bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması); Bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). - 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqlarından biri də bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirməkdir. - 24.0.1 və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludurlar. - 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. - 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. - 36.3-cü maddəsinə əsasan səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. - 36.4-cü maddəsinə vergi ödəyicisi olan hüquqi şəxslərin ləğvi və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti ilə bağlı və bu Məcəllənin 38.3-cü maddəsində göstərilən hallarda keçirilən yoxlamalar istisna olmaqla, vergi orqanı tərəfindən yoxlanılmış vergi dövrü üçün vergi ödəyicisinin ödədiyi və ya ödəməli olduğu vergilər üzrə səyyar vergi yoxlamalarının keçirilməsi qadağandır. - 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. - 38.2-ci maddəsinə əsasən vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. - 38.3-cü maddəsinə əsasən növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə; 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə; 38.3.6. cinayət prosesual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; 38.3.9. aşağıdakı hallarda bu Məcəllənin 85-ci maddəsində göstərilən müddətlərdən asılı olmayaraq, əvvəlki səyyar vergi yoxlaması ilə yoxlanılan dövr əhatə edilməklə yuxarı vergi orqanının qərarı əsasında: 38.3.9.1. vergi yoxlamasının nəticələri ilə razılaşmayan vergi ödəyiciləri növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsini yazılı şəkildə tələb etdikdə; 38.3.9.2. vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması zamanı sənədlər təqdim edilmədikdə və vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə; 38.3.9.3. vergi yoxlamasının nəticələrinə görə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında vergi orqanının qərarından vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlamasının keçirilməsi zamanı təqdim edilən sənədlərdən fərqli sənədlər təqdim edilməklə yuxarı vergi orqanına şikayət verildikdə. Qanunvericiliyin tələblərindən göründüyü kimi səyyar vergi yoxlaması dedikdə vergi orqanı tərəfindən yerlərə getməklə, o cümlədən vergi ödəyicisinin ofisinə, istehsal (xidmət, iş) yerlərinə daxil olmaqla, vergi orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən, digər əlaqəli şəxslərdən alınmış sənədlər, qanunvericiliklə nəzərdə tutulmuş hallarda keçirilən inventarlaşdırma, ekspertiza, mütəxəssis araşdırılması və digər tədbirlərin nəticələri və digər sənəd və materiallar əsasında, qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilən və nəticələri akt şəklinfə formalaşdırılan yoxlamadır. Səyyar vergi yoxlamaları növbəti və növbədənkənar ola bilər. Nəzərə alınmalıdır ki, növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün qanunvericilik müəyyən əsasları müəyyən etmişdir ki, bu əsaslardan birinin mövcudluğu növbədənkənar yoxlamanın təyini üçün zəruridir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı müəssisədə 20.04.2018-ci il tarixli, **********148081 nömrəli qərara əsasən növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, müəssisənin 2017-fevral 2018 dövrü üzrə vergilərin və digər icbari ödənişlərə dair vəziyyətinin düzgünlüyü yoxlanılmış, yoxlamanın nəticəsi olaraq müəssisə barəsində məsuliyyətə cəlb qərarı qəbul edilmiş, həmin qərar əsasında hesablanmış vergi borcu müəssisə tərəfindən ödənilmişdir. Hazırkı mübahisələndirilən qərarda yoxlamanın növbədənkənar olduğu, yoxlama dövrünün yanvar 2017-iyun 2019, yenidən yoxlama ilə əhatə olunan vergi dövrünün yanvar 2017-fevral 2018 olması və Vergi Məcəlləsinin 38.3.2 və 38.3.5-ci maddələrinə əsasən başlandığı qeyd edilmişdir. Cavabdeh növbədənkənar vergi yoxlamasının keçirilməsinin hüquqi əsası kimi qərarında Vergi Məcəlləsinin 38.3.2 və 38.3.5-ci maddələrinə istinad edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.2 və 38.3.5-ci maddələrində vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi halda növbədənkənar vergi yoxlamasının keçirilə bilməsi nəzərdə tutulmuşdur. Vergi orqanı Vergi Məcəlləsinin 38.3.2-ci maddəsinə istinad etməsini (vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edilməsi) cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisinin cari bəyannaməsindəki uyğunsuzluqlarla əsaslandırsa da cəmiyyətin 2017-ci il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsi üzrə artıq araşdırma aparmış və həmin yoxlama nəticəsində müəssisə tərəfindən 2017-ci il üzrə mənfəət vergisi üzrə vergi bəyannamədə göstərilən məbləği, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 170080 manat azaldılması müəyyən edilməklə müəssisə barəsində maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi oqranı mübahisələndirilən qərarda növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etsə də həmin maddəyə uyğun olaraq cavabdeh əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi hallarına dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3-cü maddəsinə görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malik olsa da nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılması nəzərdə tutulan yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, hazırki işdə növbədənkənar vergi yoxlamasının keçirilməsinə əsas olaraq vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatların aşkar edilməsi, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi halları vergi orqanı tərəfindən sübuta yetirilmədiyindən, bununla da cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən **********188906 nömrəli, 23.08.2019-cu il tarixli “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1 və 67.1-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Ona görə də cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilməklə mübahisələndirilən qərar ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdehin hərəkətləri qanunsuz hesab edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş İddiaçı MMC-də səyyar vergi yoxlaması keçirilməsi haqqında **********188906 nömrəli, 23.08.2019-cu il tarixli qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar