Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-11606/2023 14.11.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xırdalan Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq, müvafiq çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Abşeron rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 147 №-li və Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli, 489 №-li Qərarlarına əsasən 2 №-li Yeni Bakı Broyler X6 X2 Komitəsi ilə birgə yığıncağının xx.xx.1992-ci il tarixli, 15 №-li protokolu ilə İddiaçı X3 ərazisindən ayrılmış 0,08 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2 nömrəli Yeni Bakı Broyler X7 X2 Komitəsi ilə birgə yığıncağının 19 noyabr 1992-ci il tarixli 15 nömrəli protokoluna əsasən Bakı şəhəri, Xırdalan Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi ona ayrılmışdır. Sözügedən torpaq sahəsindən hal-hazırda da istifadə edir. Sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. Bununla bağlı tərəflərindən ərizə ilə cavabdeh orqana müraciət olunmuş və Bakı şəhəri, Xırdalan Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. Lakin inzibati orqan sözügedən ərizəyə xx.xx.2023-cü il tarixli imtina məktubu ilə cavab verilmişdir və qeyd olunmuşdur ki, qanunvericiliyin tələb eldiyi sənədlər təqdim edilməmişdir. Hesab edir ki, imtina məktubu qanunsuz və əsassızdır. Çünki "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun tələb etdiyi müvafiq sənədlər orqana təqdim olunsa da, cavabdeh mülkiyyət hüquqlarını dövlət qeydiyyatını aparmaqdan qanunsuz olaraq imtina etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 06 iyul 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdeh tərəfindən verilmiş etiraz onunla əsaslandırılmışdır ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidnetinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər və torpaq sahəsinin coğrafi mövqeyini əks etdirən yerləşmə cizgisi təqdim edilməmişdir. Bundan əlavə idarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, torpaq sahəsi digər sahə ilə ümümi hasar daxilində yerləşir. Yerləşmə cizgisi təqdim edilmədiyindən sənəd üzrə sahəni müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin X3 ayrıc aktı barədə elektron bazada məlumat aşkar edilmədir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən şifahi məhkəmə baxışı iclasının iddiaçının iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək və yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü: “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №li Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: İddiaçı məxsus xx.xx.1984-cü ildə doldurulmuş ******* №-li əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1994-cü ilədək 2 №-li Bakı Brolyer Quşçuluq fabrikində işləmişdir. 2 №-li Yeni Bakı brolyer X7 X2 komitəsi ilə birgə yığıncağının 19 noyabr 1992-ci il tarixli Protokolunun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, iclasda- Abşeron rayon XDS İcraiyyə Komitəsinin 22 iyun 1990-cı il tarixli 147 №-li qərarı, Azərbaycan Respublikası Nazirlər Sovetinin 23 oktyabr 1990-cı il tarixli 489 №-li qərarı və fabrikin Əmək kollektivi X2 komitəsi ilə birgə qərarına əlavə olaraq fabrikin fəhlə və qulluqçularına fərdi üsulla yaşayış evləri tikmək üçün X3 ərazisindən ayrılmış 0,08 hektar hesabı ilə fabrikin işçisi İddiaçı verilməsi qərara alınmışdır. Abşeron rayon Dövlət Arxivi tərəfindən Nümayəndə (iddiaçının nümayəndəsi) ünvanlanmış E 1058 №-li, xx.xx.2021-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, Yeni Bakı Quşçuluq fabrikinin arxiv sənədləri Abşeron rayon Dövlət Arxiv İdarəsinə 1989-cu ilə qədər təhvil verilmişdir. Bu görə də, qeyd olunan tarixdə heç bir sənəd aşkar edilməmişdir. Arxiv arayışına əlavə olunmuş Abşeron Rayon XDS İK-nin “Yeni-Bakı brolyer quşçuluq fabrikinə həyətyanı torpaq sahəsi ayrılması haqqında” xx.xx.1990-cı il tarixli 147 №-li qərarın surətindən müəyyən olunur ki, X3 torpaq sahəsindən Yeni Bakı Broyler fabrikinə orada işləyən və yaşayan özlərinə məxsus fərdi evi və torpağı olmayan fəhlə və mütəxəssislərə hər ailəyə 0,10 hektar hesabı ilə 300 ailəyə 30 hektar, küçə və meydançalar üçün 6 hektar cəmi 36 hektar torpaq sahəsi ayrılması, o cümlədən dinc yerdən 20 hektar, örüş yerindən 16 hektar ayrılması qərara alınmışdır. Abşeron rayon Dövlət Arxivinin F 606 №-li xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 2 nömrəli Yeni Bakı Broyler fabrikinin sənədləri saxlanması və mühafizə olunması üçün Abşeron rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: Abşeron Rayon İcra Hakimiyyəti Abşeron Rayon Dövlət Arxivinin T/746 №-li, xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş Abşeron rayon X5 İcraiyyə Komitəsinin 147 №-li xx.xx.1990-cı il tarixli “Fərdi ev tikmək üçün Binə qəsəbə XDS icraiyyə komitəsinə torpaq sahəsinin ayrılması haqqında” qərarın surətindən müəyyən olunur ki, Abşeron rayon XDS icraiyyə komitəsi qərara almışdır: .......... 3-cü bəndi- Yeni-Bakı brolyer quşçuluq fabrikinə həyət-yanı torpaq sahəsi ayrılması haqqında: Yeni-Bakı brolyer quşçuluq Fabriki Abşeron RİK-i qarşısında məsələ qaldırmışdır ki, həmin fabrikdə işləyən, orda yaşayan fəhlə və mütəxəssislərə fərdi üsulla yaşayış evləri tikintisi üçün hər ailəyə 0,10 hektar hesabı ilə 300 ailəyə həyət-yanı sahəsi ayrılsın. Tələb olunan torpaq sahəsinə baxış keçirildi və müəyyən olundu ki, Bakı-Şamaxı asfaltının cənubunda 23 kilometrliyində yerləşir. Həmin sahə Xırdalan südçülük sovxozuna təhkim olunmuşdur. Göstərilən sahənin 20 hektarı suvarılmayan dincə qoyulmuş, 16 hektarı örüş yeridir. Abşeron RİK-nin sərəncamına əsasən Yeni Bakı brolyer fabriki tərəfindən həyətyanı torpaq üçün tələb olunan torpaq sahəsi komissiya tərəfindən Azərbaycan SSR Nazirlər Sovetinin 28 noyabr 1979-cu il tarixli 468 №-li qərarına müvafiq ilkin sənədlər tərtib olunmuşdur.
1. X3 torpaq sahəsindən Yeni Bakı brolyer fabriki orada işləyən və yaşayan özlərinə məxsus fərdi evi və torpağı olmayan fəhlə və mütəxəssislərə hər ailə üçün 0,10 hektar hesabı ilə 300 ailəyə 30 hektar küçə və müydançalar üçün 6 hektar cəmi 36 hektar torpaq sagəsi ayrılsın, o cümlədən dinc yerdən 20 hektar, örüş yerindən 16 hektar. Yeni-Bakı brolyer fabriki həmin sahəni Azərbaycan SSR Nazirlər Sovetinin 28 noyabr 1979-cu il tarixli 468 №-li qərarına müvafiq sənədləşdirilsin, həmin sənədlərin Azərbaycan Nazirlər Sovetində təsdiqinə nail olsun. Həyətyanı sahələr vətəndaşlar arasında torpaq sahəsi Azərbaycan SSR Nazirlər Sovetində təsdiq olunduqdan sonra paylanılsın. Azərbaycan Respublikasının Dövlət Arxivinin 3-48DA/2-01934/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, 2 №-li Yeni Bakı Broyler X7n X2 komitəsi ilə birgə yığıncağının xx.xx.1992-ci il tarixli 15 №-li il protokolu və Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 147 №-li Qərarı arxivə dövlət mühafizəsinə verilməyib. Məktuba əlavə edilmiş: - Nazirlər Sovetinin 489 №-li, xx.xx.1990-cı il tarixli qərarının surətindən müəyyən olunur ki, qeyd olunan qərarla Azərbaycan SSR Nazirlər Soveti tərəfindən Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin təqdimatına əsasən ....... Yeni Bakı brolyer fabrikinin, Abşeron rayonunun Hövsan südçülük və 3 nömrəli Zeytun sovxozlarının, habelə Goradil damazlıq quşçuluq fabrikinin ərazilərində onların fəhlə və qulluqçularına fərdi yaşayış evlərinin tikintisi və kollektiv bağçılıq və bostançılıq yaratmaq üçün 132.05 hektar torpaq sahələrnini 1 və 2 nömrəli əlavələrə uyğun olaraq ayrılması qərara alınmışdır. - Azərbaycan SSR Nazirlər Sovetinin 1990-cı il 23 oktyabr tarixli 489 nömrəli qərarına 2 nömrəli əlavə ilə təsdiq edilmiş “Fərdi yaşayış evləri tikintisi və kollektiv bağçılıq və bostançılıq üçün torpaq sahələri ayrılan yaşayış məntəqələri”nin siyahısının surətindən müəyyən olunur ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinə Abşeron rayonu, Xırdalan Südçülük sovxozu ərazisindən “Yeni Bakı brolyer fabrikinin fəhlə və qulluqçularından 300 ailəyə fərdi yaşayış evlərinin tikintisi altına 36,0 ha (20,0 ha dinc, 16,0 ha örüş) daimi istifadə üçün ayrılması müəyyənləşdirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-14390/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 30 aprel 2001-ci il tarixli, 212 nömrəli sərəncamı ilə Azərquşsənaye Dövlət Şirkətinin 2 №-li Yeni Bakı Broyleri Fabrikinin bazasında “Bakı broyler 2” açıq səhmdar cəmiyyəti yaradılmış və səhmləri 100% özəlləşdirilərək mülkiyyətçisi dəyişilmişdir. Səhmdar cəmiyyətin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı qeyd edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********47 №-li, xx.xx.2023-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Bakı şəhəri, Xırdalan Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsinin texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktının surətindən müəyyən olunur ki, torpaq sahəsinin faktiki ölçüsü 1448,0 kv. m-dir. Eyni zamanda qeyd olunmuşdur ki, torpaq sahəsi mişar daşından hasarla sərhədlənib. Torpaq sahəsi üzərində yaşayış evi iki ədəd, bir ədəd yaşayış evinin yarımçıq tikilisi və həyət tikilisi mövcuddur. Ərizəçinin verdiyi şifahi məlumata əsasən torpaq sahəsinin 648,0 kv. m. hissəsi bələdiyyə sənədi ilə alınmışdır. Torpaq sahəsinin yerləşmə sxeminə dair sənəd təqdim olunmayıb. Göstərilən faktiki torpaq sahəsinin koordinatı baxılması üçün akta əlavə olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətlərinə cavabdeh inzibati orqan DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi trəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********57 №-li cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xırdalan Südçülük sovxozu ərazisində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli müraciətinə baxılmışdır.Torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş sənədlər təqdim edilməmişdir.
Tətbiq edilən hüquq.
Azərbaycan Respublikası Konstitusiyası: - 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Topaq Məcəlləsi: - 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. - 48.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. - 49.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. - 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublika Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın: 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəd hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.8-ci maddəsinə görə Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər əsas hesab olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.
Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Göründüyü kimi, mövcud qanunvericilik (Azərbaycan Respublika Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Məhkəmə qeyd edir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən olunmuş qaydada əldə etdiyi əmlaka dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud deyildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Cavabdeh inzibati orqanın imtinada və iddiaya dair etirazda göstərdiyi dəlillərə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır və cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətindən imtina olunması üçün istinad əsaslar məhkəmə baxışı zamanı müəyyən olunmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliklə daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq cavabdeh inzibati orqanın vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə cavabdehin nümayəndəsinin izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Abşeron rayon X5 İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 147 №-li və Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1990-cı il tarixli, 489 №-li Qərarlarına əsasən 2 №-li Yeni Bakı Broyler X6 X2 Komitəsi ilə birgə yığıncağının xx.xx.1992-ci il tarixli, 15 №-li protokolu ilə İddiaçı X3 ərazisindən ayrılmış 0,08 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla buna dair müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev