Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11606/2022 14.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüquqları yaranmış, bu hüquqlarının yaranmasının əsasında iddiaçının mərhum ərinin adına bağlanmış kirayə müqaviləsi dayanmışdır. Nəzərə alınmalıdır ki, iddiaçı kirayə müqaviləsinə əsasən kirayəçinin ailə üzvü hesab olunduğundan, həmçinin digər ailə üzvlərinin yaşayış sahəsinin iddiaçının adına özəlləşdirilməsinə dair etirazları olmadığından, iddiaçının mübahisəli yaşayış sahəsinə münasibətdə hüquqları yaranmışdır. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, lakin sonuncu onun müraciəti üzrə rəsmi cavab verməmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabr 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi, mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi təqdim edilməmişdir. Bundan əlavə, qeyd olunana mənzilə dair Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 90/7 saylı sərəncamı xx.xx.2019-cu il tarixində verilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda Məhkəmə hazırki iddia tələbi ilə bağlı qeyd etmək istəyir ki, kirayə müqaviləsinin bağlanması barədə sərəncam mərhum X8 adına verilsə də, hazırki mərhələdə iddiaçı mübahisə predmetini təşkil edən əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etmək üçün subyektiv hüquqa malikdir. Bununla bağlı Məhkəmə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarının əsas gətirilməsini zəruri hesab edir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunmuşdur ki, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun nümayiş etdirdiyi mövqeyi ona deməyə əsas verir ki, əgər kirayə müqaviləsinin bağlanılması barədə sərəncamda və ya kirayə müqaviləsinin özündə kirayəçi ilə yanaşı, həmçinin kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin adları göstərilmişdirsə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin tələbləri baxımından kirayəçinin özü və ya kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri (razılıq ərizələri əsasında) mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyatını tələb etmək hüququna malikdirlər. Başqa sözlə desək, əgər kirayəçinin və kirayə müqaviləsində qeyd olunan digər şəxslərin razılıqları olarsa, bu zaman kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvü mənzil üzərində mülkiyyət hüquqlarını tələb edə bilər. Hazırki iş üzrə Məhkəmə bildirir ki, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin, yaşayış sahəsi 21,6 kv.m olan 1 otaqlı 102 saylı mənzilə dair kirayə müqaviləsi X11 ilə bağlansa da, kirayə müqaviləsində X6 başqa onun ailə üzvləri kimi digər fiziki şəxslərin adları göstərilmiş, bunlardan biri də İddiaçı olmuşdur. Nəzərə alınmalıdır ki, kirayə müqaviləsində adları göstərilən digər iki şəxs (X9, X7) mübahisə predmetini təşkil edən əmlakın X4 mülkiyyətinə keçməsində razılıqlarının olduğunu müvafiq ərizələr ilə təsdiq etdiyindən, iddiaçı kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvü olaraq hazırki iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malikdir. Odur ki, hazırki iddia mümkünlük şərtlərini ödəyir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. İşin faktiki hallarından, o cümlədən cavabdehin etirazından göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının mənzilə mülkiyyət hüququnun qeydiyyata alınmasını istisna edən hal qismində Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 90/7 nömrəli sərəncamın xx.xx.2019-cu il tarixə aid olmasını göstərmişdir. İddiaçının mənzilə dair hüquqmüəyyənedici sənədinin olub-olmaması ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Lakin həmin maddənin tələbindən də aydın olur ki, həmin sənədlərin 2009-cu il oktyabrın 1-dək, yəni Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək qəbul edilməsi şərti də müəyyən edilmişdir. Məhkəmə isə hesab edir ki, kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın xx.xx.2019-cu il tarixdə, yəni 2009-cu il oktyabrın 1-dən sonra bağlanılması vəziyyəti iddiaçının ziyanına dəyişməyən haldır. Belə ki, mübahisəli daşınmaz əmlak xx.xx.2019-ci il tarixli sərəncam əsasında ayrılsa da, həmin mənzilə dair hüquq münasibətləri 2009-cu ilin oktyabrın 1-dək yaranmışdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2019-cu il tarixli, 90/7 №-li Sərəncamı ilə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, 5 saylı evin, yaşayış sahəsi 21,6 kv.m olan 1 otaqlı 102 saylı mənzilinə 4 nəfər ailə üzvü ilə (özü, arvadı və 2 qızı) X10 adına kirayə müqaviləsinin bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab edilməsi qərara alınmışdır. Bundan sonra, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 157 saylı İstismar Sahəsi ilə X12 arasında xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanılmış, kirayə müqaviləsində kirayəçinin ailə üzvləri olaraq İddiaçı, X2, X3 adları göstərilmişdir. Məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamentinin 157 saylı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş sorğuya cavab məktubundan da göründüyü kimi X1 prospekti, ev 5, mənzil 102-də xx.xx.2001-ci il tarixdən ailə üzvləri ilə birlikdə yaşamışdır. Göründüyü kimi həm X12, həm onun arvadı İddiaçı 2001-ci il tarixdən etibarən mənzildə faktiki olaraq yaşamış, bu halı təsdiq edən Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 157 saylı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin məktubu mövcud olmuş, bununla da, balanssaxlayıcı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən iddiaçı və ailə üzvlərinin 2009-cu il oktyabr ayının 1-dən əvvəl yaşadığı mənzilə hüquqları tanınmış, iddiaçının mərhum ərinin mənzilin kirayəçisinin hesab olunması məqbul hesab edilmişdir. Bundan əlavə, iddiaçının ailə üzvlərinin də mənzilə mülkiyyət hüquqlarının iddiaçının adına qeydiyyata alınmasına razılıq ərizələri də təqdim edilmişdir. Məhkəmə diqqətə çatdırır ki, doğrudur ki, mövcud inzibati praktikaya əsasən şəxsin uzun illər yaşayış sahəsində yaşaması ona yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması imkanını vermir. Nəzərə alınmalıdır ki, hazırki mübahisədə iddiaçının daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının yaranmasının əsası təkcə onun qeydiyyatı ilə bağlı olmamışdır, əksinə onun mənzilinin kirayəçisinin ailə üzvü olmasını təsdiq edən sərəncamın və kirayə müqaviləsinin olması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, sərəncamın mövcudluğu balansaxlayıcı tərəfindən iddiaçının mərhum ərinin mübahisəli yaşayış sahəsinə münasibətdə hüquqlarının yarandığını təsdiq edən göstəricidir ki, bu zaman balansaxlayıcı məhz iddiaçının və onun mərhum ərinin yaşayış sahəsinə 2001-ci il tarixdən yaşaması faktını nəzərə alaraq bu qənaətə gəlmişdir. Başqa sözlə desək, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti iddiaçının və onun mərhum ərinin uzun müddət olaraq yaşayış sahəsində yaşamasını nəzərə alaraq iddiaçının mərhum ərini mənzilin kirayəçisi qismində qəbul etmiş və onunla kirayə müqaviləsinin bağlanılmasında iradə ifadəsinə nümayiş etdirmişdir. Məhkəmə xüsusi ilə qeyd etmək istəyir ki, X8 vəfatından sonra, kirayə müqaviləsinin İddiaçı adına keçirilməsi ilə bağlı kirayə müqaviləsinin olmaması vəziyyəti iddiaçının ziyanına dəyişmir. Çünki, yuxarıda da qeyd olunduğu kimi həm “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsi, həmçinin “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarı ona deməyə əsas verir ki, hal-hazırda iddiaçı kirayə müqaviləsi üzrə kirayəçinin yetkinlik yaşına çatmış ailə üzvü hesab olunduğundan və digər ailə üzvlərinin mənzilin özəlləşdirilməsi ilə bağlı razılıq ərizələri olduğundan, iddiaçının mübahisəli mənzil üzərində yaranmış mülkiyyət hüquqları qeydiyyata alınmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 6. Dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə bilər; Maddə 8. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır Göründüyü kimi balansaxlayıcı Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən mənzil kirayə müqaviləsinin bağlanılmasına dair sərəncam mülkiyyət hüququnun qeydiyyata alınma əsaslarından biri kimi çıxış edir. Beləliklə, cavabdehin etirazda əsaslandırdığı iddia tələbinin təminini istisna edən hal barədə faktiki şərt sübut edilə bilməmişdir. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, dövlət qeydiyyatından imtinanın əsaslarını nəzərdə tutan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində göstərilənhallar müəyyən edilmədiyindən, cavabdehin imtinası iddiaçının qeyd olunan daşınmaz əmlak üzərindəki hüquqlarını tam şəkildə həyata keçirməsini məhdudlaşdırmışdır. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddiaçının iddiası təmin edilməli, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-11606/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-11606/2022
14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver