Məhkəmə qərarları › İş №2-1(112)-1160/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1160/2023

07.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1160/2023 07.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X13) “çıxarışın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs: X13) “çıxarışın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Novxanıda yerləşən 20 sot torpaq sahəsinin alqısatqı yolu ilə X9 və onun ailə üzvlərindən alarkən razılaşılmışdır ki, 20 sot torpaq sahəsinə dair 120000 ABŞ dolları məbləğində ödəniş edilməlidir. Həmin torpaq sahəsini alandan 2 gün sonra isə ona verilməli olan torpaq sahəsinin 12 sot hissəsinə başqa bir şəxsə ikinci qeydiyyat şəhadətnaməsi verilmişdir. Bu səbəbdən də həmin şəhadətnamə ləğv edilməlidir. Məhkəmə ərizəni və iş materiallarında mövcud digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İş materiallarında olan: Cavabdehin iddiaçıya ünvanladığı məktubdan görünür ki, Novxanı kəndi 706ə saylı ünvanda yerləşən 0,084597 ha bağ sahəsi alqı-satqı müqaviləsi əsasında iddiaçının adına qeydiyyata alınmışdır. Novxanı kəndi 706 a saylı ünvanda yerləşən 0,12 ha bağ sahəsi üzərində isə X4 mülkiyyət hüquqlarının dövlət qeydiyyatı həyata keçirilmişdir. RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 0,084597 ha ölçüdə 706ə nömrəli bağ sahəsi iddiaçının mülkiyyətindədir. Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, həmin bağ sahəsi X10, X5 və digərləri tərəfindən iddiaçıya satılmışdır. RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, 706a bağ sahəsi 0,12 ha olmaqla üçüncü şəxs X4 və X2 ümumi birgə mülkiyyətindədir. Qanun üzrə vərəsəlik şəhadətnaməsindən görünür ki, X3 vəfatından sonra onun vərəsələri X7 və X8 0,12 ha ölçüdən ibarət 706 a saylı bağ sahəsinə dair şəhadətnamə verilmişdir. Məhkəmə qətnamələrindən görünür ki, X13 və X2 İddiaçı qarşı iddia ərizəsi ilə müraciət edilərək 706a bağ sahəsinin zəruri keçid yolunun bərpa edilməsi xahiş edilmişdir. İddianın mahiyyəti onunla bağlıdır ki, 706ə nömrəli bağ sahəsinin mülkiyyətçisi onların istifadəsində olan 706ə nömrəli bağ sahəsinin keçid yolunu məhdudlaşdırmaqdadır. Hazırkı iş üzrə iddiaçı olan həmin iş üzrə cavabdeh olmuş şəxsin izahatında qeyd edilmişdir ki, alınan torpaq sahəsi 8 sot yox, 20 sotdur. X1 adına olan həmin torpaq sahəsinin çıxarışı da düzəldilib təqdim ediləcəkdir. Lakin bu günə qədər həmin düzəliş edilməmiş, 12 sot ona verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 2.3 bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. X12:

11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır.

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi tələbin inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrlə əlaqədar olması, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olmaması inzibati icraat qaydasında işə baxılmasını mümkün edir. Göründüyü kimi tələbin inzibati məhkəmə icraatı qaydasında baxılması həmin tələblə bağlı hüquq münasibətlərinin publik sferada olması ilə şərtlənir ki, mülki icraat qaydasında inzibati orqan olmayan cavabdehə qarşı baxılmalı olan hazırkı icraat qaydasında baxıla bilməz. Hazırkı iş üzrə də mübahisə mülki icraat qaydasında həll edilməli olan mülki mübahisədir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının tələbi konkret hazırkı məsələni tənzimləyir. Həmin Qərarın:

17. “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi Plenum Qərarı müəyyən etmişdir ki, əgər qeydin əsasında duran hüquqmüəyyənedici sənəd mülki-hüquqi əqdlərin əsasında verilmişdirsə çıxarışın ləğvi və etibarsızlığı mülki qaydada həyata keçirməlidir. Hətta adıçəkilən qərarında Ali Məhkəmə birbaşa vərəsəlik şəhadətnaməsinin əsasında verilmiş çıxarışın mübahisələndirilməsinə münasibət bildirmiş, həmin mübahisə üzrə səlahiyyətli məhkəmənin inzibati məhkəmə olmaması barədə mövqe nümayiş etdirilmişdir. İşin faktiki hallarından isə görünür ki, iddiaçı tərəfindən X4 adına qeydiyyat şəhadətnaməsi adlandırılan, iş materiallarında olan çıxarışa əsasən 706a nömrəli 0,12 ha ölçüdə bağ sahəsi üçüncü şəxs X13 və X2 ümumi birgə mülkiyyətindədir. İddiaçı halhazırda mahiyyət etibarı ilə həmin çıxarışın verilməsinə əsas olmuş mülkiyyət hüququna dair qeydi mübahisələndirir ki, həmin qeydin verilməsinin əsasında duran mülki-hüquqi əqd isə vərəsəlik şəhadətnaməsidir. Belə ki, 8 aprel 2016-cı il tarixli vərəsəlik şəhadətnaməsi əsasında X6 məxsus olmuş 0,12 ha ölçüdə 706a nömrəli bağ sahəsi onun vəfatından sonra vərəsələri olan X7 ilə, X4 mülkiyyətiniə keçmişdir. İddiaçı isə qeyd olunanları nəzərə almadan özəyində vərəsəlik şəhadətnaməsi olan mülkiyyət hüququ barədə qeydi mülki qaydada mülki rayon məhkəməsində yox, inzibati qaydada inzibati məhkəmədə mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda qeyd olunan iddiaya Ali Məhkəmə birbaşa vərəsəlik şəhadətnaməsinin qeydin əsası olduğu halda Plenum Qərarında formalaşdırdığı mövqe nəzərə alınmalıdır. Plenum Qərarının tələbi isə açıq-aşkar hazırkı mübahisəyə baxılmasında səlahiyyətli məhkəmənin rayon məhkəməsi olması ilə bağlıdır. Göründüyü kimi hazırkı iddia inzibati qaydada yox, mülki qaydada mübahisələndirilməlidir. Həmçinin, məhkəmə onun da qeyd edilməsini zəruri hesab edir ki, işə inzibati qaydada baxılsa belə iddianın mümkünlük şərti digər əsaslarla da ödənilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Göründüyü kimi iddiaya münasibətdə subyektiv hüququn mövcudluğu iddia üzrə ödənilməli olan mümkünlük şərtidir və həmin hüququn mövcud olmaması işə mahiyyəti üzrə qiymət verilməsini mümkünsüz edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə də iddia inzibati qaydada baxılsa belə iddiaçı mülkiyyət hüququna dair qeydin ləğvinə münasibətdə subyektiv hüquqa malik olmayan şəxs qismində çıxış edir. Belə ki, iş materiallarında olan alqı-satqı müqaviləsindən görünür ki, həmin alqı-satqı müqaviləsi ilə məhz 0,084597 ha ölçüdə torpaq sahəsi iddiaçı tərəfindən satın alınmışdır. Hər nə qədər iddiaçı 20 sot torpaq sahəsinin onun tərəfindən satın alındığını iddia etsə də həmin müqavilənin etibarsız hesab edilməsi və ya 20 sot torpaq sahəsi göstərilməklə müqaviləyə dəyişiklik edilməsinə dair iş materiallarında hər hansı sübut mövcud deyildir. Göründüyü kimi ləğv edilməmiş və ya digər qaydada mübahisələndirilməmiş müqaviləyə əsasən iddiaçı 20 sot yox 0,084597 ha ölçüdə torpaq sahəsinin mülkiyyətçisi olmuşdur ki, onun 0,12 ha torpaq sahəsinə dair mülkiyyət hüququna dair qeydin mübahisələndirilməsində hüquqi baxımından hər hansı qanunla qorunan subyektiv hüququ mövcud olmamışdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim:Həsənov Orxan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar